Yeni qəsəbədə məcburi köçkünlərlə görüş keçirilib
Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov və Milli Məclisin deputatı Ülviyyə Ağayeva 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Qazaxbəyli kəndində salınmış yeni qəsəbədə məskunlaşmış Bağanıs Ayrım, Xeyrımlı, Barxudarlı, Sofulu, Yuxarı Əskipara və Aşağı Əskipara kənd sakinləri ilə görüşüb, qayğıları ilə maraqlanıblar.
Həmişə olduğu kimi, bu dəfə də sakinlər rayon rəhbərliyini böyük səmimiyyətlə qarşılayıb, bayramqabağı onlarla görüşə gəldiklərinə görə razılıqlarını ifadə ediblər.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək qəsəbədə məskunlaşan kənd sakinlərini salamlayıb, 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə ən səmimi ürək sözlərini çatdırıb. Qeyd edib ki, hər il bayram ərəfəsində sizlərlə görüşməyimiz artıq bir ənənə halını alıb. Həmişə olduğu kimi, bugünkü görüşün də əsas məqsədi həm siz sakinləri təbrik etmək, həm də sizləri narahat edən məsələləri öz dilinizdən eşitmək və həlli istiqamətində əməli işlər görməkdir.
İcra başçısı son 2 il yarım ərzində Qazaxda istər tikinti-quruculuq sahəsində, istərsə də kənd təsərrüfatında uğurlu nəticələr əldə edildiyini bildirib. Qeyd edib ki, bu gün rayonumuzda elə bir sahə yoxdur ki, orada inkişaf, tərəqqi olmasın. 2016, 2017-ci illərdə görülən işləri müqayisə edən rayon rəhbəri bu il Qazaxda aparılan abadlıq və tikinti-quruculuq işlərinin daha geniş vüsət aldığını bildirib. "Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq görülən işləri, istifadəyə verilən sosial obyektləri, eləcə də yeni iş yerlərinin yaradılmasını, kənd təsərrüfatının inkişaf etməsini, tikinti-quruculuq işlərinin gündən-günə artmasını bu dediklərimizin əyani sübutu kimi qiymətləndirib.
Rayon rəhbəri ölkə başçısının Qazaxda çoxmənzilli binaların əsaslı təmir olunması ilə bağlı imzaladığı 20 oktyabr 2016-cı il tarixli Sərəncamına əsasən həyata keçirilən məqsədyönlü işlərdən də söz açıb. Qeyd edib ki, bu gün həmin Sərəncamın düzgün icra edilməsinin nəticəsidir ki, ötən il 78, bu il isə daha 49 ədəd çoxmənzilli yaşayış binalarının fasadında, bloklarında, pilləkan qəfəslərində, su-kanalizasiya, elektrik, rabitə və qaz xətlərində əsaslı təmir, rənglənmə və həyətlərində abadlıq işləri aparılıb. 4 çoxmənzilli yaşayış binasının həyətində isə xeyir-şər evləri tikilib və yaxud da əsaslı təmir olunub. Bu gün rayonda olan 163 ədəd çoxmənzilli yaşayış binasından artıq 127-nin yüksək səviyyədə təmir olunmasını və sakinlərin istifadəsinə verilməsini vətəndaşların yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində görülən əsas işlərdən biri hesab edib. Bu gün isə şəhərin mərkəzində N.Nərimanov yaşayış massivində yerləşən beşmərtəbəli, dörd bloklu, 1 saylı çoxmənzilli binanın da əsaslı təmirdən sonra açılış mərasiminin olduğunu bildirib.
Rayonda olan bağçalardakı şəraitdən, körpə balalara olan qayğıdan söz açan rayon rəhbəri bildirib ki, bu gün 25 bağçadan 18-i müasir standartlara cavab verən səviyyəyə çatdırılıb. Şəhər bağçalarından - 1,2,3,4,5 saylı, kənd bağçalarından - Qazaxbəyli kəndi ərazisində məcburi köçkünlər üçün salınmış yeni qəsəbədə yerləşən Aşağı Əskipara, Daş Salahlı kənd 2 və 3 saylı, Kosalar kənd 2 və 3 saylı, Xanlıqlar, Dəmirçilər, İkinci Şıxlı kənd 2 saylı körpələr evi-uşaq bağçaları, Cəfərli, Canalı, Quşçu Ayrım, Bala Cəfərli kənd uşaq bağçaları bu dediklərimizin əyani sübutudur.
