Qazaxda “Ölkəmizi tanıyaq” tur-aksiya iştirakçıları ilə görüş keçirilib
Artıq beşinci ildir ki, ölkə
başçısı İlham Əliyevin tövsiyəsinə əsasən Prezident Administrasiyasının
təşkilatçılığı ilə 2014-cü il avqustun 1-dən şəhər və rayon icra hakimiyyətləri
tərəfindən IX-XI sinif şagirdləri üçün "Ölkəmizi tanıyaq” devizi altında
maarifləndirici tur-aksiyaların keçirilməsinə başlanılıb. Bu cür
tur-aksiyaların təşkil olunmasında əsas məqsəd ümummilli lider Heydər Əliyevin
qurub-yaratdığı müstəqil Azərbaycanın nailiyyətlərini, Prezident İlham Əliyevin
qətiyyəti və iradəsi ilə respublikamızın dinamik sosial-iqtisadi inkişafını,
gündən-günə abadlaşan şəhər və rayonlarımızın yeniləşən simasını tanıtmaqdır. Dövlət
başçısının təşəbbüsü ilə reallaşan, gənclərin və yeniyetmələrin vətənpərvərlik
tərbiyəsinin daha da yüksəldilməsində, dünyagörüşünün formalaşmasında bu cür tur-aksiyaların
təşkil olunması isə olduqca böyük əhəmiyyət kəsb edir. Məktəblilərin
həyatında mühüm rola mailk olan "Ölkəmizi tanıyaq” devizi altında keçirilən
maarifləndirici tur-aksiyaya yenidən start verilib. Belə ki, 14-17 noyabr
2018-ci il tarixlərində həyata keçiriləcək aksiyaya qazaxlı məktəblilər də
qoşulublar. 4 gün davam edəcək tur-aksiyada rayon məktəbliləri ölkəmizin cənub
bölgəsi olan Lənkəran-Masallı-Astara rayonlarının gəzməli, görməli,
səfalı yerləri, tarixi memarlıq abidələri, müasir tikililəri ilə tanış
olacaqlar. Hər il olduğu kimi, bu il
də "Ölkəmizi tanıyaq” tur-aksiyasında iştirak edəcək məkrəblilərlə görüş
keçirilib. Gənclər
Mərkəzində keçirilən görüşdə RİHB aparatının məsul işçiləri, hüquq-mühafizə
orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, RİHB-nin kənd İƏD
üzrə nümayəndələri, ziyalılar, kənd ağsaqqalları, təhsil işçiləri, işçi qrupunun
üzvləri, məktəb direktorları, məktəbdənkənar müəssisələrin rəhbərləri, Əməkdar
müəllimlər, bağça müdirləri, səhiyyə, mədəniyyət işçiləri, idmançılar, tur-aksiya
iştirakçıları, valideynlər və KİV nümayəndələri iştirak ediblər. Tədbirdə, əvvəlcə Qazax Rayon İcra Hakimiyyətinin təşkilatçılığı, eləcə
də rayon rəhbərinin təşəbbüsü ilə tur-aksiyada iştirak edəcək 40 nəfər məktəblinin,
qrup rəhbəri, və təhkim olunmuş digər şəxslərin səfər öncəsi "Rayonumuzu
tanıyaq” devizi altında Qazaxın gəzməli, görməli yerlərinə təşkil olunmuş turu
və məktəblilərin həmin yerlər haqqında fikirlərini əks etdirən videoçarx
nümayiş olunub. Qazax Rayon İcra Hakimiyyətinin başçısı tədbiri giriş sözü ilə açaraq
tur-aksiya iştirakçılarını salamlayıb, keçirilən tədbirin məqsəd və əhəmiyyətindən
söz açıb. Rayon rəhbəri qeyd edib ki, hər il olduğu kimi, builki tur-aksiyamız
da yaddaqalan oldu. Bu il istədik ki, daha fərqli yeniliklər edək. "Rayonumuzu
tanıyaq” devizi altında Qazaxın gəzməli, görməli yerlərinə təşkil olunmuş tur
ilk dəfə olması ilə yanaşı, məktəblilərin öz rayonları haqqında dolğun məlumatlar
əldə etməsində böyük əhəmiyyət kəsb etdi. Bu gün sevindirici haldır ki, ölkə
başçısının təşəbbüsü ilə reallaşan "Ölkəmizi tanıyaq” devizi altında təşkil
olunmuş tur-aksiyalar var və bu gələcəyimiz olan uşaqlarımızın, gənclərimizin,
yeniyetmələrimizin dünyagörüşünün formalaşmasına, biliklərinin artırılmasına
xidmət edir. Sonra icra başçısı Rəcəb Babaşov son illər respublikamızda, eləcə də
rayonumuzda görülmüş işlər, eyni zamanda "Ölkəmizi tanıyaq” layihəsi haqqında
