• Təqvim

  • Maraq



Qazaxlı məktəblilər ötən il əsası qoyulan ənənəni bu il də davam etdiriblər


Mənfur düşmənlə 168 km sərhəddi olan, Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda 285 şəhid verən, 7 nəfər igid oğlu Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülən, Bağanıs Ayrım, Xeyrımlı, Barxudarlı, Sofulu, Qızılhacılı, Yuxarı Əskipara və Aşağı Əskipara kimi 7 kəndi hələ də düşmən tapdağı altında qalan Qazax rayonunda şəhidlərimizin əziz xatirəsi hər zaman böyük ehtiramla yad olunur.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun fəaliyyətə başladığı ilk gündən istər şəhərdə, istərsə də kəndlərimizdə olan şəhid qəbirlərini və Şəhid Xiyabanlarını əsaslı şəkildə təmir etdirməsi, şəhid ailələrinə daim diqqət, qayğı göstərməsi və bu prosesin bu gün də davam etdirilməsi bunun bariz nümunəsidir. İcra başçısının tapşırığına əsasən şəhərin mərkəzində yerləşən Şəhidlər Xiyabanının əsaslı şəkildə yenidən qurulması və şəhidlərimizin adına layiq hala salınması, Milli Qəhrəmanların və şəhidlərin adlarının qeyd olunduğu lövhələrin vurulması, yaşıllıq salınması və yeni işıqlandırma sisteminin quraşdırılması bu sahədə görülən işlərin əyani göstəricisidir.


Ötən il yeni dərs ili ərəfəsində Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun təşəbbüsü ilə Qazaxda daha bir ənənənin bünövrəsi qoyuldu. Qərara alındı ki, məktəblilər hər yeni dərs ilinə Şəhidlər Xiyabanını ziyarətlə başlasınlar. Bu ənənənin əsasının qoyulmasında əsas məqsəd böyüməkdə olan gənc nəsildə milli vətənpərvərlik ruhunu daha da inkişaf etdirmək, məktəblilərin mübariz ruhda tərbiyə olunmasını təmin etmək idi.


Rayon rəhbərliyi tərəfindən əsası qoyulan ənənə bu il də davam etdirilib. RİHB Aparatının məsul işçiləri, təhsil işçiləri, onbirinci və birinci siniflərdə təhsil alan şagirdlər, müəllimlər Şəhidlər Xiyabanına gələrək şəhidlərin əziz xatirəsini yad edib, onların lövhələri və memorial önünə gül dəstələri qoyublar.





Şəhidlərin ruhuna fatihə surəsi oxunduqdan sonra əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.


Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək bütün tədbir iştirakçılarını salamlayıb, yeni tədris ilinin başlanması münasibətilə müəllim və şagirdləri, valideynləri təbrik edib, ən səmimi arzularını çatdırıb. Bildirib ki, bu il ikinci dəfədir ki, biz bu müqəddəs məkanı ziyarət edirik. 20 faizdən çox torpağı işğal altında olan, minlərlə şəhid verən ölkəmizdə şəhidlərə olan ehtiramımızı bildiririk. Bu müqəddəs məkanı ziyarət etməklə Vətənə, xalqa, dövlətə sadiqliyimizi nümayiş etdirməklə yanaşı, şəhidlərimizə olan mənəvi borcumuzu qaytarırıq. Çünki şəhidləri yad etmək, onların xatirəsini anmaq hər bir insanın vətəndaşlıq borcudur. Öz canlarından keçmiş bu igid insanlar Azərbaycan torpaqlarının ərazi bütövlüyü uğrunda şəhid olmuşlar. Şəhidlərin keçdiyi ömür yolu hər birimiz üçün nümunə olmalıdır. Ona görə də hər bir gənc mərd və mübariz böyüməli, Vətənin müdafiəsinə hər an hazır olmalı, əgər lazım gələrsə öz canından keçməyi belə bacarmalıdır. Mən inanıram ki, ənənə halını alan bu tədbir hər bir uşaq və yeniyetmənin yaddaşında əbədi iz qoyacaq, onların qəlbində Vətənə məhəbbət və şəhidlərə ehtiram hissini daha da artıracaq.


