Qazaxda hərbi-çağırış komissiyasının işinə dair müşavirə keçirilib
Bu gün tikinti-quruculuq işlərinin geniş vüsət aldığı, kənd təsərrüfatının
gündən-günə inkişaf etdiyi Qazax rayonunda bütün sahələrdə olduğu kimi,
gənclərimizin vətənpərvər ruhda tərbiyə olunmasında, öz millətinə, xalqına,
Vətəninə hörmət hissi ilə böyüməsi sahəsində də məqsədyönlü işlər görülür. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov fəaliyyətə başladığı
ilk gündən hər bir sahəyə olduğu kimi, gənc çağırışçılara da daim diqqət və
qayğı göstərir. Rayon rəhbərinin istər gənclərin hərbi xidmətə yolasalma
mərasimlərində, istərsə də hərbi xidməti başa vurmuş gənclərin qarşılanma tədbirlərində
iştirak etməsi bu qayğının bariz nümunəsidir. Rayon rəhbərinin xüsusi
həssaslıqla yanaşdığı sahələrdən biri də ordu sıralarına çağırılmış
gənclərimizin hərbi-çağırış komissiyasından düzgün qaydada keçirilməsidir. Bu gün Qazax Rayon İcra Hakimiyyətinin akt zalında Səfərbərlik və Hərbi
Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax rayon şöbəsində fəaliyyət
göstərən hərbi-çağırış komissiyasının işinə cəlb edilmiş həkim mütəxəssislərin
gördüyü işlərlə bağlı keçirilən müşavirə də gənclərimizə olan qayğının əyani təzahürüdür. Müşavirədə icra aparatının məsul işçiləri, RİHB-nin kənd İnzibati Ərazi
Dairələri üzrə nümayəndələri, hərbi-çağırış komissiyasının işinə cəlb edilmiş
həkim mütəxəssislər, təhsil şöbəsinin əməkdaşları iştirak ediblər.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov müşavirəni giriş sözü
ilə açaraq keçirilən tədbirin məqsəd və əhəmiyyətindən danışıb, ötən görüş
zamanı həkimlər tərəfindən səsləndirilən təkliflərdən söz açıb. Rayon rəhbəri
qeyd edib ki, gənclərimizin Vətəninə olan müqəddəs bir borcu vardır ki, bu da
hərbi xidmətdə olmaq, doğma torpaqlarının keşiyində dayanmaq, lazım gələrsə
canından belə keçməyi gözə almaqdır. İcra başçısı rayonumuzda vətənpərvərlik hissinin və
gənclərimizin hərbi xidmətə getmək istəyinin hər zaman yüksək səviyyədə
olduğunu bildirib. Bu gün düşmənlə 168 km sərhəddi olan Qazax rayonunda hər bir
gəncin Vətən torpaqlarını qorumaq, hərbi xidmətə getmək üçün çağırışı belə
gözləmədən bəzən könüllü olaraq müraciət etdiklərini qeyd edib. İcra başçısı bu
baxımdan gənclərin hərbi xidmətə yola düşməzdən əvvəl hərbi həkim
komissiyasının müayinəsindən keçməsinin, həkimlər tərəfindən verilən rəylərin
böyük əhəmiyyət daşıdığını bildirib. Geniş müzakirə şəklində keçən müşavirədə qeyd olunub ki, hərbi-çağırış
komissiyasının işinə cəlb edilmiş hər bir həkim ilk növbədə onlara müraciət
edən gənclərə öz övladı kimi baxmalı, onların səhhətinin düzgün qaydada
yoxlanılması üçün hər zaman xüsusi diqqət ayırmalıdır. Bundan əlavə, Nazirlər
Kabinetinin 29 fevral 2008-ci il tarixli, 59 nömrəli qərarı ilə təsdq olunmuş
"Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə yaxından tanış olmalı, Əsasnamədə
göstərilən müddəalara birmənalı şəkildə əməl etməlidir. Müşavirədə çağırışçıların tibbi müayinəsinin keyfiyyətini yaxşılaşdırmaq
üçün çağırışçıların gündəlik sayının tənzimlənməsinin olduqca böyük əhəmiyyət
daşıdığı vurğulanıb. Bildirilib ki, çağırışın müddətindən asılı olaraq bölgü
elə aparılmalıdır ki, görülən işin keyfiyyəti yüksək səviyyədə olsun və
həkimlər istədikləri nəticəni əldə edə bilsinlər. Qeyd olunub ki, çağırışçılar arasında psixoloji təbliğatın gücləndirilməsi
də günün vacib məsələlərindəndir. Belə ki, əgər səhhətlərində hər hansı bir
problem olarsa, dərhal bildirilməli və gənclərə düzgün yol göstərilməlidir.
Bununla bağlı gənclərlə psixoloji söhbətlər aparılmalı, onlara dəstək
olunmalıdır. Çağırışçıların sağlamlığı haqqında əlavə məlumatların əldə edilməsi üçün
kənd icra nümayəndələri, təhsil şöbəsi və tibb məntəqələri ilə əlaqələr daha da
gücləndirilməli, hərbi-çağırış komissiyasının işinə və həkimlərə dəstək
olunmalıdır. Ümumtəhsil məktəblərində hərbi müəllimlər tərəfindən hər bir
şagirdin psixoloji xarakteristikası öyrənilməlidir. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax rayon
şöbəsinin rəisi, mayor Mehman Rəhimov çıxış edərək bildirib ki, bu gün Qazax
rayonunda hərbi xidmətə getmək istəyən bütün gənclərin həkim-çağırış
komissiyasından düzgün şəkildə müayinə olunmasına, bu sahədə görülən işlərin
yüksək səviyyədə həyata keçirilməsinə hər zaman nəzarət olunur. Gənclərimizə, xüsusilə də bu
sahəyə diqqət və qayğı ayırmasına görə rayon rəhbərinə minnətdarlığını
bildirib. Hərbi-çağırış komissiyasının üzvlərindən – şüa-diaqnostikası həkimi Mehralı
Göyüşov, dermatonevroloq Musa Mədədov, psixoloq Gülnar Əsgərova, həkimlərdən
Allahverdi Quliyev və başqaları çıxış edərək qaldırılan bu mövzunun olduqca
aktual bir mövzu olmasını qeyd ediblər. Müşavirədə qeyd olunanlarla bağlı öz
təklif və tövsiyələrini bildiriblər. Qazax rayon Mərkəzi Xəstəxanasının baş həkim əvəzi
Sevda Məmmədova da gənclərlə bağlı keçirilən müşavirənin olduqca böyük
əhəmiyyət kəsb etdiyini qeyd edib. Səhiyyə sahəsinə, xüsusilə də gənclərlə
bağlı bu sahəyə göstərdiyi diqqət və qayğıya görə rayon rəhbərinə
minnətdarlığını çatdırıb. GOYEZEN.AZ
Facebook-da paylaş