• Təqvim

  • Maraq



Yuxarı Salahlı kəndində sakinlərlə səyyar görüş keçirilib


Son iki il yarımdır ki, Qazax rayonunda genişmiqyaslı tikinti-quruculuq işləri ilə yanaşı, vətəndaş amili də ön planda tutulur. Belə ki, Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov fəaliyyətə başladığı ilk gündən mütəmadi olaraq kəndlərdə olur, sakinlərin müraciətlərini dinləyir, qaldırılan hər bir məsələyə diqqət və qayğı ilə yanaşır. Rayon rəhbərinin istər şəhər, istərsə də kənd sakinləri ilə keçirdiyi görüşlər demək olar ki, artıq bir ənənə şəklini alıb.

İcra başçısınınnövbəti səyyar görüşü bu gün rayonun Yuxarı Salahlı kəndində keçirilib. Görüşdə RİHB aparatının məsul şəxsləri ilə yanaşı aidiyyatı idarə, müəssisə və təşkilatların rəhbərləri, kənd sakinləri də iştirak edib.

Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov görüşdə çıxış edərək kənd sakinlərini salamlayıb, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva başda olmaqla bütün Azərbaycan xalqını, kənd sakinlərini Milli Müstəqillik Gününün 27-ci ili münasibətilə təbrik edib, müstəqilliyimizin daimi və əbədi olmasını diləyib. 

Rayon rəhbəri bildirib ki, cari ilin proqramına uyğun olaraq səkkizinci dəfədir ki, sizlərlə səyyar formada görüşürük. Bildiyiniz kimi, belə səyyar görüşlər keçirməyimin əsas məqsədi kənddəki mövcud olan real vəziyyəti öyrənmək, siz sakinləri narahat edən məsələləri öz dilinizdən eşitmək və həlli istiqamətində əməli işlər görməkdir. 

 

"Prezident İlham Əliyevin siyasətinin əsasında xalqa xidmət dayanır” - deyən rayon rəhbəri bildirib ki, fəaliyyətə başladığım ilk gündən vətəndaş amilini, mövqeyini hər şeydən üstün tutmağa, hər zaman sizlərin arasında olmağa, siz sakinləri narahat edən problemləri öz dilinizdən eşitməyə çalışmışam. Bunu istər şəhərdə, istərsə də kəndlərdə mütəmadi olaraq keçirilən səyyar görüşlərdən də aydın şəkildə görmək olar.

İcra başçısı qeyd edib ki, bu gün dövlət başçısının siyasətinin prioritet istiqamətlərindən birini təşkil edən vətəndaş amili Qazax rayonunda hər zaman ön plana çəkilir. İş fəaliyyətimizin əsasını əhalini narahat edən məsələləri yerində öyrənmək, həlli istiqamətində mümkün olan nə varsa kömək etmək təşkil edir.

İcra başçısı bildirib ki, rayonumuzda elə bir sahə yoxdur ki, orada inkişaf, tərəqqi olmasın. Bu gün 2016, 2017-ci illərlə müqayisə etdikdə görürük ki, bu il Qazaxda abadlıq, quruculuq işləri daha geniş vüsət alıb. "Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq görülən işləri, istifadəyə verilən sosial obyektləri, eləcə də yeni iş yerlərinin yaradılmasını, kənd təsərrüfatının inkişaf etməsini, tikinti-quruculuq işlərinin gündən-günə artmasını bu dediklərimizin əyani sübutu olduğunu qeyd edib.

Bildirib ki, rayonumuzda "Azərxalça” ASC tərəfindən xalça müəssisəsi tikilib ki, 150 nəfərin çalışması nəzərdə tutulub. Hazırda 105 nəfərin işlədiyini bildirən icra başçısı yeni iş yerlərinin açılması baxımından rayonumuzda xalça müəssisəsinin yaradılmasını yüksək qiymətləndirib. "Mətanət A” şirkəti tərəfindən inşa edilmiş Əhəng zavodunun istifadəyə tam hazır olduğunu çatdırıb. Hazırda İkinci Şıxlı kəndində "İnvestel GROUP” MMC tərəfindən tikilən Aqroparkda son tamamlanma işlərinin aparıldığını, "Gedik Carçı Qaynaq” LTD şirkəti tərəfindən inşa edilən Elektrod Zavodunda da işlərin yekunlaşdığını bildirib. 145 çarpaylıq rayon Mərkəzi Xəstəxanasında demək olar ki, əsas işlər görüldüyünü, son tamamlanma işləri aparıldığını qeyd edib.

