Əsas Səhifə > Manşet / Rəsmi > Sərhəd kəndi Məzəmdə sakinlərlə səyyar görüş keçirilib
Sərhəd kəndi Məzəmdə sakinlərlə səyyar görüş keçirilib11-04-2019, 21:58 |
Artıq hər kəsə yaxşı məlumdur ki, son 3 ildir ki, Qazaxda vətəndaş amili hər zaman ön plana çəkilir. Ölkə prezidenti İlham Əliyevin tapşırıq və tövsiyəsinə əsasən hər həftə keçirilən səyyar görüşlər məhz rayonda vətəndaş amilinin daim diqqət mərkəzində saxlanılmasından xəbər verir. Dövlətlə xalq arasında olan birliyi, vətəndaşların öz rəhbərinə olan sonsuz inamını ifadə edən bu cür görüşlərin keçirilməsində əsas məqsəd vətəndaş mövqeyini üstün tutmaq, onları narahat edən qayğılarla yaxından maraqlanmaqdır. Aidiyyəti idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirakı ilə keçirilən növbəti səyyar görüş isə düşmənlə sərhəddə yerləşən Məzəm kəndində olub. Bütün səyyar görüşlərdə olduğu kimi, bu görüşdə də ötən ildə qazanılan uğur və nailiyyətlərdən, həyata keçirilən işlərdən, eləcə də qarşıda duran vəzifələrdən danışılıb. Sərhəddə yaşayan sakinlərə dövlət səviyyəsində göstərilən diqqət və qayğıdan söhbət açılıb. Uğur və nailiyyətlərlə yanaşı, sakinləri narahat edən məsələlər və qayğılar da dinlənilib. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək bildirib ki, ölkə başçısının tapşırığına əsasən bu ilin proqramına uyğun olaraq birinci dəfədir ki, sizinlə səyyar görüşümüz keçirilir. Hər bir görüşdə olduğu kimi, bugünkü görüşün də əsas məqsədi siz sakinləri narahat edən məsələləri öz dilinizdən eşitmək və həlli istiqamətində əməli işlər görməkdir. Həlli mümkün olan məsələləri operativ şəkildə yerində həll etmək, ehtiyac olduğu halda isə aidiyyəti təşkilatlar qarşısında məsələ qaldırmaqdır. "Son illər respublikamızda, eləcə də bütün bölgələrimizdə genişmiqyaslı quruculuq işləri aparılır”, - deyən rayon rəhbəri ölkə rəhbərinin diqqət və qayğısı sayəsində son 3 ildə Qazaxda da xeyli sayda işlərin görüldüyünü diqqətə çatdırıb. 2016, 2017, 2018-ci illərdə aparılan quruculuq işlərindən söz açan rayon rəhbəri qeyd edib ki, bu illər ərzində görülən işlər göz qabağındadır. Kənd təsərrüatında, sosial obyektlərin inşasında, yeni iş yerlərinin yaradılmasında, sənayeləşmədə əldə edilən uğurlu nəticələr həmin illərdə həyata keçirilən uğurlu siyasətin bariz nümunəsidir. Ötən il rayonda yeni iş yerlərinin yaradılması istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlərdən danışan rayon rəhbəri həmin işlərin bu ildə də davam etdiriləcəyini qeyd edib. Buna misal olaraq su-kanalizasiya xəttinin, Gəncə-Qazax-Gürcüstan dövlət sərhəddi avtomobil yolunun çəkilməsini, "Saloğlu” fərdi mebel firması tərəfindən yeni fabrikin inşasını, sərhəd qoşunları üçün yeni inzibati binaların tikintisini göstərib. Səhiyyə sahəsində qazanılan uğurlardan danışan icra başçısı rayonda inşa olunan Mərkəzi Xəstəxana binasının tikintisindən də söz açıb. Bildirib ki, bu ilin daha bir sevindirici xəbəri o oldu ki, "Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə hazırlanmış tədbirlər planında 145 çarpayılıq rayon Mərkəzi Xəstəxananın qalan 5 korpusunun inşası da öz əksini tapdı. Bu gün həmin korpusların inşası uğurla davam etdirilir. Bu, təkcə həmin korpusların