Vətəndaşlar “Sınıq Körpü” Buraxılış Məntəqəsində yaradılan şəraitə görə razılıqlarını bildiriblər
Ölkəmizin Qərb qapısı sayılan "Sınıq Körpü” Buraxılış Məntəqəsi burada
yaradılan şəraiti, səliqə-səhmanı ilə göz oxşayır. Gürcüstanla sərhəddə
yerləşən bu məntəqədən respublikamıza daxil olan və ya yola düşən qonaqlar
ölkəmiz haqqında xoş təəssüratlarla ayrılırlar.
Bu gün Prezident
Administrasiyasının məsul işçisi Orxan Mürsəlov Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovla birlikdə buraxılış məntəqəsində olub, sakinlərin
rahatlığı üçün yaradılan şəraitlə, vətəndaşlara göstərilən xidmətlər və sakinlərin
qayğıları ilə maraqlanıblar.
Bildirilib ki, rayon rəhbərliyinin tapşırığına əsasən Bakı-Qazax-Gürcüstan dövlət sərhədi avtomobil yolunun sonuncu nöqtəsi
olan, Qazax rayonunun İkinci Şıxlı kəndinin ərazisinə düşən hissəsində geniş
abadlıq və quruculuq işləri aparılıb. Yolun hər
iki sağ və sol tərəfində yaşıllıq salınıb. Yol kənarında dekorativ tor çəkilib,
həmişəyaşıl kol əkilib. Bundan başqa, əraziyə tamet döşənib, asfalt vurulub və
sərnişinlər üçün dayanacaq düzəldilib. Divarlarda dekorativ işıqlandırma
sistemi quraşdırılıb ki, bu da gecələr əraziyə xüsusi gözəllik verir. Eyni
zamanda, işıq dirəklərində də təmir işləri aparılaraq müasir standartlara cavab
verən işıqlanma sistemi quraşdırılıb. Həmçinin əraziyə qaya daşlarından
dekorativ bəzək üçün sal daşlar qoyularaq rənglənib, kompozisiya yaradılıb.
Taxta hasarlar təmir olunub, rənglənib. Aqlay daşları yenidən yonularaq hamar
edilib.
Rayon rəhbərliyi ilə səmimi görüşən sakinlər respublikamızda, eləcə də Qazax
rayonunda görülən genişmiqyaslı işlərə görə ölkə başçısı İlham Əliyevə dərin
minnətdarlıqlarını çatdırıblar. Bildiriblər
ki, buraxılış məntəqəsində abadlıq işlərinin aparılması bizi çox sevindirdi. Çünki ölkəmizə hər yerdən qonaqlar
gəlir. Hər gün bu məntəqədən minlərlə insan keçir. Xaricdən gələn qonaqlar ilk
dəfə bu göz oxşayan mənzərə ilə qarşılaşırlar ki, bu da onlarda ölkəmiz
haqqında xoş təəssürat yaradır. Biz
də bir qazaxlı kimi sevinirik ki, həmin qonaqlar burada aparılan abadlıq və
quruculuq işlərini görüb ölkəmiz haqqında yüksək fikirlərlə ayrılırlar. Aparılan
abadlıq işlərini, yaradılan səliqə-səhmanı yüksək qiymətləndirən sakinlər buna
görə rayon rəhbərliyinə sonsuz təşəkkürlərini çatdırıblar.
Sakinlərlə görüşən rayon rəhbəri məntəqə ərazisində bundan sonra da
təmizliyə ciddi riayət olunması barədə tapşırıq və tövsiyələrini verib. GOYEZEN.AZ
Facebook-da paylaş