Qazaxda Damcılı mağara düşərgəsində növbəti arxeoloji qazıntılara başlanılıb
Əvvəlki
yazılarımızda da məlumat verdiyimiz kimi, 2015-ci ilin yayında Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə Yaponiyanın Tokio Universitetinin daş dövrü
mütəxəssisi professor Yoşihiro Nişiakinin rəhbərliyi ilə böyük bir heyət Avey
dağı ətəklərində kəşfiyyat xarakterli axtarış aparmaq üçün qoruq ərazisinə dəvət
olunmuşdur. 1 həftəlik axtarışdan sonra Avey dağında, Damcılı mağarası və
mağara düşərgəsinin ətrafında dünya əhəmiyyətli arxeoloji irsi kompleks tədqiq
etmək üçün 3 tərəfli beynəlxalq memorandum imzalanmışdır. Bu memorandum Mədəniyyət Nazirliyi tərəfindən "Avey” Dövlət Tarix-Mədəniyyət qoruğu, AMEA tərəfindən
Arxeologiya və Etnoqrafiya İnstitutu, Yaponiya tərəfindən Yaponiyanın Tokio
Universiteti Universitet Muzeyi arasında bağlanmışdır. Memoranduma
əsasən ilk arxeoloji qazıntılara 2016-cı ilin
avqust ayının 8-dən 24-nə kimi "Avey” DTMQ-nun ərazisində yerləşən dünya əhəmiyyətli
Damcılı mağara düşərgəsində başlanmışdır. İlkin tədqiqatlar zamanı kəşfiyyat
xarakterli 10-a yaxın müxtəlif istiqamətlərdə qazıntı işləri aparılmışdır.
Yaponiyalı və yerli arxeoloqların birgə işlədiyi ərazinin 4 m dərinliyində
qazıntı işləri aparılarkən orta əsrlərə, tunc dövrünün sonuna aid, daha dərində
isə neolit dövrü qalıqları, ocaq yerləri, fauna nümunələri (sümüklər), təxminən
yarım metr dərində lal təbəqədən aşağıda isə orta paleolit dövrünün son mərhələsini
əks etdirən qəlpə, nüvə tullantıları və alət nümunələri əldə olunmuşdur. Damcılıda
tapılan maddi-mədəniyyət nümunələrinin dövrlərinin müəyyənləşməsi üçün Yaponiya
laboratoriyalarına göndərilməsi nəzərdə tutulmuşdur. 2017-ci il iyulun 17-dən 30-a kimi 2-ci dəfə beynəlxalq ekspedisiya
qoruq ərazisində qazıntılar aparmışdır. Həmin il sadəcə bir quyu üzərində işlənərək
5 metrədək dərinlikdə aparılan qazıntı işləri zamanı torpaq horizontal təbəqəyə
bölünmüş, müxtəlif dövrlərə aid nümunələr tapılmışdır. Üçtərəfli
beynəlxalq memoranduma əsasən Yaponiyanın Tokio Universitetinin əməkdaşları
2018-ci ilin iyulun 12-dən etibarən artıq 3-cü dəfə Damcılı mağara düşərgəsində
qazıntı işlərini davam etdiriblər. Bu il isə artıq 4-cü ildir
ki, imzalanmış həmin üçtərəfli beynəlxalq memorandum əsasında iyulun 16-dan etibarən
növbəti qazıntı işlərinə start verilib. Bu gün Qazax Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Məmməd
Alıyev və müavin Gulaya Həsənova Damcılı qoruğunda olub, nümayəndə
heyəti ilə görüşüb qazıntı işləri ilə maraqlanıblar. "Avey” Dövlət
Tarix-Mədəniyyət qoruğunun direktoru Səadət Əliyeva rayon rəhbərliyinə
nümayəndə heyəti haqqında məlumat verərək qazıntıların əsasən azərbaycanlı və
yaponiyalı arxeoloqlar tərəfindən aparıldığını bildirib. Tokio Universitetinin
professoru Yoşihiro Nişiakinin rəhbərliyi ilə həmin
universitetin üzvlərindən Çie Akaşi, doktorant Fumika İkeyama, Qədim Şərq
Muzeyinin arxeoloqu Kazuya Şimoqama, Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları
Mənsur Mənsurov, Yaqub Məmmədov, Ülviyyə Heydərova və Əjdər Babayevin bu
arxeoloji qazıntılarda iştirak etdiklərini qeyd edib. S.Əliyeva
Qazaxda ilk dəfə olaraq belə uzunmüddətli qazıntı işlərinin aparıldığını
vurğulayıb. Bildirib ki, qazıntıların aparılmasında məqsəd daş dövrünə aid
nümunələri əldə etməklə burada qədim insan məskəninin olduğunu, həmçinin burada
yaşayan insanların gəlmə deyil də yerli sakinlər olduqlarını öyrənməkdir. Eyni
zamanda, neolit dövrü ilə mezolit dövrü arasında olan əlaqəni kəşf etməkdir. Direktor S.Əliyeva qoruqda
abadlıq işlərinin aparılmasına, onlara göstərilən diqqət və qayğıya görə də rayon
rəhbərliyinə kollektiv adından minnətdarlığını bildirib. Arxeologiya
və Etnoqrafiya İnstitutunun əməkdaşı, arxeoloq Yaqub Məmmədov aparılan qazıntı
işləri barədə fikirlərini bölüşərək hər il olduğu kimi, bu il də qazıntılar
zamanı xeyli sayda tapıntıların əldə ediləcəyini qeyd edib. Arxeoloji
qazıntıları ilkin olaraq avqustun 2-ə kimi davam etdirəcəklərini söyləyib.
GOYEZEN.AZ
Facebook-da paylaş