Sərhəd kəndi Məzəmdə sakinlərlə səyyar görüş keçirilib
Artıq hər kəsə
yaxşı məlumdur ki, son 3 ildir ki, Qazaxda vətəndaş amili hər zaman ön plana
çəkilir. Ölkə prezidenti İlham Əliyevin tapşırıq və tövsiyəsinə əsasən hər
həftə keçirilən səyyar görüşlər məhz rayonda vətəndaş amilinin daim diqqət
mərkəzində saxlanılmasından xəbər verir. Dövlətlə xalq arasında olan birliyi,
vətəndaşların öz rəhbərinə olan sonsuz inamını ifadə edən bu cür görüşlərin
keçirilməsində əsas məqsəd vətəndaş mövqeyini üstün tutmaq, onları narahat edən
qayğılarla yaxından maraqlanmaqdır. Aidiyyəti idarə, müəssisə və təşkilat
rəhbərlərinin iştirakı ilə keçirilən növbəti səyyar görüş isə düşmənlə
sərhəddə yerləşən Məzəm kəndində olub.
Bütün səyyar görüşlərdə olduğu kimi, bu görüşdə də ötən ildə qazanılan uğur və
nailiyyətlərdən, həyata keçirilən işlərdən, eləcə də qarşıda duran vəzifələrdən
danışılıb. Sərhəddə yaşayan sakinlərə dövlət səviyyəsində göstərilən diqqət və
qayğıdan söhbət açılıb. Uğur və nailiyyətlərlə yanaşı, sakinləri narahat edən
məsələlər və qayğılar da dinlənilib. Qazax Rayon
İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək bildirib ki, ölkə
başçısının tapşırığına əsasən bu ilin proqramına uyğun olaraq birinci
dəfədir ki, sizinlə səyyar görüşümüz keçirilir. Hər bir görüşdə olduğu kimi,
bugünkü görüşün də əsas məqsədi siz sakinləri narahat edən məsələləri öz
dilinizdən eşitmək və həlli istiqamətində əməli işlər görməkdir. Həlli
mümkün olan məsələləri operativ şəkildə yerində həll etmək, ehtiyac olduğu
halda isə aidiyyəti təşkilatlar qarşısında məsələ qaldırmaqdır. "Son illər
respublikamızda, eləcə də bütün bölgələrimizdə genişmiqyaslı quruculuq işləri
aparılır”, - deyən rayon rəhbəri ölkə rəhbərinin diqqət və qayğısı sayəsində
son 3 ildə Qazaxda da xeyli sayda işlərin görüldüyünü diqqətə çatdırıb.
2016, 2017, 2018-ci illərdə aparılan quruculuq işlərindən söz açan rayon
rəhbəri qeyd edib ki, bu illər ərzində görülən işlər göz qabağındadır. Kənd
təsərrüatında, sosial obyektlərin inşasında, yeni iş yerlərinin yaradılmasında,
sənayeləşmədə əldə edilən uğurlu nəticələr həmin illərdə həyata keçirilən
uğurlu siyasətin bariz nümunəsidir. Ötən il rayonda yeni iş yerlərinin yaradılması istiqamətində həyata
keçirilən məqsədyönlü tədbirlərdən danışan rayon rəhbəri həmin işlərin bu ildə
də davam etdiriləcəyini qeyd edib. Buna misal olaraq su-kanalizasiya xəttinin,
Gəncə-Qazax-Gürcüstan dövlət sərhəddi avtomobil yolunun çəkilməsini,
"Saloğlu” fərdi mebel firması tərəfindən yeni fabrikin inşasını, sərhəd qoşunları üçün yeni
inzibati binaların tikintisini göstərib. Səhiyyə sahəsində qazanılan uğurlardan danışan icra başçısı rayonda inşa
olunan Mərkəzi Xəstəxana binasının tikintisindən də söz açıb. Bildirib ki, bu
ilin daha bir sevindirici xəbəri o oldu ki, "Azərbaycan Respublikası regionlarının
2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın həyata
keçirilməsi üzrə hazırlanmış tədbirlər planında 145 çarpayılıq rayon
Mərkəzi Xəstəxananın qalan 5 korpusunun inşası da öz əksini tapdı. Bu gün həmin
korpusların inşası uğurla davam etdirilir. Bu, təkcə həmin korpusların
tikintisinin davam etdirilməsi deyil, eyni zamanda, rayon sakinlərinin işlə
təmin olunması deməkdir. Bu gün həmin tikintidə xeyli sayda rayon sakini
çalışır, həm yeni korpusun tikintisinə, həm də işlə təmin olunmalarına görə
ölkə başçısına minnətdarlıq edir. Xidmət sahələrinin fəaliyyətindən söz açan rayon rəhbəri bildirib ki, bu
gün hər bir idarə, müəssisə və təşkilat rəhbəri, eləcə də rəhbərlik etdikləri
