Prezident İlham Əliyevin Novruz bayramı münasibətilə Azərbaycan xalqına təbriki VİDEO
Əziz həmvətənlər, mən sizi Novruz bayramı münasibətilə
ürəkdən təbrik edirəm. Novruz bayramı xalqımızın sevimli bayramıdır. Əsrlər
boyu Azərbaycan xalqı Novruz bayramını qeyd edir. Bu bayramı biz yaxşı
nəticələrlə qarşılayırıq. Azərbaycan uğurla və hərtərəfli inkişaf edir. Qarşıda
duran bütün vəzifələr icra edilir. Azərbaycan dövləti dərin milli-mənəvi köklər
üzərində qurulubdur. Novruz bayramı bizim milli sərvətimizdir.
Keçən Novruz
bayramından ötən dövr ərzində bir çox önəmli hadisələr baş vermişdir. Aprel
ayında prezident seçkiləri keçirilmişdir və Azərbaycan xalqı yenidən mənə böyük
etimad göstərmişdir, böyük dəstək göstərmişdir. Bu dəstəyə və inama görə doğma
xalqıma minnətdaram. Mən bu dəstəyi son illər ərzində görülmüş işlərə verilən
qiymət kimi qəbul edirəm, eyni zamanda, prezident seçkiləri ərəfəsində elan
edilmiş islahatların yeni mərhələsinə göstərilən dəstək kimi qəbul edirəm.
Prezident seçkilərindən sonra genişmiqyaslı islahatlar aparılmağa başlanmışdır.
Bu islahatların nəticələrini Azərbaycan xalqı artıq görür və bundan sonra da
görəcəkdir.
Novruz
bayramından iki ay sonra ölkəmizin həyatında çox önəmli hadisə baş vermişdir.
May ayında Cənub Qaz Dəhlizinin rəsmi açılışı olmuşdur. Bu, tarixi layihədir.
Bu layihənin icrası ölkəmizin uzunmüddətli, dayanıqlı inkişafını təmin edəcək,
bizim siyasi və iqtisadi maraqlarımızı qoruyacaq. May ayında digər böyük layihə
istifadəyə verildi, biz Ələt Beynəlxalq Dəniz Ticarət Limanının açılışını qeyd
etdik. Bu limanın və 2017-ci ildə Bakı-Tbilisi-Qars dəmir yolunun fəaliyyətə
başlaması Azərbaycanı Avrasiya məkanında önəmli beynəlxalq nəqliyyat mərkəzinə
çevirib. Biz bu gün uğurla Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin fəaliyyətinə
təkan veririk. Azərbaycan hər iki layihədə uğurla fəaliyyət göstərir. Deyə
bilərəm ki, bu layihələrdə 10-dan çox ölkə iştirak edir, ancaq yalnız bir ölkə
- Azərbaycan həm Şimal-Cənub, həm Şərq-Qərb nəqliyyat dəhlizlərində fəal
iştirak edir və bir çox təşəbbüslərin müəllifi olmuşdur.
İyun ayında
digər tarixi hadisə baş vermişdir – TANAP qaz kəmərinin açılışı mərasimi
keçirilmişdir. Bu layihənin həyata keçirilməsi bütövlükdə Cənub Qaz Dəhlizinin
fəaliyyətə başlaması üçün əsas şərtdir. Biz bu tarixi hadisəni uğurla qeyd
etdik və bu gün Azərbaycan qazının əlavə həcmi TANAP xətti ilə dünya
bazarlarına nəql edilir.
Biz keçən il
üçüncü peyki orbitə buraxdıq və bir daha göstərdik ki, texnoloji baxımdan
Azərbaycan çox uğurla, sürətlə inkişaf edir. Kosmik sənayenin inkişafı bizim
prioritetlərimizdən biridir.
Keçən il biz
regionların sosial-iqtisadi inkişafına dair üçüncü Dövlət Proqramının icrasını
təmin etdik. Proqram artıqlaması ilə icra edildi və üç proqramın icrası böyük
dəyişikliklərə gətirib çıxardı. Biz demək olar ki, bütün infrastruktur
layihələrimizi yenidən qurduq. Azərbaycan infrastruktur baxımından çox sürətlə
inkişaf edir. Təkcə onu demək kifayətdir ki, biz üç proqram çərçivəsində
elektrik enerjisini ixrac etməyə başlamışıq, ölkə daxilində təminat tam təşkil
edilir. Baxmayaraq ki, əvvəlki illərdə biz idxaldan asılı idik. Biz
qazlaşdırmanı 95 faizə çatdırmışıq və bu, dünya miqyasında ən böyük, ən yüksək
göstəricilərdən biridir. Şəhərlərimizin əksəriyyətinə təmiz içməli su xətləri
çəkildi və bu proses davam etdirilir. On beş min kilometr yeni yol çəkildi və
Davos Ümumdünya İqtisadi Forumunun hesablamalarına görə yol infrastrukturunun
səviyyəsi, keyfiyyəti baxımından Azərbaycan dünya miqyasında 34-cü yerdədir.
