İcra başçısı kəndlərdə suvarma arx və kanallarında aparılan təmizlik işləri ilə tanış olub
Ölkəmizdə mühüm sosial-iqtisadi islahatların və bu islahatların dayanıqlı edilməsi üçün paralel olaraq həyata keçirilən hüquqi islahatlar nəticəsində Azərbaycan həm iqtisadi, həm də digər sahələr üzrə gündən-günə inkişaf edir. Ölkəmizin davamlı inkişafının təmin olunmasında Respublika Prezidenti İlham Əliyevin böyük uzaqgörənliklə həyata keçirdiyi sosial-iqtisadi siyasət, o cümlədən bu siyasətin prioritet istiqamətlərindən olan iqtisadiyyatın şaxələndirilməsi həlledici rol oynayır. Şübhəsiz olaraq bütün bunlar dünyanın bir sıra nüfuzlu iqtisadi mərkəzləri tərəfindən də rəğbətlə qarşılanır və Azərbaycanın iqtisadi inkişafı yüksək qiymətləndirilir. İslahatların uğurla reallaşdırılması nəticəsində ölkəmizin dünyadakı nüfuzu durmadan artır, regionun siyasi, iqtisadi və mədəni mərkəzlərindən birinə çevrilir.
İqtisadiyyatın şaxələndirilməsi siyasətinin prioritet istiqamətlərindən biri də regionların inkişafı strategiyasının həyata keçirilməsidir. Bu baxımdan qəbul edilmiş "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” uğurla icra olunur və bu proqrama əsasən digər böyük layihələrin icrası qeyri-neft sektorunun davamlı inkişafına şərait yaradır. Həmçinin rayonların iqtisadi potensialının artmasına, infrastruktur təminatının, kommunal xidmətlərin keyfiyyətinin daha da yüksəlməsinə, əhalinin rifahının yaxşılaşmasına müsbət təsir göstərir. Bu baxımdan qeyri-neft sektorunun, xüsusilə də kənd təsərrüfatının inkişaf etdirilməsi olduqca böyük əhəmiyyət kəsb edir.
Bu sahədə həyata keçirilən məqsədyönlü islahatlar Qazax rayonunda da uğurla davam etdirilir. Belə ki, rayonumuz istər aparılan tikinti-quruculuq işlərinə, istərsə də kənd təsərrüfatı sahəsində qazanılan uğurların ildən-ilə artmasına görə bütün bölgələr arasında öncül yerlərdə dayanır. Bunu rayonda əkin sahələrinin ildən-ilə artmasından da aydın şəkildə görmək olar. Belə ki, 2016-cı ildə 16520,6 hektarda, 2017-ci ildə 18694,37 hektarda, 2018-ci ildə 20633 hektarda əkin aparılmışdır. 2016-cı illə 2017-ci ili müqayisə edərkən yaranan fərq 2173,77 hektar, 2017-ci illə 2018-ci ili müayisə etdikdə isə bu rəqəm 1938,63 hektar olmuşdur. 2019-cu ildə isə 21476,30 hektarda əkin işlərinin aparılması nəzərdə tutulmuşdur. Əgər 2019-cu ili 2018-ci illə müqayisə etsək görərik ki, 843,3 hektar artırılaraq ümumi əkin sahəsi 21476,30 hektara çatdırılmışdır.
İldən-ilə əkin sahələrinin genişləndirilməsinin, məhsuldarlığın artırılmasının başlıca səbəblərindən biri isə bitkilərin vaxtlı-vaxtında suvarma suyu ilə təmin olunmasıdır. Bu məqsədlə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun tapşırığına əsasən hər il suvarma arxları və kanalları təmir olunur, kol-kosdan və lildən təmizlənir.
2017-ci ildə 269,71 km arx və kanalların təmizlənməsi nəzərdə tutulduğu halda 274,78 km məsafədə təmizlənmə işi aparılmışdır. 2018-ci ildə də 261,19 km məsafəyə qarşı 302,44 km arx və kanallarda təmizlik işləri görülmüşdür. 2019-cu ildə də 266,58 km məsafədə arx və kanallarda təmizlik işlərinin aparılması nəzərdə tutulmuşdur. Bunun da 155,83 km-i əl əməyi, 110,75 km-i isə texnika vasitəsilə həyata keçirilməsi planlaşdırılır.
Lakin əvvəlki illərdə olduğu kimi, 2019-cu ildə də bu rəqəmin artacağı gözlənilir.
Payızlıq əkin sahələrinin vaxtında suvarılması, kəndlilərin suvarma suyu ilə yüksək səviyyədə təmin olunması məqsədilə suvarma arx və kanallarının təmizlənməsi bütün kəndlər üzrə uğurla davam etdirilir. Belə ki, bu gün ümumi rayon üzrə təmizlənməsi nəzərdə tutulan 266,58 km-in 47,75 km-i təmizlənib. Bunun da 24,26 km-i əl əməyi, 23,49 km-i isə texnika vasitəsilə həyata keçirilib.
Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov rayonun Xanlıqlar, Ağköynək, Kosalar, Yuxarı Salahlı, Birinci Şıxlı, İkinci Şıxlı və Canalı kəndlərində olub, arxlarda aparılan təmizlik işləri ilə yaxından maraqlanıb.
Xanlıqlar kəndində görülən işlərə baxış zamanı rayon rəhbərinə məlumat verilib ki, bu kənd üzrə 21,20 km məsafədə arx və kanallarda təmizlik işlərinin aparılması nəzərdə tutulub. Qeyd olunan məsafədən 10,90 km-i əl əməyi, 10,30 km-i isə texnika vasitəsilə təmizlənəcəkdir. Bu günə kimi isə 6,48 km arx təmizlənib ki, bunun da 4,90 km-i texnika vasitəsilə, 1,58 km-i isə əl əməyi ilə həyata keçirilib.
