İcra başçısı Kosalar kənd tam orta məktəbin tikintisi ilə tanış olub
Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Heydər Əliyev Fondu tərəfindən 3 aydır ki, əsaslı tikintisi sürətlə davam etdirilən Xalq yazıçısı İsmayıl Şıxlının adını daşıyan 1176 şagird yerlik Kosalar kənd tam orta məktəbində olub, görülən işlərlə maraqlanıb.
İş icraçısı Əhməd Rəhimov 3 ay ərzində görülən işlər barədə məlumat verərək bildirib ki, istər əsas binanın, istərsə də keçidlərin dam örtüyü vurulub. Üçmərtəbəli binanın hər üç mərtəbəsində suvaq işləri tam başa çatıb. Mərtəbələrdə ehtiyac olan hissələrdə arakəsmələr hörülüb. İstilik sistemi, elektrik xətti çəkilir, santexnik işi görülür. Divarlarda astar üzlük vurulması işi aparılır. Eyni zamanda alçipan vurulması üçün alt hissə hazırlanır. Hər üç mərtəbədə pəncərələrin əksəriyyəti qoyulub. Hazırda binanın xarici fasadında suvaq vurulması üçün hazırlıq işləri görülür. Qeyd edib ki, akt zalı və yeməkxana üçün nəzərdə tutulan binalarda söküntü və suvaq işləri tam başa çatıb. Burada da astar üzlük və santexnik işləri, elektrik xəttinin çəkilişi yerinə yetirilir. İdman zalında isə suvaq işi yekunlaşmaq üzrədir. Məktəbin kənarına hasar çəkilməsi (hörgü və suvaq işləri) tam yekunlaşıb. Bundan əlavə, məktəb binasının arxa hissəsində iki ədəd həcmi 163 kubmetr olan yanğından mühafizə, bir ədəd həcmi 100 kubmetr olan içməli su hovuzu, nasosxana, qazanxana üçün özül hissənin tökülməsi üçün qazıntı işlərinin aparıldığını qeyd edib. Həmçinin kənd sakinlərinin, xüsusilə də idmançıların, güləşçilərin istəyi nəzərə alınaraq məktəbin həyətində arxa hissədə əlavə güləş məktəbinin inşası üçün də işlərə start verildiyini bildirib.
Sonra rayon rəhbəri təmir müddətində şagirdlərin dərsi üçün nəzərdə tutulan, məktəbin yaxınlığında yerləşən və tam hazır olan yardımçı binaya da baxış keçirib. Sinif otaqlarında dərs alan şagirdlərlə görüşüb. İcra başçısına məlumat verilib ki, birinci mərtəbəsində 8, ikinci mərtəbəsində isə 9 sinif otağı yerləşən ikimərtəbəli yardımçı binada müəllim və şagirdlər üçün hər cür şərait yaradılıb. Hazırda səhər növbəsində 12, günorta növbəsində 11 sinif olmaqla şagirdlər yeni binada təhsil alır. Səhər növbəsində I, IV, VII, VIII, IX, X, XI siniflər, günorta növbəsində isə II, III, V, VI siniflər tədrislə məşğul olur.
Məlumat üçün onu da bildirək ki, böyük bir tikinti meydançasını xatırladan Kosalar kənd tam orta məktəbi "Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə hazırlanmış tədbirlər planında Qazax rayonu üzrə əksini tapan təmirə ehtiyacı olan 11 məktəbdən biridir. Bu, həm Xalq yazıçısına, onun yaradıcılığına verilən böyük qiymət, həm də gələcəyimiz olan uşaqlara olan diqqət və qayğıdır. Həmçinin məktəbdə ilkin variantda nəzərdə tutulan təmir işləri başa çatdıqdan sonra Xalq yazıçısı İsmayıl Şıxlının 100 illik yubileyi ilə əlaqədar büstü qoyulacaq.
Rayon rəhbəri Qazax Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Kosalar kənd kitabxana filialının yerləşdiyi binaya da baxış keçirib.
GOYEZEN.AZ
Facebook-da paylaş