kollektivlər birmənalı şəkildə bilməlidirlər ki, vətəndaş mövqeyi hər şeydən
üstün olmalıdır. Onlar öz davranışları, hərəkətləri, siz sakinlərə olan diqqət
və qayğıları ilə nümunə olmalıdırlar. Göstərdikləri xidmətlərdə çalışmalıdırlar
ki, vətəndaş razı qalsın. Çünki ölkə başçısının siyasətinin əsasında xalqa
xidmət dayanır. Bütün xidmət sahələrinin rəhbərləri dövlət başçısının istəyinə
uyğun xidmət göstərməlidirlər. Rayon rəhbəri
son aylar ölkə başçısı tərəfindən imzalanan Sərəncam və Fərmanlardan da söz
açıb. Təqaüdlərin, əməkhaqqının, Qarabağ müharibəsi əlillərinin,
veteranlarının, Əfqanıstan müharibəsi iştirakçılarının, şəhid və məcburi köçkün
ailələrinin maddi rifah halının yaxşılaşdırılması istiqamətində atılan uğurlu
addımlardan danışan rayon rəhbəri görülən bu işləri ölkə vətəndaşlarına verilən
ən böyük qiymət kimi dəyərləndirib. İcra başçısı aprelin 3-də Heydər Əliyev Fondu tərəfindən yüksək texnologiyalı
protezlərlə təmin olunan hərbçilərlə keçirilən görüşdən də danışıb. Həmin
görüşdə "Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid
Ailələri” İctimai Birliyinin Qazax rayon şöbəsinin üzvlərinin də iştirak
etdiyini qeyd edib. Ölkə prezidenti İlham Əliyev və Heydər Əliyev Fondunun
prezidenti, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın hər zaman Qarabağ
qazilərinə dəstək olduğunu, diqqət və qayğı ilə yanaşdığını bildirib. Rayonda, eləcə
də kəndlərdə elektrik enerjisi və mavi yanacaqla bağlı heç bir problemin
olmadığını qeyd edən rayon rəhbəri bu istiqamətdə görülən işlərdən də söz açıb.
Qeyd edib ki, bu gün rayonun Quşçu Ayrım, Fərəhli, Cəfərli, Bala
Cəfərli kəndlərində olduğu kimi, Məzəm kəndində də
SİP kabelləşmə işi tam başa çatıb. İcra
başçısı bildirib ki, əvvəllər yol, işıq, istinad divarlarının çəkilməsində
problem vardısa, bu gün həmin qayğılar arxada qalıb. Həlli mümkün olan nə
varsa, edirik ki, sakinlərin rahatlığı təmin olunsun. İcra başçısı qeyd edib ki, bu günə kimi 57 evin qarşısına 2530 p/m uzunluğu və 3 metr hündürlüyü
olan istinad divarları çəkilib. Bundan əlavə, siz sakinlərin xahişini nəzərə
alaraq daha 5 evin qarşısına 88 p/m uzunluğunda istinad divarının çəkilməsi də
nəzərdə tutulub. Eyni zamanda, bu gün kəndə rahat və təhlükəsiz şəraitdə
gedib-gəlmək üçün ötən illərdə yol kənarına çəkilən istinad divarının çəkilişi
bu il də davam etdirilir. Artıq bu istiqamətdə işlərə də başlanılıb. Siz sərhəddə yaşayan kənd əhalisinin təhlükəsiz gediş-gəlişini
təmin edəcək hasarın hündürlüyünün 3 metr, uzunluğunun isə 1 kilometrə yaxın olması
nəzərdə tutulub. Rayon rəhbəri qeyd edib ki, bu gün Məzəm kəndində mövcud olan
qayğılardan biri də kənddə olan su problemi və bağçanın olmamasıdır. Hər iki
məsələ ilə bağlı bu istiqamətdə də məqsədyönlü işlər görülməsi nəzərdə tutulub. "Bugünkü
görüşümüzün də əsas məqsədi sizləri dinləməkdir”, - deyə müraciət edən icra
başçısı sakinləri narahat edən məsələləri dinləyib, qayğıları ilə
maraqlanıb. Məzəm kənd
sakinlərindən Məmməd Əliyev, Süleyman Süleymanov, Cəbrayıl Osmanov, şəhid anası
Tamella Süleymanova, Qədir Məmmədov, Sabir Məmmədov, Bəkir Yusibov, Nelya
Alıyeva, Quşçu Ayrım kənd sakini Aslan Pirvəliyev və başqaları çıxış edərək
bildiriblər ki, rəhbər kimi təyin olunduğunuz ilk gündən biz sakinlər sizin
qayğınızı hiss edirik. Sizin mütəmadi olaraq səyyar görüşlər keçirməyiniz, hər
bir sakinin qayğısı ilə öz qayğınız kimi yaxından maraqlanmağınız bizlər
tərəfindən həmişə yüksək qiymətləndirilir. Siz biz sadə kəndlilər üçün elə bir
şərait yaratmısınız ki, ürək sözlərimizi, istəklərimizi çatdırmaqda çəkinmirik.
