• Təqvim

  • Maraq



Ürkməzli kəndində sakinlərlə səyyar görüş keçirilib


Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun rəhbər kimi təyin olunduğu ilk gündən iş fəaliyyətinin əsasını təşkil edən amillərdən biri də kəndlərdə keçirilən səyyar görüşlərdir. Bunu son iki il yarım ərzində rayon rəhbərinin vətəndaş amilini ön planda tutmasından, mütəmadi olaraq kəndlərdə xalqın arasında olmasından, sakinlərin müraciətlərini dinləməsindən, qaldırılan hər bir məsələyə diqqət və qayğı ilə yanaşmasından aydın şəkildə görmək olar. Rayon rəhbərinin istər şəhər, istərsə də kənd sakinləri ilə keçirdiyi görüşlər demək olar ki, artıq bir ənənə halını alıb.

Bu gün icra başçısınınnövbəti səyyar görüşü rayonun Ürkməzli kəndində keçirilib. RİHB aparatının məsul şəxslərinin, aidiyyatı idarə, müəssisə və təşkilat rəhbərlərinin, kənd sakinlərinin iştirak etdiyi görüşdə kənddəki mövcud vəziyyətdən, sadə vətəndaşları narahat edən qayğılardan söz açılıb.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov görüşdə çıxış edərək kənd sakinlərini salamlayıb, keçirilən bugünkü görüşün əhəmiyyətindən danışıb.  

Rayon rəhbəri bildirib ki, cari ilin proqramına uyğun olaraq sizlərlə səyyar formada görüşürük. Bildiyiniz kimi, belə səyyar görüşlər keçirməyimin əsas məqsədi kənddəki mövcud olan real vəziyyəti öyrənmək, siz sakinləri narahat edən məsələləri öz dilinizdən eşitmək və həlli istiqamətində əməli işlər görməkdir. 

İcra başçısı bildirib ki, fəaliyyətə başladığım ilk gündən vətəndaş amilini, mövqeyini hər şeydən üstün tutmağa, hər zaman sizlərin arasında olmağa, siz sakinləri narahat edən qayğıları öz dilinizdən eşitməyə çalışmışam.

"Prezident İlham Əliyevin siyasətinin əsasında xalqa xidmət dayanır” - deyən icra başçısı bu gün dövlət başçısının siyasətinin prioritet istiqamətlərindən birini təşkil edən vətəndaş amilinin Qazax rayonunda hər zaman ön plana çəkildiyini vurğulayıb.

İcra başçısı bildirib ki, rayonumuzda elə bir sahə yoxdur ki, orada inkişaf, tərəqqi olmasın. 2016, 2017-ci illərdə görülən işləri müqayisə edən rayon rəhbəri bu il Qazaxda aparılan abadlıq və tikinti-quruculuq işlərinin daha geniş vüsət aldığını bildirib. "Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq görülən işləri, istifadəyə verilən sosial obyektləri, eləcə də yeni iş yerlərinin yaradılmasını, kənd təsərrüfatının inkişaf etməsini, tikinti-quruculuq işlərinin gündən-günə artmasını bu dediklərimizin əyani sübutu kimi qiymətləndirib.


Bildirib ki, rayonumuzda "Azərxalça” ASC tərəfindən xalça müəssisəsi tikilib ki, 150 nəfərin çalışması nəzərdə tutulub. Hazırda 105 nəfərin işlədiyini bildirən icra başçısı yeni iş yerlərinin açılması baxımından rayonumuzda xalça müəssisəsinin yaradılmasını yüksək dəyərləndirib. "Mətanət A” şirkəti tərəfindən inşa edilmiş Əhəng zavodunun istifadəyə tam hazır olduğunu çatdırıb. Hazırda İkinci Şıxlı kəndində "İnvestel GROUP” MMC tərəfindən tikilən Aqroparkda son tamamlanma işlərinin aparıldığını, "Gedik Carçı Qaynaq” LTD şirkəti tərəfindən inşa edilən Elektrod Zavodunda da işlərin yekunlaşdığını bildirib. 145 çarpaylıq rayon Mərkəzi Xəstəxanasında demək olar ki, əsas işlər görüldüyünü, son tamamlanma işləri aparıldığını qeyd edib.

