Məcburi köçkünlər üçün salınmış yeni qəsəbədə sakinlərlə səyyar görüş keçirilib
Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun Qazaxda son 2 il 4 ay ərzində istər şəhərdə, istərsə də kəndlərdə keçirdiyi səyyar görüşlər artıq bir ənənə şəklini alıb. Bunu icra başçısının rəhbər təyin olunduğu ilk gündən vətəndaş mövqeyini hər şeydən üstün tutmasından, hər zaman xalqın arasında olmasından, əhalini narahat edən problemləri onların dilindən eşitmək məqsədilə mütəmadi olaraq kəndlərdə səyyar görüşlər keçirməsindən aydın şəkildə görmək olar. Məhz keçirilən səyyar görüşlər zamanı mövcud çatışmazlıqların yerindəcə öyrənilərək həlli istiqamətində lazımi tapşırıqlar verilməsinin, yüksək diqqət və qayğı göstərilməsinin nəticəsidir ki, bu gün xalqla rayon rəhbərliyi arasında səmimi bir münasibət yaranıb.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov fəaliyyətə başladığı ilk gündən şəhid ailələrinə, Qarabağ müharibəsi veteranlarına, əlillərinə, eləcə də məcburi köçkün ailələrinə daim qayğı ilə yanaşıb. Onları narahat edən məsələləri yerindəcə öyrənib, qayğıları ilə maraqlanıb. Ölkə başçısının məcburi köçkün ailələri ilə bağlı həyata keçirdiyi dövlət siyasəti rayon rəhbəri tərəfindən hər zaman uğurla yerinə yetirilib. Rayon rəhbərinin işğal altında olan Bağanıs Ayrım, Xeyrımlı, Barxudarlı, Sofulu, Yuxarı Əskipara və Aşağı Əskipara kənd sakinlərinin məskunlaşdığı yeni qəsəbədə mütəmadi olaraq görüşlər keçirməsi, sakinlər tərəfindən qaldırılan hər bir məsələnin dərhal həll olunması bunu bir daha sübut edir.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov bu gün bu ilin proqramına uyğun olaraq 7-ci dəfə yeni salınmış qəsəbədə olub, orada məskunlaşmış məcburi köçkün ailələri ilə səyyar görüş keçirib.
Rayon rəhbəri görüşdə çıxış edərək qəsəbədə məskunlaşan kənd sakinlərini salamlayıb, ən səmimi ürək sözlərini çatdırıb. Qeyd edib ki, belə səyyar görüşlər keçirməyimin əsas məqsədi siz sakinləri narahat edən məsələləri öz dilinizdən eşitmək və həlli istiqamətində əməli işlər görməkdir.
İcra başçısı bildirib ki, bu gün 20 faizdən çox torpaqları erməni işğalçıları tərəfindən zəbt olunmuş, bir milyondan çox qaçqın və məcburi köçkünü olan Azərbaycanda ilk vaxtdan başlayaraq dövlət öz vətəndaşlarını bu ağır vəziyyətdən çıxarmaq üçün davamlı tədbirlər həyata keçirməyə başladı. Ulu öndər Heydər Əliyev hakimiyyəti dövründə qaçqınlara və məcburi köçkünlərə xüsusi qayğı ilə yanaşmış, dəfələrlə onların məskunlaşdığı çadır şəhərciklərində görüşlər keçirmişdir. Bu gün ulu öndərin siyasi kursunun layiqli davamçısı, ölkə başçısı İlham Əliyev də problemin həllini hər an diqqət mərkəzində saxlamış, çadır şəhərcikləri ləğv olunmuş, müxtəlif bölgələrdə məcburi köçkünlər üçün yeni, müasir tipli qəsəbələr inşa olunmuşdur.
Rayon rəhbəri "Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Prezident İlham Əliyevin 1 iyul 2004-cü il tarixli Sərəncamının bu sahədə görülən məqədyönlü tədbirlərdən biri olduğunu qeyd edib. Həmin sərəncamla bütün bölgələrimizdə məskunlaşmış məcburi köçkün ailələri üçün saysız-hesabsız yeni qəsəbələrin salındığını, onların həyat şəraitlərinin mütəmadi olaraq yaxşılaşdırıldığını vurğulayıb.