geniş məruzə ilə çıxış edib. Qeyd edib
ki, artıq beş ildir ki, Respublika Prezidenti İlham
Əliyevin tövsiyəsinə əsasən Prezident Administrasiyasının təşkilatçılığı ilə
2014-cü il avqustun 1-dən şəhər və rayon icra hakimiyyətləri tərəfindən IX-XI
sinif şagirdləri üçün "Ölkəmizi tanıyaq” devizi altında maarifləndirici
tur-aksiyaların keçirilməsində əsas məqsəd gəncləri Azərbaycanın müxtəlif bölgələrinin
tarixi, mədəni irsi, adət-ənənələri, özünəməxsus xüsusiyyətləri ilə yaxından
tanış etmək, Heydər Əliyevin rəhbərliyi ilə müstəqillik illərində əldə olunan
nailiyyətlərin dərindən öyrənilməsinə nail olmaq, eyni zamanda, Prezident İlham
Əliyevin qətiyyəti və iradəsi ilə ölkəmizin hazırkı dinamik sosial-iqtisadi
inkişafını, gündən-günə abadlaşan şəhər və rayonlarımızın müasir simasını göstərməkdir. Aksiya çərçivəsində ölkə gəncləri ölkəmizin qədim tarixi, mədəniyyət abidələri
ilə tanış olur, bölgələrimizin müasir simasını əks etdirən Heydər Əliyev Mərkəzlərinə,
Bayraq Meydanları və Muzeylərinə, Gənclər Mərkəzlərinə, Rəsm Qalereyalarına,
Tarix-Diyarşünaslıq Muzeylərinə, istehsal və emal sənayelərinə baxış keçirir,
park və xiyabanları gəzərək, qoruq və göllərə ekskursiya edirlər. Bu gəzintilər ölkəmizin tarixini dərindən öyrənməklə
yanaşı, gənclərimizə Heydər Əliyevin siyasi irsi, ulu öndərin rəhbərliyi ilə
milli dövlət quruculuğu sahəsində əldə olunmuş misilsiz nailiyyətlərlə, Prezident
İlham Əliyevin həyata keçirdiyi dinamik sosial-iqtisadi inkişaf və böyük
quruculuq işləri ilə hər bir şəhər və rayonun nümunəsində tanış olmaq imkanı
yaradır. Rayon rəhbəri bildirib ki, ümummilli
lider Heydər Əliyev müstəqil Azərbaycan dövlətçiliyinin siyasi, iqtisadi əsaslarını
yaratmış, xalqın müstəqil və güclü dövlətə sahib olmaq arzusunu reallığa
çevirmişdir. Onun titanik əməyi, qətiyyəti, möhkəm siyasi iradəsi sayəsində
müasir Azərbaycan dövləti qurulmuş, ölkəmiz dünya məkanında öz layiqli yerini
tutmuşdur. Ulu öndərin vaxtilə söylədiyi "Heç kəsin şübhəsi olmasın ki,
ömrümün bundan sonrakı hissəsini harada olursa-olsun, yalnız və yalnız Azərbaycan
Respublikasının müstəqil dövlət kimi inkişaf etməsinə həsr edəcəyəm" kəlamı
bu gün də xalqımız tərəfindən qürurla xatırlanır.
Dahi şəxsiyyət, bütün həyatını xalqına və Azərbaycanın
müstəqil dövlət quruculuğuna həsr etmiş Heydər Əliyevin hakimiyyətə qayıdışı
xalqımızın itirilmiş inamını özünə qaytarmaqla, ölkənin yeni inkişaf dövrünün əsasını
qoydu. Xalqın iradəsi və təkidli tələbi ilə 1993-cü ildə siyasi hakimiyyətə
qayıdan ulu öndər Azərbaycanı xaos və böhrandan çıxardı, vətəndaş müharibəsinin
qarşısını aldı, atəşkəsə nail oldu. Bu gün tam əminliklə demək olar ki, əgər o
vaxt ölkədə baş verən hadisələrə ulu öndərin şəxsi müdaxiləsi olmasaydı, Azərbaycan
adlı bir dövlət dünya xəritəsində olmazdı. Ümummilli liderin rəhbərliyi ilə
qısa müddət ərzində ölkədə bazar iqtisadiyyatının formalaşması məqsədilə
qanunvericilik bazası yaradıldı, məqsədli dövlət proqramları qəbul edildi,
institusional islahatlar aparıldı, mülkiyyət münasibətlərində köklü dəyişikliklər
edilməsi üçün müvafiq addımlar atıldı. Heydər Əliyevin rəhbərliyi dövründə
iqtisadi sahələrin tənzimlənməsi ilə bağlı 70-dən artıq qanun qəbul edilmiş,
100-dən çox Fərman və Sərəncam imzalanmış, 30-a yaxın dövlət proqramı təsdiq
edilmişdir.
