• Təqvim

  • Maraq



Qaymaqlı kəndi 2018-ci ili uğurlu göstəricilərlə yola salıb


Bu gün Qazax Rayon İcra Hakimiyyəti başçısının Qaymaqlı kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyində 2018-ci ildə görülmüş işlər və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib. Hesabat ilində bütün sahələr üzrə uğurlu göstəricilərin əldə olunduğu, qarşıya qoyulan vəzifələrin uğurla yerinə yetirildiyi qeyd olunub.

Hesabat yığıncağında Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini Tahir Musayev, aparatın Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Adil Vəliyev və kənd sakinləri iştirak ediblər.

Yığıncağın aparılması üçün sədr və katib seçildikdən sonra gündəlikdə duran məsələlər səslənib.

Qaymaqlı kənd İƏD-si üzrə nümayəndə Fikrət Əfəndiyev hesabat məruzəsi ilə çıxış edərək bildirib ki, başa vurduğumuz 2018-ci il ölkəmizin hər yerində olduğu kimi Qazax rayonu, eləcə də kəndimiz üçün də hər bir sahədə uğurlu olub.

Qeyd edib ki, tarixi qədim olan Qazax mahalının köklü kəndlərindən biri də Qaymaqlı kəndidir. Kəndin 569 təsərrüfatı, 2193 nəfər əhalisi vardır. Nümayəndəliyin ərazisində 1 bələdiyyə, 1 tam orta məktəb, 1 folklor evi, 1 kitabxana, 1 həkim məntəqəsi, 1 poçt şöbəsi, 1 EATS, 1 dəyirman, 1 bərbərxana, 3 mağaza və 1 polis məntəqəsi fəaliyyət göstərir.

İcra nümayəndəliyi üzrə 2018-ci ildə 473 arayış verilmiş, 4 yazılı, 6 şifahi müraciətə baxılmışdır. Hesabat ilində icra nümayəndəliyinə 19 məktub daxil olmuş, təşkilatlara 17 məktub göndərilmişdir.

Hesabat dövründə 21 doğum, 24 ölüm qeydə alınmışdır. Nümayəndəlikdə təsərrüfat başına kitablarda hesabat dövründə lazımi qeydlər aparılmış, imzalar edilmiş, pasport qeydiyyatına daxil olan və qeydiyyatdan çıxanlar haqqında qeydlər, eləcə də əhalidə olan mal-qara və quşların uçota alınaraq təsərrüfatbaşı kitablarda qeydiyyatı aparılmışdır.

2018-ci ildə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Qaymaqlı kənd əhalisi ilə 2 dəfə səyyar görüş keçirmişdir. Həmin görüşlərdə kənd sakinlərini narahat edən bəzi məsələlərlə tanış olan rayon rəhbəri həmin məsələlərin yerində həll olunması üçün aidiyyəti üzrə tapşırıqlarını vermişdir.

Keçrilən görüşlərdə kənd ərazisində yem emalı və vim aparatının yerləşdirilməsi üçün dəyirmanın tikilməsi məsələsi qaldırılmışdır. 2018-ci ilin noyabr ayında inşasına başlanmış həmin dəyirmanın fevral ayında əhalinin istifadəsinə verilməsi nəzərdə tutulmuşdur. Eyni zamanda, görüşdə irəli sürülən içməli suya olan ehtiyacın təmin olunması üçün 1 ədəd subartezian quyusunun qazılması plana salınmışdır və 2019-cu ildə rayon rəhbərliyinin köməyi nəticəsində subartezian quyusunun qazılması işlərinə başlanılacaqdır.

 

Hesabat ilində nümayəndəlik ərazisində bir çox işlər görülmüşdür. Belə ki, kənd icra nümayəndəliyinin, işçi qrupunun təşəbbüsü və kənd fəallarının iştirakı ilə kənd qəbiristanlığında, kəndarası yolların kənarlarında təmizlik işləri aparılmış, kollar və qurumuş ağaclar kəsilərək götürülmüşdür. Kənd ərazisinin təmiz saxlanılması daim nümayəndəliyin diqqət mərkəzində olmuşdur. Kəndarası yollara və təzə məhəlləyə gedən yola xır döşənmişdir. Kənd sakinlərinə xidmət edən sıradan çıxmış 3 ədəd artezianın nasosu təmir olunmuşdur. Qazax Elektrik şəbəkəsi tərəfindən kənd sakinlərinə xidmət edən 4 ədəd transformator təmir edilmiş, istismar müddətini başa vurmuş 11 ədəd elektrik dayağı yenisi ilə əvəz olunmuşdur.

