• Təqvim

  • Maraq



Çoxmənzilli binada işlər sürətlə davam etdirilir


Son iki il yarımda genişmiqyaslı tikinti-quruculuq işlərinin geniş vüsət aldığı Qazaxda ölkə başçısı İlham Əliyevin çoxmənzilli binaların əsaslı təmir olunması ilə bağlı imzaladığı 20 oktyabr 2016-cı il tarixli Sərəncamı da uğurla icra olunur. Həmin Sərəncama əsasən rayonda olan 163 ədəd çoxmənzilli yaşayış binasından artıq 100-dən çoxunda yüksək səviyyədə təmir işləri aparılıb. Belə ki, binaların fasadında, bloklarında, pilləkan qəfəslərində, su-kanalizasiya, elektrik, rabitə və qaz xətlərində əsaslı təmir, rənglənmə və həyətlərində abadlıq işləri görülüb. 4 çoxmənzilli yaşayış binasının həyətində isə xeyir-şər evləri tikilib və ya əsaslı təmir olunub.

Ötən il ölkə başçısının respublikanın şəhər və rayonlarında çoxmənzilli binaların dam örtüklərinin təmiri ilə bağlı əlavə tədbirlər haqqında imzaladığı 4 oktyabr 2018-ci il tarixli Sərəncamı da rayon sakinləri tərəfindən minnətdarlıq hissi ilə qarşılandı. Həmin Sərəncamla daha iki binanın - şəhərin Azadlıq küçəsi 92 ünvanında yerləşən 4 bloklu, 5 mərtəbəli, 36 mənzilli və Bakı küçəsi 1 ünvanında yerləşən 3 bloklu, 5 mərtəbəli, 30 mənzilli binaların dam örtüklərinin dəyişdirilməsi bu sahədə görülən işlərin artan templə həyata keçirilməsinin əyani sübutudur.

Xəbər verdiyimiz kimi, 2019-cu ilin ilk günündən çoxmənzilli binaların təmirinə böyük sürətlə start verilib. Şəhərin Bakı küçəsi 1 ünvanında yerləşən 3 bloklu, 5 mərtəbəli, 30 mənzilli, Heydər Əliyev prospektində yerləşən hər biri 4 blokdan, 5 mərtəbədən ibarət olan 173 və 175 saylı, eləcə də 9 mərtəbəli, 2 bloklu 179 saylı binalarda aparılan təmir işləri bunu söyləməyə əsas verir.

Respublikanın şəhər və rayonlarında çoxmənzilli binaların dam örtüklərinin təmiri ilə bağlı əlavə tədbirlər haqqında ölkə prezidentinin 4 fevral 2019-cu il tarixli Sərəncamına əsasən də rayonda daha bir neçə binanın əsaslı təmirinə başlanılıb.

Təmir işləri aparılan çoxmənzilli binalardan biri də şəhərin Azadlıq küçəsində yerləşən və dam örtüyünün dəyişdirilməsi nəzərdə tutulan 107 saylı binadır.

Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov təmir işləri aparılan həmin çoxmənzilli binada olub, görülən işlərlə maraqlanıb.

Rayon rəhbərinə məlumat verilib ki, binanın dam örtüyünün dəyişdirilməsinə və bloklarda təmir işlərinə başlanılıb. Köhnə suvaqlar çapılaraq yeni suvaq və üzlük vurulur. Eyni zamanda, binanın xarici fasadında da suvaq işləri görülür.

Görülən işlərlə tanış olan icra başçısı işlərin keyfiyyətlə aparılmasını və sürətləndirilməsini qeyd edib, bu istiqamətdə tapşırıq və tövsiyələrini verib.

Çoxmənzilli binalarda görülən işləri yüksək qiymətləndirən bina sakinləri ölkə başçısı İlham Əliyevə minnətdarlıqlarını bildirirlər.


GOYEZEN.AZ

 



Facebook-da paylaş