tikintisinin davam etdirilməsi deyil, eyni zamanda, rayon sakinlərinin işlə təmin olunması deməkdir. Bu gün həmin tikintidə xeyli sayda rayon sakini çalışır, həm yeni korpusun tikintisinə, həm də işlə təmin olunmalarına görə ölkə başçısına minnətdarlıq edir. Xidmət sahələrinin fəaliyyətindən söz açan rayon rəhbəri bildirib ki, bu gün hər bir idarə, müəssisə və təşkilat rəhbəri, eləcə də rəhbərlik etdikləri kollektivlər birmənalı şəkildə bilməlidirlər ki, vətəndaş mövqeyi hər şeydən üstün olmalıdır. Onlar öz davranışları, hərəkətləri, siz sakinlərə olan diqqət və qayğıları ilə nümunə olmalıdırlar. Göstərdikləri xidmətlərdə çalışmalıdırlar ki, vətəndaş razı qalsın. Çünki ölkə başçısının siyasətinin əsasında xalqa xidmət dayanır. Bütün xidmət sahələrinin rəhbərləri dövlət başçısının istəyinə uyğun xidmət göstərməlidirlər. Rayon rəhbəri son aylar ölkə başçısı tərəfindən imzalanan Sərəncam və Fərmanlardan da söz açıb. Təqaüdlərin, əməkhaqqının, Qarabağ müharibəsi əlillərinin, veteranlarının, Əfqanıstan müharibəsi iştirakçılarının, şəhid və məcburi köçkün ailələrinin maddi rifah halının yaxşılaşdırılması istiqamətində atılan uğurlu addımlardan danışan rayon rəhbəri görülən bu işləri ölkə vətəndaşlarına verilən ən böyük qiymət kimi dəyərləndirib. İcra başçısı aprelin 3-də Heydər Əliyev Fondu tərəfindən yüksək texnologiyalı protezlərlə təmin olunan hərbçilərlə keçirilən görüşdən də danışıb. Həmin görüşdə "Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri” İctimai Birliyinin Qazax rayon şöbəsinin üzvlərinin də iştirak etdiyini qeyd edib. Ölkə prezidenti İlham Əliyev və Heydər Əliyev Fondunun prezidenti, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın hər zaman Qarabağ qazilərinə dəstək olduğunu, diqqət və qayğı ilə yanaşdığını bildirib. Rayonda, eləcə də kəndlərdə elektrik enerjisi və mavi yanacaqla bağlı heç bir problemin olmadığını qeyd edən rayon rəhbəri bu istiqamətdə görülən işlərdən də söz açıb. Qeyd edib ki, bu gün rayonun Quşçu Ayrım, Fərəhli, Cəfərli, Bala Cəfərli kəndlərində olduğu kimi, Məzəm kəndində də SİP kabelləşmə işi tam başa çatıb. İcra başçısı bildirib ki, əvvəllər yol, işıq, istinad divarlarının çəkilməsində problem vardısa, bu gün həmin qayğılar arxada qalıb. Həlli mümkün olan nə varsa, edirik ki, sakinlərin rahatlığı təmin olunsun. İcra başçısı qeyd edib ki, bu günə kimi 57 evin qarşısına 2530 p/m uzunluğu və 3 metr hündürlüyü olan istinad divarları çəkilib. Bundan əlavə, siz sakinlərin xahişini nəzərə alaraq daha 5 evin qarşısına 88 p/m uzunluğunda istinad divarının çəkilməsi də nəzərdə tutulub. Eyni zamanda, bu gün kəndə rahat və təhlükəsiz şəraitdə gedib-gəlmək üçün ötən illərdə yol kənarına çəkilən istinad divarının çəkilişi bu il də davam etdirilir. Artıq bu istiqamətdə işlərə də başlanılıb. Siz sərhəddə yaşayan kənd əhalisinin təhlükəsiz gediş-gəlişini təmin edəcək hasarın hündürlüyünün 3 metr, uzunluğunun isə 1 kilometrə yaxın olması nəzərdə tutulub. Rayon rəhbəri qeyd edib ki, bu gün Məzəm kəndində mövcud olan qayğılardan biri də kənddə olan su problemi və bağçanın olmamasıdır. Hər iki məsələ ilə bağlı bu istiqamətdə də məqsədyönlü işlər görülməsi nəzərdə tutulub. "Bugünkü