Su itkisinin qarşısını almaq, suvarmanı optimal müddətdə başa çatdırmaq məqsədilə rayon rəhbərliyinin tapşırığı ilə rayonumuzun bütün kəndlərində olduğu kimi, kəndimizin su arxlarında da təmizlik işləri aparılaraq lildən, kol-kosdan təmizlənmişdir. Belə ki, kənd sakinlərinin köməyi ilə 500 m suvarma arxları əl əməyi ilə təmizlənmiş, qalan 1700 metr su arxlarının təmizlənməsi isə texnika vasitəsilə davam etdiriləcəkdir.

Bundan əlavə, kənd sakinlərinin içməli suya olan tələbatının yaxşılaşdırılması məqsədilə Respublika Prezidenti İlham Əliyevin Sərəncamı ilə qazılmış 1 ədəd subartezian quyusu 2018-ci ildə kənd sakinlərinin istifadəsinə verilmişdir.

Qaymaqlı kənd tam orta ümumtəhsil məktəbində 151 şagird təhsil alır, 26 nəfər müəllim təlim–tərbiyə işləri ilə məşğuldur. 2018-ci ildə məktəbi bitirən 5 şagirddən 2 nəfər ali məktəbə, 1 nəfər isə kollecə daxil olmuşdur.

Əhalinin sağlamlığına, onların səhiyyə xidmətinə məsuliyyəti Qaymaqlı kənd həkim məntəqəsinin kollektivi daşıyır. Kollektivdə xəstələrin qeydiyyatı, uşaqlarda müxtəlif peyvəndlərin aparılması, ilkin tibbi yardım günün tələblərinə cavab verir.

Qaymaqlı  kəndində 2018-ci  ildə elektrik enerjisi və təbii qaz yanacağının verilməsi fasiləsiz olmuşdur.

Qaymaqlı kənd Poçt şöbəsi əhalidən enerji, qaz, telefon pullarını qəbul edir, müxtəlif pul baratları, məktubları qəbul edib yola salır. Şöbədə nizam-intizam, xidmət səviyyəsi qənaətbəxşdir.

ATS-nin kollektivi əhalinin rabitə xidmətini təmin edir. Ərazidə 512 nömrəli yeni elektron ATS fəaliyyət göstərir. Dünyanın istənilən ölkəsi ilə rabitə xidməti və internet xidməti təmin olunmuşdur.

 

Bildiyiniz kimi, Qaymaqlı kənd əhalisinin əsas fəaliyyət sahəsi bitkiçilik və heyvandarlıqdır. 2018-ci ilin məhsulu üçün kənd əhalisi 586 hektarda buğda, 317 hektarda arpa, 101 hektarda kartof, 3 hektarda qarğıdalı, 10 hektar yonca əkib becərilmişdir. 2019-cu ilin məhsulu üçün 1060 hektar şumlama işləri aparılmış, bundan 523 hektara buğda, 420 hektara isə arpa səpilmişdir. 93 hektarda kartof, qalan 24 hektarda isə digər kənd təsərrüfatı məhsullarının əkilməsi nəzərdə tutulmuşdur.

Pay torpaqlarının və bələdiyyənin istifadəsində olan torpaqların təyinatı üzrə istifadə edilməsi, əkinçilik məhsullarının istehsalının artırılması, məhsuldarlığın yüksəldilməsi, növbəti əkin sisteminin tətbiqinin əhaliyə çatdırılması, yazlıq bitkilərin və yem bitkilərinin əkini üçün aqrotexniki tədbirlərin aparılması daim diqqət mərkəzindədir.     

