Şəhidlərin xatirəsi hər zaman əziz tutulur
Bu gün düşmənlə 168 kilometr məsafədə sərhəddə olan Qazax rayonunun Bağanıs
Ayrım, Xeyrımlı, Barxudarlı, Sofulu, Qızılhacılı, Yuxarı Əskipara və Aşağı
Əskipara kimi 7 kəndi düşmən tapdağı altındadır. 5 kəndi isə daim
düşmən gülləsinin atəşinə məruz qalır. Ərazi bütövlüyü uğrunda 287 nəfər şəhid
verən, 7 nəfər igid oğlu Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülən
Qazaxda şəhidlərimizin xatirəsi hər zaman əziz tutulur və onların ailə
üzvlərinə qayğı ilə yanaşılır. Son 3 ildə rayonda Aprel şəhidləri
kapitan Mühüd Orucovun, baş leytenant Elvin Namazovun və əsgər Orxan Əliyevin
xatirəsini əbədiləşdirmək üçün şəhərin mərkəzində bulaqların tikilməsi, Milli Qəhrəmanlar Alı Mustafayevin, Mərfət Nəsibovun, Firuddin Şamoyevin, Şamoy
Çobanovun, şəhidlərdən Şahvələd Abbasovun, Qoşqar Qurbanovun, Qaratel Hacımahmudovanın adlarını
daşıyan bulaqların, həmçinin "Şəhid polislərin xatirəsinə” ucaldılmış
abidələrin yenidən qurulması bu istiqamətdə görülən işlərin bariz nümunəsidir. Bu günlərdə isə rayonun Orta Salahlı
kəndində daha bir şəhidin - Hacıyev Səməd Məmməd oğlunun adını daşıyan bulağın
yenidənqurmadan sonra açılışı olmuşdur. Əvvəlcə şəhidlərimizin ruhuna dua
oxunmuş, onların əziz xatirəsi böyük ehtiramla yad edilmişdir. Sonra bulaq
kompleksinin açılışını bildirən qırmızı lent kəsilmiş, önünə tər qərənfillər
düzülmüşdür.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı
Rəcəb Babaşov açılış mərasimində çıxış edərək tədbir iştirakçılarını salamlamış
və bulağın yenidən qurulmasında əməyi olan insanlara minnətdarlığını
bildirmişdir. Qeyd etmişdir ki, şəhidlərə və onların ailələrinə qayğı hər zaman
dövlətin diqqət mərkəzindədir. Odur ki, bu ailələr dövlətin, eləcə də rayon
rəhbərliyinin hər zaman yanlarında olduqlarını hiss edirlər. Rayonda aparılan
abadlıq və quruculuq işləri çərçivəsində şəhidlərimizin uyuduqları müqəddəs
məkanlarda da xeyli iş görülmüşdür. Qəbiristanlıqlar, onların xatirəsinə
ucaldılmış abidələr, parklar, bulaqlar, xiyabanlar abadlaşdırılmış, əsaslı
şəkildə təmir edilmişdir. 287 nəfər Qazax şəhidinə sonsuz ehtiram nümayiş etdirilərək
şəhərin mərkəzində yerləşən Şəhidlər xiyabanı tamamilə yenidən qurulmuşdur. Bu
gün nəinki şəhid ailələri və rayon sakinləri, eləcə də Qazaxa səfər edən
qonaqlar da qürur yerimiz olan bu müqəddəs məkana baş çəkir, memorial önünə tər
çiçəklər düzür, igid oğullarımızın şəkli əks olunmuş lövhə önündən keçərək əziz
xatirələrinə ehtiram göstərirlər. Rayonda keçirilən tədbirlər öncə həmin
müqəddəs məkanı ziyarətlə başlayır. Məktəblilər mütəmadi olaraq xiyabanda olur,
rayon şəhidləri haqqında ətraflı məlumatlar alır, onlarla bir daha qürur
duyurlar. Tədbirdə Prezident İlham Əliyev, eləcə
də Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən şəhidlərimizə və şəhid
ailələrinə göstərilən hörmət və ehtiramdan da söhbət açılmışdır. Qeyd
edilmişdir ki, bu gün ölkəmizdə dövlət başçısı tərəfindən sistemli ordu
quruculuğu ilə yanaşı, vətənin bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərə
və onların ailələrinə, həmçinin müharibə veteranlarına və əlillərinə böyük
diqqət və qayğı göstərilir. Respublika Prezidentinin rəhbərliyi ilə həyata
keçirilən siyasətin əsas istiqamətlərindən birini şəhid ailələrinin, müharibə
veteranları və əlillərinin sosial müdafiəsinin gücləndirilməsi, onların
problemlərinin həlli, ən əsası da hər cür qayğı ilə əhatə olunmaları təşkil
edir. Qüdrətli Azərbaycan Ordusunun Aprel
zəfərindən danışılarkən həmin şanlı tarixin yazılmasında Qazax rayonunun 3
nəfər igidinin - Fərəhli kəndindən kapitan Orucov Mühüd Qurban oğlunun, Yuxarı
Salahlı kəndindən baş leytenant Namazov Elvin Məmməd oğlunun və Aslanbəyli
kəndindən əsgər Əliyev Orxan Məhəmməd oğlunun da xidməti olduğu diqqətə
çatdırılıb. Qeyd edilıb ki, Aprel döyüşləri bizi Qarabağda böyük qələbəmizə
aparan şanlı yolun başlanğıcıdır. O yolu qət edən igid oğullarımızla bu gün
başda Ali Baş Komandan olmaqla hər kəs fəxr edir və bundan sonra da fəxr
edəcəkdir. Aprel döyüşü bir daha sübut etdi ki, Azərbaycanın igid və mərd
oğulları həmişə olub və bundan sonra da olacaqdır. "Hilal” Sosial Araşdırmalar İctimai
Birliyinin sədri Arzuman Abdulkərimov, Milli Qəhrəman Alı Mustafayevin qardaşı
Mahmud Mustafayev, Orta Salahlı kənd sakini Səid Abdulkərimov və başqaları
çıxış edərək dövlət başçısı tərəfindən şəhid ailələrinə, Qarabağ müharibəsi
veteranlarına və əlillərinə, məcburi köçkün ailələrinə göstərilən diqqət və qayğıya
görə minnətdarlıqlarını bildirmişlər. Sabir ƏLİYEV, "Azərbaycan” qəzetinin bölgə müxbiri 2 oktyabr 2019-cu il
Respublika mətbuatı Qazax haqqında
Facebook-da paylaş