Dövlət başçısı İlham Əliyevin Qazaxda çoxmənzilli binaların əsaslı şəkildə təmir olunması ilə bağlı imzaladığı 20 oktyabr 2016-cı il tarixli Sərəncamın son iki il yarım ərzində uğurla icra edildiyini bildirib. Rayon rəhbəri həmin Sərəncama əsasən ötən il 78 çoxmənzilli yaşayış binasının əsaslı şəkildə təmir olunaraq sakinlərin istifadəsinə verilməsini, bu il daha 83 ədəd çoxmənzilli yaşayış binalarının fasadında, bloklarında pilləkan qəfəslərində su-kanalizasiya, elektrik, rabitə və qaz xətlərində əsaslı təmir, rənglənmə və həyətlərində abadlıq işlərinin aparıldığını, 3 çoxmənzilli yaşayış binasının həyətində isə xeyir-şər evlərinin tikildiyini və təmir olunduğunu bildirib.

İcra başçısı Heydər Əliyev prospektində yerləşən 61A, 63, 65 nömrəli, "Hərbi şəhərcik” adlanan yaşayış massivində hərbçi ailələrinin yaşadığı 2,3,4,5,60, 64 saylı, Bakı küçəsi 2 ünvanında, "Göy bina” adlandırılan ərazidə yerləşən 2 bloklu, 5 mərtəbəli, Azadlıq küçəsi 206A ünvanında yerləşən 6 bloklu, 5 mərtəbəli, N.Nərimanov yaşayış massivində yerləşən 13,31,32,41,42,43,44,45,46,47,48 saylı, "Gillik” adlandırılan ərazidə, Ə.Şıxlinski küçəsində yerləşən 4 və 5 saylı beşmərtəbəli yaşayış binalarını rayonda təmir olunan binalara misal olaraq göstərib.

Rayon rəhbəri bildirib ki, ölkə başçısının respublikanın şəhər və rayonlarında çoxmənzilli binaların dam örtüklərinin təmiri ilə bağlı əlavə tədbirlər haqqında imzaladığı 4 oktyabr 2018-ci il tarixli Sərəncamı da bu istiqamətdə görülən işlərin uğurla davam etdirilməsi deməkdir. Bu gün şəhərin N.Nərimanov yaşayış massivində yerləşən 4 bloklu, 5 mərtəbəli, 1 saylı, Ə.Şıxlinski küçəsində yerləşən, keçmiş kənd təsərrüfatı texnikumunun yataqxanası olan, 37 ailənin yaşadığı "Oxumaq-oxumaq” adlanan binaların da əsaslı şəkildə təmir olunduğunu bildirib. Azadlıq küçəsi 92 ünvanında yerləşən 4 bloklu, 5 mərtəbəli, 36 ailənin, Bakı küçəsi 1 ünvanında yerləşən 3 bloklu, 5 mərtəbəli, 30 ailənin yaşadığı binaların isə dam örtüklərinin dəyişdirildiyini diqqətə çatdırıb. Artıq Bakı küçəsində bu işin başa çatdığını və Azadlıq küçəsində isə yekunlaşmaq üzrə olduğunu qeyd edib.