Azərbaycanın o zamankı məhdud
imkanlarını nəzərə alan Heydər Əliyev iqtisadiyyatda ciddi dönüşə nail olmaq
üçün respublikanın malik olduğu zəngin karbohidrogen ehtiyatlarından səmərəli
istifadəni vacib hesab etdi və Azərbaycanın qapılarını bütün dünyanın üzünə
açdı, bu sahədə yeni müqavilələrin imzalanmasını və ölkəyə investisiya
qoyuluşunu təşviq etdi. Heydər Əliyev ölkənin gələcək iqtisadi inkişafının məhz
özəl sektorla bağlı olduğunu vurğulayırdı: "Sahibkarlığın inkişaf etdirilməsi,
sərbəst iqtisadiyyata yol verilməsi, bazar iqtisadiyyatının yaradılması bizim
strateji yolumuzdur" demişdir. Ulu öndər Azərbaycanın davamlı inkişafı
baxımından regionların inkişafını və bölgələrdəki potensialdan səmərəli istifadəni
vacib hesab edirdi. Bu baxımdan, 1995-2003-cü illəri regionların sürətli
sosial-iqtisadi inkişafına hazırlıq mərhələsi kimi dəyərləndirmək yerinə düşərdi.
Həmçinin, ulu öndər Heydər Əliyev Qazax rayonuna da böyük diqqət yetirmiş və
onun 1971, 1979, 1998-ci il səfərlərindən sonra rayonun sosial-iqtisadi, kənd təsərrüfatı,
elm, səhiyyə, mədəniyyət, təhsil, tikinti-abadlıq və çoxmənzilli yaşayış
binalarının tikintisi sahəsində böyük nailiyyətlər qazanılmış və uğurlar əldə
olunmuşdur. Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyev qeyd edərək bildirmişdir ki, "Heydər Əliyev
bütün zamanlarda, bütün dövrlərdə Azərbaycan xalqına ləyaqətlə xidmət etmişdir.
Azərbaycanın müstəqilliyinin əbədi, dönməz olmasında, iqtisadi potensialının
möhkəmlənməsində, bölgədə və dünyada nüfuzunun artmasında onun müstəsna xidmətləri
vardır”. Ulu öndər Heydər Əliyev məktəbinin
layiqli davamçısı, onun strateji siyasətini və ideyalarını müvəffəqiyyətlə həyata
keçirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin elmə əsaslanan
iqtisadi siyasəti respublikanın sosial-iqtisadi inkişafı prosesində dinamizmi və
məqsədyönlülüyü təmin etmiş, qarşıda duran vəzifələrin həllinə real imkanlar
açmış, cəmiyyətin ümumi potensialının milli məqsədlər naminə səfərbər
olunmasına etibarlı zəmin formalaşdırmışdır.
Davamlı və dinamik inkişaf məntiqinə
əsaslanan bu siyasətin həyata keçirilməsi nəticəsində qazanılmış uğurlar daha
da möhkəmləndirilmiş, bu dövrdə makroiqtisadi sabitlik qorunub saxlanılmış, qeyri-neft
sahələrinin, regionların inkişafı sürətlənmiş, strateji valyuta ehtiyatlarının
səmərəli istifadəsi təmin olunmuşdur. Dövlət başçısının müvafiq Fərman və
Sərəncamları ilə Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı
ilə bağlı 2004-2013 illər ərzində 3 beşillik proqramlar həyata keçmişdi.
Hazırda 2014-2018-ci illər üçün "Regionların sosial-iqtisadi inkişafı Dövlət
Proqramı” uğurla icra olunur. Prezident İlham
Əliyevin 29 dekabr 2012-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan
2020: gələcəyə baxış" İnkişaf Konsepsiyası qarşıya qoyulmuş mühüm vəzifələrin
yerinə yetirilməsində mühüm rol oynayacaqdır. Bu İnkişaf Konsepsiyası
sosial-iqtisadi inkişafın keyfiyyətcə yeni mərhələsində Azərbaycanın gələcək
inkişaf perspektivlərini dərin elmi əsaslarla müəyyənləşdirən konseptual əhəmiyyətli
sənəddir. İcra başçısı vurğulayıb
ki, ölkəmizin
neft-qaz sektorunda çox əlamətdar hadisələr baş verib. Məlum olduğu kimi, "Azəri”,
"Çıraq”, "Günəşli” neft yataqlarının işlənməsi ilə bağlı neft müqaviləsinin
imzalanması həyata keçirilib. Bu müqavilə "Azəri”, "Çıraq”, "Günəşli” neft
yataqlarının uzun müddət işlədilməsini nəzərdə tutur. Burada əsas şərtlərdən
biri SOCAR neft şirkətinin pay faizinin artması ilə bağlıdır. Əgər SOCAR-ın
1994-cü ildə imzalanan müqavilədə payı 11,6% olubsa, hazırda bu rəqəm 25% təşkil
edəcək. Bundan əlavə, SOCAR-a 3,6 milyard dollar bonus veriləcək. Yəni müqavilə
imzalandıqdan sonra həmin şirkətlər dövlətə 3,6 milyard dollar ödəyəcəklər. Digər
tərəfdən bu layihə ilə əlaqədar Azərbaycana 40 milyard dollara yaxın
investisiya qoyulacaq. Bu da "Əsrin müqaviləsi”nin yenilənməsinin Azərbaycan
üçün nə qədər önəmli olduğunu göstərir. Dünya dövlətlərinin maraq
göstərdiyi "Cənub” qaz dəhlizi, TANAP, TAP layihələrinə tərəfdaşların
da sayı artmaqdadır. Bakıda "Cənub” qaz dəhlizi Məşvərət Şurası çərçivəsində
nazirlərin görüşündə Azərbaycan haqqında səslənən xoş məramlı sözlər ölkəmizə
verilən dəyər olmaqla ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi
neft strategiyasını davam etdirən Prezident İlham Əliyevin qətiyyət və
siyasi iradəsinin təsdiqi kimi hər bir ölkə vətəndaşını qürurlandırdı. "Cənub”
qaz dəhlizinin Avropa ölkələri üçün əhəmiyyətini qeyd edənlər Azərbaycanın
dünya neft bazarındakı rolunu da yüksək dəyərləndirdilər. Bundan başqa, 30 oktyabr 2017-ci il tarixində istifadəyə
verilmiş Bakı-Tbilisi-Qars dəmir yolu da ölkəmiz üçün tarixi və strateji əhəmiyyətli
layihədir. Avrasiya məkanı üçün yeni yüksəliş layihəsi
olan Bakı-Tbilisi-Qars dəmir yolu xətti qədim İpək Yolunun polad magistrallar
üzərində bərpasıdır. Bakı-Tbilisi-Qars dəmir
yolunun tikintisinə dair Saziş 2007-ci ildə Tbilisidə imzalanıb. Elə həmin ilin
noyabrında Gürcüstanın Marabda məntəqəsində dəmir yolu xəttinin təməli qoyulub.