Sosial infrastruktur obyektləri inşa olundu, 3200-dən çox məktəb, 640-dan çox
tibb müəssisəsi tikildi və ya yenidən quruldu. İki milyondan çox yeni iş yeri
yaradılmışdır. Əhali isə 1,6 milyon artmışdır.
Bizim
beynəlxalq mövqelərimiz möhkəmlənir. Azərbaycan bu gün bir çox ölkələrlə çox
səmərəli, işgüzar, ikitərəfli münasibətlər qurub. Bir çox hallarda Azərbaycan
çoxtərəfli əməkdaşlıq formatının təşəbbüskarıdır. Qonşu dövlətlərlə
əlaqələrimiz yeni mərhələyə qədəm qoyub. Hər bir ölkə üçün qonşularla
münasibətlərin inkişafı xüsusi əhəmiyyət daşıyır. Çox şadam ki, biz qonşu
ölkələrlə səmərəli, işgüzar, qarşılıqlı hörmət əsasında münasibətlər qura
bildik. Müsəlman ölkələri ilə əlaqələrimiz inkişaf edir və İslam Əməkdaşlıq
Təşkilatı Azərbaycanın bu sahədəki fəaliyyətini yüksək qiymətləndirir. İslam
həmrəyliyinə verdiyimiz töhfə bütün müsəlman aləmində yüksək qiymətləndirilir.
Keçən ilin
yay aylarında Avropa İttifaqı ilə tərəfdaşlıq prioritetləri sənədi paraflandı.
Bu, çox önəmli sənəddir. Xüsusilə nəzərə alsaq ki, orada Azərbaycanın ərazi
bütövlüyü, suverenliyi, sərhədlərin toxunulmazlığı ilə bağlı xüsusi paraqraflar
var, xüsusi fikirlər əks olunub. Bu, əlbəttə ki, çox önəmli məsələdir, xüsusilə
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üçün bunun çox böyük
əhəmiyyəti var.
Münaqişənin
həllinə gəldikdə, Azərbaycanın mövqeyi dəyişməz olaraq qalır. Bu münaqişə
yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. Dağlıq
Qarabağ bizim tarixi diyarımızdır və münaqişənin tezliklə həlli yalnız
beynəlxalq hüququn norma və prinsipləri əsasında olmalıdır. Bilirsiniz ki,
Ermənistan tərəfi danışıqlar formatının dəyişdirilməsi ilə bağlı məsələlər
qaldırıb. Ancaq təbii ki, Azərbaycan bunu qəbul edə bilməz. Eyni zamanda, Minsk
qrupunun həmsədr ölkələrinin səfirləri - Amerika, Fransa, Rusiyanın
nümayəndələri ciddi bəyanat verərək bildirdilər ki, format dəyişməz olaraq
qalmalıdır. Həmçinin Avropa İttifaqının yüksək vəzifəli şəxsləri oxşar
bəyanatla çıxış etmişlər. Yəni, bu, Ermənistana birmənalı ciddi siqnaldır, eyni
zamanda, onu göstərir ki, Azərbaycanın mövqeyi daha da böyük dəstək qazanır.
Münaqişənin
həlli regionda sülhün, sabitliyin təmin olunmasına gətirib çıxaracaq. Əlbəttə,
Azərbaycan çalışır və çalışacaq ki, bu məsələ tezliklə ancaq beynəlxalq hüququn
norma və prinsipləri əsasında, ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz
həllini tapsın.
Biz bununla
bərabər, əlbəttə ki, öz hərbi gücümüzü artırırıq. Ötən il keçirilmiş iki hərbi
parad bizim hərbi gücümüzü bütün dünyaya nümayiş etdirib. Bu il və bundan
sonrakı illərdə biz ordu quruculuğu üçün nə lazımsa onu da edəcəyik. Bizim
hərbi hissələrimizin demək olar ki, mütləq əksəriyyəti yenidən qurulub.