Şəhərdə yerləşən 6 saylı körpələr evi-uşaq bağçasının da əsaslı şəkildə yenidən qurulduğunu qeyd edən icra başçısı bu gün rayonda daha 7 bağçanın - İkinci Şıxlı kəndində 2, Aşağı Salahlı, Qazaxbəyli, Hüseynbəyli, Kosalar, Daş Salahlı kəndlərinin hər birində 1 bağçanın da təmir olunmasının nəzərdə tutulduğunu bildirib. Bu gün rayonda uşaqlara və bağçalara göstərilən diqqət və qayğının, istər bağçalardakı ərzaq təminatının, istərsə də yaradılan şəraitin ən yüksək səviyyədə olduğunu qeyd edib.
Şəhid ailələrinə, Qarabağ Müharibəsi əlillərinə, veteranlarına göstərilən diqqət və qayğıdan danışan rayon rəhbəri bu gün 168 km məsafədə düşmənlə sərhəddi olan Qazax rayonunun da torpaqlarımızın ərazi bütövlüyü uğrunda 285 şəhid verdiyini, 7 igid oğlunun Azərbaycanın Milli Qəhrəmanı adına layiq görüldüyünü qeyd edib. Qəhrəman oğulların əziz xatirəsinin rayonda hər zaman uca zirvədə tutulduğunu, şəhidlərimizə və onların ailə üzvlərinə göstərilən qayğının həmişə yüksək səviyyədə olduğunu vurğulayıb. Rayon rəhbəri kimi fəaliyyətə başladığı ilk gündən bu sahəyə xüsusi diqqət ayırdığını, şəhidlərimizin uyuduğu qəbiristanlıqların, onların xatirəsinə ucaldılmış abidələrin, parkların, bulaqların, xiyabanların abadlaşdırılmasının, yenilənməsinin, əsaslı şəkildə təmir edilməsinin bunun bariz nümunəsi olduğunu diqqətə çatdırıb. Şəhərin mərkəzində şəhidlərimizin əziz xatirəsinə yaradılmış Şəhidlər Xiyabanının bütün şəhidlərimizə verilən ən yüksək qiymət olduğunu bildirib.
İcra başçısı rayonumuza gələn qonaqların fəxr yerimiz olan bu müqəddəs məkana baş çəkdiyini, igid oğullarımızın şəkli əks olunmuş lövhə önündən keçərək əziz xatirələrini ehtiramla yad etdiklərini qeyd edib. Rayonumuzda keçirilən tədbirlərin öncə bu müqəddəs məkanı ziyarətlə başlamasını, məktəblilərin mütəmadi olaraq xiyabanı ziyarət etməsini gələcək nəsillərin vətənpərvər ruhda tərbiyə olunmasında atılan uğurlu addım kimi qiymətləndirib və böyük rol oynadığını vurğulayıb. Qeyd edib ki, nə qədər ki, qazaxlılar var bu müqəddəs məkan ziyarət olunacaq və şəhidlərimizin əziz xatirəsi anılacaq.
Qazax rayonunun 5 kəndinin daim mənfur düşmən gülləsinin atəşinə məruz qaldığını, Bağanıs Ayrım, Xeyrımlı, Barxudarlı, Sofulu, Qızılhacılı, Yuxarı Əskipara və Aşağı Əskipara kimi 7 kəndinin hələ də işğal altında olduğunu qeyd edən icra başçısı rayonumuzda həmin kəndlərdən olan məcburi köçkün ailələri üçün yaradılan şəraitdən söz açıb. Qeyd edib ki, bu gün həmin kəndlərdən olan sakinlər məcburi köçkünlər üçün Qazaxbəyli kəndində salınmış 304 ailəlik yeni qəsəbədə məskunlaşıb.