Rayon rəhbəri dövlət başçısı İlham Əliyevin Qazaxda çoxmənzilli binaların əsaslı şəkildə təmir olunması ilə bağlı imzaladığı 20 oktyabr 2016-cı il tarixli Sərəncamın son iki il yarım ərzində uğurla icra edildiyini bildirib. Rayon rəhbəri ötən il 78 çoxmənzilli yaşayış binasının əsaslı şəkildə təmir olunaraq sakinlərin istifadəsinə verilməsinin bunun əyani sübutu olduğunu qeyd edib. Bu il daha 83 ədəd çoxmənzilli yaşayış binalarının fasadında, bloklarında pilləkan qəfəslərində su-kanalizasiya, elektrik, rabitə və qaz xətlərində əsaslı təmir, rənglənmə və həyətlərində abadlıq işlərinin aparıldığını, 3 çoxmənzilli yaşayış binasının həyətində isə xeyir-şər evlərinin tikildiyini və təmir olunduğunu vurğulayıb.

İcra başçısı rayonda təmir olunan binalara Heydər Əliyev prospektində yerləşən 5 mərtəbəli, 3 bloklu, 37 mənzilli 61A nömrəli, 3 mərtəbəli, 2 bloklu, 18 mənzilli 63 nömrəli, 4 mərtəbəli, 4 bloklu, 36 mənzilli 65 nömrəli, "Hərbi şəhərcik” adlanan yaşayış massivində hərbçi ailələrinin yaşadığı 2,3,4,5,60 və 64 saylı, Bakı küçəsi 2 ünvanında, "Göy bina” adlandırılan ərazidə yerləşən 2 bloklu, 5 mərtəbəli, Azadlıq küçəsi 206A ünvanında yerləşən 6 bloklu, 5 mərtəbəli, N.Nərimanov yaşayış massivində yerləşən 13,31,32,41,42,43,44,45,46,47,48 saylı, "Gillik” adlandırılan ərazidə, Ə.Şıxlinski küçəsində yerləşən hər biri 4 blokdan, 50 mənzildən ibarət olan 4 və 5 saylı beşmərtəbəli yaşayış binalarını misal olaraq göstərib.


Rayon rəhbəri qeyd edib ki, dövlət başçısının respublikanın şəhər və rayonlarında çoxmənzilli binaların dam örtüklərinin təmiri ilə bağlı əlavə tədbirlər haqqında imzaladığı 4 oktyabr 2018-ci il tarixli Sərəncamı bu istiqamətdə görülən işlərin uğurla davam etdirilməsi deməkdir. Dövlət başçısının müvafiq Sərəncamına əsasən şəhərin N.Nərimanov yaşayış massivində yerləşən 4 bloklu, 5 mərtəbəli, 1 saylı, Ə.Şıxlinski küçəsində yerləşən, keçmiş kənd təsərrüfatı texnikumunun yataqxanası olan, 37 ailənin yaşadığı "Oxumaq-oxumaq” adlanan binaların da əsaslı şəkildə təmir olunduğunu bildirib. Azadlıq küçəsi 92 ünvanında yerləşən 4 bloklu, 5 mərtəbəli, 36 ailənin, Bakı küçəsi 1 ünvanında yerləşən 3 bloklu, 5 mərtəbəli, 30 ailənin yaşadığı binaların isə dam örtüklərinin dəyişdirildiyini diqqətə çatdırıb.

Rayonda azyaşlı körpələrə göstərilən diqqət və qayğıdan, onların sağlam, hərtərəfli və düzgün böyüməsi, təlim-tərbiyə olunması üçün yaradılan şəraitdən danışan rayon rəhbəri yeni inşa olunan və əsaslı təmir olunan bağçalardan söz açıb. Şəhər bağçalarından 1,2,3,4,5 saylı, kənd bağçalarından Qazaxbəyli kəndi ərazisində məcburi köçkünlər üçün salınmış yeni qəsəbədə yerləşən Aşağı Əskipara, Daş Salahlı kənd 2 və 3 saylı, Kosalar kənd 2 və 3 saylı, Xanlıqlar kənd körpələr evi-uşaq bağçalarının, Cəfərli, Canalı, Quşçu Ayrım və Bala Cəfərli kənd uşaq bağçalarının yeni tikilmiş və yaxud da yüksək səviyyədə təmir olunan bağçalar sırasında olduğunu bildirib. Bundan başqa, İkinci Şıxlı kənd 2 saylı və şəhər 6 saylı körpələr evi-uşaq bağçalarında da əsaslı şəkildə yenidənqurma işlərinin aparılmasını bu sahədə görülən işlərin daha bir nümunəsi kimi qiymətləndirib.


