Qazaxda "Avey" Dövlət-Tarix Mədəniyyət Qoruğunun "Damcılı" bulaq və “Göyəzən” dağı filiallarında möhtəşəm festival keçirilib
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin
2019-cu il İş planına əsasən 30 iyun -10 iyul 2019-cu il tarixində ölkəmizdə YUNESKO-nun
Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası keçirilir. Tədbir çərçivəsində
regional idarələrin əhatə etdiyi şəhər və rayonlarda tabe mədəniyyət
müəssisələrində tədbirlərin proqramı hazırlanmışdır. YUNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası
çərçivəsində Ağstafa Regional Mədəniyyət
İdarəsinin həyata keçirdiyi silsilə tədbirlər sırasında bu gün Qazax rayonu ərazisində
yerləşən Avey Dövlət Tarix-Mədəniyyət Qoruğunun "Damcılı” bulaq və "Göyəzən”
dağı filiallarında möhtəşəm festival keçirilib. Tədbirdə Qazax Rayon İcra
Hakimiyyəti başçısının birinci müavini Məmməd Alıyev, müavin Gulaya Həsənova,
aparatın məsul işçiləri, Gənclər və İdman Nazirliyi Yanında İctimai Şuranın
sədri, "Virtual Qarabağ” İKT mərkəzinin sədri Nürəddin Mehdiyev, paytaxtdan
gəlmiş qonaqlar, mədəniyyət işçiləri, ziyalılar, KİV nümayəndələri iştirak ediblər. Öncə
qonaqları ulu Dədə Qorqud salamlayaraq, onları milli-mənəvi dəyərlərimizi
özündə əks etdirən sərgilərə baxış keçirməyə dəvət edib. Sonra YUNESKO-nun
Ümumdünya İrs Siyahısına düşən milli mətbəximiz-dolma, lavaş, müxtəlif
xalçalar, kəlağayılar, milli musiqi alətlərimiz və Qazax Mərkəzləşdirilmiş Kitabxana
Sisteminin "Nəsimi ili”nə həsr etdiyi kitab sərgisi nümayiş olunub. Eyni
zamanda, meydanda qurulmuş çadırların ətrafında Qarabağ atlarını simvolizə edən
atların yürüşünə tamaşa edilib. Ağstafa
Regional Mədəniyyət İdarəsinin rəisi Vüqar Qədirov tədbiri giriş sözü ilə
açaraq 30 iyun-10 iyul tarixləri arasında paytaxtımızda keçirilən YUNESKO-nun
Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının ölkəmizin siyasi-ictimai
həyatında, mədəniyyətimizin dünyaya tanıdılmasında əhəmiyyətini qeyd edib.
Azərbaycan–YUNESCO əməkdaşlığında ulu öndər Heydər Əliyevin rolundan, dahi
şəxsiyyətin uğurlu siyasətinin layiqli davamçısı möhtərəm prezidentimiz İlham
Əliyevin mədəni irsimizin qorunub saxlanılması, təqdimatı, təbliği
istiqamətində xidmətlərindən danışıb. Natiq qeyd edib ki, belə bir tədbirin
Azərbaycanda keçirilməsi ölkəmizin böyük uğurudur. Bu uğurda ölkə başçısının və
Birinci vitse-prezident, YUNESCO-nun xoşməramlı səfiri Mehriban xanım
Əliyevanın da müstəsna xidmətləri danılmazdır. Hazırda Azərbaycandan
YUNESCO-nun qeyri-maddi mədəni irs siyahısına Azərbaycan muğamının, Azərbaycan
aşıq sənətinin, Novruz bayramının, Azərbaycan xalça toxuculuğunun, Azərbaycan
tar ifaçılıq sənətinin və onun hazırlanma üsulunun, qadın baş örtüyü
kəlağayının düzəldilməsinin, Lahıc misgərlik sənətinin, lavaş, dolma kimi milli
yeməklərimizin, kamançanın, Dədə Qorqud dastan mədəniyyətinin, nağıllarının və
musiqisinin, Qarabağ atı ilə oynanılan Çövqan atüstü oyununun, Naxçıvanın
ənənəvi qrup rəqsləri-yallı, köçəri, tənzərə olmaqla 13 qeyri-maddi mədəni irs
nümunəsinin daxil edildiyini bildirib. Qazax Rayon
İcra Hakimiyyəti başçısının birinci müavini Məmməd Alıyev çıxış edərək
qonaqları və festival iştirakçılarını rayon rəhbərliyinin adından salamlayıb,
səmimi ürək sözlərini çatdırıb. Qeyd edib ki, bu gün tarixi, dini və
memarlıq abidələrimizin qorunması, bərpası və saxlanılması Azərbaycanın dövlət
siyasətinin mərkəzində dayanır. Ölkə başçısının və Birinci vitse-prezident
Mehriban xanım Əliyevanın bu sahədə olan xidmətlərindən söz açan müavin bu
sahədə görülən bütün işləri yüksək qiymətləndirib. Milli-mədəniyyətimizin, tarixi
soy-kökümüzün tanıdılmasında ölkəmizdə keçirilən möhtəşəm tədbirin böyük
əhəmiyyət kəsb etdiyini vurğulayıb. Sonra festival aşıq və zurnaçıların bir-birindən gözəl
ifaları və Tovuz rayon Mədəniyyət Mərkəzi aktyorlarının hazırladığı maraqlı
tamaşalarla davam etdirilib. GOYEZEN.AZ
Facebook-da paylaş