Qazax rayonu hesabat verib
2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2019-cu ildə qarşıda duran vəzifələrə dair hesabat yığıncağı keçirilib
Yanvarın 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib.
Bununla əlaqədar bu gün Qazax rayonunda 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib.
Yığıncaqda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Orxan Mürsəlov, icra aparatının məsul işçiləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, təhsil, səhiyyə, mədəniyyət işçiləri, RİHB-nin kənd İnzibati Ərazi Dairələri üzrə nümayəndələri, bələdiyyə sədrləri, şəhid ailələri, Qarabağ müharibəsi əlilləri, sahibkarlar, KİV nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyub, ümummilli liderin əziz xatirəsini ehtiramla yad ediblər.
Sonra qonaqlar Gənclər Mərkəzinin foyesində hazırlanmış sərgi ilə tanış olublar. Sərgidə Qazax rayonunda istehsal olunan kənd təsərrüfatı və sənaye məhsulları, eləcə də rayonda aparılan quruculuq işlərini özündə əks etdirən fotostend nümayiş olunub.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov yığıncağı giriş sözü ilə açaraq qonaqları və tədbir iştirakçılarını salamlayıb.
Katiblər seçildikdən sonra gündəlikdə duran məsələlər səslənib.
Sonra icra başçısı 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2019-cu ildə qarşıda duran vəzifələrə həsr olunmuş geniş hesabat məruzəsi ilə çıxış edərək ölkəmizdə, eləcə də Qazax rayonunda 2018-ci ildə qazanılmış uğur və nailiyyətlərdən, görülmüş tikinti-quruculuq işlərindən söz açıb. Görülən işlər barədə ətraflı məlumat verərək qeyd edib ki, hesabat ilində bütün sahələr üzrə uğurlu nəticələr əldə olunmuşdur. Dövlət Proqramında qarşıya qoyulmuş bütün vəzifələr yerinə yetirilmişdir. Tikinti-quruculuq işləri ilə yanaşı, kənd təsərrüfatı sahəsində görülən işlərə diqqət çəkən icra başçısı Respublika Prezidenti İlham Əliyevin bu sahə ilə bağlı irəli sürdüyü tapşırıqların yerinə yetirildiyini qeyd edib.
Prezident İlham Əliyevin apardığı quruculuq siyasətinin Qazaxda olduğu kimi həyata keçirilməsini qeyd edən rayon rəhbəri rayonumuzda bütün sahələrin inkişaf etdiyini, uğurlu göstəricilərin əldə edildiyini bildirib. Qeyd edib ki, rayonda genişmiqyaslı quruculuq işləri aparılıb, yeni iş yerlərinin yaradılması ilə bağlı çox ciddi tədbirlər görülüb.
İcra başçısı son iki il yarımda Qazaxda aparılan abadlıq və quruculuq işlərini müqayisə edərək bildirib ki, bu gün tam əminliklə deyə bilərik ki, rayonumuz 2018-ci ildə bir çox uğurlara imza atıb. Bunu rayonda inşa olunan sosial obyektlərin sayı, kənd təsərrüfatının ildən-ilə inkişaf etməsi, əkin sahələrinin artırılması, təhsil, səhiyyə, mədəniyyət, idman, eləcə də digər sahələrdə əldə etdiyimiz nailiyyətlərdən də görmək olar.
"Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Respublika Prezidenti İlham Əliyevin 29 yanvar 2019-cu il tarixli Fərmanından söz açan icra başçısı bildirib ki, həmin dövlət proqramı Azərbaycanın növbəti 5 il ərzində daha böyük uğurlara imza atacağından xəbər verir. Vətəndaşların rifah halının, yaşayış şəraitinin yaxşılaşdırılmasına xidmət edən dövlət proqramının qəbul olunmasını yüksək qiymətləndirən icra başçısı həmin proqrama əsasən 2019-cu ildə də genişmiqyaslı işlərin görüləcəyini diqqətə çatdırıb.
Sonra rayon Maliyyə İdarəsinin rəisi Novruz Abdullayev, ƏƏSMN yanında DSMF-nun Qazax rayon şöbəsinin rəisi Laçın Qurbanov, rayon Təhsil şöbəsinin müdiri Nizaməddin Babanlı, Qazax Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Həmid Pənahov məruzə ətrafında çıxış edərək hesabat ilində rəhbərlik etdikləri sahələrdə görülmüş işlərdən söz açıblar. Ölkə başçısının əhalinin maddi rifah halının yaxşılaşdırılması, bölgələrimizdə təhsil, səhiyyə, mədəniyyət, idman və eləcə də digər sahələrin inkişaf etdirilməsi istiqamətində görülən işləri yüksək qiymətləndiriblər.