görüşümüzün də əsas məqsədi sizləri dinləməkdir”, - deyə müraciət edən icra başçısı sakinləri narahat edən məsələləri dinləyib, qayğıları ilə maraqlanıb. Məzəm kənd sakinlərindən Məmməd Əliyev, Süleyman Süleymanov, Cəbrayıl Osmanov, şəhid anası Tamella Süleymanova, Qədir Məmmədov, Sabir Məmmədov, Bəkir Yusibov, Nelya Alıyeva, Quşçu Ayrım kənd sakini Aslan Pirvəliyev və başqaları çıxış edərək bildiriblər ki, rəhbər kimi təyin olunduğunuz ilk gündən biz sakinlər sizin qayğınızı hiss edirik. Sizin mütəmadi olaraq səyyar görüşlər keçirməyiniz, hər bir sakinin qayğısı ilə öz qayğınız kimi yaxından maraqlanmağınız bizlər tərəfindən həmişə yüksək qiymətləndirilir. Siz biz sadə kəndlilər üçün elə bir şərait yaratmısınız ki, ürək sözlərimizi, istəklərimizi çatdırmaqda çəkinmirik. Narahat edən məsələlərimizi söylədiyimiz andan etibarən siz onun həlli istiqamətində mümkün olan nə varsa edirsiniz. Siz elə bir səmimi münasibət qurmusunuz ki, bu gün sərhəd bölgəsində yerləşən, müntəzəm olaraq düşmən atəşi altında olan Məzəm, Quşçu Ayrım, Fərəhli, Cəfərli, Bala Cəfərli kəndlərində yaşayan kənd camaatı çəkinmədən Sizə-öz rəhbərlərinə üz tutur və inanırlar. Bu gün hər bir məzəmli öz evində rahat şəkildə yaşaya bilirsə bu, dövlətin və dövlət başçısının bizlərə olan qayğısı sayəsindədir. Biz sakinlər həmin diqqəti sizin kimi rəhbərin simasında artıq 3 ildir ki, hiss edirik, əməli işlərinizdə görürük. Səmimi ürək sözlərini çatdıran kənd sakinləri son illər respublikamızda həyata keçirilən genişmiqyaslı abadlıq və quruculuq işlərinin Qazaxda da geniş vüsət almasını böyük sevinc hissi ilə qarşıladıqlarını qeyd ediblər. Buna görə ölkə başçısı İlham Əliyevə bütün kənd sakinləri adından dərin minnətdarlıqlarını bildiriblər. Görüşdə minnətdarlıqla yanaşı, sakinlər onları narahat edən bir sıra məsələlərdən də söz açıblar. Sakinlər kənddə rabitə xətlərində, eləcə də internetdə problemlərin olduğunu diqqətə çatdırıblar. Sakinlər tərəfindən səsləndirilən məsələ ilə bağlı rayon rəhbəri yerindəcə aidiyyəti təşkilatın nümayəndəsinə öz iradını bildirib və bu istiqamətdə tapşırıq verib. Bugünkü səyyar görüşdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən davamlı tibbi təhsillə əlaqədar Qazaxda keçirilən səyyari kursun iştirakçısı olan "Ailə təbabəti” kafedrasının assisenti, tibb elmləri namizədi Şəfaqət Verdiyeva da iştirak edib. Görüş barədə təəssüratlarını bölüşən həkim bildirib ki, bu gün mən dövlət məmuru ilə xalq arasında olan səmimiyyətin, vətəndaşların öz dövlətinə, rəhbərinə olan inamının şahidi oldum. Sərhəddə yaşayan sakinlərin necə mətin, qorxmaz olduqlarının şahidi oldum. Ən əsası da rayonda olan inkişafın təkcə şəhərin mərkəzində deyil, ən ucqar kəndlərdə də həyata keçirildiyini gördüm. Dövlətin səhiyyə sahəsinə olan qayğısından söz açan həkim bu gün rayonda təşkil olunan kursların həmin qayğının daha bir nümunəsi olduğunu bildirib. Səmimi münasibətə görə rayon rəhbərliyinə minnətdarlığını çatdırıb. Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov görüşə yekun vuraraq qeyd edib ki, sərhəddə yaşayan sakinlərə hər zaman dövlət qayğısı olub və bu, bundan sonra da belə olacaqdır. GOYEZEN.AZ Geri qayıt |