• Təqvim

  • Maraq



Sərhəddə yaşayan sakinlər hər cür qayğıya layiqdir


Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Prezident Administrasiyasının məsul işçisi Orxan Mürsəlovla birlikdə rayonun düşmənlə sərhəddə yerləşən Məzəm kəndində olublar.

Səmimi söhbət əsasında keçən görüşdə administrasiya nümayəndəsinə məlumat verilib ki, 25 ildən çoxdur ki, rayonun işğal altında olan kəndləri ilə yanaşı, 5 kəndi də daim erməni silahlı birləşmələrinin atəşi altındadır. Digər kənd sakinləri kimi Məzəmdə yaşayan sakinlər də düşmən tərəfindən elan olunmamış müharibənin ağrı-acılarını yaşayırlar. Münaqişə başlayan vaxtdan bəri 65 evdən ibarət olan bu kənd də 8 şəhid verib. Onlardan 4 hərbçi öz torpaqlarının müdafiəsi yolunda canından keçib. 4 nəfər kənd sakini isə düşmən gülləsinin qurbanı olub. 1 nəfər kənd sakini Mərfət Nəsibov Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. Kəndin sərhəddə yerləşməsi nəzərə alınaraq əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə bu günə kimi 57 evin qarşısına 2530 p/m uzunluğu və 3 metr hündürlüyü olan istinad divarları çəkilib. Bundan əlavə, vətəndaşların xahişini nəzərə alaraq daha 5 evin qarşısına 88 p/m uzunluğunda istinad divarının çəkilməsi nəzərdə tutulub.

Rayon rəhbərliyi ilə səmimi söhbət aparan şəhid anası Tamella Süleymanova şəhid ailələrinə, Qarabağ Müharibəsi əlillərinə, veteranlarına göstərilən diqqət və qayğıdan danışıb. Bu qayğıya görə ölkə başçısı İlham Əliyevə bütün şəhid ailələri adından minnətdarlığını bildirib. Vətən fədailərinin əziz xatirəsinin rayonda hər zaman uca zirvədə tutulduğunu, şəhidlərimizə, onların ailə üzvlərinə olan qayğının həmişə yüksək səviyyədə olduğunu qeyd edib. Rayon rəhbərinin fəaliyyətə başladığı ilk gündən şəhidlərimizin ailə üzvlərinə daim qayğı ilə yanaşmasını, şəhidlərimizin uyuduğu qəbiristanlıqların, onların xatirəsinə ucaldılmış abidələrin, parkların, bulaqların, xiyabanların abadlaşdırılmasını, yenilənməsini, əsaslı şəkildə təmir edilməsini, şəhərin mərkəzində şəhidlərimizin əziz xatirəsinə yaradılmış Şəhidlər Xiyabanının bütün şəhidlərimizə verilən ən yüksək qiymət olduğunu bildirib.

Kənd sakinlərindən Məmməd Əliyev, Süleyman Süleymanov və başqaları çıxış edərək bildiriblər ki, rəhbər kimi təyin olunduğunuz ilk gündən biz sakinlər sizin qayğınızı hiss edirik. Sizin mütəmadi olaraq səyyar görüşlər keçirməyiniz, hər bir sakinin qayğısı ilə öz qayğınız kimi yaxından maraqlanmağınız sakinlər tərəfindən həmişə yüksək qiymətləndirilir. Siz biz sadə kəndlilər üçün elə bir şərait yaratmısınız ki, ürək sözlərimizi, istəklərimizi çatdırmaqda çəkinmirik. Narahat edən məsələlərimizi söylədiyimiz andan etibarən siz onun həlli istiqamətində mümkün olan nə varsa edirsiniz. Bu gün kənddə qaz, işıq sarıdan heç bir problemimiz yoxdur. Hazırda kənddə SİP kabelləşmə işi aparılır. Kəndimizə yeni transformator qoyulacaq. Quşçu Ayrım kəndində isə SİP kabelləşmə yüksək səviyyədə başa çatıb. Bundan başqa, sizin sərhəddə yaşayan sakinlərin təhlükəsizliyinin təmin olunması üçün kənddə evlərin qarşısına istinad divarlarını çəkdirməyiniz biz sakinlərə olan diqqət və qayğının daha bir nümunəsidir. Bu gün həmin istinad divarları sayəsində 13 ailə öz doğma el-obasına qayıdıb və qayıtmaqda da davam edir. Bu gün hər bir məzəmli öz evində rahat şəkildə yaşaya bilirsə, bu, dövlətin və Prezidentin biz sadə vətəndaşlara göstərdiyi qayğı deməkdir. Biz sakinlər həmin diqqəti sizin kimi rəhbərin simasında 2 il 4 aydır ki, hiss edirik, əməli işlərinizdə görürük.

Sakinlər respublikamızda, xüsusilə də sərhəddə yerləşən kəndlərdə görülən genişmiqyaslı işlərə görə də Respublika Prezidenti İlham Əliyevə bütün kənd sakinləri adından dərin minnətdarlıqlarını bildiriblər. Ötən 2 il 4 ay ərzində Qazaxda həyata keçirilən abadlıq və quruculuq işlərini böyük sevinc hissi ilə qarşıladıqlarını çatdırıblar.  Minnətdarlıq dolu ürək sözlərini çatdıran kənd sakinləri öz doğma kəndlərini hər an müdafiə etməyə və Ali Baş Komandanın əmri ilə işğal altında olan torpaqlarımızı azad etməyə hazır olduqlarını bildiriblər.

İcra başçısı Rəcəb Babaşov qeyd edib ki, ölkə başçısı İlham Əliyevin siyasətinin təməlində xalqa xidmət dayanır. Biz də öz işlərimizi həmin təməl üzərində quraraq uğurla həyata keçiririk və bugünkü görüş də bunun bariz nümunəsidir.

Sonra istinad divarları çəkilmiş evlərə baxış keçirilib.

Evlərinin qarşısına istinad divarları çəkilmiş sakinlərdən İbrahim Məmmədov, Nadir Süleymanov, Məsim Qasımov, Misir Məmmədov və başqaları sərhəd kəndində yaşayan sakinlərə göstərilən diqqət və qayğıya, xüsusilə də istinad divarlarının çəkilməsinə görə ölkə başçısı İlham Əliyevə bütün kənd sakinləri adından dərin minnətdarlıqlarını bildiriblər. Onlara göstərdiyi səmimi münasibətə görə rayon rəhbərliyinə sonsuz təşəkkürlərini çatdırıblar.







GOYEZEN.AZ



Facebook-da paylaş