 

İcra başçısı görüş zamanı vurğulayıb ki, sürətlə davam etdirilən abadlıq işlərindən biri də rayonumuzda yol infrastrukturunun inkişaf etdirilməsi və bu istiqamətdə məqsədyönlü işlərin görülməsidir. Ölkə başçısı İlham Əliyevin avtomobil yollarının tikintisi ilə bağlı imzaladığı çoxsaylı Sərancamlara əsasən bölgələrimizdə, eləcə də rayonumuzda yeni asfalt yolların çəkilişi bir daha onu sübut edir ki, bu istiqamətdə görülən işlər bundan sonra da uğurla davam etdiriləcəkdir. Qeyd edib ki, bu inkişafı rayonun Qazaxbəyli-Orta Salahlı-Aşağı Salahlı, Yuxarı Salahlı-Kəmərli, Kosalar, Quşçu Ayrım, Canalı, Çaylı, Bala Çaylı, Hüseynbəyli, Cəfərli kəndlərinə yeni asfalt yolların çəkilməsindən aydın şəkildə görmək olar. Rayon rəhbəri bildirib ki, 2019-cu ildə çəkilməsi nəzərdə tutulan Dəmirçilər kənd yolunun yenidən qurulmasına başlanılması bölgələrimizdə yol infrastrukturunun uğurla davam etdirilməsi deməkdir. Bu gün sevindirici haldır ki, digər kəndlərdə olduğu kimi, Dəmirçilər kəndində də yeni asfalt yol çəkilir.

Rayonda azyaşlı körpələrə göstərilən diqqət və qayğıdan, onların sağlam, hərtərəfli və düzgün böyüməsi, təlim-tərbiyə olunması üçün yaradılan şəraitdən danışan rayon rəhbəri bildirib ki, bu gün tam əminliklə deyə bilərik ki, rayon üzrə 16 bağça müasir standartlara cavab verən səviyyəyə çatdırılıb. Şəhər bağçalarından - 1,2,3,4,5 saylı, kənd bağçalarından - Qazaxbəyli kəndi ərazisində məcburi köçkünlər üçün salınmış yeni qəsəbədə yerləşən Aşağı Əskipara, Daş Salahlı kənd 2 və 3 saylı, Kosalar kənd 2 və 3 saylı, Xanlıqlar kənd körpələr evi-uşaq bağçalarının, Cəfərli, Canalı, Quşçu Ayrım, Bala Cəfərli kənd uşaq bağçalarının, bu həftə açılışını etdiyimiz İkinci Şıxlı kənd 2 saylı körpələr evi-uşaq bağçasının yeni tikilmiş və yaxud da yüksək səviyyədə təmir olunan bağçalar sırasında olduğunu bildirib.

Şəhərdə yerləşən 6 saylı körpələr evi-uşaq bağçasının da əsaslı şəkildə yenidən qurulduğunu qeyd edən icra başçısı bu gün rayonda daha 8 bağçanın - İkinci Şıxlı kəndində 2, Aşağı Salahlı, Qazaxbəyli, Hüseynbəyli, Kosalar, Daş Salahlı, Dəmirçilər kəndlərinin hər birində 1 bağçanın təmir olunmasının nəzərdə tutulduğunu bildirib.

Qeyd edib ki, Çaylı kəndində bağçanın yaradılması üçün lazımi işlərin görülməsi nəzərdə tutulmuşdur. İcra başçısı Orta Salahlı, Yuxarı Salahlı kəndlərində olduğu kimi, bu kənddə də bağçanın olması üçün məqsədyönlü işlərin görüləcəyini bildirib.

Rayon rəhbəri bu gün Qazax rayonunda uşaqlara və bağçalara göstərilən diqqət və qayğının, istər bağçalardakı ərzaq təminatının, istərsə də yaradılan şəraitin ən yüksək səviyyədə olduğunu çatdırıb.

Dövlətin və dövlət başçısının təhsil sahəsinə göstərdiyi diqqət və qayğıdan danışan rayon rəhbəri qeyd edib ki, Respublika Prezidenti İlham Əliyevin məqsədyönlü fəaliyyətinin nəticəsidir ki, şəhərdə yerləşən S.Vurğun adına 2 saylı tam orta məktəb əsaslı şəkildə təmir olunur və yaxın vaxtlarda istifadəyə veriləcəkdir. Bundan əlavə, Kosalar kənd tam orta məktəbinin də əsaslı şəkildə təmir edilməsinin nəzərdə tutulduğunu qeyd edib.

