• Təqvim

  • Maraq



Ulu öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş “Sən elə bir zirvəsən” adlı tədbir keçirilib

Azərbaycan dövlətinin və xalqının taleyində, ölkənin hərtərəfli tərəqqisində, uğurlar qazanmasında müstəsna xidmətləri olan ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü respublikamızın hər yerində olduğu kimi, Qazaxda da silsilə tədbirlərlə qeyd olunur.

Bu gün növbəti tədbir Yeni Azərbaycan Partiyası Qazax rayon Təşkilatı Qadınlar Şurası tərəfindən keçirilib. Ulu öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü ilə əlaqədar keçirilən "Sən elə bir zirvəsən” adlı tədbirdə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri, partiya fəalları, Qadınlar Şurasının üzvləri, idarə, müəssisə və təşkilat rəhbərləri, gənclər iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə ulu öndərin təşkilatın binasında yerləşən büstü önünə gül dəstələri qoyub, əziz xatirəsini böyük ehtiramla yad ediblər.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov tədbiri giriş sözü ilə açaraq ulu öndər Heydər Əliyevin Azərbaycan dövləti və xalqı naminə həyata keçirdiyi işlərdən, apardığı uğurlu islahatlardan söz açıb. İcra başçısı qeyd edib ki, bu gün hər bir azərbaycanlı vətəndaşın borcudur ki, ulu öndəri xoş xatirələrlə yad etsin. "Ümummilli lider haqqında danışmaq nə qədər şərəflidirsə, bir o qədər də çətindir”, - deyən rayon rəhbəri onun keçdiyi ömür yolunun bu gün hər kəs üçün böyük məna daşıdığını bildirib. İstər SSRİ, istərsə də müstəqillik dövründə o dahi şəxsiyyətin ölkə, xalq, millət naminə gördüyü işlərin böyük əhəmiyyət daşıdığını vurğulayıb. Rayon rəhbəri bildirib ki, Azərbaycanın son 30 ildən artıq bir dövrünü əhatə edən tarixi taleyi ulu öndər Heydər Əliyevin adı ilə qırılmaz tellərlə bağlıdır. Bu illər ərzində xalqın ictimai-siyasi, iqtisadi və mədəni həyatının bütün sahələrində dirçəliş məhz onun adı ilə əlaqədardır. Heydər Əliyev rəhbərlik etdiyi bu dövr ərzində daim tərəqqisi üçün çalışdığı, zəngin mədəniyyəti, böyük tarixi keçmişi ilə həmişə qürur duyduğu və gələcək nəsillərinin taleyi üçün düşündüyü doğma yurdu Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çıxarmışdır. O, böyük siyasi və dövlət xadimi, xalqın əbədi lideri olaraq hələ sağlığında canlı əfsanəyə çevrilmiş, buna görə də Heydər Əliyev fenomeni həmişə diqqətləri cəlb etmişdir. Azərbaycan xalqı milli dövlətçiliyinin dağılmaq təhlükəsi qarşısında qaldığını gördüyü və artıq ən ağır günlərini yaşadığı bir zamanda – 1993-cü ilin iyununda mövcud hakimiyyətin dəyişilməsini təkidlə tələb etmiş və həmin vaxtdan taleyini yenə Heydər Əliyevə etibar etmişdir. Xalqının belə dar bir gündə qaldığını görüb onun təkidli dəvətini qəbul edən Heydər Əliyev Azərbaycanda yenidən böyük siyasətə qayıtmışdı. Xalq ulu öndərin bu qayıdışını ümid və sevinclə qarşılamış, həmin günü isə Milli Qurtuluş Günü kimi müstəqil Azərbaycanın tarixinə yazmışdır. İcra başçısı vurğulayıb ki, təməli ulu öndər tərəfindən qoyulan dövlət siyasəti bu gün onun layiqli davamçısı İlham Əliyevin dərin və müdrik zəkası, güclü liderlik qabiliyyəti sayəsində uğurla davam etdirilir. Rayon rəhbəri çıxışının sonunda ulu öndərin bizlərə miras qoyuğu müstəqil Azərbaycanın çiçəklənməsi, daha da qüdrətlənməsi naminə həyata keçirdiyi bütün işlərində ölkə başçısı İlham Əliyevə rayon ziyalıları adından bir daha uğurlar arzulayıb. Azərbaycan dövləti və xalqı var olduqca ümummilli liderin daim qəlblərdə yaşayacağını bildirib.

YAP Qazax rayon Təşkilatı Qadınlar Şurasının sədri Yeganə Göyüşlü "Heydər Əliyev və Azərbaycanın neft strategiyası” mövzusunda çıxış edərək ümummilli liderin bu sahədə həyata keçirdiyi genişmiqyaslı layihələrdən danışıb.

Sonra Qazax rayon mərkəzi xəstəxanasının baş həkim əvəzi Sevda Məmmədova "Heydər Əliyev və Azərbaycan səhiyyəsi”, Qazax Dövlət Sosial-İqtisadi Kollecinin tarix müəllimi Tərlan Bədəlova "Heydər Əliyev və Azərbaycan təhsili”, kollecin qiymətləndirmə, qeydiyyat və monitorinq şöbəsinin müdiri Elvira Əfəndiyeva  "Heydər Əliyev və Azərbaycanın sosial siyasəti”, "Avey” dövlət tarix-mədəniyyət qoruğunun direktoru Səadət Əliyeva "Heydər Əliyev və Azərbaycan mədəniyyəti” mövzularında çıxış ediblər. Ulu öndərin ölkənin elm, təhsil, səhiyyə, mədəniyyət sahəsindəki misilsiz xidmətlərindən söz açıblar. Azərbaycanda qeyd olunan sahələr üzrə qazanılan uğur və nailiyyətlərin təməlində ulu öndərin qoyduğu siyasətin dayandığını vurğulayıblar.

Sonda ulu öndər Heydər Əliyevə həsr olunmuş bədii ədəbiyyat nümunələrinin  səslənməsi olub. Qaratel Hacımahmudova adına şəhər ümumi orta məktəbin V sinif şagirdləri Kənan Hüseynov, Halə Camalova, Əsmər Hüseynova, VII sinif şagirdi Sədaqət Camalova dahi şəxsiyyət Heydər Əliyevə həsr olunmuş şeirlər söyləyiblər.














GOYEZEN.AZ



Facebook-da paylaş