Qazaxda daha iki çoxmənzilli yaşayış binasının əsaslı təmiri başa çatıb
Respublika
Prezidenti İlham Əliyevin siyasətinin Qazax rayonunda olduğu kimi icra
olunmasının nəticəsidir ki, son 2 il 4 ayda abadlıq və quruculuq işləri geniş
vüsət alıb. Bunu rayonda inşa olunan sosial obyektlərin, uşaq bağçalarının, məktəblərin
tikilməsindən, yolların çəkilməsindən, bir sözlə, həyata keçirilən
genişmiqyaslı tikinti-quruculuq işlərindən də aydın şəkildə görmək olur. Günü-gündən
gözəlləşən Qazax rayonunda görülən işlərin siyahısında çoxmənzilli binaların əsaslı
şəkildə təmir olunmasına da böyük önəm verilir. Ölkə başçısının rayonda
çoxmənzilli binaların əsaslı şəkildə təmir olunması ilə bağlı imzaladığı 20
oktyabr 2016-cı il tarixli Sərəncamının uğurla icra edilməsi bunu söyləməyə əsas
verir. Bu məqsədlə ötən il rayonda 78 çoxmənzilli yaşayış binasının əsaslı şəkildə
təmir olunaraq sakinlərin istifadəsinə verilməsi, bu il isə daha 85 ədəd çoxmənzilli
yaşayış binalarında əsaslı təmir işlərinin aparılması bunun bariz nümunəsidir.
Rayon rəhbərliyinin tapşırığına əsasən nəzərdə tutulan həmin binalardan 74-nün
dam örtüyünün dəyişdirilməsi bu istiqamətdə görülən işlərin uğurla həyata
keçirilməsi deməkdir. Sevindirici
haldır ki, bu istiqamətdə görülən işlərə böyük sürətlə start verilib. Belə ki,
bu il təmiri nəzərdə tutulan həmin çoxmənzilli binalardan artıq 15-i tam
hazırdır. 26 iyun Silahlı Qüvvələr Günündə istifadəyə verilən "Hərbi şəhərcik”
adlanan yaşayış massivində hərbçi ailələrinin yaşadığı 2,3,4,5 saylı, bundan əlavə,
N.Nərimanov yaşayış massivində yerləşən 13,31,32,41,42,43,44,45,46,47,48 saylı
çoxmənzilli yaşayış binaları bunun əyani sübutudur. Məlumat
verdiyimiz kimi, şəhərdə "Gillik” adlandırılan ərazidə, Ə.Şıxlinski küçəsində
yerləşən 4 və 5 saylı beşmərtəbəli yaşayış binaları da əsaslı şəkildə təmir
olunurdu. Bu
gün 4 blokdan ibarət, hər biri 50 mənzilli olan həmin yaşayış binalarının əsaslı
təmirdən sonra açılış mərasimi olub. Binanın qarşısında keçirilən açılış
mərasimində binada yaşayan sakinlərlə yanaşı, aidiyyəti idarə, müəssisə və
təşkilat rəhbərləri də iştirak ediblər. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb
Babaşov açılış mərasimində iştirak etmək üçün "Gillik” adlandırılan əraziyə gəlib. Binada
yaşayan sakinlər və tədbir iştirakçıları rayon rəhbərini alqış sədaları altında
böyük hörmət və səmimiyyətlə qarşılayıblar. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb
Babaşov əvvəlcə əsaslı
şəkildə təmir olunan binalara baxış keçirib. Tədbir iştirakçıları binalarda
yaradılan şəraiti, aparılan təmir işlərini yüksək qiymətləndiriblər. Rayon rəhbəri çıxış edərək açılış mərasimi münasibətilə bina sakinlərini səmimi
qəlbdən təbrik edib, ən xoş arzularını çatdırıb. İcra başçısı bildirib ki, mən
aprel ayında görüş keçirən zaman sizlərə söz vermişdim ki, rayonumuzdakı digər
çoxmənzilli binalar kimi, bu binalar da əsaslı təmir olunacaqdır. Bu gün tam
əminliklə deyə bilərik ki, biz o vədimizə uğurla əməl etdik. Siz sakinlərin
istəyinə uyğun olaraq əsaslı, eyni zamanda da keyfiyyətli təmir işləri görüldü.
"Respublika Prezidentinin
siyasətinin əsasında xalqa xidmət dayanır” deyən icra başçısı bu istiqamətdə
atılan uğurlu addımlardan, həyata keçirilən məqsədyönlü tədbirlərdən də söz
açıb. "Regionların sosial-iqtisadi inkişafı
Dövlət Proqramı”na uyğun olaraq görülən işləri, istifadəyə verilən sosial
obyektləri, eləcə də yeni iş yerlərinin yaradılmasını, kənd təsərrüfatının
inkişaf etməsini, tikinti-quruculuq işlərinin geniş vüsət almasını bunun əyani
sübutu olduğunu qeyd edib. Rayon rəhbəri bildirib ki, bu gün Qazaxda
tikinti-quruculuq və abadlıq işləri geniş vüsət alıb. "Azərxalça” ASC
tərəfindən xalça müəssisəsi tikilib, "Mətanət A” şirkəti tərəfindən inşa
edilmiş Əhəng zavodu istifadəyə tam hazırdır. Hazırda İkinci Şıxlı kəndində
"İnvestel GROUP” MMC tərəfindən tikilən Aqroparkda son tamamlanma işləri
aparılır. "Carçıoğlu GROUP” MMC tərəfindən inşa edilən Elektrod Zavodunda
da işlər yekunlaşıb. 2017-ci ilin yanvarından tikintisinə başlanılan 145
çarpaylıq rayon Mərkəzi Xəstəxanasında demək olar ki, əsas işlər görülüb, son
tamamlanma işləri aparılır.