İcra başçısı Rəcəb Babaşov qeyd edib ki, əlavə olaraq 300-dən artıq ailənin məskunlaşacağı yeni binaların, əlavə olaraq məktəb və bağçanın tikilməsinin nəzərdə tutulması isə o deməkdir ki, məcburi köçkünlərə dövlətin qayğısı hər zaman yüksək səviyyədə olub və bundan sonra da belə olacaqdır.
Rayonda yeni iş yerlərinin yaradılması üçün görülən işlərdən danışan icra başçısı 2016, 2017-ci illərə nisbətdə bu sahədə görülən işlərin bu il daha geniş vüsət aldığını bildirib. Atılan ən uğurlu addımda belə vətəndaş amilinin ön plana çəkildiyini və onların rifah halının yaxşılaşdırılmasına xidmət etdiyini qeyd edib.
Milli Məclisin deputatı Ülviyyə Ağayeva çıxış edərək 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə qəsəbə sakinlərini səmimi qəlbdən təbrik edib. Dövlət başçısı İlham Əliyev tərəfindən məcburi köçkün ailələrinə göstərilən diqqət və qayğıdan söz açıb. Qeyd edib ki, bu gün əminliklə deyə bilərik ki, ölkə başçısının yürütdüyü məqsədyönlü siyasət nəticəsində işğal altında olan torpaqlarımız azad ediləcək və bütün məcburi köçkün ailələri öz doğma el-obalarına qayıdacaqlar. O gün isə elə də uzaqda deyil.
Yuxarı Əskipara kənd sakini Nüsrəddin Hacıyev, Bağanıs Ayrım kənd sakini Zərbəçi Xasayev, Aşağı Əskipara kənd sakini Səməngül Nəsibova və başqaları çıxış edərək bayram ərəfəsində keçirilən bu görüşü yüksək qiymətləndiriblər. Qeyd ediblər ki, sizin hər dəfə biz məcburi köçkünlərlə görüşməyiniz bizi çox sevindirir. Çünki bu görüşlər bizlərə olan qayğı, diqqət deməkdir. Biz sizə rayon rəhbəri kimi deyil, bir ailə başçısı kimi müraciət edirik. Çünki siz bu qəsəbənin daimi sakinisiniz. Bu gün biz Prezidentimiz İlham Əliyev tərəfindən hər cür diqqət və qayğı ilə əhatə olunmuşuq. Bizim üçün salınmış bu qəsəbədə yüksək şərait yaradılıb. Qəsəbədə xeyir və şər mərasimlərinin keçirilməsi üçün 360 nəfərlik mağar quraşdırılması, oradakı avadanlıqların yığılması üçün xüsusi yerin ayrılması, qəsəbənin işıqlandırılması, istər bağçada, istərsə də məktəbdə gələcəyimiz olan uşaqlara hər cür şərait yaradılması biz sakinlərə göstərilən diqqət və qayğı deməkdir. Eyni zamanda, rayonda vətəndaş amilinin həmişə ön planda olması deməkdir.
Çıxış edənlər qeyd ediblər ki, dövlətimiz tərəfindən bizlərə, eləcə də sərhəd bölgəsində yaşayan sakinlərə göstərilən bu qayğı bizi bir daha əmin edir ki, Ali Baş Komandan İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində tezliklə işğal olunmuş torpaqlarımız azad ediləcək və biz öz ata-baba yurdumuza qayıdacağıq.
Rayon rəhbərliyi tərəfindən daim diqqət və qayğı ilə əhatə olunduqlarını qeyd edən məcburi köçkünlər yaradılan şəraitə, göstərilən diqqətə görə Prezident İlham Əliyevə və rayon rəhbərliyinə bütün məcburi köçkün ailələri adından minnətdarlıqlarını bildiriblər.
Minnətdarlıq dolu ürək sözlərini çatdıran qəsəbə sakinləri onları narahat edən qayğılarını da çatdırıblar. Sakinləri diqqətlə dinləyən rayon rəhbəri qaldırılan hər bir məsələyə diqqətlə yanaşılacağını bildirib.
GOYEZEN.AZ
Facebook-da paylaş