Narahat edən məsələlərimizi söylədiyimiz andan etibarən siz onun həlli
istiqamətində mümkün olan nə varsa edirsiniz. Siz elə bir səmimi münasibət qurmusunuz
ki, bu gün sərhəd bölgəsində yerləşən, müntəzəm olaraq düşmən atəşi
altında olan Məzəm, Quşçu Ayrım, Fərəhli, Cəfərli, Bala Cəfərli kəndlərində
yaşayan kənd camaatı çəkinmədən Sizə-öz rəhbərlərinə üz tutur və
inanırlar. Bu gün hər bir məzəmli öz evində rahat
şəkildə yaşaya bilirsə bu, dövlətin və dövlət başçısının bizlərə olan qayğısı
sayəsindədir. Biz sakinlər həmin diqqəti sizin kimi rəhbərin simasında artıq 3
ildir ki, hiss edirik, əməli işlərinizdə görürük. Səmimi ürək sözlərini
çatdıran kənd sakinləri son illər respublikamızda həyata keçirilən
genişmiqyaslı abadlıq və quruculuq işlərinin Qazaxda da geniş vüsət almasını
böyük sevinc hissi ilə qarşıladıqlarını qeyd ediblər. Buna görə ölkə başçısı
İlham Əliyevə bütün kənd sakinləri adından dərin minnətdarlıqlarını
bildiriblər. Görüşdə
minnətdarlıqla yanaşı, sakinlər onları narahat edən bir sıra məsələlərdən də
söz açıblar. Sakinlər kənddə rabitə xətlərində, eləcə də internetdə
problemlərin olduğunu diqqətə çatdırıblar. Sakinlər tərəfindən səsləndirilən məsələ
ilə bağlı rayon rəhbəri yerindəcə aidiyyəti təşkilatın nümayəndəsinə öz iradını
bildirib və bu istiqamətdə tapşırıq verib. Bugünkü səyyar
görüşdə Azərbaycan Respublikası Səhiyyə
Nazirliyi tərəfindən davamlı tibbi təhsillə əlaqədar Qazaxda keçirilən səyyari
kursun iştirakçısı olan "Ailə təbabəti” kafedrasının assisenti, tibb elmləri namizədi Şəfaqət
Verdiyeva da iştirak edib. Görüş barədə təəssüratlarını bölüşən həkim bildirib
ki, bu gün mən dövlət məmuru ilə xalq arasında olan səmimiyyətin, vətəndaşların
öz dövlətinə, rəhbərinə olan inamının şahidi oldum. Sərhəddə yaşayan sakinlərin
necə mətin, qorxmaz olduqlarının şahidi oldum. Ən əsası da rayonda olan inkişafın
təkcə şəhərin mərkəzində deyil, ən ucqar kəndlərdə də həyata keçirildiyini
gördüm. Dövlətin səhiyyə sahəsinə olan qayğısından söz açan həkim bu gün
rayonda təşkil olunan kursların həmin qayğının daha bir nümunəsi olduğunu
bildirib. Səmimi münasibətə görə rayon rəhbərliyinə minnətdarlığını çatdırıb. Rayon İcra
Hakimiyyətinin başçısı Rəcəb Babaşov görüşə yekun vuraraq qeyd edib ki,
sərhəddə yaşayan sakinlərə hər zaman dövlət qayğısı olub və bu, bundan sonra da
belə olacaqdır. GOYEZEN.AZ
Facebook-da paylaş