Builki qəbul imtahanında qazanılan nailiyyətlərdən söz açan icra başçısı qeyd edib ki, 2017-2018-ci tədris ili rayonumuz üçün uğurlu olub. Belə ki, tədris ilində 676 nəfər məzundan 509 nəfər ali məktəbə qəbul imtahanlarında iştirak etmiş, onlardan 274 nəfər ali təhsil müəssisələrinə qəbul olmuşdur. Ümumilikdə rayon üzrə ötən ilin məzunları ilə birlikdə 651 nəfər qəbul imtahanlarında iştirak etmişdir ki, onlardan 329 nəfər ali təhsil müəssisəsinə qəbul olaraq tələbə adını qazanmışlar. Sevindirici haldır ki, ali təhsil müəssisələrinə qəbul olmuş tələbələrdən 49 nəfəri 500-dən, 19 nəfəri isə 600-dən yuxarı bal toplamışdır.

Qazax Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə rayon Təhsil şöbəsi tərəfindən yaradılmş işçi qrupunun fəaliyyətindən söz açan rayon rəhbəri builki qəbulun nəticələrinə müsbət təsir göstərdiyini qeyd edib.

Şəhid ailələrinə, Qarabağ Müharibəsi əlillərinə, veteranlarına göstərilən diqqət və qayğıdan danışan rayon rəhbəri bu gün 168 km məsafədə düşmənlə sərhəddi olan Qazax rayonunun da torpaqlarımızın ərazi bütövlüyü uğrunda 285 şəhid verdiyini, 7 igid oğlunun Azərbaycanın Milli Qəhrəmanı adına layiq görüldüyünü bildirib. Qəhrəman oğulların əziz xatirəsinin rayonda hər zaman uca zirvədə tutulduğunu, şəhidlərimizə və onların ailə üzvlərinə göstərilən qayğının həmişə yüksək səviyyədə olduğunu qeyd edib. Rayon rəhbəri kimi fəaliyyətə başladığı ilk gündən bu sahəyə xüsusi diqqət ayırdığını bildirib. Şəhidlərimizin uyuduğu qəbiristanlıqların, onların xatirəsinə ucaldılmış abidələrin, parkların, bulaqların, xiyabanların abadlaşdırılmasının, yenilənməsinin, əsaslı şəkildə təmir edilməsinin bunun bariz nümunəsi olduğunu diqqətə çatdırıb. Şəhərin mərkəzində şəhidlərimizin əziz xatirəsinə yaradılmış Şəhidlər Xiyabanının bütün şəhidlərimizə verilən ən yüksək qiymət olduğunu bildirib.

İcra başçısı rayonumuza gələn qonaqların fəxr yerimiz olan bu müqəddəs məkana baş çəkdiyini, igid oğullarımızın şəkli əks olunmuş lövhə önündən keçərək əziz xatirələrini ehtiramla yad etdiklərini qeyd edib. Rayonumuzda keçirilən tədbirlərin öncə bu müqəddəs məkanı ziyarətlə başlamasını, məktəblilərin mütəmadi olaraq xiyabanı ziyarət etməsini gələcək nəsillərin vətənpərvər ruhda tərbiyə olunmasında atılan uğurlu addım kimi qiymətləndirib və böyük rol oynadığını vurğulayıb.

Rayon rəhbəri kənd təsərrüfatı sahəsində qazanılmış uğurlardan söz açaraq bildirib ki, rayonda kənd təsərrüfatının inkişaf etdirilməsi, məhsuldarlığın artırılması istiqamətində görülən məqsədyönlü işlərin nəticəsidir ki, son iki il yarım ərzində əkin sahələrində xeyli sayda artım olmuşdur.