2008-ci ilin iyulunda isə Qars şəhərində Qars-Gürcüstan sərhədi hissəsinin
tikintisinin təməlqoyma mərasimi keçirilib. Ümumi uzunluğu 846 kilometr olan
Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin 504 kilometrlik hissəsi Azərbaycanın ərazisinə
düşür. Dəmir yolu xəttinin 263 kilometri Gürcüstandan keçir. Yolun 79 kilometri
isə Türkiyə ərazisindədir. Bakı-Tbilisi-Qars dəmir
yolu Mərkəzi Asiya ölkələrinin - Türkmənistan, Qazaxıstan, Özbəkistan,
Qırğızıstan və Tacikistan, həmçinin Əfqanıstanın Avropa və dünya bazarlarına
çıxışını asanlaşdıracaq. Bakı-Tbilisi-Qars dəmir yolunun digər önəmli cəhəti isə
Azərbaycanın bu layihənin verdiyi imkanlardan istifadə edərək Türkiyə ilə
Gürcüstan ərazisindən birbaşa dəmir yolu əlaqəsi qurmasıdır. Bu dəmir yolu
regionda turizmin inkişafına da güclü təsir göstərəcək. Beləliklə, öz əhəmiyyətinə
görə qlobal səciyyə daşıyan Bakı-Tbilisi-Qars dəmir yolu iki qitəni polad relslərlə
birləşdirərək böyük sosial-iqtisadi səmərəyə zəmin yaradır. Ən əsası isə bu dəmir
yolunun işə düşməsi regionda sabitliyə, xalqlarımızın daha da yaxınlaşmasına və
iqtisadi inkişafa ən böyük töhfədir. Bu töhfənin təməlində Azərbaycan, Gürcüstan
və Türkiyənin sarsılmaz dostluğu və qardaşlığı dayanır. 14 may 2018-ci il tarixdə paytaxtın Qaradağ
rayonunun Ələt qəsəbəsində ölkə prezidenti cənab İlham Əliyevin iştirakı ilə
Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin açılışı olmuşdur. Kompleksin açılışında çıxış edən ölkə prezidenti həmin
günün ölkəmizin həyatında çox əlamətdar bir gün olduğunu vurğulamış və Bakı
Limanının ölkəmizin nəqliyyat potensialının möhkəmləndirilməsində önəmli rol
oynayacağını bildirmişdir. Rayon rəhbəri bildirib ki, Azərbaycanın müstəqillik tarixində daha bir əlamətdar
və uğurlu hadisəyə şahidlik etdik. Son 5 il ərzində "Azerspace-1"
telekommunikasiya peyki, "Azerskay" müşahidə peykindən sonra sayca
üçüncü peyk "Azərspace 2" orbitə çıxarıldı. Bu münasibətlə xalqımızı
təbrik edən Prezident İlham Əliyev bildirmişdir: "Ölkəmiz kosmik məkanda
mövqeyini daha da möhkəmləndirir. Artıq əminliklə demək olar ki, Azərbaycan
kosmik dövlətə çevrilib: "Azərspace 2”nin orbitə buraxılması ölkəmizin həyatında
çox əlamətdar bir gündür. Sentyabrın 26-sı "Azərspace 2" peykimiz
orbitə çıxarıldı. Cənab Prezident bütün Azərbaycan xalqını ürəkdən təbrik edərək,
bu ölkəmizin növbəti qələbəsidir, dövlətimizin növbəti uğurudur" - deyərək
öz dəyərini vermişdir. Birinci
vitse-prezident Mehriban xanım Əliyeva da dövlətin bu siyasətinin, humanist
missiyasının həyata vəsiqə almasında mühüm rol oynayır. Azərbaycanın Birinci
vitse-prezidenti Mehriban xanım Əliyeva özünəxas nəcib, humanist və insanpərvər
xarakterlə cəmiyyətdə mənəvi aşınma yaradan mənfi meyillərə qarşı barışmaz
mövqe tutur. Onun elm, təhsil, mədəniyyət və idman sahələrinin inkişafına
yönəlmiş fəaliyyəti, ölkədəki quruculuq proseslərində yaxından iştirakı ciddi
elmi əsaslara söykənir. Buna görə də Mehriban xanımın hərtərəfli fəaliyyəti
cəmiyyət tərəfindən yüksək qiymətləndirilir. Mehriban Əliyeva Birinci
vitse-prezident təyin olunana qədər bütün ictimai-siyasi fəaliyyəti boyu
humanitar, sosial sahələri daim diqqət mərkəzində saxlayıb. Mehriban xanım məhz
bu sahələrdə həyata keçirdiyi layihələr, gördüyü işlər sayəsində xalqın
etimadını, inamını, məhəbbətini qazanıb: "Mehriban xanım Heydər Əliyev
Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri kimi ümumilikdə
Azərbaycanda, həm də dünyanın müxtəlif ölkələrində çoxsaylı layihələrə, mühüm
işlərə imza atıb. Buna misal kimi, valideyn himayəsindən məhrum olan uşaqlara
dövlət qayğısının göstərilməsi, xəstələrin müalicəsi, əlilliyi olan şəxslərin
