İcra başçısı E.Cəfərov adına Çaylı kənd 2 nömrəli tam orta məktəbdə olub
Bu gün birmənalı şəkildə deyə bilərik ki, son illər
müstəqil Azərbaycanımızda dövlətin və cəmiyyətin qayğısını hər zaman hiss edən
bir təbəqə var ki, o da gələcəyimiz olan uşaqlardır. Bunu ölkəmizdə uşaqların
müdafiəsi, onların davamlı olaraq böyüklərin diqqət və qayğısı ilə əhatə
olunması istiqamətində görülən işlərdən, gənc və yeniyetmələrə olan qayğının istər
dövlətin, istərsə də cəmiyyətin başlıca prioritet sahələrindən birini təşkil etməsindən
aydın şəkildə görmək olar. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş bu
diqqət və qayğının bu gün onun layiqli davamçıları olan dövlət başçısı cənab
İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən uğurla davam
etdirilməsi bir daha sübut edir ki, Azərbaycan öz gələcəyini sağlam ruhlu,
əqidəli, bilikli, savadlı gənclərlə birlikdə görür, onlara etibar edir. Məhz
bu səbəbdən təhsil sahəsi dövlət siyasətinin başlıca istiqamətlərindən biri hesab
olunur. Təhsil sahəsinə olan diqqət və qayğının əyani göstəricisi isə inşa
olunan çoxsaylı uşaq bağçaları, məktəb binaları və təhsil ocaqlarıdır. Sevindirici haldır ki, ölkə rəhbərinin uşaqlara,
xüsusilə də təhsil sahəsinə olan diqqət və qayğısı Qazaxda da olduğu kimi hiss
olunmaqdadır. Belə
ki, son 3 ildə rayon rəhbərinin uşaqlara
olan sonsuz sevgisi, göstərdiyi diqqət və qayğı bunun bariz nümunəsidir. İcra
başçısının uşaqlarla görüşməsi demək olar ki, iş fəaliyyətinin əsas tərkib hissəsinə
çevilib. Bu görüşlər isə istər kəndlərdə, istərsə də şəhərdə ola bilər. Demək
olar ki, rayon rəhbərinin mütəmadi olaraq bağçalarda, məktəblərdə uşaqlara baş
çəkərək qayğıları ilə maraqlanması artıq bir ənənəyə çevrilib. "Uşaqlar mənim üçün ayrı dünyadır,
onları sevməmək mümkün deyil”, - söyləyən icra başçısı bu sevgisini öz işlərində
də hər zaman əyani şəkildə əks etdirir. Müstəqil Azərbaycanın parlaq gələcəyi
naminə onların gözəl şəraiti olan bağçalarda, məktəblərdə təlim-tərbiyə
almaları, Vətənlərinə layiqli övad
kimi yetişməsiüçün hər cür şərait yaradır. Rayon rəhbərinin balaca fidanlara olan sevgisinin
bariz nümunəsini isə təkcə son 3 ildə Qazaxda bağçalarla bağlı görüdüyü işlərdən
də aydın şəkildə görmək olar. Məhz bu qayğının, sevginin nəticəsidir ki, bu gün
rayonda fəaliyyət göstərən 25 uşaq bağçasından 21-i müasir standartlara cavab
verən səviyyədədir. Bağçalarda yaradılan şərait də rayon rəhbərinin "Uşaqlar hər
şeyin ən yaxşısına layiqdir” cümləsini əyani şəkildə göstərir. Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb
Babaşov Elşən Cəfərov adına Çaylı kənd 2 nömrəli tam orta məktəbdə olub. Rayonda, eləcə də
yaşadığı Çaylı kəndində aparılan abadlıq, quruculuq işlərinə, uşaqlara, gənclərə
olan sonsuz sevgisinə görə minnətdarlıq məktubu yazan Çaylı kənd tam orta məktəbin
X B sinif şagirdi İsmayılova Aysun Ceyhun qızı ilə görüşüb, öz növbəsində təşəkkürünü
çatdırıb. "Özümə borc bildim ki, görülən işləri qiymətləndirməyi bacaran məktəbliyə
öz təşəkkürümü bildirim və onlara olan diqqət və qayğının bundan sonra da yüksək
səviyyədə olacağını çatdırım”, - deyən rayon rəhbəri şagirdlərlə səmimi söhbət
edib. Dövlətimiz və dövlət başçısı tərəfindən uşaqların hər an qayğı ilə əhatə
olunduqlarını, bu gün müstəqil Azərbaycanda gələcəyimiz olan uşaqların sağlam əqidədə,
vətənpərvər ruhda böyümələri, tərbiyə olunmaları üçün hər cür şərait
yaradıldığını bildirib. Sinif rəhbəri Nailə
Allahverdiyeva bugünkü görüşü istər müəllimlər, istərsə də şagirdlər üçün
unudulmaz günlərdən biri hesab edib və minnətdarlığını bildirib. Bu görüşün
şagirdlərə böyük ruh yüksəkliyi verdiyini qeyd edən sinif rəhbəri onlara olan
diqqət və qayğını qazandıqları nailiyyətlərlə doğrultmağa çalışacaqlarını
bildirib. 15 nəfərdən çox şagirddən yüksək nəticələr gözlədiyini qeyd edib. Sonra icra başçısı Afət
Carçıyevanın sinif rəhbəri olduğu I C, Zülfiyyə Məşədiyevanın sinif rəhbəri olduğu
I B siniflərində elmin sirlərinə dərindən yiyələnən birincilərlə də görüşüb.