Qeyd edib ki, Ermənistanla 168 km sərhəddi olan və 7 kəndi hələ də düşmən tapdağı altında olan Qazax rayonunun sakinləri də düşmən tərəfindən elan olunmamış müharibənin ağrı-acılarını yaşayırlar. Bu gün rayonun 5 kəndi daim erməni silahlı birləşmələrinin atəşi altındadır. Torpaqlarımızın müdafiəsi zamanı Qazax rayonu 285 şəhid verib.
Bu gün respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda da məcburi köçkün ailələrinin dövlətin və dövlət başçısının qayğısını hər zaman hiss etdiklərini bildirib. Rayonun işğal altında olan kəndlərinin sakinlərinin də Respublika Prezidentinin diqqət və qayğısı ilə tam əhatə olunduqlarını çatdırıb. Rayonun Qazaxbəyli kəndində 304 məcburi köçkün ailəsi üçün salınmış və bütün infrastukturlarla tam təmin olunmuş yeni qəsəbədə yaradılan yüksək şəraiti sakinlərə olan diqqət və qayğının əyani təzahürü kimi qiymətləndirib.
İcra başçısı Rəcəb Babaşov qeyd edib ki, əlavə olaraq 300-ə yaxın ailənin məskunlaşacağı yeni 8 binanın tikilməsi də dövlət tərəfindən məcburi köçkün ailələrinə göstərilən diqqət və qayğının əyani sübutudur. Eyni zamanda, əlavə olaraq məktəb, bağça, dükan, bərbər və bir sıra infrastrukturlar yaradılacaq ki, bu, əlavə iş yerlərinin olması deməkdir.
Rayon rəhbəri bildirib ki, ölkə başçısının hər dəfə çıxışları zamanı söylədiyi "Xalqa xidmət göstərilməlidir” cümləsi bu gün dövlətimizin siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir. Prezident İlham Əliyevin siyasətinin əsasını təşkil edən vətəndaş amilinin Qazax rayonunda olduğu kimi icra edildiyini vurğulayan icra başçısı bildirib ki, rayonumuzda elə bir sahə yoxdur ki, orada inkişaf, tərəqqi olmasın. "Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq görülən işləri, istifadəyə verilən sosial obyektləri, eləcə də yeni iş yerlərinin yaradılmasını, kənd təsərrüfatının inkişaf etməsini, tikinti-quruculuq işlərinin geniş vüsət almasını bunun əyani sübutu olduğunu qeyd edib.
Rayon rəhbəri bildirib ki, bu gün Qazaxda tikinti-quruculuq və abadlıq işləri geniş vüsət alıb. "Azərxalça” ASC tərəfindən xalça müəssisəsi tikilib, "Mətanət A” şirkəti tərəfindən inşa edilmiş Əhəng zavodu istifadəyə tam hazırdır. Hazırda İkinci Şıxlı kəndində "İnvestel GROUP” MMC tərəfindən tikilən Aqroparkda son tamamlanma işləri aparılır. "Gedik Carçı Qaynaq” LTD şirkəti tərəfindən inşa edilən Elektrod Zavodunda da işlər yekunlaşıb, avadanlıqların quraşdırılması işləri aparılır. 2017-ci ilin yanvarından tikintisinə başlanılan 145 çarpaylıq rayon Mərkəzi Xəstəxanasında demək olar ki, əsas işlər görülüb, son tamamlanma işləri aparılır.
İcra başçısı görüş zamanı vurğulayıb ki, sürətlə davam etdirilən abadlıq işlərindən biri də rayonumuzda yol infrastrukturunun inkişaf etdirilməsi və bu istiqamətdə məqsədyönlü tədbirlərin həyata keçirilməsidir. Qeyd edib ki, bu inkişafı rayonun Kosalar, Canalı, Çaylı, Bala Çaylı, Hüseynbəyli, Cəfərli kəndlərinə yeni asfalt yolların çəkilməsindən aydın şəkildə görmək olar. Ölkə başçısı İlham Əliyevin avtomobil yollarının tikintisi ilə bağlı imzaladığı çoxsaylı Sərancamlar bir daha onu sübut edir ki, bölgələrimizdə, eləcə də rayonumuzda yeni asfalt yolların çəkilişi bundan sonra da uğurla davam etdiriləcəkdir.