reabilitasiyası, uşaqlar üçün müalicə və istirahət pansionatlarının, məktəblərin,
uşaq bağçalarının, xəstəxana və poliklinikaların tikilməsini və s. yüzlərlə
belə faktları sadalamaq olar. Respublikamızın
hər yerində olduğu kimi, rayonumuzda da bütün sahələrlə yanaşı, azyaşlı
körpələrin sağlam, hərtərəfli və düzgün böyüməsi, tərbiyə olunması üçün yeni
uşaq bağçaları tikilir, əsaslı şəkildə yenidən qurulur, müasir inventar və
avadanlıqlarla təmin olunur. Qazax şəhərində 1 saylı körpələr evi-uşaq
bağçasının yeni binası, əsaslı təmir olunan şəhər 2 və 3 saylı körpələr
evi-uşaq bağçası, əsaslı şəkildə təmiri davam etdirilən 6 saylı körpələr
evi-uşaq bağçası, Daş Salahlı kəndində əsaslı şəkildə təmir olunan 2 və 3
saylı, Kosalar kənd 2, 3 saylı və
Xanlıqlar kənd körpələr evi uşaq bağçaları, Cəfərli kənd uşaq bağçası, İkinci
Şıxlı kənd 2 saylı körpələr evi-uşaq bağçası, Bala Cəfərli, Quşçu Ayrım və
Canalı kənd uşaq bağçaları körpə balaların sağlam şəraitdə böyümələri üçün
həyata keçirilən tədbirlərin əyani nümunəsidir. Bundan əlavə, rayonumuz
üçün önəmli hadisələrdən biri Qazax səhiyyəsinin inkişafına
təkan verəcək Qazax rayon Mərkəzi Xəstəxanasının yeni binasının tikintisinin
başa çatdırılmasıdır. Mehriban xanımın
təşəbbüsü ilə Azərbaycandan xaricdə də çoxsaylı humanitar aksiyalar həyata
keçirilib. Bu humanist missiya bütün dünyaya bəllidir və gözəl nümunədir. Bildiyiniz
kimi, gənclər hər bir ölkənin ictimai-siyasi, sosial-mədəni həyatında mühüm
rola malik bir qüvvədir. Təsadüfi deyil ki, bu gün həyata keçirilən dövlət
siyasətinin önəmli tərkib hissəsini məhz gənclər siyasəti təşkil edir. Dövlət
başçısı gəncləri aparıcı qüvvəyə çevirmək və onların sosial iqtisadi
problemlərinin həllini təmin etmək məqsədilə 2005-2009-cu illəri əhatə edən
"Azərbaycan gəncliyi Dövlət Proqramı”nı təsdiq etdi və bu proqram həyata
keçirildi. Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən 2007-ci ilin "Gənclər
ili” elan edilməsi, "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici
ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi, "Azərbaycan
gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramı” haqqında Sərəncamın imzalanması
Azərbaycanda gəncliyə diqqət və qayğının davamlı bir siyasət olduğunu bir daha
təsdiqlədi. Prezident
İlham Əliyev sosial cəhətdən qayğıya ehtiyacı olanların mənzil-məişət şəraitinin
yaxşılaşdırılmasını daim diqqət mərkəzində saxlayır. Son illərdə 100-ə yaxın qəsəbə
salınıb, 300 minə yaxın məcburi köçkün evlərlə və mənzillərlə təmin edilib. Bu
il Qaradağ rayonunun Qobu qəsəbəsində min mənzillik yeni köçkün qəsəbəsi
salınıb. İlin sonuna qədər isə 4 min köçkün ailəsi və təqribən 20 min insan
yeni mənzillərlə təmin ediləcək. Prezident
İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən davamlı və kompleks tədbirlər
makroiqtisadi sabitliyin daha da möhkəmlənməsinə, ölkənin dayanıqlı inkişafına,
əhalinin həyat səviyyəsinin yüksəlməsinə mühüm töhfələr verir. Digər tərəfdən,
bu siyasətin əsas mahiyyəti aztəminatlı əhali qruplarının dayanıqlı təminat
sistemini yaratmaq, bununla da, ölkə əhalisinin həyat şəraitinin uzunmüddətli
yaxşılaşdırılmasına nail olmaqdır. Son 15 ildə maaşların, pensiyaların, təqaüdlərin,
sosial müavinətlərin dəfələrlə artması və işsizlik probleminin getdikcə aradan
qaldırılması bunları bir daha təsdiqləyir. Bir sözlə, görünən odur ki, əhalisinin
sosial müdafiəsinin təmin edilməsi müstəqil Azərbaycan dövlətinin qarşısında
duran strateji vəzifələrdən biridir. Dövlət daim öz vətəndaşına qayğı ilə
yanaşır, onun rifahının yüksəldilməsini, sosial problemlərinin həllini vacib vəzifə
kimi görür və bu istiqamətdə məqsədyönlü siyasət həyata keçirir.