Qaymaqlı kənd İcra nümayəndəliyi istər əkinçilik, istərsə də heyvandarlıq sahələrində kənd əhalisinə yaxından köməklik göstərir. Torpağın əkilməsində, səpilməsində, biçilməsində, sahələrin qorunmasında çətinliklər olduqda Qaymaqlı bələdiyyəsi ilə birlikdə həmin çətinliklər aradan qaldırılır.

01.01.2019-cu il tarixə əhali və fermer təsərrüfatlarında 565 baş iribuynuzlu mal-qara, 4627 baş xırdabuynuzlu qoyun-keçi qeydiyyata alınmışdır. 2018-ci ildə iribuynuzlu və xırdabuynuzlu heyvanlarda qarayara və digər xəstəliklərə qarşı peyvənd işləri aparılmışdır.

Kənd bələdiyyəsi və kənd icra nümayəndəliyi işlərini birgə həyata keçirmişlər. Belə ki, kəndarası yolların təmiri, əhalinin içməli suya olan tələbatının ödənilməsi, elektrik transformatorlarının və subartezian su nasoslarının fasiləsiz işləməsi sahəsində məqsədyönlü fəaliyyət göstərmiş, Qaymaqlı kəndində olan şəhid ailələrinə, Böyük Vətən və Qarabağ müharibəsi əlillərinə, kimsəsizlərə, imkansızlara tarixi və dini bayramlarda yardımlar edilmişdir.

Qaymaqlı kənd tam orta məktəbin direktor müavini Tapdıq Nəbiyev, məktəbin idman müəllimi Nəbi Süleymanov, Kəmərli kənd həkim məntəqəsinin müdiri Lusiya Babayeva, kənd folklor evinin müdiri Kazım Kazımov, poçt rəisi Məleykə Əliyeva, Bəxtiyar Süleymanov və başqaları çıxış edərək hesabat ilində rayonda, eləcə də Qaymaqlı kəndində görülmüş işlərə, xüsusilə də sərhəddə yaşayan sakinlərə göstərilən diqqət və qayğıya görə ölkə başçısı İlham Əliyevə minnətdarlıqlarını bildiriblər. Rayonda vətəndaş amilinin hər zaman yüksək tutulmasına görə rayon rəhbərliyinə təşəkkürlərini çatdırıblar. Son iki il yarımda Qazaxda olan bu inkişafı, tərəqqini yüksək qiymətləndirdiklərini bildiriblər. Minnətdarlıq dolu ürək sözlərini çatdıran sakinlər kənddə mədəniyyət evinin təmir olunmasını, bankomat qoyulmasını, kənddə şəhidlərin xatirəsinə ucaldılmış abidənin yerinin dəyişdirilməsini və abadlıq işinin aparılmasını qeyd ediblər.


Qazax Rayon İcra Hakimyyəti başçısının müavini Tahir Musayev hesabat məruzəsində çıxış edərək bildirib ki, Respublika Prezidenti İlham Əliyevin apardığı məqsədyönlü və uğurlu iqtisadi islahatlar Qazax rayonunda da öz bəhrəsini verib. Ölkəmizdə olduğu kimi, rayon rəhbərliyinin diqqət və qayğısı sayəsində, bilavasitə rəhbərliyi altında Qazax rayonunda da sosial obyektlərin inşası, kənd təsərrüfatının inkişafı, təhsil, səhiyyə, mədəniyyət, idman, eləcə də digər sahələrdə yüksək nailiyyətlər əldə olunmuşdur. Bu gün Qazaxda elə bir sahə yoxdur ki, orada bir yenilik, bir inkişaf olmasın. Son iki il yarımdır ki, həyata keçirilən bu genişmiqyaslı quruculuq və abadlıq Qazaxın simasını köklü şəkildə dəyişmiş, respublikamızın ən inkişaf etmiş və abad rayonlarından birinə çevrilmişdir.

Yola saldığımız 2018-ci ildə Qazaxda "Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq görülən işlərin sayına görə də yaddaqalan olmuşdur. "Azərxalça” ASC tərəfindən tikilən xalça müəssisəsinin, "Mətanət A” şirkəti tərəfindən inşa edilmiş Əhəng zavodunun, hazırda İkinci Şıxlı kəndində "İnvestel GROUP” MMC tərəfindən tikilən və son tamamlanma işləri aparılan Aqroparkın, "Gedik Carçı Qaynaq” LTD şirkəti tərəfindən inşa edilən "Gedik-Carçı” Elektrod Zavodunun, 145 çarpaylıq rayon Mərkəzi Xəstəxanasının tikintisi həmin işlərin bariz nümunəsidir.