Təhsil sahəsində qazanılan uğurlardan danışan rayon rəhbəri bu il də məzunların ali məktəblərə qəbul faizinin artdığını, 2017-2018-ci tədris ili üzrə qəbul olma faizinin 54,15 olduğunu bildirib. Qeyd edib ki, tədris ilində 676 nəfər məzundan 509 nəfər ali məktəbə qəbul imtahanlarında iştirak etmiş, onlardan 274 nəfər ali təhsil müəssisələrinə qəbul olmuşdur. Ümumilikdə rayon üzrə ötən ilin məzunları ilə birlikdə 651 nəfər qəbul imtahanlarında iştirak etmişdir ki, onlardan 329 nəfəri ali təhsil müəssisəsinə qəbul olaraq tələbə adını qazanmışlar. Sevindirici haldır ki, ali təhsil müəssisələrinə qəbul olmuş tələbələrdən 49 nəfəri 500-dən, 19 nəfəri isə 600-dən yuxarı bal toplamışdır. Bu il Aşağı Əskipara kənd tam orta məktəbindən 8 nəfər məzun qəbul imtahanında iştirak etmişdir ki, onlardan 5 nəfəri ali, 2 nəfəri isə orta ixtisas məktəbinə daxil olmuşdur. Rayon rəhbəri kənd təsərrüfatı sahəsində qazanılmış uğurlardan söz açaraq bildirib ki, rayonda kənd təsərrüfatının inkişaf etdirilməsi, məhsuldarlığın artırılması istiqamətində görülən məqsədyönlü işlərin nəticəsidir ki, son 2 il 4 ay ərzində əkin sahələrində xeyli sayda artım olmuşdur. Əkin sahələrinin ildən-ilə genişləndirilməsindən söz açan rayon rəhbəri bildirib ki, 2016-cı ildə 16520,6 hektarda, 2017-ci ildə 18694,37 hektarda, 2018-ci ildə 20633 hektarda əkin aparılmışdır. 2016-cı illə 2017-ci ili müqayisə edərkən yaranan fərq 2173,77 hektar, 2017-ci illə 2018-ci ili müayisə etdikdə isə bu rəqəm 1938,63 hektar olmuşdur. 2019-cu ildə isə 21476,30 hektarda əkin işlərinin aparılması nəzərdə tutulmuşdur. Əgər 2019-cu ili 2018-ci illə müqayisə etsək görərik ki, 843,3 hektar artırılaraq ümumi əkin sahəsi 21476,30 hektara çatdırılmışdır.
İcra başçısı bildirib ki, bu gün kənd təsərrüfatında əldə edilən bütün uğurlar onu göstərir ki, yaradılan hər bir şərait, göstərilən qayğı əhalinin maddi rifah halının yaxşılaşdırılmasına xidmət edir. Hər şeyin kökündə vətəndaş amili dayanır.
Bağanıs Ayrım kənd sakini, ağsaqqal Şəmil Adıgözəlov, Yuxarı Əskipara kənd sakini Nüsrəddin Hacıyev, Aşağı Əskipara kənd sakini Sevinc Alməmmədova, Aşağı Əskipara kənd körpələr evi-uaq bağçasının müdiri Şəfiqə Mustafayeva çıxış edərək ürək sözlərini bildiriblər. Qeyd ediblər ki, sizin hər dəfə biz məcburi köçkünlərlə görüşməyiniz bizi çox sevindirir. Biz sizə rayon rəhbəri kimi deyil, bir ailə başçısı kimi müraciət edirik. Çünki siz bu qəsəbənin daimi sakinisiniz. Bu gün biz Prezidentimiz İlham Əliyev tərəfindən hər cür diqqət və qayğı ilə əhatə olunmuşuq. Bizim üçün salınmış bu qəsəbədə yüksək şərait yaradılıb. İşğal altında olan kəndlərimizin dondurulmuş işçi yerləri rayon rəhbərinin qayğısı sayəsində bərpa olundu və həmin işçilər bu gün qəsəbədəki tibb məntəqəsində çalışırlar. Bu, biz məcburi köçkünlərə göstərilən diqqət və qayğının daha bir nümunəsidir. Eyni zamanda, rayonda vətəndaş amilinin həmişə ön planda olması deməkdir. Bundan əlavə, qəsəbədə xeyir və şər mərasimlərinin keçirilməsi üçün 360 nəfərlik mağar quraşdırılması, oradakı avadanlıqların yığılması üçün xüsusi yerin ayrılması, qəsəbənin işıqlandırılması, istər bağçada, istərsə də məktəbdə gələcəyimiz olan uşaqlara hər cür şərait yaradılması biz sakinlərə göstərilən diqqət və qayğı deməkdir.
