• Təqvim

  • Maraq



2 Fevral - Gənclər Günü Qazaxda böyük təntənə ilə qeyd olunub


2 Fevral - Gənclər Günü respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda da böyük təntənə ilə qeyd olunub. Bu münasibətlə Gənclər Mərkəzində təşkil olunan tədbirdə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, aparatın məsul işçiləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri, təhsil, səhiyyə, mədəniyyət işçiləri, RİHB-nin kənd İnzibati Ərazi Dairələri üzrə nümayəndələri, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin üzvləri, N saylı hərbi hissənin əsgərləri, rayonda çalışan, təhsil alan fəal gənclər və tələbələr, KİV nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək heykəli önünə gül dəstələri qoyub, əziz xatirəsini böyük ehtiramla yad ediblər.




 

Qazax şəhər 1 saylı Uşaq Musiqi Məktəbinin xor kollektivinin ifasında Azərbaycan Respublikasının Dövlət Himni səsləndikdən sonra bayram tədbirinə start verilib.



Tədbirin aparıcısı, Qazax Dövlət Dram Teatrının aktrisası Zəmanə Dərviş Gənclər Gününə həsr olunmuş tədbiri açıq elan edərək bütün tədbir iştirakçılarını, gəncləri əlamətdar gün münasibətilə təbrik edib.

 

Tədbirdə çıxış edən Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov gəncləri salamlayaraq 2 Fevral - Gənclər Günü münasibətilə bütün Azərbaycan gənclərini, o cümlədən də qazaxlı gəncləri səmimi qəlbdən təbrik edib, xoş arzularını çatdırıb.

İcra başçısı qeyd edib ki, dahi lider Heydər Əliyev Azərbaycan gəncliyini hər mənada güclü görmək istəyirdi. Odur ki, ümummilli lider 1994-cü illin iyulunda Azərbaycanda Gənclər və İdman Nazirliyini yaratdı və xalqının gənclərini bir araya topladı. 1996-cı il fevralın 2-də isə ilk dəfə müstəqil dövlətimizin gənclər Forumu keçirildi.

1997-ci il fevral ayının 1-də isə Azərbaycan Respublikası Prezidentinin Forum nümayəndələrinin bir qrupu ilə görüşündə Forumdan keçən 1 il ərzində görülmüş işlər təhlil olunaraq gəncliklə bağlı əsas problemlərin həlli yolları müəyyən edildi. Ulu öndər Heydər Əliyevin elə həmin gün imzaladığı Sərəncamla fevral ayının 2-si Azərbaycanda Gəncləri Günü elan edildi. Gənclərə, gələcək nəslə çox böyük fikir verən, onların problemlərini hər zaman diqqət mərkəzində saxlayan Prezident İlham Əliyev tərəfindən gənclərin problemlərinin həlli üçün mühüm addımlar atılır. 2007-ci ilin "Gənclər ili” elan edilməsi, "Azərbaycan Gəncliyi Dövlət Proqramı”nın təsdiqi, 2011-ci ildə Gənclər Fondunun yaradılması, gənclər, onların sosial müdafiəsi ilə bağlı müxtəlif Sərəncamların verilməsi gənc nəslə göstərilən diqqət və qayğının ən bariz nümunəsidir.

Rayon rəhbəri bildirib ki, ulu öndər Heydər Əliyevin "Gənclər bizim gələcəyimizdir” kəlamının bu gün də şahidi oluruq. Həmin kəlam bu gün də özünü real həyatda doğruldur. Çünki ümummilli liderin layiqli davamçısı, ölkə prezidenti İlham Əliyevin apardığı məqsədyönlü siyasətin təməlində, əsasında gənclər və onlarla bağlı verilən qərarlar, atılan uğurlu addımlar dayanır. Son illər dövlət başçısı tərəfindən imzalanan Sərəncamlara nəzər salsaq aydın şəkildə görmək olar ki, Azərbaycanda bütün işlər gələcəyimiz olan gənclərin inkişafına, maddi rifah halının yaxşılaşdırılmasına, bir sözlə, gənclərimizin parlaq gələcəyinin təminatına hesablanıb.

