İcra başçısı tibbi müayinə zamanı vətəndaşlara göstərilən xidmətlərlə maraqlanıb
Bildiyiniz kimi,
artıq 1 aydan artıqdır ki, Ölkə Prezidenti İlham Əliyevin tapşırığına
əsasən əhalinin pulsuz tibbi müayinəsinə başlanılıb. Səhiyyə
Nazirliyinin müvafiq Sərəncamına əsasən fevralın 12-dən start götürən
aksiya Qazaxda da uğurla həyata keçirilir. Tibbi müayinə Qazax
Müalicə Diaqnostika Mərkəzində, şəhər Poliklinikasında, eləcə də kənd həkim və
tibb məntəqələrində aparılır. May ayının 12-dək davam edəcək tibbi müayinə
aksiyasının bütün rayon ərazisində yüksək səviyyədə təşkil olunması üçün
səhiyyə müəssisələri lazımi dərman preparatları ilə təchiz olunub və hər cür
şərait yaradılıb. Bu gün Qazax
Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov tibbi müayinənin təşkil
olunduğu həmin səhiyyə müəssisələrində olub, vətəndaşlara göstərilən
xidmətlərlə, diqqət və qayğı ilə maraqlanıb. Qazax Müalicə
Diaqnostika Mərkəzində tibbi müayinə olunan vətəndaşlarla, müalicə alan xəstələrlə
görüşən rayon rəhbəri onları Novruz bayramı münasibətilə səmimi qəlbdən təbrik
edib, cansağlığı və uzun ömür arzu edib. Sonra icra
başçısı tibbi müayinənin təşkil olunduğu şəhər poliklinikasında da olub. Yaradılan
şəraitlə, ən əsası da sakinlərə göstərilən xidmətlərlə maraqlanıb, sakinlərin
fikirlərini öyrənib. Burada müayinə üçün müraciət edən rayon sakinlərini ilaxır
çərşənbə və Novruz bayramı münasibətilə təbrik edib, xoş arzularını çatdırıb. Rayon Mərkəzi
Xəstəxanasının baş həkim əvəzi Sevda Məmmədova tibbi müayinə ilə əlaqədar
görülən işlər barədə məlumat verərək bildirib ki, onun 14 nömrəli əmrinə əsasən
müxtəlif ixtisaslı həkimlərin cəlb
olunduğu 3 həkim briqadası da yaradılıb. Həmin səyyar həkim briqadaları qrafik üzrə
kənd tibb məntəqələrində olur. Ucqar kəndlərdə
yaşayan və xəstəxanalara getmək imkanı olmayan sakinləri də evlərində müayinə
edirlər. Lazım olan halda briqadalar tərəfindən şəhid ailələri və yaşlı
insanların müayinə olunması üçün evlərə də aktiv gedişlər
olur. Xəstəliklər aşkar olunduğu halda xəstələr yerlərdə, zərurət
yarandığı halda isə baş həkimə məlumat verilərək rayon mərkəzinə və bölgələrdə
fəaliyyət göstərən ixtisaslaşmış tibb müəssisələrində əlavə müayinə və
müalicəyə cəlb olunurlar. Baş həkim bildirib ki, bu günə kimi Qazax Müalicə Diaqnostika Mərkəzində,
şəhər Poliklinikasında, kənd həkim və tibb məntəqələrində təşkil
olunan aksiyada artıq 35607 nəfər tibbi müayinədən keçib. Həmçinin, bu
günə kimi səyyar həkim briqadaları rayonun sərhəd kəndlərindən Kəmərli, Qaymaqlı, Aslanbəyli, Quşçu Ayrım, Məzəm, Fərəhli, Cəfərli, eləcə də Daş Salahlı kəndlərində olaraq sakinləri tibbi müayinə ediblər. Hər iki müəssisədə rayon rəhbəri ilə səmimi söhbət edən sakinlər ölkəmizdə bu
xeyirxah aksiyanın təşkil olunmasını çox böyük ruh yüksəkliyi ilə
qarşıladıqlarını söyləyiblər. Növbəlilik əsasında müayinə olunduqlarını
çatdıran sakinlər onlara hər cür diqqət və qayğı göstərildiyini bildiriblər. Əhalinin pulsuz tibbi müayinəsi aksiyasının təşkil
olunmasını yüksək qiymətləndirən hər bir rayon sakini dövlətin onların sağlamlığına
göstərdiyi qayğıya görə ölkə başçısı İlham Əliyevə minnətdarlıq ediblər. Onu da qeyd
edək ki, bu cür aksiyanın keçirilməsində isə məqsəd vətəndaşlarda yaranmış
xəstəliklərin erkən aşkar edilməsi və qarşısının alınması üçün ilkin tibbi
yardımların, profilaktik tədbirlərin görülməsidir. Eyni zamanda, xəstəlik aşkar
edilmiş şəxslərin yerlərdə, zərurət yarandığı hallarda isə Bakı şəhərində və
bölgələrdə fəaliyyət göstərən ixtisaslaşdırılmış tibb müəssisələrində əlavə
müayinə və müalicəyə cəlb olunmalarını, digər sağlamlaşdırıcı tədbirlərin
həyata keçirilməsini təşkil etməkdir. GOYEZEN.AZ
Facebook-da paylaş