Əkin sahələrinin ildən-ilə genişləndirilməsindən söz açan rayon rəhbəri bildirib ki, 2016-cı ildə 16520,6 hektarda, 2017-ci ildə 18694,37 hektarda, 2018-ci ildə 20633 hektarda əkin aparılmışdır. 2016-cı illə 2017-ci ili müqayisə edərkən yaranan fərq 2173,77 hektar, 2017-ci illə 2018-ci ili müayisə etdikdə isə bu rəqəm 1938,63 hektar olmuşdur. 2019-cu ildə isə 21476,30 hektarda əkin işlərinin aparılması nəzərdə tutulmuşdur. Əgər 2019-cu ili 2018-ci illə müqayisə etsək görərik ki, 843,3 hektar artırılaraq ümumi əkin sahəsi 21476,30 hektara çatdırılmışdır.

İcra başçısı vurğulayıb ki, iqtisadi cəhətdən gəlirli sahə hesab olunan tütünçülüyün inkişafı üçün rayonda məqsədyönlü tədbirlər həyata keçirilir. Məhz bunun nəticəsidir ki, 2016-cı ildə cəmi 10 hektar sahədə tütün əkilmişdisə, ötən il bu rəqəmi 50 hektara çatdırıldı. Bütün aqrotexniki tədbirləri vaxtında həyata keçirən tütünçülər göstərilən sahədən 80 tondan çox məhsul götürdülər. Əldə etdikləri qazancdan razı qalan tütünçülər cari ildə əkin sahələrini daha 10 hektar artıraraq 60 hektara çatdırdılar. Bu məqsədlə rayonun Kosalar kəndində 32 ha, Qazaxbəyli kəndində 8 ha, İkinci Şıxlı və Çaylı kəndlərində 1 ha, Birinci Şıxlı, Aşağı Salahlı, Hüseynbəyli, Daş Salahlı, Alpout kəndlərinin hər birində 2 ha, Dəmirçilər kəndində 1,5 ha, Cəfərli kəndində 2,5 ha və Fərəhli kəndində 4 ha sahədə tütün əkilməsi bu sahənin artan templə inkişaf etdirilməsi deməkdir. Bildirilib ki, rayonda tütün dərimi uğurla davam etdirilir. Tütünçülər bu günə kimi 340 ton yaş tütün tədarük ediblər. Eyni zamanda, 15 tondan çox məhsulu isə "İlham-M” MMC-yə təhvil veriblər. Bundan əlavə, dərimin vaxtında və itkisiz başa çatdırılması üçün məhsulu sahələrdə hazırlanan xüsusi yerlərdə ipə düzərək qurudurlar. 2019-cu ildə də tütün sahələrinin genişləndirilərək 70 hektar əraziyə çatdırılması nəzərdə tutulmuşdur.

Qazax rayonunda kənd təsərrüfatının başqa sahələrində olduğu kimi, kartofçuluqda nümunəvi işlər görülür. Hər il təhlükəli zərərvericilərə qarşı vaxtında aparılan kimyəvi mübarizə tədbirləri nəticəsində fermerlər kartof əkilmiş sahələri genişləndirərək bol məhsul yetişdirirlər. 2016-cı ildə 433 hektarda kartof əkən sakinlər 2017-ci ildə bu sahəni 376,1 hektar artıraraq 809,10 hektara çatdırdılar. Kartof becərən sakinlər bu sahənin gəlirli olduğunu nəzərə alaraq bu il əkin sahələrini daha da genişləndiriblər. Bu il 1086,0 hektar sahədə kartof əkiblər. Bu da ötən illə müqayisədə 276,9 hektar çoxdur. 2019-cu ildə isə kartof sahələrinin 114 hektar artırılaraq 1200 hektara çatdırılması nəzərdə tutulmuşdur.

İcra başçısı bildirib ki, bu gün kənd təsərrüfatında əldə edilən bütün uğurlar onu göstərir ki, yaradılan hər bir şərait, göstərilən qayğı əhalinin maddi rifah halının yaxşılaşdırılmasına xidmət edir.

