• Təqvim

  • Maraq



Vətən sənə oğul dedi


Sinəsini düşmən gülləsinə sipər edənlər heç vaxt unudulmurlar

Bütün yüksəkliklərdən ucada dayanan bir zirvə var. O, şəhidlikdir. Bu zirvəyə qalxmaq hər insana nəsib olmur. Ancaq gözlərini qırpmadan müqəddəs amallar uğrunda çarpışanlar, ölümün gözünə dik baxaraq vətən və xalq yolunda canından keçənlər bu zirvəyə ucala bilərlər. Necə ki, Qazaxda doğulub boya-başa çatmış və torpaqlarımızın bütövlüyü uğrunda canından keçmiş yüzlərlə gənc bu yolu seçməklə şəhidlik zirvəsinə ucalmışdır.

Dağlıq Qarabağ müharibəsi başlayandan indiyədək Qazax rayonu 285 şəhid vermişdir. Mənfur qonşularımızla 168 kilometr həmsərhəd olan bu rayonda həmin şəhidlərə böyük ehtiram göstərilməklə onların adlarının əbədiləşdirilməsi üçün müxtəlif tədbirlər həyata keçirilir. Şəhidlərin adlarını əbədiləşdirmək üçün hər birinin adına küçələr verilməklə yanaşı, xatirələrinə bulaq kompleksləri də inşa edilir. Qazax rayonunda Milli qəhrəmanlardan Alı Mustafayevin, Şamoy Çobanovun, Mərfət Nəsibovun, Firuddin Şamoevin, aprel şəhidlərindən - kapitan Mühüd Orucovun, baş leytenant Elvin Namazovun, şəhid Orxan Əliyevin, Şahvələd Abbasovun və başqalarının xatirəsinə ehtiram göstərilərək bulaq kompleksləri ucaldılmışdır. Bu günlərdə isə daha bir şəhidin - Qoşqar Məqsəd oğlu Qurbanovun adına inşa edilmiş bulaq kompleksi istifadəyə verilmişdir. Rayonda sayca 10-cu olan bulağın açılış mərasimində çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov dövlət başçısı İlham Əliyev tərəfindən şəhidlərimizə və şəhid ailələrinə göstərilən hörmət və ehtiramdan danışmış, vətənimizin bütövlüyü uğrunda canından keçən şəhidlərin ailə üzvlərinə, həmçinin müharibə veteranlarına və əlillərinə böyük diqqət və qayğı göstərildiyini faktlarla diqqətə çatdırmışdır.

Cəbhə bölgəsində yerləşən Qazax rayonundan 7 nəfər Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. Respublikamızın hər yerində olduğu kimi bu rayonda da şəhidlərə xüsusi hörmət və ehtiramla yanaşılır. Şəhidlərin dəfn olunduqları qəbiristanlıqlar yenidən qurularaq əsl ziyarətgaha çevrilmişdir. Hətta bir neçə kənddə şəhidlərin xatirə kompleksi ucaldılmışdır. Rayon mərkəzində olan Şəhidlər Xiyabanı isə tamamilə yenidən qurulmuş, ətrafında yaşıllıq salınmış, işıqlandırma qurğuları quraşdırılmışdır. Əlamətdar günlərdə məktəblilər bura gələrək vətənə sədaqət andı içir, müxtəlif ədəbi-bədii kompozisiyalar göstərir, vətənə, torpağa, sülhə aid şeirlər söyləyirlər. Söz yox ki, həyata keçirilən bütün bu tədbirlər gənc nəslin hərbi vətənpərvərlik tərbiyəsində müsbət rol oynayır.

Rayon təhsil şöbəsi məktəblilərdə hərbi vətənpərvərlik hissinin gücləndirilməsi üçün maraqlı tədbirlər həyata keçirir. Bu yaxınlarda orta məktəblər arasında "Vətənimin müdafiəsinə hazıram!” mövzusunda olan idman yarışlarında yuxarı sinif şagirdləri öz doğma vətənlərini necə sevdiklərini bir daha nümayiş etdirmişlər.

Şəhid ailələri Rayon İcra Hakimiyyətinin daim diqqət mərkəzindədir. Rayon rəhbərliyi tez-tez onlarla görüşlər keçirir, problemləri ilə maraqlanır, onların həlli üçün tədbirlər görür.

Qazax rayonunun sərhəd kəndlərində bu gün nisbi sakitlikdir. Azərbaycan Ordusunun əsgərləri sərhədlərimizin keşiyində ayıq-sayıq dayanmışlar. Sərhədyanı kəndlərdə yaşayan sakinlər düşmənin heç bir təxribatından çəkinmirlər. Onlar bilirlər ki, yüzlərlə şəhid vermiş qazaxlılar lazım gəlsə yenə də torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçməyə hazırdırlar. İndi respublikamızda uşaqdan böyüyə hamının bir istəyi var ki, o da tezliklə mənfur düşmənlərimizin işğalda saxladıqları torpaqlarımızı tərk etməsidir.

Sabir ƏLİYEV,

"Azərbaycan” qəzeti

21 dekabr 2018-ci il



Facebook-da paylaş