Azərbaycan Ordusu ən müasir texnika ilə təchiz edilir və döyüş qabiliyyətimiz
gündən-günə artır. Bu gün Novruz bayramını, o cümlədən Cocuq Mərcanlıda qeyd
edirlər. Cocuq Mərcanlının qurulması, bərpası, yenidən oraya həyatın qayıtması
bizim tarixi nailiyyətimizdir. Cocuq Mərcanlı bu gün Azərbaycan xalqının
əyilməz ruhunun təzahürüdür.
Bildiyiniz
kimi, bu gün Azərbaycan islahatların yeni mərhələsinə qədəm qoyub. İslahatlar
hərtərəflidir. İqtisadi islahatlar bizə imkan verir ki, əlavə gəlirlər əldə
edilsin və büdcə gəlirlərimiz artıb. Bu ilin yanvar-fevral aylarında büdcə
daxilolmaları 150 milyon manat səviyyəsində artıbdır. Bu, bizə imkan verir ki,
həmin vəsaiti sosial layihələrə yönəldək. Qeyd etdiyim kimi, ciddi islahatlar
üzərində işlər keçən il prezident seçkilərindən sonra başlamışdır. Bu gün isə
çox ciddi sosial paket təsdiqləndi və bu sosial təşəbbüslər nəticəsində 3
milyondan çox insan öz maddi vəziyyətini, maliyyə vəziyyətini yaxşılaşdırmış
olur. Bildiyiniz kimi, minimum əməkhaqqı və minimum pensiya təxminin 40 faiz
artmışdır. Sosial müavinətlər təqribən orta hesabla iki dəfə artmışdır.
Köçkünlərə verilən müavinət 50 faiz artmışdır. Tələbələrin təqaüdləri, şəhid
ailələrinə verilən müavinətlər, digər sosial ödənişlər artıb. Çoxmənzilli
binaların sənədləşdirilməsi ilə bağlı müvafiq Fərman imzalanıb. Problemli
kreditlərin həlli ilə bağlı çox ciddi Fərman imzalanıb. Onu deyə bilərəm ki, bu
Fərmanın dünyada bənzəri yoxdur və bu Fərman 800 min insanı əhatə edir. Yəni,
Azərbaycan dövləti bir daha göstərir ki, öz vətəndaşının yanındadır.
Bizim
iqtisadi gücümüz artdıqca sosial məsələlər daha da geniş miqyasda öz həllini
tapacaqdır. İqtisadi artım isə göz qabağındadır. Bu ilin iki ayında ümumi
daxili məhsul 3 faiz artmışdır. Bu, son illər ərzində ən yüksək göstəricidir.
Sənaye istehsalı 4,6 faiz artmışdır. Bu da yaxşı göstəricidir. Ancaq ən böyük
artım qeyri-neft sektorunda sənaye istehsalına aiddir. Burada artım 15,5
faizdir. Hesab edirəm ki, bu, dünya rekordudur və son illər ərzində aparılan
düşünülmüş ciddi iqtisadi islahatlar siyasətinin nəticəsidir.
İslahatlar dərinləşəcək. İslahatlara alternativ
yoxdur. Siyasi islahatlar, iqtisadi islahatlar, sosial sahədə islahatlar,
məhkəmə-hüquq sistemində islahatlar, - artıq müvafiq göstərişlər verilib və
sənədlər paketi hazırlanır, - təhsil, səhiyyə sahələrində, hər bir sahədə,
Azərbaycan yeni dövrə qədəm qoyub. Azərbaycan yeniləşir, Azərbaycan güclənir və
müasirləşir. Biz dərin milli-mənəvi köklər üzərində güclü dövlət qurmuşuq.
Azərbaycan tarixdə heç vaxt indiki qədər güclü olmamışdır. Ancaq o demək deyil
ki, əldə edilmiş bu nailiyyətlərlə kifayətlənməliyik. Əldə edilmiş nailiyyətlər
bizi gələcəyə daha da nikbinliklə baxmağa həvəsləndirir, buna sövq edir.
Mən tam əminəm ki, bu ili biz uğurla başa vuracağıq.
Bundan sonra Azərbaycan yalnız və yalnız inkişaf və tərəqqi yolu ilə gedəcək,
vətəndaşların sosial vəziyyəti ildən-ilə yaxşılaşacaq.
Əziz həmvətənlər, sizi bu gözəl Bahar bayramı
münasibətilə bir daha ürəkdən təbrik edirəm. Sizə cansağlığı, xoşbəxtlik arzulayıram.
Bayramınız mübarək olsun.
Facebook-da paylaş