Rayon rəhbəri qeyd edib ki, bu gün rayonda daha 7 bağçanın - İkinci Şıxlı kəndində 2, Dəmirçilər, Qazaxbəyli, Hüseynbəyli, Kosalar, Daş Salahlı kəndlərinin hər birində bir bağçanın təmir olunmasına böyük ehtiyac vardır. Qeyd edib ki, Çaylı kəndində bağçanın yaradılması üçün lazımi işlərin görülməsi nəzərdə tutulmuşdur. İcra başçısı Orta Salahlı və Yuxarı Salahlı kəndlərində də bağçanın olması üçün bu istiqamətdə məqsədyönlü işlərin görüləcəyini bildirib.

Təhsil sahəsinə dövlət səviyyəsində göstərilən diqqət və qayğıdan danışan rayon rəhbəri qeyd edib ki, Respublika Prezidenti İlham Əliyevin məqsədyönlü fəaliyyətinin nəticəsidir ki, Qazax rayonunun S.Vurğun adına 2 saylı tam orta məktəbi əsaslı şəkildə təmir olunur və yaxın vaxtlarda istifadəyə veriləcəkdir.

Builki qəbul imtahanında qazanılan nailiyyətlərdən söz açan icra başçısı qeyd edib ki, 2017-2018-ci tədris ili üzrə qəbul olma faizi 54,15 oldu. Belə ki, tədris ilində 676 nəfər məzundan 509 nəfər ali məktəbə qəbul imtahanlarında iştirak etmiş, onlardan 274 nəfər ali təhsil müəssisələrinə qəbul olmuşdur. Ümumilikdə rayon üzrə ötən ilin məzunları ilə birlikdə 651 nəfər qəbul imtahanlarında iştirak etmişdir ki, onlardan 329 nəfər ali təhsil müəssisəsinə qəbul olaraq tələbə adını qazanmışlar. Sevindirici haldır ki, ali təhsil müəssisələrinə qəbul olmuş tələbələrdən 49 nəfəri 500-dən, 19 nəfəri isə 600-dən yuxarı bal toplamışdır.

Şəhid ailələrinə, Qarabağ Müharibəsi əlillərinə, veteranlarına göstərilən diqqət və qayğıdan danışan rayon rəhbəri bu gün 168 km məsafədə düşmənlə sərhəddi olan Qazax rayonunun da Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda 285 şəhid verdiyini, 7 nəfər igid oğlunun Azərbaycanın Milli Qəhrəmanı adına layiq görüldüyünü bildirib. Vətən fədailərinin əziz xatirəsinin rayonda hər zaman uca zirvədə tutulduğunu, şəhidlərimizə, onların ailə üzvlərinə olan qayğının həmişə yüksək səviyyədə olduğunu qeyd edən rayon rəhbəri fəaliyyətə başladığı ilk gündən bu sahəyə xüsusi diqqət ayırdığını bildirib. Şəhidlərimizin uyuduğu qəbiristanlıqların, onların xatirəsinə ucaldılmış abidələrin, parkların, bulaqların, xiyabanların abadlaşdırılmasının, yenilənməsinin, əsaslı şəkildə təmir edilməsinin bunun bariz nümunəsi olduğunu diqqətə çatdırıb. Şəhərin mərkəzində şəhidlərimizin əziz xatirəsinə yaradılmış Şəhidlər Xiyabanının bütün şəhidlərimizə verilən ən yüksək qiymət olduğunu bildirib.

İcra başçısı rayonumuza gələn qonaqların qürur yerimiz olan bu müqəddəs məkana baş çəkdiyini, memorial önünə tər çiçəklər düzdüyünü, igid oğullarımızın şəkli əks olunmuş lövhə önündən keçərək əziz xatirələrini ehtiramla yad etdiklərini qeyd edib. Rayonumuzda keçirilən tədbirlərin öncə bu müqəddəs məkanı ziyarətlə başladığını, məktəblilərin mütəmadi olaraq xiyabanda olduğunu, rayonunun şəhidləri haqqında ətraflı məlumatlar aldığını və gələcək nəsillərin vətənpərvər ruhda tərbiyə olunmasında bu cür ziyarətlərin böyük rol oynadığını vurğulayıb.