Şəhid ailələrinə, Qarabağ Müharibəsi əlillərinə, veteranlarına göstərilən diqqət və qayğıdan danışan sakinlər Vətən fədailərinin əziz xatirəsinin rayonda hər zaman uca zirvədə tutulduğunu, Vətən sevgisinin, vətənpərvərlik duyğusunun, şəhidlərimizə, onların ailə üzvlərinə olan qayğının həmişə yüksək səviyyədə olduğunu qeyd ediblər. Rayon rəhbərinin fəaliyyətə başladığı ilk gündən bu sahəyə xüsusi diqqət ayırdığını şəhidlərimizin ailə üzvlərinə daim qayğı ilə yanaşıldığını, şəhidlərimizin uyuduğu qəbiristanlıqların, onların xatirəsinə ucaldılmış abidələrin, parkların, bulaqların, xiyabanların abadlaşdırılmasını, yenilənməsini, əsaslı şəkildə təmir edilməsini bunun bariz nümunəsi olduğunu çatdırıblar. Şəhərin mərkəzində şəhidlərimizin əziz xatirəsinə yaradılmış Şəhidlər Xiyabanının bütün şəhidlərimizə verilən ən yüksək qiymət olduğunu bildiriblər.
Çıxış edənlər qeyd ediblər ki, dövlətimiz tərəfindən bizlərə, eləcə də sərhəd bölgəsində yaşayan sakinlərə göstərilən bu qayğı bizi bir daha əmin edir ki, Ali Baş Komandan İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində tezliklə işğal olunmuş torpaqlarımız azad ediləcək və biz öz ata-baba yurdumuza qayıdacağıq.
Rayon rəhbərliyi tərəfindən daim diqqət və qayğı ilə əhatə olunduqlarını qeyd edən məcburi köçkünlər yaradılan şəraitə, göstərilən diqqətə görə Prezident İlham Əliyevə və rayon rəhbərliyinə bütün məcburi köçkün ailələri adından minnətdarlıqlarını bildiriblər.
Aşağı Əskipara kənd sakinlərindən Sevilə Vəliyeva xəsarət almış oğlunun məsələsinin araşdırılmasını, Aysel Əsgərova və Səməngül Nəsibova işlə təmin olunmalarına köməklik göstərilməsini, Sarvan Əhmədov 1,2,7,8-ci binalarda su xəttinin təmir olunmasını, Bağanıs Ayrım kənd sakinlərindən İlhamə Poladova həyat yoldaşının, Zərbəçi Həsənov isə yaxın qohumunun müalicəsi üçün göndəriş verilməsini, Xeyrımlı kənd sakini Sədiqə Əsədova torpaq məsələsi ilə bağlı müraciətini bildirib. Sakinləri diqqətlə dinləyən rayon rəhbəri hər bir məsələyə diqqətlə yanaşılacağını və həlli mümkün olan nə varsa ediləcəyini bildirib.
Sonra rayon rəhbəri Aşağı Əskipara kənd tam orta məktəbində yaradılan şəraitlə tanış olub, şagirdlərə göstərilən diqqət və qayğı ilə maraqlanıb.
İcra başçısı yeni qəsəbədə yaradılmış körpələr evi-uşaq bağçasına da baş çəkib, körpələrə göstərilən diqqət və qayğı, yaradılan şərait, ərzaq təminatı və körpələrin tibbi müayinədən keçmələri ilə maraqlanıb. Bağça müdiri Şəfiqə Mustafayeva rayon rəhbərinə bildirib ki, istər ərzaq təminatında, istərsə də uşaqların tibbi müayinədən keçməsində heç bir problem yoxdur. Bağça vaxtlı-vaxtında ərzaqla təmin olunur və uşaqların müayinəsi həyata keçirilir.
GOYEZEN.AZ
Facebook-da paylaş