Bildiyimiz kimi, Azərbaycan
müharibə şəraitində olan bir ölkədir. Atəşkəs elan edilməsinə baxmayaraq Ermənistan
silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində atəşkəs
rejimini dəfələrlə pozurlar. Erməni təcavüzkarlarının növbəti atəşkəs rejimini
pozmaq cəhdi 2016-cı il aprel ayının 1-dən 2-nə keçən gecə baş verdi. Nəticədə
2 dinc sakin ölmüş, 10 nəfər yaralanmış, infrastruktur obyektləri zədələnmiş,
evlər dağıdılmış, əhalinin şəxsi təsərrüfatına və əmlakına xeyli ziyan dəymişdir.
Azərbaycan tərəfindən bu hücumun qarşısının alınması, mülki əhalinin təhlükəsizliyinin
qorunması məqsədilə Azərbaycan Silahlı Qüvvələrinin komandanlığı tərəfindən Ağdərə-Tərtər-Ağdam
və Xocavənd-Füzuli istiqamətində təxirəsalınmaz cavab tədbirləri həyata
keçirilmiş, Goranboy rayonuna və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış
kəndi ətrafındakı yüksəkliklər, Seysulan məntəqəsi və Füzuli rayonu istiqamətində
yerləşən "Lələtəpə” adlandırılan yüksəklik düşməndən azad edilmişdir. Bu döyüşlərdə
Qazax rayonunun üç igid oğlu Mühid Orucov, Elvin Namazov və Orxan Əliyev qəhrəmancasına
şəhid olmuşdur. Onların xatirəsinin əbədiləşdirilməsi məqsədilə Qazax şəhərinin
mərkəzində bulaq kompleksi tikilib istifadəyə verilmişdir. Azərbaycan Ordusunun
həyata keçirdiyi uğurlu əks-hücum hərbi əməliyyatı nəticəsində erməni
işğalından azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində insanların təhlükəsiz
yaşaması mümkün olmuşdur. Bununla da, tarixən burada yaşamış dinc əhalinin öz
doğma yurdlarına qayıtması üçün Azərbaycan Silahlı Qüvvələrinin tam nəzarətinə
keçmiş həmin ərazilərdə əsaslı yenidənqurma işlərinin başlanmasına şərait
yaranmışdır. Bu məqsədlə ölkə başçısı cənab İlham Əliyev 24 yanvar 2017-ci il
tarixində "İşğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası
ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalamışdır. Sərəncama əsasən Cəbrayıl
rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı görüləcək işlər çərçivəsində
birinci mərhələdə 50 fərdi yaşayış evinin, məktəb binasının və müvafiq
infrastrukturun tikintisi üçün Azərbaycan Respublikasının 2017-ci il dövlət
büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat
fondundan Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri
üzrə Dövlət Komitəsinə ilkin olaraq 4,0 (dörd) milyon manat ayrılmışdır. Tarixə
"Dördgünlük müharibə” adı ilə düşən aprel döyüşləri gənclərin hərbi vətənpərvərlik
ruhunu daha da yüksəltdi. Aprel döyüşlərində qazanılan qələbə xalqımızın orduya
olan inamını artırdı. Ermənilər Azərbaycan əsgərinin qarşısında diz çöküb məğlub
oldular. Bu gün əli silah tutan hər kəs vətən uğrunda döyüşməyə hazırdır. Son
döyüşlər bir daha göstərdi ki, ordumuzun potensialı böyükdür. Bu uğurlu döyüşlər
Silahlı Qüvvələrimizin gələcəkdə qazanacağı qələbələrin yalnız başlanğıc nöqtəsidir. Beş il ərzində ölkədə ildə
iki dəfə olmaqla 7 istiqamət üzrə (Bakı şəhəri, Naxçıvan MR, Gəncə-Şəmkir-Göygöl,
Şamaxı-İsmayıllı-Qəbələ-Şəki-Zaqatala, Quba-Qusar-Xaçmaz, Lənkəran-Masallı-Lerik-Astara,
Naftalan-Ağcabədi-Ağdam-Bərdə-Füzuli-Tərtər) 9 tur-aksiya təşkil edilmişdir.