Rayon rəhbəri kənd təsərrüfatı sahəsində qazanılmış uğurlardan söz açaraq bildirib ki, rayonda kənd təsərrüfatının inkişaf etdirilməsi, məhsuldarlığın artırılması istiqamətində görülən məqsədyönlü işlərin nəticəsidir ki, son iki il yarım ərzində əkin sahələrində xeyli sayda artım olmuşdur.

Əkin sahələrinin ildən-ilə genişləndirilməsindən söz açan rayon rəhbəri bildirib ki, 2016-cı ildə 16520,6 hektarda, 2017-ci ildə 18694,37 hektarda, 2018-ci ildə 20633 hektarda əkin aparılmışdır. 2016-cı illə 2017-ci ili müqayisə edərkən yaranan fərq 2173,77 hektar, 2017-ci illə 2018-ci ili müayisə etdikdə isə bu rəqəm 1938,63 hektar olmuşdur. 2019-cu ildə isə 21476,30 hektarda əkin işlərinin aparılması nəzərdə tutulmuşdur. Əgər 2019-cu ili 2018-ci illə müqayisə etsək görərik ki, 843,3 hektar artırılaraq ümumi əkin sahəsi 21476,30 hektara çatdırılmışdır.

İcra başçısı vurğulayıb ki, iqtisadi cəhətdən gəlirli sahə hesab olunan tütünçülüyün inkişafı üçün rayonda məqsədyönlü tədbirlər həyata keçirilir. Məhz bunun nəticəsidir ki, 2016-cı ildə cəmi 10 hektar sahədə tütün əkilmişdisə, ötən il bu rəqəmi 50 hektara çatdırıldı. Bütün aqrotexniki tədbirləri vaxtında həyata keçirən tütünçülər göstərilən sahədən 80 tondan çox məhsul götürdülər. Əldə etdikləri qazancdan razı qalan tütünçülər cari ildə əkin sahələrini daha 10 hektar artıraraq 60 hektara çatdırdılar. Bu məqsədlə rayonun Kosalar kəndində 32 ha, Qazaxbəyli kəndində 8 ha, İkinci Şıxlı və Çaylı kəndlərində 1 ha, Birinci Şıxlı, Aşağı Salahlı, Hüseynbəyli, Daş Salahlı, Alpout kəndlərinin hər birində 2 ha, Dəmirçilər kəndində 1,5 ha, Cəfərli kəndində 2,5 ha və Fərəhli kəndində 4 ha sahədə tütün əkilməsi bu sahənin artan templə inkişaf etdirilməsi deməkdir. Bildirilib ki, rayonda tütün dərimi uğurla davam etdirilir. Tütünçülər bu günə kimi 203 ton yaş tütün tədarük ediblər. Eyni zamanda, 15 tondan çox məhsulu isə "İlham-M” MMC-yə təhvil veriblər. Bundan əlavə, dərimin vaxtında və itkisiz başa çatdırılması üçün məhsulu sahələrdə hazırlanan xüsusi yerlərdə ipə düzərək qurudurlar. 2019-cu ildə də tütün sahələrinin genişləndirilərək 70 hektar əraziyə çatdırılması nəzərdə tutulmuşdur.

Qazax rayonunda kənd təsərrüfatının başqa sahələrində olduğu kimi, kartofçuluqda nümunəvi işlər görülür. Hər il təhlükəli zərərvericilərə qarşı vaxtında aparılan kimyəvi mübarizə tədbirləri nəticəsində fermerlər kartof əkilmiş sahələri genişləndirərək bol məhsul yetişdirirlər. 2016-cı ildə 433 hektarda kartof əkən sakinlər 2017-ci ildə bu sahəni 376,1 hektar artıraraq 809,10 hektara çatdırdılar. Kartof becərən sakinlər bu sahənin gəlirli olduğunu nəzərə alaraq bu il əkin sahələrini daha da genişləndiriblər. Bu il 1086,0 hektar sahədə kartof əkiblər. Bu da ötən illə müqayisədə 276,9 hektar çoxdur. 2019-cu ildə isə kartof sahələrinin 114 hektar artırılaraq 1200 hektara çatdırılması nəzərdə tutulmuşdur.