Şagirdlərin söylədikləri şeirləri dinləyib, onların bilik məharətlərini izləyib. Daha sonra müəllimlər otağında
müəllimlərlə görüşən icra başçısı dövlətin, ölkə rəhbərinin təhsil sahəsinə,
xüsuilə də gənclərə olan qayğısından söz açıb. Hər zaman bütün sahələrdə gənc
kadrlara üstünlük verildiyini bildirib. Bu gün gəncliyin bir addımlığında
dayanan onuncuların və onbirincilərin qarşısında böyük nailiyyətlər, ən əsas da
müstəqil Azərbaycanın layiqli vətəndaşı olaraq yetişmək kimi böyük bir amal
dayandığını qeyd edib. İstər təhsil aldıqları, istərsə də gələcəkdə
çalışdıqları müddətdə hər zaman Azərbaycanın, yaşadıqları rayonun, hətta, təhsil
aldıqları ali və ya orta məktəbin adını daim uca tutmağı tövsiyə edib. Rayon rəhbəri hər bir məktəbin
qazandığı uğurda müəllimlərin böyük pay sahibi olduqlarını vurğulayıb. Rayon məktəbləri
arasında Çaylı kənd 2 nömrəli tam orta məktəbin də nümunəvi məktəblərdən biri
olduğunu deyən rayon rəhbəri bu məktəbdə savadlı gənclər ordusunun yetişdiyini
bildirib. Rayon rəhbəri Qazax,
Ağstafa, Tovuz və Şəmkir rayonlarında məktəblilər və tələbələr arasında
Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin təşkilatçılığı, Təhsil
Nazirliyi və adları çəkilən rayonların İcra Hakimiyyətlərinin dəstəyi ilə
keçirilən 12 Noyabr - Konstitusiya Gününə həsr olunmuş "Hüquqi dövlətin
əsasları” adlı olimpiadada E.Cəfərov adına Çaylı kənd 2 nömrəli tam orta məktəbin
II yeri tutmasını, məktəbin şagirdlərindən Nəcəfova Anarə Vasif qızının dörd
rayon üzrə məktəblilər arasında keçirilən olimpiadada 98 balla ən yüksək
nəticəni göstərərək I yerə layiq görülməsini, digər şagirdlərdən Aybəniz
Nuruyevanın və Nuranə Nuruyevanın da həmyaşıdları arasında fərqlənmələrini
bunun bariz nümunəsi kimi qiymətləndirib. Bu cür nailiyyətlərin davamlı
olmasını qeyd edən rayon rəhbəri müəllim-şagird kollektivinə bir daha uğurlar
arzulayıb. Məktəbin direktoru Abbas
Carçıyev, təlim-tərbiyə işləri üzrə direktor müavini Sevil Göyüşova, tədris işləri
üzrə direktor müavini Mətləb Cəlilov rayon rəhbərinə səmimi ürək sözlərini
çatdırıblar. Məktəblərinə gəlməsinə görə rayon rəhbərliyinə minnətdarlıqlarını
bildiriblər. Bugünkü görüşü, körpə balaların, gənclərin ünvanına səslənən dəyərli
fikirləri uşaqlara olan qayğının əyani sübutu kimi qiymətləndiriblər. Uşaqlara
olan sonsuz qayğıya, onların parlaq gələcəyi naminə həyata keçirilən çoxsaylı
işlərə görə ölkə başçısı İlham Əliyevə, Birinci vitse-prezident Mehriban
Əliyevaya və rayon rəhbərliyinə bir daha təşəkkürlərini çatdırıblar. Uşaqlarla səmimi şəkildə görüşən
icra başçısı onlarla xatirə şəkilləri də çəkdirib. Məlumat üçün qeyd edək ki,
hazırda Çaylı kənd 2 nömrəli tam orta məktəbdə 583 nəfər şagird təhsil alır. Onların
təlim-tərbiyəsi ilə 76 nəfər müəllim məşğul olur. 21 nəfər texniki işçi
çalışır. Bu il məktəbin hazırlıq siniflərinə 61 nəfər, I siniflərə isə 63 nəfər
şagird qəbul olunub. IX sinifdə 51 şagird təhsil alır. 2019-2020-ci tədris
ilində məzun adını qazanacaq onbirincilərin sayı isə 37 nəfərdir. Həmin məzunlardan
26 nəfərinin ali məktəblərə qəbul üçün sənəd vermələri gözlənilir. 2018-2019-cu tədris ilində də
məktəbin göstəriciləri qənaətbəxş olmuşdur. Belə ki, məktəbi məzun kimi bitirən
32 nəfər şagirddən 15 nəfəri ali məktəblərə qəbul üçün sənəd vermişdir.
Onlardan 12 nəfəri, ötən ilin məzunlarından isə 2 nəfər nəticə göstərərək ümumi
qəbul olan məzunların sayı 14 olmuşdur. Ali məktəblərə qəbul olanlardan 2 nəfəri
- 634 balla Babayeva Günel Yasin qızı Azərbaycan Respublikası Prezidenti
yanında Dövlət İdarəçilik Akademiyasına, 559 balla Tanrıverdiyeva Elmira Amil
qızı isə Bakı Dövlət Universitetinə qəbul olmuşdur.
GOYEZEN.AZ
Facebook-da paylaş