Kənd təsərrüfatı üzrə sahibkar Nüsrət Aşurov çıxış edərək ölkə başçısı İlham Əliyev tərəfindən kənd təsərrüfatı sahəsinə, sahibkarlara göstərilən diqqət və qayğıdan danışıb. Bildirib ki, bu gün dövlətin sahibkarlara, iş adamlarına verdiyi dəstək sayəsində bölgələrimizdə kənd təsərrüfatı ildən-ilə inkişaf edir. Yeni iş yerlərinin yaradılması baxımından böyük əhəmiyyət kəsb edir. Sahibkar onlar üçün yaradılan münbit şəraitə görə ölkə başçısına rayonda fəaliyyət göstərən sahibkarlar adından minnətdarlığını bildirib.
Hesabat yığıncağında çıxış edən şəhid ailələrindən - Milli Qəhrəman atası Hüseyn Musayev, şəhid anası Tamella Süleymanova, şəhid həyat yoldaşı Kifayət Mustafayeva çıxış edərək şəhidlərimizə, onların ailə üzvlərinə göstərilən diqqət və qayğıdan söz açıblar. Qeyd ediblər ki, ölkə başçımız həmişə olduğu kimi yenə də öz humanistliyini bir daha göstərdi və şəhidlərimizin ailə üzvlərinə veriləcək birdəfəlik müavinət hər kəsə şamil olundu. Bundan əlavə, ölkə başçımız tərəfindən imzalanan Sərəncam və Fərmanlar bir daha onu göstərdi ki, dövlətimiz, dövlət başçımız şəhidlərimizə hər zaman yüksək qiymət verir. Buna görə də biz şəhid ailələri bizlərə verilən bu yüksək dəyərə, ən əsası da şəhidlərimizə olan sonsuz hörmət və ehtirama görə Respublika Prezidenti İlham Əliyevə bütün şəhid ailələri adından dərin minnətdarlığımızı bildiririk. Biz şəhid ailələrinə həmişə səmimi münasibət göstərdiyinə görə rayon rəhbərinə təşəkkür edirik.
Məzəm kənd sakini Süleyman Süleymanov, Çaylı kənd sakini Qəzənfər Qocayev, Yuxarı Salahlı kənd sakini Abdulla Məmmədov, ağsaqqallardan – Cəfərli kənd sakini Sabir Vəliyev, Yuxarı Əskipara kənd sakini Nüsrəddin Hacıyev, şəhər sakinlərindən - M.Hüseyn adına məktəb-liseyin direktor müavini Rəhim Muradov, şəhər 1 nömrəli tam orta məktəbin müəllimi Hürü Vəliyeva və başqaları çıxış edərək 2018-ci ildə Qazaxda həyata keçirilən tikinti-quruculuq işlərinə görə ölkə başçısına minnətdarlıq ediblər. Şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə və veteranlarına, məcburi köçkün ailələrinə, sərhəddə yaşayan sakinlərə göstərdiyi yüksək diqqət və qayğıya görə Respublika Prezidenti İlham Əliyevə sonsuz təşəkkürlərini çatdırıblar. Dövlət başçısının siyasətini Qazaxda olduğu kimi icra etdiyinə görə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova razılıqlarını ifadə ediblər.
Minnətdarlıq dolu ürək sözlərini çatdıran sakinlər bir sıra təkliflərini də bildiriblər. Şəhid ailələri və məcburi köçkünlər üçün yeni binaların tikilməsini, Kür çayının sağ sahili boyu sahilbərkitmə işlərinin davam etdirilməsinə kömək göstərilməsini qeyd ediblər.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Orxan Mürsəlov hesabat yığıncağında çıxış edərək Prezident İlham Əliyevin rəhbərliyi altında respublikamızda həyata keçirilən genişmiqyaslı layihələrdən söz açıb. "Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın Qazax rayonunda uğurla həyata keçirildiyini qeyd edib. Bildirib ki, bu gün rayonun inkişaf etdiyini hesabat məruzəsində əksini tapan statistik rəqəmlərdən, qazanılan uğur və nailiyyətlərdən, əldə olunan göstəricilərdən aydın şəkildə gördük. Bütün bunlar isə rayon rəhbərliyi tərəfindən Respublika Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinin yerlərdə necə icra olunmasının bariz nümunəsidir. Respublikamızda, eləcə də bölgələrimizdə aparılan quruculuq işlərindən, həyata keçirilən çoxsaylı layihələrdən söz açan administrasiya nümayəndəsi qeyd edib ki, bütün bu işlər ölkə başçısının məqsədyönlü siyasətinin uğurla icra olunması sayəsində mümkün olmuşdur. Bu gün dünya dövlətlərində müharibələrin baş verdiyi bir dövrdə Azərbaycan gündən-günə inkişaf edir və öz inkişafını bütün dünyaya sübut edir. Yüksək səviyyəli, mötəbər yarışlara ev sahibliyi etməklə Azərbaycan güclü dövlət olduğunu bir daha nümayiş etdirir.
Şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə və veteranlarına, məcburi köçkün ailələrinə göstərilən dövlət qayğısından söz açan administrasiya nümayəndəsi bu qayğının bundan sonra da yüksək səviyyədə olacağını qeyd edib. Bildirib ki, ölkə başçısının son günlər şəhid ailələri ilə bağlı verdiyi Sərəncamlar bu qayğını əyani şəkildə göstərdi. Natiq çıxışı zamanı həyata keçirilən sosial layihələr əsasında məcburi köçkünlərin, müharibə əlilləri və veteranlarının, şəhid ailələrinin mənzil şəraitinin yaxşılaşdırılması istiqamətində görülən bütün işlərin təməlində ölkə başçısının öz vətəndaşına olan qayğısının dayandığını vurğulayıb.
Bu gün Azərbaycan brendi olan və bütün dünyada tanınan "ASAN xidmət" mərkəzlərində vətəndaşlar üçün hər cür şərait yaradıldığını qeyd edən natiq belə mərkəzlərin sayının bundan sonra da artırılacağını bildirib.
Ölkəmizdə, eləcə də bölgələrimizdə elm, təhsil, səhiyyə, mədəniyyət, idman, eləcə də digər sahələrdə uğurlu nəticələrin əldə olunduğunu qeyd edən natiq ölkə başçısı tərəfindən bu sahədə imzalanan çoxsaylı Sərəncamlardan da söz açıb. Qazaxın hər zaman ziyalılar yurdu kimi tanındığını qeyd edərək ölkə başçısının Qazax müəllimlər seminariyasının 100 illik yubileyinin qeyd olunması ilə bağlı 3 noyabr 2018-ci il tarixli, Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, istedadlı nasir, tanınmış ədəbiyyatşünas, pedaqoq və ictimai xadim, Xalq yazıçısı İsmayıl Şıxlının anadan olmasının 100 illiyi ilə bağlı 28 yanvar 2019-cu il tarixli Sərəncamlarını Qazax ziyalılarına verilən ən yüksək dəyər kimi qiymətləndirib.
Azərbaycan Respublikasında 2019-cu ilin "Nəsimi ili” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 11 yanvar 2019-cu il tarixli Sərəncamını isə Azərbaycan xalqının çoxəsrlik ənənələrə malik bədii və fəlsəfi fikrində dərin iz qoymuş mütəfəkkir şair İmadəddin Nəsiminin zəngin irsinə verilən qiymətlə yanaşı, dövlətin, dövlət başçısının tarixi keçmişinə necə sahib çıxmasının bariz nümunəsi olduğunu bildirib.
Hesabat yığıncağında rayonun sosial-iqtisadi inkişafında fəal iştirak etdiklərinə və əmək funksiyalarını yüksək peşəkarlıq səviyyəsində yerinə yetirdiklərinə görə 9 nəfər Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanı ilə təltif olunublar.
Sonda iclasın qərar layihəsi oxunub və Respublika Prezidenti İlham Əliyevə tədbir iştirakçıları adından müraciət qəbul olunub.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov hesabat yığıncağına yekun vuraraq bildirib ki, bu gün respublikamızın bütün bölgələri, o cümlədən də Qazax rayonu ildən-ilə inkişaf edir. Ölkə başçısının bizlərə göstərdiyi yol xəritəsi ilə uğurlu addımlarla parlaq gələcəyə doğru irəliləyirik. Ən əsası da dövlət başçısının vətəndaşlara olan münasibətini əldə rəhbər tutaraq bütün işlərimizi siz rayon sakinlərinin rifah halının yaxşılaşdırılması istiqamətində qurmağa çalışırıq. İcra başçısı qeyd edib ki, 2018-ci il uğurlu bir il olduğu kimi, 2019-cu il də bizim üçün görülən işlərin miqyasına görə daha əlamətdar olacaqdır. Bunun üçün ölkə başçısının ətrafında daha sıx birləşməli və var qüvvəmizlə çalışaraq Azərbaycanın çiçəklənməsi naminə öz töhfəmizi verməliyik. Bu yolda hər birinizə uğurlar arzulayıram.
Qeyd: Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2019-cu ildə qarşıda duran vəzifələrə dair hesabat məruzəsi tam variantda dərc olunacaqdır.
GOYEZEN.AZ
Facebook-da paylaş