 

Rayon rəhbəri vurğulayıb ki, bu gün dövlətimizin və dövlət başçısının gənclərlə bağlı apardığı siyasət bütün bölgələrimizi əhatə edir. Bu gün respublikamızın elə bir bölgəsi tapılmaz ki, həmin bölgədən olan gənclərin səsi yüksək kürsülərdən gəlməsin. Bu gün sevindirici hallardan biri də odur ki, Azərbaycan brendi olan və bütün dünyada tanınan "ASAN xidmət" mərkəzlərində gənclərə böyük üstünlük verilir. Gənclərin yüksək intellektə, bilik və bacarığa sahib olması üçün minlərlə tələbənin xarici ölkələrdə təhsil almaları üçün hər cür şərait yaradılır.  

"Bu gün siz gənclər ona görə fəxr etməlisiniz ki, günü-gündən inkişaf edən, müstəqil bir dövlətin gənclərisiniz”, - deyən rayon rəhbəri bu yolda hər bir gəncə öz ölkəsinə, dövlətinə sadiq gənclər kimi yetişmələrini arzulayıb. Qeyd edib ki, Azərbaycanın sağlam əqidəyə, düşüncəyə sahib olan bilikli, bacarıqlı gəncləri hər zaman olub və bu, bundan sonra da belə olacaqdır. Çünki ötən ilin 11 aprel tarixində keçirilən Prezident seçkiləri siz gənclərin hansı gücə və qüvvəyə malik olmasını, həqiqətən də Azərbaycanda öz dövlətinə sadiq olan əsl gənclər ordusunun formalaşdığını bir daha nümayiş etdirdi. Bu gün bizlər də siz gənclərimizlə fəxr edirik ki, sizlərə olan etimad, inam, göstərilən diqqət və qayğı öz bəhrəsini verir.  


Rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Nəbiyev məruzə ilə çıxış edərək bütün gəncləri Gənclər Günü münasibətilə təbrik edib, gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Qeyd edib ki, bu gün fəxr hissi ilə deyə bilərik ki, Gənclər Günü MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda qeyd olundu. Azərbaycanda Gənclər günü qeyd olunduqdan sonra digər MDB ölkələrində və Şərqi Avropa dövlətlərində də bu gün qeyd olunmağa başladı. Dünyada yalnız 1999-cu ildə BMT-nin qərarı ilə avqustun 12-si Gənclər Günü elan edildi. "Bütün bu uğurlara, böyük təntənə ilə qeyd etdiyimiz 2 Fevral gününə görə ulu öndər Heydər Əliyevə borcluyuq”, - deyən V.Nəbiyev ölkə başçısı İlham Əliyev tərəfindən gənclərimizə göstərilən diqqət və qayğıdan da söz açıb. Qeyd edib ki, dövlətin gənclərə göstərdiyi diqqət və qayğının bariz nümunəsidir ki, gənclər haqqında "Azərbaycan gəncliyi 2005-2009-cu illərdə”, "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” və "Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramları qəbul edilmiş, gənclərin sağlam fiziki və əqli inkişafı yönündə, eləcə də, onların sosial-məişət problemlərinin həlli istiqamətində bir sıra mühüm Sərəncamlar verilmişdir. 17 aprel 2006-cı il tarixli Sərəncamla təsdiq edilmiş xüsusi istedada malik olan uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramı, 16 aprel 2007-ci il tarixli 2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı, 2 iyul 2013-cü il tarixli 934 saylı Sərəncamla Gənclər üçün Prezident mükafatlarının təsis edilməsi, Respublika Prezidenti İlham Əliyevin 26 yanvar 2015-ci il tarixli Sərəncamı ilə "2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nın təsdiq edilməsi, respublikanın 20-dən artıq şəhər və rayonunda gənclər mərkəzlərinin inşası və s. bu kimi Fərman və Sərəncamlar  gənclər siyasətinin uğurlu inkişafının real təsdiqidir.

