Əsas Səhifə > Manşet / Səhiyyə > Qazaxda hərbi-çağırış komissiyasının işinə dair müşavirə keçirilib
Qazaxda hərbi-çağırış komissiyasının işinə dair müşavirə keçirilib20-11-2018, 22:10 |
Bu gün tikinti-quruculuq işlərinin geniş vüsət aldığı, kənd təsərrüfatının gündən-günə inkişaf etdiyi Qazax rayonunda bütün sahələrdə olduğu kimi, gənclərimizin vətənpərvər ruhda tərbiyə olunmasında, öz millətinə, xalqına, Vətəninə hörmət hissi ilə böyüməsi sahəsində də məqsədyönlü işlər görülür. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov fəaliyyətə başladığı ilk gündən hər bir sahəyə olduğu kimi, gənc çağırışçılara da daim diqqət və qayğı göstərir. Rayon rəhbərinin istər gənclərin hərbi xidmətə yolasalma mərasimlərində, istərsə də hərbi xidməti başa vurmuş gənclərin qarşılanma tədbirlərində iştirak etməsi bu qayğının bariz nümunəsidir. Rayon rəhbərinin xüsusi həssaslıqla yanaşdığı sahələrdən biri də ordu sıralarına çağırılmış gənclərimizin hərbi-çağırış komissiyasından düzgün qaydada keçirilməsidir. Bu gün Qazax Rayon İcra Hakimiyyətinin akt zalında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax rayon şöbəsində fəaliyyət göstərən hərbi-çağırış komissiyasının işinə cəlb edilmiş həkim mütəxəssislərin gördüyü işlərlə bağlı keçirilən müşavirə də gənclərimizə olan qayğının əyani təzahürüdür. Müşavirədə icra aparatının məsul işçiləri, RİHB-nin kənd İnzibati Ərazi Dairələri üzrə nümayəndələri, hərbi-çağırış komissiyasının işinə cəlb edilmiş həkim mütəxəssislər, təhsil şöbəsinin əməkdaşları iştirak ediblər.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov müşavirəni giriş sözü ilə açaraq keçirilən tədbirin məqsəd və əhəmiyyətindən danışıb, ötən görüş zamanı həkimlər tərəfindən səsləndirilən təkliflərdən söz açıb. Rayon rəhbəri qeyd edib ki, gənclərimizin Vətəninə olan müqəddəs bir borcu vardır ki, bu da hərbi xidmətdə olmaq, doğma torpaqlarının keşiyində dayanmaq, lazım gələrsə canından belə keçməyi gözə almaqdır. İcra başçısı rayonumuzda vətənpərvərlik hissinin və gənclərimizin hərbi xidmətə getmək istəyinin hər zaman yüksək səviyyədə olduğunu bildirib. Bu gün düşmənlə 168 km sərhəddi olan Qazax rayonunda hər bir gəncin Vətən torpaqlarını qorumaq, hərbi xidmətə getmək üçün çağırışı belə gözləmədən bəzən könüllü olaraq müraciət etdiklərini qeyd edib. İcra başçısı bu baxımdan gənclərin hərbi xidmətə yola düşməzdən əvvəl hərbi həkim komissiyasının müayinəsindən keçməsinin, həkimlər tərəfindən verilən rəylərin böyük əhəmiyyət daşıdığını bildirib.
Geniş müzakirə şəklində keçən müşavirədə qeyd olunub ki, hərbi-çağırış komissiyasının işinə cəlb edilmiş hər bir həkim ilk növbədə onlara müraciət edən gənclərə öz övladı kimi baxmalı, onların səhhətinin düzgün qaydada yoxlanılması üçün hər zaman xüsusi diqqət ayırmalıdır. Bundan əlavə, Nazirlər Kabinetinin 29 fevral 2008-ci il tarixli, 59 nömrəli qərarı ilə təsdq olunmuş "Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə yaxından tanış olmalı, Əsasnamədə göstərilən müddəalara birmənalı şəkildə əməl etməlidir. Müşavirədə çağırışçıların tibbi müayinəsinin keyfiyyətini yaxşılaşdırmaq üçün çağırışçıların gündəlik sayının tənzimlənməsinin olduqca böyük əhəmiyyət daşıdığı vurğulanıb. Bildirilib ki, çağırışın müddətindən asılı olaraq bölgü elə aparılmalıdır ki, görülən işin keyfiyyəti yüksək səviyyədə olsun və həkimlər istədikləri nəticəni əldə edə bilsinlər. Qeyd olunub ki, çağırışçılar arasında psixoloji təbliğatın gücləndirilməsi də günün vacib məsələlərindəndir. Belə ki, əgər səhhətlərində hər hansı bir problem olarsa, dərhal bildirilməli və gənclərə düzgün yol göstərilməlidir. Bununla bağlı gənclərlə psixoloji söhbətlər aparılmalı, onlara dəstək olunmalıdır.
Çağırışçıların sağlamlığı haqqında əlavə məlumatların əldə edilməsi üçün kənd icra nümayəndələri, təhsil şöbəsi və tibb məntəqələri ilə əlaqələr daha da gücləndirilməli, hərbi-çağırış komissiyasının işinə və həkimlərə dəstək olunmalıdır. Ümumtəhsil məktəblərində hərbi müəllimlər tərəfindən hər bir şagirdin psixoloji xarakteristikası öyrənilməlidir. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax rayon şöbəsinin rəisi, mayor Mehman Rəhimov çıxış edərək bildirib ki, bu gün Qazax rayonunda hərbi xidmətə getmək istəyən bütün gənclərin həkim-çağırış komissiyasından düzgün şəkildə müayinə olunmasına, bu sahədə görülən işlərin yüksək səviyyədə həyata keçirilməsinə hər zaman nəzarət olunur. Gənclərimizə, xüsusilə də bu sahəyə diqqət və qayğı ayırmasına görə rayon rəhbərinə minnətdarlığını bildirib. Hərbi-çağırış komissiyasının üzvlərindən – şüa-diaqnostikası həkimi Mehralı Göyüşov, dermatonevroloq Musa Mədədov, psixoloq Gülnar Əsgərova, həkimlərdən Allahverdi Quliyev və başqaları çıxış edərək qaldırılan bu mövzunun olduqca aktual bir mövzu olmasını qeyd ediblər. Müşavirədə qeyd olunanlarla bağlı öz təklif və tövsiyələrini bildiriblər. Qazax rayon Mərkəzi Xəstəxanasının baş həkim əvəzi Sevda Məmmədova da gənclərlə bağlı keçirilən müşavirənin olduqca böyük əhəmiyyət kəsb etdiyini qeyd edib. Səhiyyə sahəsinə, xüsusilə də gənclərlə bağlı bu sahəyə göstərdiyi diqqət və qayğıya görə rayon rəhbərinə minnətdarlığını çatdırıb.
GOYEZEN.AZ
Geri qayıt |