Ölkəmizin bütün bölgələrinin əhatə olunduğu bu tur-aksiyalarda, ümumilikdə, 20
min 254 məktəbli iştirak etmişdir. 2014-cü
ilin sentyabr ayında səfər proqramına uyğun olaraq tur-aksiyada iştirak edən
Qazax rayonunun 38 nəfər məktəblilərindən ibarət heyət respublikanın Şimal-Qərb
rayonları istiqamətində, 2015-ci ilin mart ayının 15-dən XI sinifdə oxuyan təhsildə
xüsusi fərqlənən 5 nəfər məktəbli və 1 nəfər təhsil işçisi tur-aksiya zamanı
Naxçıvanda, 2015-ci ilin noyabr
ayının 16-da keçirilən aksiya çərçivəsində 35 şagird, 4 müəllim və 1 həkim Lənkəran-Lerik-Astara
rayonlarında, 2016-cı ilin 12-15 noyabr tarixində rayon üzrə 40 nəfər məktəbli,
4 nəfər təhsil işçisi və 1 nəfər həkim olmaqla, cəmi 45 nəfər nümayəndə Lənkəran-Astara-Masallı bölgəsində, 2017-ci
ilin mart ayında 40 nəfər məktəbli, 4 nəfər təhsil işçisi və 1 nəfər həkim
olmaqla, 45 nəfər nümayəndə Qəbələ-Şəki–Zaqatala istiqamətində, 2017-ci il
11-14 noyabrında 40 nəfər IX və XI sinif şagirdləri və 5 nəfər müşayiət üzvü Lənkəran-Masallı-Astara
rayonlarında və 2018-ci il 26-29 mart tarixlərində Qəbələ-Şəki-Zaqatala
rayonları üzrə növbəti tur-aksiyada iştirak etmiş və sadalanan rayonların hər
birinin sosial-iqtisadi vəziyyəti, turizmi və inkişafı ilə yaxından tanış
olmuşlar. Məlumat üçün
bildirim ki, 2017-ci ilin mart ayında keçirilən tur-aksiya çərçivəsində Azərbaycan
İntellektual Klublar Assosasiyasının təşkilatçılığı ilə məktəblilər üçün
layihənin bir hissəsi olan "Nə? Harada? Nə zaman?” başlığı altında intellektual
oyun təşkil olunmuşdur. Mübarizə şəraitində keçən oyunda 40-dan çox komanda
iştirak etmişdir. İntellektual oyunun nəticələrinə görə Qazax rayonunun məktəblilərindən
ibarət komanda 1-ci yerə layiq görülmüş və qələbə Kubokunu rayona gətirmişlər.
Səfərdən qayıdan məktəblilər Rayon İcra Hakimiyyətinin başçısı ilə görüşmüş,
onlar qiymətli hədiyyələrlə mükafatlandırılmışlar. Bu il noyabrın 14-17 və 18-21
tarixlərini əhatə edəcək növbəti 10-cu tur-aksiyada isə 4 istiqamət üzrə 76 şəhər
və rayondan ümumilikdə, 3190 nəfər iştirak edəcək. Bununla da, "Ölkəmizi
tanıyaq” tur-aksiyalarında iştirak edən məktəblilərin sayı respublika üzrə 23
444 nəfər olacaqdır.
Rayon Təhsil şöbəsinin müdiri
Nizaməddin Babanlı çıxış edərək ulu öndər Heydər Əliyevin təhsil sahəsinə göstərdiyi
diqqət və qayğıdan, müəllimlərə verdiyi dəyərdən söz açıb. Ümummilli liderin
layiqli davamçısı Prezident İlham Əliyevin ölkəmizdə təhsil sahəsinə olan qayğısından
danışaraq rayonumuzda dahi şair Səməd Vurğunun adını daşıyan 2 nömrəli tam orta
məktəbin əsaslı şəkildə yenidən qurulmasını, eləcə də, daha 3 kənd məktəbinin –
Kosalar, Qaymaqlı və Kəmərli məktəblərinin əsaslı şəkildə təmir olunmasının nəzərdə
tutulmasını bu qayğının əyani sübutu kimi qiymətləndirib. "Ölkəmizi tanıyaq”
tur-aksiyasında iştirak edəcək iştirakçılarla hər il olduğu kimi, bu dəfə də
yüksək səviyyədə görüşün keçirilməsinə görə rayon rəhbərliyinə çoxsaylı müəllim
heyəti adından dərin minnətdarlığını bildirib. Şəhər 1 nömrəli tam orta məktəbin
direktoru Bəsdi Ələkbərova, M.Hüseyn adına məktəb-liseyin direktoru Tahirə Comərdova,
Xanlıqlar kənd tam orta məktəbin biologiya müəllimi, Əməkdar müəllim Xatın
Hüseynxanova, veteran müəllim Cavanşir Rüstəmov, Çaylı kənd ağsaqqalı Qəzənfər
Qocayev tədbirdə söz alaraq bildiriblər ki, bu gün biz çox sevinirik ki, müəllimlər
və şagirdlər dövlət başçısı, rayon rəhbərliyi tərəfindən qayğı ilə əhatə olunub.
