Qazaxlı gənclər hərbi xidmətə yüksək əhval-ruhiyyə ilə yola salınıblar
"Azərbaycan Respublikası vətəndaşlarının 2019-cu il oktyabrın 1-dən
30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət
hərbi qulluqçularının ehtiyata buraxılması haqqında” Respublika
Prezidentinin 28 avqust 2019-cu il tarixli Sərəncamına müvafiq olaraq qazaxlı gənclər
yüksək əhval-ruhiyyə ilə müddətli həqiqi hərbi xidmətə yola salınıblar. Bu gün Qazax Gənclərin İnkişaf və Karyera Mərkəzinin təşəbbüsü və təşkilatçılığı
ilə çağırışçıların müddətli həqiqi hərbi xidmətə yola salınması mərasimi
keçirilib. Qazax Gənclər
Mərkəzinin qarşısında keçirilən tədbirdə Qazax Rayon İcra Hakimiyyətinin başçısı
Rəcəb Babaşov, icra aparatının məsul işçiləri, hüquq-mühafizə orqanlarının,
idarə, müəssisə və təşkilatların rəhbərləri, təhsil, mədəniyyət işçiləri, Qarabağ
müharibəsi əlilləri, çağırışçılar, onların valideynləri və KİV nümayəndələri
iştirak ediblər. Tədbir
iştirakçıları və çağırışçılar əvvəlcə şəhərin mərkəzində Vətən oğullarının
xatirəsini əbədiləşdirən Şəhidlər xiyabanını ziyarət ediblər. Azərbaycanın
ərazi bütövlüyü və Vətən torpaqları uğrunda canından keçən şəhidlərimizin
ruhuna dualar oxunub, memorial önünə
tər qərənfillər düzülüb.
Sonra Gənclər
Mərkəzinin qarşısında davam edən tədbir Azərbaycan Respublikasının Dövlət Himninin
səsləndirilməsi ilə başlayıb. Qazax Gənclərin İnkişaf və Karyera
Mərkəzinin direktoru İsmayıl Süleymanov çıxış edərək müddətli həqiqi hərbi
xidmətə yola düşən gəncləri əlamətdar gün münasibətilə təbrik edib və şərəfli
bir missiyanı yerinə yetirməkdə uğurlar arzulayıb. Ölkə Prezidenti İlham
Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın bugünkü gəncliyə
verdiyi dəyəri, yüksək diqqət və qayğını vurğulayaraq həmin dövlət qayğısından
qazaxlı gənclərə də pay düşdüyünü bildirib. Aprelin 1-dən başlayaraq fəaliyyət
göstərən Qazax Gənclərin İnkişaf və Karyera Mərkəzinin yaradılmasını qazaxlı
gənclərə olan diqqət və qayğı kimi qiymətləndirib. İ.Süleymanov rəhbərlik
etdiyi Mərkəzin fəaliyyətə başladığı ilk gündən hər zaman yeniliklər etməyə,
xüsusilə də gənclərin vətənpərvərlik ruhunda tərbiyəsinə daha çox üstünlük
verdiyini bildirib. Mərkəz olaraq "Gənc könüllülər”lə birlikdə şəhid
ailələrini, Qarabağ qazilərini mütəmadi olaraq ziyarət etdiklərini diqqətə
çatdırıb. Vətənpərvərlik tədbirlərinin davamı olaraq builki oktyabr çağırışı
üzrə gənclərin müddətli həqiqi hərbi xidmətə yola salınması tədbirinin
təşkilatçılığını öz üzərilərinə götürmək istəyini hər bir gəncin dəstəklədiyini
və həmin tədbir üçün böyük səylə çalışdıqlarını qeyd edib. İ.Süleymanov gənclərə
göstərilən diqqət və qayğıya görə ölkə başçısına və rayon rəhbərliyinə, eləcə
də Gənclər Fondunun rəhbərliyinə Mərkəzin üzvləri və könüllüləri adından bir
daha dərin minnətdarlığını çatdırıb. Qazax Rayon İcra Hakimiyyətinin başçısı
Rəcəb Babaşov çıxış edərək tədbir iştirakçılarını salamlayıb, hərbi xidmətə yola salınanları, onların
valideynlərini təbrik edib, onlara gələcək
xidmətlərində uğurlar arzulayıb. İcra başçısı qeyd edib ki, Azərbaycan Silahlı
Qüvvələrində xidmət etmək hər bir çağırışçı üçün ən müqəddəs borcdur. Xalq-ordu
birliyi imkan verir ki, bu gün hərbi xidmətə yola düşən gənc çağırışçılar Vətənimizə
ləyaqətlə xidmət edərək müstəqilliyimizin qorunmasına və möhkəmlənməsinə öz
töhfələrini versinlər. Rayon rəhbəri ordu quruculuğu sahəsində
qazanılan nailiyyətlərin ordumuzun hərtərəfli inkişafına və güclənməsinə səbəb
olduğunu bildirib. Əsası Ulu Öndər Heydər Əliyevin qoyduğu ordu quruculuğu
siyasətinin bu gün onun layiqli davamçısı ölkə Prezidenti, Ali Baş Komandan
İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini vurğulayıb. Qeyd edib ki,
bu uğurlu siyasətin nəticəsidir ki, 2016-cı ilin aprel ayında ordumuzun hərbi
birləşmələri qısa müddət ərzində işğal altında olan ərazilərimizin bir
hissəsini düşməndən azad etdi. İcra başçısı bu gün Azərbaycanın 20%-dən çox
torpağının, o cümlədən də Qazaxın Bağanıs
Ayrım, Xeyrımlı, Barxudarlı, Sofulu, Qızılhacılı,
Yuxarı Əskipara və Aşağı Əskipara kimi 7 kəndinin düşmən tapdağı altında olduğunu
qeyd edib. Bu gün müddətli həqiqi hərbi xidmətə yola düşən gənclərin sırasında Aşağı Əskipara, Bağanıs
Ayrım kəndlərindən
olan gənclərin də olduğunu söyləyib. Gənclərlə
hər zaman qürur duyduğunu bildirən rayon rəhbəri çağırışçılara bir daha Vətənin
layiqli əsgəri olmağı tövsiyə edib, hərbi xidmətə yola düşən çağırışçı-gənclərə
ən xoş arzularını çatdırıb. Vətən qarşısında ən müqəddəs borcu qaytarmağa,
şərəfli bir yolu keçəmək üçün yola düşən gənclərə bu yoldan alnıaçıq, üzüağ
şəkildə qayıtmağı arzu edib. İşğal altında olan torpaqlarımızda, eləcə də Qazaxın
düşmən tapdağında olan 7 kəndində üçrəngli Azərbaycan bayrağını dalğalandırmağı
arzulayıb. Səfərbərlik və Hərbi Xidmətə Çağırış
üzrə Dövlət Xidmətinin Qazax Rayon şöbəsinin rəisi, mayor Mehman Rəhimov çıxış
edərək Prezident İlham Əliyevin Azərbaycan Respublikası vətəndaşlarının 2019-cu
il oktyabrın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli
həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında 28
avqust 2019-cu il tarixində Sərəncam imzaladığını bildirib. Hərbi xidmətin hər
bir gənc üçün müqəddəs borc olduğunu vurğulayaraq gənclərə Vətənin keşiyində
ayıq-sayıq dayanmağı, komandirlərin hər bir tapşırığını səylə yerinə yetirməyi
tövsiyə edib. M.Rəhimov qeyd edib ki, Aprel
döyüşləri Azərbaycanın hərb tarixində şanlı qələbəmiz olmaqla yanaşı, eyni
zamanda Milli Ordumuzun istənilən döyüş tapşırığının yerinə yetirilməsinə hazır
olduğunu bir daha sübut etdi. İnanırıq ki, bu gün hərbi xidmətə yola saldığımız
gənclər məhz belə güclü ordunun cəsur və layiqli əsgərləri olacaqlar. Azərbaycan
Yazıçılar Birliyi Qazax zona filialının sədri, Əməkdar incəsənət xadimi, şair
Barat Vüsal, "Azərbaycan
Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri” İctimai Birliyinin
sədr müavini Xasay Balayev, şəhid ailəsi Kifayət Mustafayeva Vətən
qarşısında borcunu yerinə yetirməyə yola düşən çağırışçıların valideynlərini və
yaxınlarını təbrik edib, onların övladlarının ordu sıralarında ləyaqətlə xidmət
edəcəklərinə əminliklərini bildiriblər. Çıxış edənlər əsgər getməyin Vətən
qarşısında əsl kişilik məktəbini keçmək olduğunu qeyd edərək bu məktəbi qələbə
müjdəli zəfərlərlə başa vurmağı arzu ediblər. Vətənpərvərlik hissini özündə əks
etdirən bu məktəbdən hər zaman xoş sədalarının eşidilməsini arzulayblar. Valideyn
Almaz Əhmədova çağırışçı gənclərə xoş arzularını
çatdırıb. Qarabağda eşidiləcək qələbə səsində, sorağında bu gün həqiqi hərbi
xidmətə yola düşən gənclərin də payının olmasını arzu edib. Çağırışçılar adından çıxış edən Baba
Abdullayev Vətənə layiqincə xidmət edəcəklərini
bildirib. Sonra tədbir musiqili-əyləncəli
proqramla davam edib. Aşıqlardan Camoy
Qurbanovun, Yaşar Gülümcanovun, gənc aşıq Şahin Süleymanovun bir-birindən rəngarəng
saz havaları gənc çağırışçılara əsl bayram əhval-ruhiyyəsi yaşadıb. Zurnaçıların
ifasında səslənən mahnı sədaları altında çağırışçıların və gənclərin birgə rəqsi
xoş anlarla yaddaşlara yazılıb. Qazax Gənclərin
İnkişaf və Karyera Mərkəzinin rəqs qrupu da rəqs nömrəsi ilə gənclərə təbriklərini
çatdırıb. Mərasim başa
çatdıqdan sonra hərbi çağırışçılar üçrəngli Azərbaycan bayrağını öpərək hərbi
xidmətə yola salınıblar.
GOYEZEN.AZ
Facebook-da paylaş