Ağköynək kəndində də arx və kanallarda aparılan təmizlik işlərinə böyük sürətlə start verilib. Təmizlənməsi nəzərdə tutulan 16,20 km məsafənin 7.00 km-i texnika, 9,20 km-i isə əl əməyi ilə görülür. Görülən işlərlə tanış olan rayon rəhbərinə bildirilib ki, 0,96 km-i texnika vasitəsilə, 1,80 km-i əl əməyi ilə olmaqla, artıq 2,76 km məsafə kol-kosdan, lildən təmizlənib.
Kosalar kəndi üzrə 24,80 km məsafədə arx və kanallarda təmizlik işlərinin aparılması nəzərdə tutulub. Qeyd olunan məsafədən 18,00 km-i əl əməyi, 6,80 km-i isə texnika vasitəsilə təmizlənir. Bu günə kimi isə 6,86 km arx təmizlənib ki, bunun da 4,69 km-i texnika vasitəsilə, 1,90 km-i isə əl əməyi ilə həyata keçirilib.
Rayon rəhbəri Yuxarı Salahlı kəndində görülən işlərlə də maraqlanıb. Tanışlıq zamanı qeyd olunub ki, kənd üzrə 26,60 km məsafədə arx və kanallarda təmizlik işlərinin aparılması nəzərdə tutulub. Bunun da 16,10 km-nin texnika, 8,50 km-nin isə əl əməyi ilə təmizləndiyi qeyd olunub. Artıq bu günə kimi qeyd olunan məsafədən 3,33 km təmizlənib ki, 0,88 km-i texnika, 2,45 km-i əl əməyi vasitəsilə aparılıb.
Birinci Şıxlı kəndində də arxlarda aparılan təmizlik işlərinin qızğın çağıdır. Kəndlilərin də yaxından iştirak etdiyi bu təmizlik işlərində əkin sahələrinin bol suvarma suyu ilə təmin olunması üçün indidən lazımi hazırlıq işləri görülür. Digər kəndlərdə olduğu kimi, bu kənddə də arxlar alaq otlardan, lildən təmizlənir. 8,40 km məsafədə təmizlik işlərinin aparılması nəzərdə tutulub. 6,20 km-i texnika, 2,20 km-i əl əməyi ilə olmaqla həyata keçirilən işlərə ilk gündən sürətlə start verilib. Bu günə kimi 1,40 km təmizlənib ki, bunun 0,10 km-i texnika, 1,30 km-i əl əməyi ilə həyata keçirilib.
İkinci Şıxlı kəndində arxlarda aparılan təmizlik işləri ilə tanışlıq zamanı icra başçısına məlumat verilib ki, ötən il olduğu kimi, bu il də işlərə böyük sürətlə start verilib. Qeyd edilib ki, kənd üzrə 11,60 km məsafədə arx və kanallarda təmizlik işlərinin aparılması nəzərdə tutulub. 5,10 km-in texnika, 6,50 km-in isə əl əməyi ilə təmizlənəcəyi çatdırılıb. Texnikanın işləyə bilmədiyi yerlərdə kənd sakinlərinin iştirakı ilə əl əməyinin gücündən istifadə edildiyi bildirilib. Bu günə kimi 7,02 km-in təmizləndiyi, 3,95 km-in texnika, 3,07 km-in əl əməyi ilə aparıldığı vurğulanıb.
Canalı kəndində də arx və kanalların vaxtında təmizlənməsi, payızlıq taxıl sahələrinin suvarılması üçün məqsədyönlü işlər görülür. Bu kənddə də 10,83 km məsafədə təmizlik işlərinin aparılması nəzərdə tutulub. 2,60 km-i texnika, 8,23 km-i əl əməyi ilə olmaqla həyata keçirilən işlərə ilk gündən sürətlə start verilib. Bu günə kimi 1,10 km təmizlənib ki, bunun 0,14 km-i texnika, 0,96 km-i əl əməyi ilə həyata keçirilib.
Kəndlərdə arxlarda görülən işlərlə tanış olan rayon rəhbəri işlərin daha da sürətləndirilməsini və təmizlik işlərinin keyfiyyətlə aparılmasını bildirib. Bəzi tapşırıq və tövsiyələrini verib. İşlərdə yaxından iştirak edən sadə kəndlilərlə söhbət aparıb, onların fikirlərini dinləyib.
Payızlıq əkin sahələrinin vaxtında suvarılması, kəndlilərin suvarma suyu ilə təmin olunması məqsədilə suvarma arx və kanallarının təmizlənməsini yüksək qiymətləndirən kəndlilər və təsərrüfatla məşğul olan insanlar görülən bu işlərə görə rayon rəhbərliyinə minnətdarlıq ediblər. İstər ötən il, istərsə də bu ilin yazında aparılan bu təmizlik işləri nəticəsində həm suyun ötürücülük gücünün artdığını, həm də su itkisinin qarşısının alındığını bildiriblər. Ümumilikdə, kənd təsərrüfatının su ilə təmin olunması istiqamətində rayon rəhbərliyinin təşəbbüsü ilə həyata keçirilən bu ümumrayon işini rayonda kənd təsərrüfatının inkişafı istiqamətində atılan ən uğurlu addım kimi qiymətləndiriblər.
Ağköynək-Xanlıqlar kəndi
Kosalar kəndi
Yuxarı Salahlı kəndi
Birinci Şıxlı kəndi
İkinci Şıxlı kəndi
Canalı kəndi
GOYEZEN.AZ
Facebook-da paylaş