 

Rayonda azyaşlı körpələrə göstərilən diqqət və qayğıdan, onların sağlam, hərtərəfli və düzgün böyüməsi, təlim-tərbiyə olunması üçün yaradılan şəraitdən söz açan T.Musayev bu gün rayon üzrə olan 25 bağçadan 18-nin müasir standartlara cavab verən səviyyəyə çatdırıldığını qeyd edib. Vurğulayıb ki, ötən il bağçalarda aparılan quruculuq işləri bu il də davam etdiriləcəkdir. Rayonda daha 7 bağçanın - İkinci Şıxlı kəndində 2, Aşağı Salahlı, Qazaxbəyli, Kosalar, Daş Salahlı, Hüseynbəyli kəndlərinin hər birində 1 bağçanın təmir olunmasının nəzərdə tutulduğunu bildirib. Qeyd edib ki, bu gün rayon üzrə 14 yaşayış məntəqəsində bağça yoxdur ki, həmin kəndlərdən biri də Qaymaqlı kəndidir. Digər kəndlərdə olduğu kimi, bu kənddə də bağçanın olması üçün lazımi tədbirlərin görülməsi üçün aidiyyəti təşkilatlar qarşısında məsələ qaldırıldığını bildirib.

Respublikamızda, eləcə də bölgələrimizdə "Yeniləşən Azərbaycana yeni məktəb” layihəsinin uğurla icra edilməsindən danışan T.Musayev hazırda rayonumuzda əsaslı şəkildə yenidən qurulan S.Vurğun adına şəhər 2 nömrəli tam orta məktəbdə görülən işləri bunun əyani sübutu kimi qiymətləndirib. Qeyd edib ki, bu il rayonda daha 3 məktəbin əsaslı şəkildə yenidən qurulması nəzərdə tutulub ki, həmin məktəblərdən biri də Qaymaqlı kənd məktəbidir. Kosalar və Kəmərli məktəbləri ilə yanaşı, bu məktəb də əsaslı şəkildə yenidən qurulacaqdır.

Yeni iş yerlərinin yaradılması istiqamətində həyata keçirilən tədbirlərdən danışan müavin həmin işlərin bu il də davam etdiriləcəyini qeyd edib. Buna misal olaraq başlanılması nəzərdə tutulan su-kanalizasiya xəttinin, Gəncə-Qazax-Gürcüstan dövlət sərhəddi avtomobil yolunun çəkilməsini, "Saloğlu” fərdi mebel firması tərəfindən yeni tikiləcək fabrikin inşasını göstərib.

2018-ci ilin Qazax rayonu üçün uğurlu il olmasını qeyd edən T.Musayev 2019-cu ildə də respublikamızda, eləcə də rayonumuzda daha böyük dövlət proqramlarının, investisiya layihələrinin həyata keçiriləcəyini bildirib.

 

Aparatın Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Adil Vəliyev hesabat yığıncağında çıxış edərək 2018-ci ildə kənd təsərrüfatı sahəsində əldə olunan uğur və nailiyyətlərdən söz açıb. Ötən il qazanılan uğurların bu il də davam etdirilməsini qeyd edərək daha böyük səylə çalışmalı olduqlarını bildirib. Kənd təsərrüfatı sahəsində yüksək nəticə əldə etmək üçün rayonda bütün imkanların mövcud olduğunu vurğulayıb. Bunun üçün rayonda kəndlinin istər texnika, istər mineral gübrə, istərsə də suvarma suyu ilə təmin olunduğunu qeyd edib. Əkin sahələrinin ildən-ilə genişləndiyini qeyd edərək yeni iş yerlərinin yaradılması baxımından kənd təsərrüfatının inkişaf etməsini yüksək qiymətləndirib.









 

GOYEZEN.AZ

 




Facebook-da paylaş