Rayonda azyaşlı körpələrə göstərilən diqqət və
qayğıdan danışan rayon rəhbəri onların sağlam, hərtərəfli və düzgün böyüməsi,
təlim-tərbiyə olunması üçün hər cür şərait yaradıldığını, bu sahədə məqsədyönlü
işlərin həyata keçirildiyini bildirib. Yeni uşaq bağçalarının tikilməsini,
əsaslı şəkildə təmir olunaraq yenidən qurulmasını, müasir inventar və
avadanlıqlarla təmin edilməsini bu sahədə atılan uğurlu addımlardan biri kimi
qiymətləndirib.
Qazaxbəyli kəndi ərazisində məcburi köçkünlər
üçün salınmış yeni qəsəbədə yerləşən Aşağı Əskipara kənd körpələr evi-uşaq
bağçasını, şəhər bağçalarından 1,2,3,4,5 saylı, kənd bağçalarından Daş Salahlı
kənd 2 və 3 saylı, Kosalar kənd 2 və 3 saylı, Xanlıqlar kənd körpələr evi-uşaq
bağçalarının, Cəfərli, Canalı, Quşçu Ayrım və Bala Cəfərli kənd uşaq
bağçalarının yeni tikilmiş və yaxud da yüksək səviyyədə təmir olunan bağçalar
sırasında olduğunu qeyd edib. Bundan başqa, İkinci Şıxlı kənd 2 saylı və şəhər
6 saylı körpələr evi-uşaq bağçalarında da əsaslı şəkildə yenidənqurma işlərinin
aparıldığını bu sahədə görülən işlərin uğurla davam etdirilməsinin bariz
nümunəsi olduğunu bildirib.
İcra başçısı Rəcəb Babaşov bildirib ki, ölkə
başçısı İlham Əliyevin siyasətinin təməlində xalqa xidmət dayanır. Biz də öz
işlərimizi həmin təməl üzərində quraraq uğurla həyata keçiririk. Rayonda
görülən hər bir iş, atılan uğurlu addım və qazanılan nailiyyət də həmin düzgün
təmələ söykənir.
4
saylı binada yaşayan sakinlərdən İlhamə Xuduyeva, Pərnisə Qədimova, İmamqulu
Carçıyev, 5 saylı binanın sakini Nailə Əliyeva, 24 mənzilli binada yaşayan
Qəndab Sadıqova səmimi ürək sözlərini çatdıraraq respublikamızda, eləcə də
Qazax rayonunda görülən genişmiqyaslı işlərə, xüsusilə də çoxmənzilli binaların
yüksək səviyyədə təmir olunmasına görə Respublika Prezidenti İlham Əliyevə,
Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova öz dərin minnətdarlıqlarını
bildiriblər. Ölkə başçısının imzaladığı Sərəncamın rayonda olduğu kimi icra
edilməsini yüksək qiymətləndiriblər. Dövlət başçısı tərəfindən hər zaman
qayğı ilə əhatə olunduqlarını və bu gün yüksək səviyyədə təmir olunmuş
çoxmənzilli binaların bu qayğının ən bariz nümunəsi olduğunu qeyd ediblər. Çıxış edənlər
bildiriblər ki, sizin hər görüşdə biz sakinlərin qayğıları ilə yaxından
maraqlanmağınız, qaldırılan hər bir məsələyə operativ şəkildə münasibət
bildirməyiniz bizi çox sevindirir və dövlətə, dövlət başçısına olan inamımızı
daha da artırır. Biz sakinlər 2 il 4 aydır ki, dövlət başçısının siyasətinin
əsasını təşkil edən vətəndaş amilinin Qazax rayonunda yüksəkdə tutulmasının
şahidi oluruq. Sizin bizim yaşadığımız binaları, eləcə də istəyimizi nəzərə
alıb hər iki binanın qarşısında yerləşən xeyir-şər evlərini də yüksək səviyyədə
əsaslı şəkildə təmir etdirməyiniz bu qayğının əyani təzahürüdür. Məlumat
üçün bildirək ki, hər iki binanın dam örtükləri yenilənib, bloklarda
divarlarda olan köhnə suvaqlar çapılaraq yenidən vurulub. Daxili fasadla
yanaşı, binanın xaricində də suvaq işləri aparılıb, göz oxşayan rənglərlə
boyanıb. Bundan əlavə, binaların giriş hissələrinə yeni dəmir qapılar qoyulub.
Elektrik və telefon xətləri səliqəyə salınıb. Binaların həyətində köhnə işıq
dirəkləri yenisi ilə əvəz olunub və SİP kabelləşmə işi aparılıb. GOYEZEN.AZ
Facebook-da paylaş