İcra başçısı M.Hüseyn adına məktəb-liseydə müəllim və şagirdlər üçün yaradılan şəraitlə tanış olub
Qazax Rayon İcra
Hakimiyyətinin başçısı Rəcəb Babaşovun fəaliyyətə başladığı ilk gündən rayonda
daim diqqət mərkəzində saxladığı sahələrdən biri də təhsil sahəsidir. İstər
müəllimlər, istərsə də şagirdlər rayon rəhbərliyi tərəfindən göstərilən diqqət
və qayğını elə ilk gündən hiss edirlər. İcra başçısının mütəmadi olaraq təhsil
müəssisələrinə baş çəkməsi, müəllim və şagirdlərlə görüş keçirməsi, təhsilin
vəziyyəti ilə daim maraqlanması bunun bariz nümunəsidir.
Qazax Rayon İcra
Hakimiyyətinin başçısı Rəcəb Babaşov bu gün yeni tədris ilinə hazırlıqla
əlaqədar şəhər Mehdi Hüseyn adına məktəb-liseydə olub. Məktəbin sinif otaqları,
fənn kabinetləri tanış olan rayon rəhbəri müəllim və şagirdlər üçün yaradılan
şəraitlə, şagirdlərə paylanılacaq dərsliklərin keyfiyyəti ilə maraqlanıb. Məktəbin direktoru
Tahirə Comərdova rayon rəhbərinə qazanılan göstəricilər barədə məlumat verərək
bildirib ki, məktəbdə 810 nəfər şagird təhsil alır. Bu il 58 nəfər XI sinfi
bitirib ki, onlardan 41 nəfəri ali məktəblərə daxil olub. 1 nəfər 652, 5 nəfər
500-dən, 8 nəfər isə 400-dən yuxarı bal topladığını qeyd edib. Bu il məktəbə
ilk addımlarını atan birincilərin isə 85 nəfər olduğunu bildirib. Məktəblə ətraflı
şəkildə tanış olan rayon rəhbəri daha sonra valideynlərlə görüşüb. Səmimi söhbət əsasında
keçən görüşdə rayon rəhbəri çıxış edərək məktəbin məzunu olub ali təhsil müəssisələrinə
qəbul olmuş tələbələri, onların müəllim və valideynlərini yeni tədris ilinin
başlanması münasibətilə səmimi qəlbdən təbrik edib. İcra
başçısı qeyd edib ki, "Təhsil millətin gələcəyidir” ifadəsini şüar
səviyyəsinə yüksəldən ulu öndər respublikanın gələcək inkişafının məhz təhsillə
bağlı olduğunu vurğulamış və rəhbərlik etdiyi bütün dövrlərdə Azərbaycanda
təhsilin inkişafına xüsusi qayğı ilə yanaşmışdır. İstər Azərbaycan
Respublikasına rəhbərlik etdiyi 70-80-ci illərdə, istərsə də müstəqil Azəbaycan
Respublikasına rəhbərlik etdiyi illərdə təhsil prioritet sahə olaraq diqqət
mərkəzində olmuşdur. Heydər Əliyev siyasətinin layiqli davamçısı möhtərəm
Prezidentimiz İlham Əliyev də ölkədə təhsil siyasətini uğurla davam etdirərək
"Neft kapitalını insan kapitalına çevirək" devizi altında təhsilin
inkişafına böyük önəm verməkdədir. "Yüksək nəticə əldə etmək istəyiriksə, ilk növbədə
müəllim və şagirdlər üçün yaxşı şərait yaradılmalıdır” - deyən icra başçısı Azərbaycan
Respublikasının birinci vitse-prezidenti Mehriban Əliyeva tərəfindən "Yeniləşən
Azərbaycana yeni məktəb” layihəsi çərçivəsində bütün bölgələrimizdə çoxsaylı
məktəblərin tikilərək istifadəyə verilməsini, təhsil müəssisələrinin
maddi-texniki bazasının möhkəmləndirilməsini bunun bariz nümunəsi kimi
qiymətləndirib. Bildirib ki, rayonumuzda hazırda əsaslı şəkildə tikinti işləri
aparılan şəhər Səməd Vurğun adına 2 nömrəli tam orta məktəbdə görülən işlər bu
layihənin uğurla davam etdirilməsi deməkdir. Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə rayon Təhsil
şöbəsi tərəfindən yaradılan işçi qrupunun fəaliyyətindən söz açan rayon rəhbəri
2017-2018-ci tədris ilində şagirdlərin dərsə davamiyyətinin,
müəllimlərin dərs demə bacarıqlarının yüksək səviyyədə olmasını bildirib. Qeyd
edib ki,
məhz işçi qrupu və müəllimlər tərəfindən çəkilən zəhmətin nəticəsidir ki, rayonumuzda
məzunların ali məktəblərə qəbul faizi ilbəil artmaqdadır. Bunu sizin məktəbin
timsalında da aydın şəkildə görmək olur. "Qazanılan
hər bir uğur ümumi rayonunun uğurudur” - deyən icra başçısı sonda bir daha müəllim
və şagirdləri, valideynləri təbrik edib, yeni dərs ilində daha böyük müvəffəqiyyətlər
qazanmalarını arzulayıb.
Valideynlərdən
Tərlanə İbrahimova çıxış edərək rayonda aparılan genişmiqyaslı işlərə, xüsusilə
də çoxmənzilli binaların əsaslı şəkildə təmir olunmasına görə rayon rəhbərliyinə
minnətdarlığını bildirib. Valideynlər adından ürək sözlərini çatdıran
T.İbrahimova nəvələrinin məktəb-liseydə yüksək səviyyədə təhsil aldığını
çatdırıb. Qeyd edib ki, bu gün biz valideynlər çox razıyıq ki, rayon rəhbərliyi
tərəfindən təhsil sahəsinə bu qədər diqqət və qayğı göstərilir. Sizin hər dəfə
təhsil müəssisələrinə baş çəkməyiniz biz valideynlərdə rahatlıq hissi yaradır
ki, uşaqlarımızın gələcəyi əmin əllərdədir. Gələcəyimiz olan balalarımızın təhsili
yüksək səviyyədə təmin olunur. Məktəb-liseyin direktoru Tahirə Comərdova istər müəllimlərə,
istərsə də şagirdlərə göstərilən diqqət və qayğıya görə sonda bir daha minnətdarlığını
bildirərək bugünkü görüşün yeni dərs ili ərəfəsində onlar üçün ən böyük töhfə
olduğunu qeyd edib. GOYEZEN.AZ
Facebook-da paylaş