V.Nəbiyev bildirib ki, Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov rayonumuzda fəaliyyətə başladığı ilk gündən gənclərə böyük diqqət və qayğı ilə yanaşır, ictimai həyatın bütün sahələrində gənclərə böyük etimad göstərir.

Rayon Gənclər və İdman İdarəsinin 2018-ci il üçün təsdiqlənmiş tədbirlər planının icrası təmin olunaraq 2018-ci il ərzində yeniyetmə və gənclərin siyasi, mənəvi tərbiyəsinin təkmilləşdirilməsi, onların sosial, intellektual, fiziki inkişafının təmin edilməsi, asudə vaxtlarının səmərəli təşkili sahələrinə yönəldilmiş bir sıra tədbirlər həyata keçirilmişdir. Belə ki, 2018-ci il ərzində rayonda gənclərlə iş sahəsi üzrə təsdiqlənmiş tədbirlər planına əsasən 21, ümumilikdə isə 25 tədbir həyata keçirilmiş və keçirilən tədbirlərdə gənclərin bütün təbəqələri təmsil olunmaqla 3989 nəfər gənc iştirak etmişdir. 2018-ci il ərzində bədən tərbiyəsi və idman sahəsi üzrə 34 tədbir həyata keçirilmişdir ki, ümumilikdə, bu yarışlarda 2826 nəfərdən çox idmançı öz qüvvəsini sınamışdır. 2018-ci il ərzində rayon idmançıları respublika və beynəlxalq miqyaslı yarışlarda uğurla çıxış etmişlər. Rayon idmançıları tərəfindən beynəlxalq miqyaslı yarışlarda 49, respublika miqyaslı yarışlarda isə 146 medal qazanılmışdır. Müqayisə üçün qeyd edək ki, idmançılarımız 2017-ci il ərzində isə beynəlxalq miqyaslı yarışlarda 38, respublika miqyaslı yarışlarda isə 115 medal qazanmışlar. Göstərilən diqqət və qayğıdan ruhlanan gənclərimiz iştirak etdikləri yarışlarda, müsabiqə və televiktorinalarda, eləcə də "Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiya zamanı intellektual bilik yarışlarında uğurla çıxış edərək yüksək nəticələr əldə etmişlər.

Belə ki, 02.05.2018-ci il tarixdə Göygöl şəhərində Kompyuter oyunları üzrə gənclər arasında XII Azərbaycan Milli Çempionatının zona yarışlarında rayonumuzun "Empire” komandası II yeri tutmuşdur. 19.05.2018-ci il tarixdə Şəmkir rayonunda keçirilən "Sərhəd” Hərbi-İdman Oyununun zona mərhələsində Birinci Şıxlı kənd tam orta məktəbin "Dəli kür” komandası I yeri tutaraq finala vəsiqə qazanmışdır.

02.10.2018-ci il tarixdə Gəncə şəhərində Azərbaycan Gənclərinin VIII Forumunun zona toplantısı keçirilmiş, toplantıda Qazax rayonundan 25 nəfər fəal gənc iştirak etmişdir. Toplantıda fəal gənc Akif Əmirov çıxış edərək rayon gəncliyini layiqincə təmsil etmişdir.

14-16.10.2018-ci il tarixlərdə Cəfər Cabbarlı adına Azərbaycanfilm kinostudiyasında keçirilən "Mən Azərbaycanlıyam” tele-layihəsində Nəbiyev Elmar Anar oğlu iştirak edərək final mərhələsinin qalibi olmuşdur.

16.11.2018-ci il tarixdə Bakı şəhərində Azərbaycan Gənclərinin VIII Forumu keçirilmişdir. Forumda Qazaxı 11 nəfər fəal gənc təmsil etmişdir. Forum çərçivəsində keçirilən Debatlarda rayonumuzun gənci Qarabağ qazisi Musəvi Kamil İbadət oğlu gəncləri maraqlandıran sualları cavablandırmışdır.