Kənddə işığın gərginliyində, qazın təzyiqində heç bir problemin olmadığını bildirən rayon rəhbəri əhaliyə yüksək səviyyədə xidmət göstərilməsi və qışa hazırlıqla bağlı əməli işlərin görülməsi üçün aidiyyəti təşkilatlara tapşırıq verildiyini qeyd edib. Ötən il kənddə arx və kanallarda təmizlik işlərinin aparıldığını bildirən rayon rəhbəri bu işin bu il də davam etdiriləcəyini vurğulayıb.

Kənd sakinlərindən II qrup Qarabağ müharibəsi əlili Nüsrət Musayev, Ürkməzli kənd tam orta məktəbin direktoru İlqar Miralayev, məktəbin tarix müəllimi Zakir Qurbanov, Azərbaycan dili və ədəbiyyat müəllimi İradə Qurbanova, sənətkarlıq evinin müdiri Gülsənəm Cəlilova, Asya Bəkirova, Bəhmən Mehralıyev, Minayə Süleymanova, Süleyman Rzayev, İlhamə Vələdova, Könül Osmanova və başqaları çıxış edərək respublikamızda, Qazax rayonunda, eləcə də kəndlərdə görülən genişmiqyaslı işlərə görə Respublika Prezidenti İlham Əliyevə bütün kənd sakinləri adından dərin minnətdarlıqlarını bildiriblər. Ötən iki il yarım ərzində Qazaxda həyata keçirilən abadlıq və quruculuq işlərini böyük sevinc hissi ilə qarşıladıqlarını bildiriblər. Rayonda bütün sahələrin uğurla inkişaf etdiyini bildirən sakinlər əsasını ümummilli lidərin qoyduğu dövlət siyasətinin bu gün onun layiqli davamçısı Respublika Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini qeyd ediblər. Rayon rəhbərinin fəaliyyətə başladığı gündən rayonda gördüyü işlərdən, göstərdiyi diqqət və qayğıdan söz açan sakinlər digər kəndlərdə olduğu kimi, Ürkəmzli kəndində də məqsədyönlü tədbirlərin həyata keçirildiyini qeyd ediblər. Ən əsası da kənddə uzun illərdən bəri yığılıb qalmış içməli su probleminin müsbət həll olunmasını yüksək qiymətləndirərək minnətdarlıqlarını çatdırıblar.

Onlarla mütəmadi olaraq keçirilən səyyar görüşləri yüksək qiymətləndirən kənd sakinləri minnətdarlıqla yanaşı, öz arzu və istəklərini çatdırıb, onları narahat edən bir sıra məsələlərdən də söz açıblar. Vətəndaşlar tərəfindən səsləndirilən ünvanlı sosial yardımın verilməsi, qaz xəttinin çəkilişi, qəzalı vəziyyətdə olan elektrik naqillərin dəyişdirilməsi, pay torpağının verilməsi və s. məsələlərlə bağlı müraciətləri dinləyən rayon rəhbəri qaldırılan hər bir məsələyə diqqətlə baxılacağını bildirib. Məsələlərə yerində baxış keçirilməsi, araşdırılması və nəzarətə götürülməsi barədə aidiyyəti üzrə tapşırıq verib.

İcra başçısı Rəcəb Babaşov görüşə yekun vuraraq bildirib ki, ölkə başçısı İlham Əliyevin siyasətinin təməlində xalqa xidmət dayanır. Biz də öz işlərimizi həmin təməl üzərində quraraq uğurla həyata keçiririk. Siz sakinlərlə keçirilən bugünkü səyyar görüş də bunun bariz nümunəsidir.

Səmimi söhbət əsasında keçən görüş başa çatdıqdan sonra rayon rəhbəri Dəmirçilər kəndində yolda görülən ilkin hazırlıq işləri ilə tanış olub, tapşırıq və tövsiyələrini verib.
















 

GOYEZEN.AZ

 



Facebook-da paylaş