Bu gün gənc və yeniyetmələrə göstərilən yüksək qayğının nəticəsidir ki, onların
dünyagörüşünün formalaşması, intellektual səviyyələrinin yüksəlməsi, ən əsası
da respublikamızın bölgələrini yaxından tanımaları üçün geniş imkanlar
yaradılır. Bunun üçün belə yüksək səviyyədə tur-akisyalar təşkil olunur. Biz təhsil
işçiləri son iki il yarımdır ki, bir qayğının da şahidi oluruq. Təhsildə fərqlənən
istər müəllimlər, istər də şagirdlər daim Siz rayon rəhbərinin diqqətindədir. Bunu
mütəmadi olaraq keçirilən görüşlərdən də aydın şəkildə görmək olur. Necə ki,
tur-aksiya iştirakçıları ilə keçirilən bugünkü tədbir Qazaxın hər zaman
birincilər sırasında dayandığını bir daha sübut etdi. Valideynlərdən Rövşən Bayramlı və Dürdanə Bəkirova
çıxış edərək qeyd ediblər ki, bu gün ölkəmizdə təhsil sahəsinə olan diqqət və
qayğı ulu öndərin söylədiyi "Təhsil millətin gələcəyidir” kəlamı ilə başladı.
Bu gün biz valideynlər sevinirik ki, əsasını ümummilli liderin qoyduğu təhsil
siyasəti bu gün onun layiqli davamçısı Prezident İlham Əliyev, eləcə də Birinci
vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirilir. Rayon
rəhbərliyi tərəfindən təhsilə olan qayğı yüksək səviyyədədir. Məhz bu qayğının
nəticəsidir ki, builki qəbul imtahanlarının nəticələrinə görə rayonumuz
respublika məktəbləri arasında üçüncü yerdə dayanır. Bütün bunlar isə Qazaxın
ziyalılar yurdu olmasını bir daha sübut edir. Tur-aksiya iştirakçılarından Bala
Çaylı kənd tam orta məktəbin X sinif şagirdi Günay Quliyeva çıxışında qeyd edib
ki, mən Vətənimi çox sevirəm və fəxr edirəm ki, mən Azərbaycanlıyam. 2017-ci il
üzrə respublika fənn olimpiadasının iştirakçısı və birincilərin birincisi
nominasiyası üzrə qızıl medala sahib olduğunu qeyd edən məktəbli "Ölkəmizi
tanıyaq” layihəsinə və məktəblilər üçün yaradılan bu geniş imkanlara görə
Respublika Prezidenti İlham Əliyevə minnətdarlığını çatdırıb. Orta Salahlı kənd tam orta məktəbin
X sinif şagirdi Nəzirə Məmmədova da növbəti dəfə təşkil olunan tur-aksiya barədə
fikirlərini bölüşüb. "Rayonumuzu tanıyaq” devizi altında təşkil edilən
tur-aksiyanın onlar üçün olduqca maraqlı olduğunu bildirib və zəngin təəssüratlarla
ayrıldıqlarını qeyd edib. Rayon haqqında ətraflı məlumatlar əldə etmələrində,
Qazaxın tarixi abidələri, sosial obyektləri ilə yaxından tanış olmalarında
yaradılan şəraitə görə məktəbli yoldaşları adından rayon rəhbərliyinə təşəkkürlərini
bildirib. Qazax Rayon İcra Hakimiyyətinin
başçısı Rəcəb Babaşov tədbirə yekun vuraraq bildirib ki, əziz məktəblilər,
sonda demək istəyirəm ki, siz bu tur-aksiyada bir-birindən gözəl məkanlarda olacaqsınız, ölkəmizin cənub
bölgəsinin zəngin və çoxəsrlik tarixi, mədəniyyəti haqqında dolğun məlumat əldə
edəcəksiniz. Sizdən istəyim və tövsiyəm ondan ibarətdir ki, bu tur-aksiya zamanı əldə
edəcəyiniz məlumatları, turdan sonra sizi toplayacağım zaman rayonumuzla müqayisəli
şəkildə mənə bildirəsiniz. Ən əsası da siz bu turda məktəbli kimi iştirak etməklə
yanaşı, eyni zamanda bir qazaxlı kimi rayonumuzu da təmsil edirsiniz. Sizlər öz
davranışınızla elə nümunə olmalısınız ki, Qazaxın ziyalılar diyarı olduğunu bir
daha sübut edəsiniz. Bu tur-aksiyada sizlərin hər birinizə uğurlar və müvəffəqiyyətlər arzulayıram. GOYEZEN.AZ
Facebook-da paylaş