29.11.2018-ci il tarixdə "İDEA” İctimai Birliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) təşkilatçılığı ilə Qazaxda aztəminatlı ailələr üçün ərik bağlarının salınması üçün rayonun Qazaxbəyli kəndi ərazisində keçirilən mərasimdə Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun ağacəkmə aksiyasında şəxsən iştirak etməsi gənclərimizdə böyük ruh yüksəkliyi yaratmışdır. Həmin ağacəkmə aksiyasında rayonun 200-dən çox fəal gənci iştirak etmişdir.

10-15.12.2018-ci il tarixlərdə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə keçirilən "İstedadların Hazırlığı Laboratoriyası” II Beynəlxalq Olimpiadasında Qazax şəhər 5 nömrəli tam orta məktəbin şagirdi Abdullayev Tural Niyazi oğlu riyaziyyat, fizika və kimya fənləri üzrə iştirak edərək Diplomla təltif edilmişdir.

Sonra Qazax RİHB aparatında məsləhətçi Səba Paşayeva, gənc rəssam Akif Əmirov, şəhid kapitan Mühüd Orucov adına Tədris Mərkəzinin direktoru Gülanə Hüseynova, Qazax Dövlət Sosial-İqtisadi Kollecinin Tələbə Gənclər Təşkilatının sədri Elvira Əfəndiyeva, YAP Qazax rayon təşkilatı Gənclər Birliyinin sədri Vüsal İsmayılovçıxış edərək Azərbaycan gənclərinin bugünkü uğurlarından danışıb, onlara göstərdiyi diqqət və qayğıya görə ölkə başçısı İlham Əliyevə, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya öz dərin minnətdarlıqlarını bildiriblər. Rəhbər kimi təyin olunduğu ilk gündən gənclərə xüsusi qayğı ilə yanaşdığına görə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova sonsuz təşəkkürlərini çatdırıblar.







Tədbirdə rayonun ictimai-siyasi həyatında, təhsil, səhiyyə, mədəniyyət, idman, eləcə də digər sahələrdə fərqlənən, gənclər siyasətinin həyata keçirilməsində fəal iştirak edən gənclərə Qazax rayon Gənclər və İdman İdarəsi tərəfindən Diplom və hədiyyələr, gül dəstələri təqdim olunub.

Sonra 2 Fevral - Gənclər Gününə həsr olunmuş tədbir bayram konserti ilə davam etdirilib. Gənc müğənnilərdən Nəsimi Aşbazlının ifasında səslənən "Heydər xalq deyəcək”, Lalə Əliyevanın ifasında səslənən "El mənimdir”, Niyazi Yusifovun ifasında səslənən "Azərbaycan torpağında”, şəhər 1 saylı Uşaq Musiqi Məktəbinin xor kollektivinin ifasında səslənən "Bu qala daşlı qala”, Rauf Namazovun ifasındasəslənən bir-birindən şən-şux bayram mahnıları alqışlarla qarşılanıb. Mədəniyyət Mərkəzinin "Qonçə” rəqs qrupunun ifasında nümayiş olunan "Naz eləmə rəqsi”, Uşaq-Gənclər İnkişaf Mərkəzinin dərnək üzvü Sarif Vəliyevin ifasında səslənən "Azərbaycanım” mahnısı da tədbirə əsl bayram əhval-ruhiyyəsi qatıb.

2 Fevral Gənclər Gününə həsr olunmuş bayram tədbiri Qazax Dövlət Dram Teatrının aktrisası Zəmanə Dərvişin ifasında "Yaşa Azərbaycan” mahnısının sədaları altında üçrəngli Azərbaycan bayrağının dalğalanması ilə başa çatıb.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov tədbirə yekun vuraraq gənclər günü münasibətilə rayonun bütün gənclərini bir daha səmimi qəlbdən təbrik edib və ən xoş arzularını bildirib. Müstəqil Azərbaycanın parlaq gələcəyi naminə həyata keçirəcəkləri bütün işlərdə nailiyyətlər qazanmalarını arzulayıb.




































GOYEZEN.AZ



Facebook-da paylaş