Vətəndaşların qaldırdıqları məsələyə yerində baxılıb
Respublika Prezidenti
cənab İlham Əliyevin hər dəfə çıxışları zamanı dövlət məmurları haqqında
söylədiyi fikirlər, onların vətəndaşlarla daim təmasda olmaları, bütün kəndləri
gəzmələri, kənd camaatı ilə görüşmələri, vətəndaşların qayğılarını, problemlərini
öyrənmələri barədə aidiyyatı üzrə verdiyi tapşırıq və tövsiyələr bir daha onu göstərir
ki, ölkəmizdə vətəndaş amili dövlət siyasətinin əsasını təşkil edir. Bütün
işlərdə vətəndaş amili və mövqeyi əsas götürülür. Ölkə başçısının
vətəndaşlara olan sonsuz diqqət və qayğısı, onlara olan səmimi münasibəti
Qazaxda da nümunəvi addım kimi örnək hesab edilir. Son 3 ildə rayon rəhbərinin
sakinlərə olan səmimi münasibəti, vətəndaşlara olan diqqəti və qayğısı, istər
şəhər, istərsə də kəndlərdə sakinlərlə keçirdiyi görüşlər bunun bariz
nümunəsidir. Vətəndaşlar tərəfindən səslənən müraciətlərə operativ şəkildə
cavab verilməsi, vətəndaşların yaşadığı ünvandan asılı olmayaraq istəyinə
əsasən yerində baxış keçirilməsi, qaldırılan məsələlərin həlli istiqamətində
yerindəcə tapşırıq verilməsi, həlli mümkün olan köməklik edilməsi bir daha
sübut edir ki, vətəndaş amili hər zaman rayon rəhbərinin iş fəaliyyətinin əsas
tərkib hissəsidir. Ən əsası da vətəndaşa olan bu cür səmimi münasibət hər bir rayon
sakinində Rayon İcra Hakimiyyətinə ünvanlanmış müraciətə, yazılan məktuba dəqiq
şəkildə baxılacağına, həssaslıqla yanaşılacağına əminlik hissi yaradır.
Ötən yazımızda
rayon rəhbərinin RİHB aparatına ümumi qəbul zamanı müraciət etmiş bir qrup Qarapapaq kənd sakininin
yaşadıqları əraziyə su və kanalizasiya xəttinin çəkilməsinin layihədə əksini
tapıb-tapmadığını öyrənmək istəmələri barədə müraciətlərinə yerində baxış
keçirməsi haqda məlumat vermişdik. Rayon rəhbəri məsələnin araşdırılması,
su-kanalizasiya xəttinin çəkilişi üzrə hazırlanan layihədə sakinlərin
bildirdiyi ərazinin əksini tapması, qaldırılan məsələnin müsbət həll olunması
istiqamətində aidiyyatı təşkilat və rəhbərlik qarşısında məsələ qaldırılması
barədə elə yerindəcə müvafiq
tapşırıqlar vermişdi.
Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov "Akkord
Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-nin tikinti üzrə baş direktorunun
müavini Anar Məmmədov, tikinti direktorunun daxili layhələr üzrə müavini Fəqani
Əkbərov, 8 saylı Tovuz Regional Su-Kanal İdarəsinin rəisiDarvin Hüseynov, Qazax rayonunun içməli su və kanalizasiya sistemlərinin yenidən
qurulması və Yol tikintisi layihələrinin İctimayətlə Əlaqələr şöbəsinin rəhbəri
Şamil Allahverdiyev, rayonun içməli
su və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin rəhbəri Sədi
Namazov, Qazax
Su-Kanal İdarəsinin rəisi Alı Hüseynov və icra aparatının məsul şəxsləri ilə
birlikdə yenidən Qarapapaq kəndində olub,
sakinlərlə görüşüblər. Mövcud vəziyyəti sakinlərin dilindən eşidən A.Məmmədov
və rayon rəhbəri məsələ ilə bağlı onların fikirlərini öyrənib. Vətəndaşlara
onların istəklərini nəzərə alaraq qaldırılan məsələnin layihədə öz əksini
tapması üçün müraciətlərinə baxılacağı bildirilib.
Sonra icra başçısı və aidiyyatı şəxslər Qazax şəhəri, N.Nərimanov
qəsəbəsində şəhid ailələri və Qarabağ müharibəsi əlilləri üçün tikilmiş fərdi
yaşayış evlərinə kanalizasiya xəttinin çəkilməsi ilə əlaqədar müraciətlərinə
yerində baxıblar.
Qarabağ müharibəsi əlilləri Həmid Mustafayev, Fizuli İbrahimov, Əli Əliyev,
Şükufə Məmmədtağıyeva, Aslan Rəhimov və şəhid ailəsi Eldar Quliyev onlar üçün
tikilmiş fərdi yaşayış evlərinə də kanalizasiya xəttinin çəkilməsi ilə əlaqədar
müraciət etdiklərini bildiriblər. Şəhərin su və kanalizasiya sisteminin
çəkilişi üzrə hazırlanan layihədə onların qaldırdıqları məsələnin də nəzərə
alınmasını xahiş ediblər. Qarabağ müharibəsi əlilləri ilə səmimi söhbət aparan
A.Məmmədov və rayon rəhbərliyi kənd sakinləri kimi onları da narahat edən
məsələyə aidiyyatı üzrə baxılacağını qeyd ediblər.
İstər kənd sakinləri, istərsə də Qarabağ müharibəsi əlilləri onlara göstərilən
yüksək diqqətə, dövlət qayğısına görə ölkə başçısına və rayon rəhbərliyinə
minnətdarlıqlarını bildiriblər. Bu gün onların istəyini nəzərə alıb görüşə
gəldiklərinə və məsələnin həlli ilə bağlı görüləcək işlərə görə təşəkkürlərini
çatdırıblar.
GOYEZEN.AZ
Facebook-da paylaş