Qazaxın sərhəd kəndi Qaymaqlıda yem emalı müəssisəsinin açılışı olub
Bu gün Qazax rayonunun Qaymaqlı kəndində Azərbaycan Hökuməti və ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi tərəfindən birgə həyata keçirilən "Sosial-iqtisadi inkişaf fəaliyyəti" (SEDA) layihəsi çərçivəsində yem emalı müəssisəsi fəaliyyətə başlayıb.
Ümumilikdə, indiyədək birgə reallaşdırılan SEDA layihəsi çərçivəsində Qazax rayonu da daxil olmaqla 20 yem emalı müəssisəsi istifadəyə verilib.
Bununla əlaqədar İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə keçirilmiş açılış mərasimində Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul işçiləri, SEDA-nın Gəncə-Qazax region üzrə direktoru Günay Zeynalova, KOBİA-nın İdarə Heyəti sədrinin müavini Elçin İbrahimov, ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) layihə meneceri Pərviz Musayev, Aslanbəyli, Qaymaqlı və Kəmərli kəndlərində yaşayan sakinlər, KİV nümayəndələri iştirak ediblər.
SEDA-nın Gəncə-Qazax region üzrə direktoru Günay Zeynalova açılış nitqi ilə çıxış edərək həyata keçirilən layihə və yem emalı müəssisəsi haqqında ətraflı məlumat verib. Bildirib ki, ərazisi 60 kvadratmetr olan yem emalı müəssisəsinin tikintisinə 2018-ci ilin noyabrından başlanılıb. SEDA ilə Qaymaqlı kənd bələdiyyəsi arasında bağlanmış müqavilə əsasında inşa olunan müəssisəyə Türkiyənin "Karataş” firmasının istehsalı olunan avadanlıqlar alınıb. Azərbaycan Hökuməti və ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin birgə maliyyələşdirdiyi layihə çərçivəsində tikilən müəssisədə yem emalı üçün istehsal sahəsi və anbar inşa olunub, hər birinin gücü saatda 2 ton olan toxum təmizləyən, yem üyüdən və ot doğrayan avadanlıqlar quraşdırılıb, yeni iş yerləri açılıb.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov açılış mərasimində çıxış edərək əvvəlcə qonaqları, kənd sakinlərini və tədbir iştirakçılarını qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik edib, ən xoş arzularını çatdırıb.
Rayon rəhbəri qeyd edib ki, sizinlə səyyar görüş zamanı qaldırdığınız yem emalı müəssisəsi ilə bağlı məsələ bu gün öz müsbət həllini tapır. Dövlət başçısının diqqət və qayğısı sayəsində ölkəmizdə bütün sahələr, o cümlədən də kənd təsərrüfatı inkişaf edir. Ölkə iqtisadiyyatında daha böyük uğurlara imza atmaları üçün sahibkarlara, kənd təsərrüfatı ilə məşğul olan insanlara dövlət tərəfindən hərtərəfli dəstək göstərilir.
İcra başçısı açılışını etdiyimiz yem emalı müəssisəsinin istifadəyə verilməsinin rayon sakinlərinin heyvandarlıq və bitkiçilik sahəsində fəaliyyətinin genişlənməsinə və yemə olan tələbatın ödənilməsinə şərait yaradacağını bildirib.
Son illər ölkəmizdə, eləcə də Qazaxda aparılan uğurlu islahatlardan, həyata keçirilən genişmiqyaslı işlərdən söz açan icra başçısı qeyd edib ki, görülən bütün işlərin arxasında vətəndaş amili dayanır. Son aylar imzalanan çoxsaylı Sərəncam və Fərmanları qeyd edən rayon rəhbəri əməkhaqqının, təqaüdlərin, şəhid ailələrinə, müharibə veteranları və əlillərinə, məcburi köçkün ailələrinə verilən müavinətlərin artırılmasını bu sahədə atılan uğurlu addımlar kimi qiymətləndirib.
"Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Prezident İlham Əliyevin 29 yanvar 2019-cu il tarixli Fərmanından söz açan icra başçısı bildirib ki, həmin Dövlət Proqramı Azərbaycanın növbəti 5 il ərzində daha böyük uğurlar əldə etməsindən xəbər verir. İcra başçısı Dövlət Proqramının həyata keçirilməsi üzrə hazırlanmış tədbirlər planında rayonumuzda 11 məktəb binasının tikintisinin, bərpa-gücləndirilmə və əsaslı təmirinin,21 ədəd subartezian quyusunun qazılmasının, Kür çayının sağ sahilində sahilbərkitmə işlərinin aparılmasının, eləcə də digər məsələlərin nəzərdə tutulduğunu qeyd edib. Son 3 ildə 41 ədəd subartezian quyusunun qazıldığını diqqətə çatdıran icra başçısı bu il daha 11 ədəd artezian quyusunun qazılacağını bildirib.
Əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında Respublika Prezidentinin 12 fevral 2019-cu il tarixli Sərəncamını həmin məqsədyönlü işlərin əyani sübutu kimi dəyərləndirib. İcra başçısı həmin Sərəncama əsasən rayonun Cəfərli, Xanlıqlar, Canalı, Kosalar, Dəmirçilər, Bala Çaylı, Kəmərli, Qaymaqlı, Aslanbəyli, Aşağı Salahlı və Çaylı kəndlərinin hər birində 1 ədəd subartezian quyularının qazılacağını bildirib. Rayon rəhbəri həmin kəndlərin içərisində sərhəddə yerləşən Kəmərli, Aslanbəyli və Qaymaqlı kəndlərinin olmasını ölkə başçısının bu kəndin sakinlərinə olan qayğısı kimi qiymətləndirib.
Rayon rəhbəri Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçiləri Orxan Mürsəlov, Vüqar Hüseynov, Murad Qasımov və Elşən Bayramov tərəfindən Prezident İlham Əliyevin tapşırığına əsasən dünən rayonumuzda vətəndaşlarla keçirilən görüşdən də söz açıb. Sakinlərin qaldırdıqları müraciətlərin bir hissəsinin yerindəcə həllini tapdığını, digər müraciətlərin operativ araşdırılması və qanunvericiliyə uyğun həlli üçün müvafiq tapşırıqlar verildiyini bildirib.
Yem emalı müəssisəsinin tikintisində əməyi keçən insanlara minnətdarlığını bildirən rayon rəhbəri kənd sakinlərini açılış münasibətilə bir daha təbrik edib. Ölkə başçısı, Ali Baş Komandan İlham Əliyevin rəhərliyi altında işğal altında olan Qarabağın, eləcə də Qazaxın 7 kəndinin tezliklə düşmən tapdağından azad olumasını və bu cür müəssisələrin həmin kəndlərdə də tikilməsini arzu edib. O günün uzaqda olmadığını vurğulayıb.
Tədbirdə çıxış edən KOBİA-nın İdarə Heyəti sədrinin müavini Elçin İbrahimov Azərbaycan Respublikası Prezidentinin rəhbərliyi ilə ölkəmizdə iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun və regionların inkişafı istiqamətində həyata keçirilən tədbirlər və əldə olunan nəticələr barədə məlumat verib. Qeyd edib ki, regionlarda icma əsaslı biznesyönümlü layihələrin icrası, o cümlədən Qazax rayonunda yem emalı müəssisəsinin istifadəyə verilməsi bölgədə aqrar sektorun inkişafı və məşğulluğun artırılmasında əhəmiyyətlidir.
ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin layihə meneceri Pərviz Musayev bu cür birgə layihələrin əhəmiyyətindən danışıb, regionların inkişafına töhfə verdiyini qeyd edib. Müəssisənin tikintisində və layihənin uğurla həyata keçirilməsində yaxından dəstək olduğuna görə rayon rəhbərliyinə və əməyi keçən insanlara minnətdarlığını çatdırıb.
Qaymaqlı kənd sakini Kazım Kazımlı, Kəmərli kənd sakini Rəhim Rəhimov, Aslanbəyli kənd axundu Asif Seyidov çıxış edərək hər üç kəndin sakinlərinə xidmət göstərəcək yem emalı müəssisəsinin tikilməsini minnətdarlıq hissi ilə qarşıladıqlarını qeyd ediblər. Səyyar görüş zamanı qaldırılan bu məsələnin müsbət həllini tapmasını ölkə başçısının vətəndaş amilinə, sakinlərə verdiyi dəyər kimi qiymətləndiriblər. Bütün kənd sakinləri adından göstərilən diqqətə, qayğıya görə dövlət başçısı İlham Əliyevə və rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Sonda yem emalı müəssisəsinə baxış keçirilib. Tədbirdə iştirak edənlər burada yaradılan şəraitlə və istehsal prosesi ilə yaxından tanış olublar.
GOYEZEN.AZ
Facebook-da paylaş