Təhsil sahəsində qazanılan uğurlardan danışan rayon rəhbəri bu il də məzunların ali məktəblərə qəbul faizinin artdığını, 2017-2018-ci tədris ili üzrə qəbul olma faizinin 54,15 olduğunu bildirib. Qeyd edib ki, tədris ilində 676 nəfər məzundan 509 nəfər ali məktəbə qəbul imtahanlarında iştirak etmiş, onlardan 274 nəfər ali təhsil müəssisələrinə qəbul olmuşdur. Ümumilikdə rayon üzrə ötən ilin məzunları ilə birlikdə 651 nəfər qəbul imtahanlarında iştirak etmişdir ki, onlardan 329 nəfər ali təhsil müəssisəsinə qəbul olaraq tələbə adını qazanmışlar. Sevindirici haldır ki, ali təhsil müəssisələrinə qəbul olmuş tələbələrdən 49 nəfəri 500-dən, 19 nəfəri isə 600-dən yuxarı bal toplamışdır.


Rayon Təhsil şöbəsinin müdiri Nizaməddin Babanlı, M.Hüseyn adına məktəb-liseyin direktoru Tahirə Comərdova çıxış edərək vətənpərvərlik ruhunda olan belə əhəmiyyətli tədbirin keçirilməsinə görə Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova bütün təhsil işçiləri və məktəblilər adından öz dərin minnətdarlıqlarını bildiriblər. Şəhidlər Xiyabanının belə yüksək səviyyədə yenidən qurulmasına və bu gün rayon ictimaiyyətinin ixtiyarına verilməsinə görə sonsuz təşəkkürlərini çatdırıblar.



Azərbaycan Yazıçılar Birliyi Qazax zona filialının sədri, Əməkdar incəsənət xadimi, şair Barat Vüsal, şair Zaməddin Ziyadoğlu çıxış edərək bildiriblər ki, artıq ikinci ildir ki, bu tədbirdə iştirak edirik. Bilik Günü ərəfəsində bu cür tədbirin keçirilməsinin körpə balaların vətənpərvər ruhda tərbiyə olunmasında, Vətən, xalq, dövlət naminə əsl vətəndaş kimi formalaşmasında böyük rol oynadığını qeyd ediblər. Bu ənənənin yaşadılmasına və rayonun şəhidlərinə verdiyi yüksək dəyərə görə rayon rəhbərliyinə öz minnətdarlıqlarını bildirib, şəhidlərə yazdıqları şeirləri oxuyublar.



Şəhid atası Sarı Hüseynov çıxış edərək şəhid ailələrinə göstərdiyi diqqət və qayğıya görə Respublika Prezidenti İlham Əliyevə, rayon rəhbərinə şəhid ailələri adından minnətdarlığını çatdırıb. Qeyd edib ki, bugünkü tədbir bir daha onu sübut edir ki, torpaqlarımız uğrunda canından keçən Vətən oğulları unudulmur, onların əziz xatirəsi mütəmadi olaraq yad edilir və onlar bütün Azərbaycan xalqının qəlbində yaşayır. Bu tədbir onu göstərdi ki, mənim oğlum bütün qazaxlıların oğludur. Biz valideynlər bir daha əmin oluruq ki, dövlətimiz və dövlət başçımız tərəfindən övladlarımıza olan hörmət bundan sonra da yüksək səviyyədə olacaqdır.


Yeni dərs ili ərəfəsində məktəblilərin şəhidləri yad etməsi və ötən il əsası qoyulan ənənənin bu il də davam etdirilməsi məktəblilər, onların valideynləri, şəhid ailələri, müəllimlərlə yanaşı, ictimaiyyətin müxtəlif təbəqələrinin nümayəndələri tərəfindən də yüksək qiymətləndirilib.

Məlumat üçün qeyd edək ki, Qazaxda 31 məktəb şəhid adını daşıyır.













GOYEZEN.AZ

 

 



Facebook-da paylaş