İcra başçısı bildirib ki, bu gün kənd təsərrüfatında əldə edilən bütün uğurlar onu göstərir ki, yaradılan hər bir şərait, göstərilən qayğı əhalinin maddi rifah halının yaxşılaşdırılmasına xidmət edir.

Kənddə görülən işlərdən söz açan rayon rəhbəri Yaponiyanın Azərbaycandakı səfirliyinin və Qazax Rayon İcra Hakimiyyətinin birgə səyi nəticəsində Yuxarı Salahlı kəndində müasir tələblərə cavab verən 8 otaqdan ibarət həkim məntəqəsinin oktyabrın 1-də kənd sakinlərinin istifadəsinə verilməsini səhiyyə sahəsinə göstərilən diqqət və qayğı kimi qiymətləndirib. Bundan başqa, Xalq şairi Səməd Vurğunun poeziya evində əsaslı şəkildə təmir işlərinin aparılmasını bildirib.

Kənddə suvarma suyunda heç bir problemin olmadığını bildirən rayon rəhbəri ötən il kənddə içməli su ilə bağlı məqsədyönlü işlər görüldüyünü bildirib. Birinci Şıxlı, İkinci Şıxlı, Orta Salahlı və Aşağı Salahlı kəndlərində olduğu kimi, bu kənddə də Kür çayının kənarında sahilbərkitmə işlərinin aparılması üçün də rəsmi danışıqlar aparıldığını və aidiyyəti təşkilatlar qarşısında məsələ qaldırıldığını vurğulayıb. Mövcud vəziyyətin həll olunacağını, mümkün olan nə varsa, ediləcəyini bildirib. Ötən il kənddə arx və kanallarda təmizlik işlərinin aparıldığını bildirən rayon rəhbəri bu işin bu il də davam etdiriləcəyini qeyd edib.

Kənd sakinlərindən ağsaqqal Abdulla Məmmədov, təqaüddə olan müəllim Məmləkət Quliyeva, Elşən Vəliyev, Elnurə Salehova, Bəsti Şıxməmmədova, Taleh Şıxməmmədov, Xanlar Eyyubov, Humay İsmayılova, Şəlalə Salyayeva, Vəzir Eminov, Eldar Kalayev, Vaqif Kərimov, Arzu Əhmədova və başqaları çıxış edərək respublikamızda, Qazax rayonunda, eləcə də kəndlərdə görülən genişmiqyaslı işlərə görə Respublika Prezidenti İlham Əliyevə bütün kənd sakinləri adından dərin minnətdarlıqlarını bildiriblər. Ötən iki il yarım ərzində Qazaxda həyata keçirilən abadlıq və quruculuq işlərini böyük sevinc hissi ilə qarşıladıqlarını bildiriblər. Rayonda bütün sahələrin uğurla inkişaf etdiyini bildirən sakinlər əsasını ulu öndərin qoyduğu dövlət siyasətinin və inkişaf strategiyasının bu gün onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini qeyd ediblər.

Onlarla mütəmadi olaraq keçirilən səyyar görüşləri yüksək qiymətləndirən kənd sakinləri minnətdarlıqla yanaşı, öz arzu və istəklərini çatdırıb, onları narahat edən bir sıra məsələlərdən də söz açıblar. Vətəndaşlar tərəfindən səsləndirilən ünvanlı sosial yardımın təmin olunması, kəndin içindən keçən arxın düzəldilməsi, suötürücü arxların beton üzlüyə alınması, kəndarası yolun işıqlandırılması, kənd ərazisinə zibil qablarının qoyulması və s. məsələlərlə bağlı müraciətləri dinləyən rayon rəhbəri qaldırılan hər bir məsələyə diqqətlə baxılacağını bildirib. Məsələlərə yerində baxış keçirilməsi, araşdırılması və nəzarətə götürülməsi barədə aidiyyəti üzrə tapşırıq verib.

İcra başçısı Rəcəb Babaşov görüşə yekun vuraraq bildirib ki, ölkə başçısı İlham Əliyevin siyasətinin təməlində xalqa xidmət dayanır. Biz də öz işlərimizi həmin təməl üzərində quraraq uğurla həyata keçiririk. Siz sakinlərlə keçirilən bugünkü səyyar görüş də bunun bariz nümunəsidir.












GOYEZEN.AZ

 



Facebook-da paylaş