• Təqvim

  • Maraq



Əkin sahələri suvarma suyu ilə tam təmin olunacaqdır

Qazaxda yaz-tarla işlərinə hazırlıqla əlaqədar keçirilən müşavirədə bu fikir səslənib


Əkin sahələri suvarma suyu ilə tam təmin olunacaqdır
Qazax rayon İcra Hakimiyyətinin akt zalında rayon Suvarma Sistemləri İdarəsinin yaz-tarla işlərinə hazırlıq vəziyyətinə dair müşavirə keçirilib. Müşavirədə İcra Aparatının məsul işçiləri, icra nümayəndələri və bələdiyyə sədrləri, idarə və müəssisə rəhbərləri, sahibkarlar, SİB sədrləri, KİV nümayəndələri iştirak edib.

Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov müşavirəni giriş sözü ilə açaraq rayonumuzda kənd təsərrüfatının mövcud durumundan, bu sahədə əldə edilən nailiyyətlərdən və qarşıda duran vəzifələrdən söz açıb. Qeyd edib ki, müşavirə rayonumuzda kənd təsərrüfatı işlərinin gedişi, bu sahənin inkişafı ilə əlaqədar mövcud vəziyyətin öyrənilməsi məqsədilə keçirilir. Bildirib ki, ötən 1 il 10 ay ərzində biz kənd təsərrüfatı məhsulları istehsalının artırılmasına nail ola bilmişik. Taxılçılıq, kartofçuluq sahələrində əldə edilmiş yüksək məhsuldarlıq bu deyilənlərə əyani sübutdur. Taxılçılıqda hektardan məhsuldarlıq 36 sentnerə, kartofçuluqda isə məhsuldarlıq 272 sentnerə çatdırılıb.

Ötən müddətdə əkin sahələri daha da genişləndirilərək rekord həddə çatıb. Bu ilin məhsulu üçün 20 min hektar sahədə əkin aparılıb, gələcəkdə yüksək məhsuldarlıq üçün möhkəm zəmin yaradılıb.

Əkin sahələri artdığı üçün rayonumuza gətirilən mineral gübrələrin miqdarı da artmışdır. Bunu rəqəmlərdən də aydın şəkildə görmək olar. Belə ki, əgər 2016-cı ildə rayonumuza cəmi 60 ton gübrə gətirilmişdirsə, 2017-ci ildə bu rəqəm 1086 tona çatmışdır. Bu il üçün isə lazım olan 2092 ton gübrədən artıq 1742 tonu rayonumuza gətirilib.

Rəcəb Babaşov qeyd edib ki, görülmüş işlərdən aydın olduğu kimi, kənd təsərrüfatında yüksək məhsuldarlıq əldə etmək üçün lazım olan bütün işlər görülmüşdür və bu proses davam etməkdədir. Bu sahədə qarşıda duran ən mühüm vəzifə əkin sahələrinin su ilə tam təmin olunmasıdır. Ötən il havaların quraq keçməsinə baxmayaraq rayon Suvarma Sistemləri İdarəsinin səyi və itkiyə yol verilməməsi nəticəsində demək olar ki, ciddi bir problem olmadı. İnanıram ki, bu il də idarənin rəhbərliyi və kollektivi üzərlərinə düşən vəzifənin öhdəsindən layiqincə gələcək, əkin sahələri su ilə tam təmin olunacaqdır. Bunun üçün idarədə müvafiq tədbirlər işlənib hazırlanmış, sudan səmərəli və itkisiz istifadə olunması üçün mühüm işlər görülmüşdür. Bu istiqamətdə Sudan İstifadə Birlikləri (SİB-lər) də öz fəaliyyətlərinə yenidən baxmalı, buraxılmış səhvlər aradan qaldırılmalı, birliklər günün tələbləri səviyyəsində işləməlidir.

Rəcəb Babaşov qeyd edib ki, əkin sahələrinin su ilə təmin olunması istiqamətində görülən ən mühüm işlərdən biri də su kanalları və arxlarının təmizlənməsi, yararlı hala salınmasıdır. Bu məqsədlə ötən il 274,78 km uzunluğunda kanal və arxlar təmizlənmişdir. Bu il həmin ənənə davam etdirilmiş və 261,9 km əvəzinə 262,84 km-də təmizləmə işləri görülmüşdür ki, bu da su itkisinin qarşısını alacaqdır.
Əkin sahələri suvarma suyu ilə tam təmin olunacaqdır
Müşavirədə rayon Suvarma Sistemləri İdarəsinin rəisi Abbas Göyüşov çıxış edərək əkinlərin su ilə tam təmin olunması məqsədilə görülən işlər barədə tədbir iştirakçılarına məlumat verib. Qeyd edib ki, su hövzələrində lazım olduğu qədər su yığılmaqdadır. Sudan səmərəli istifadə etmək və su itkisinə yol verməmək üçün həyata keçirilən tədbirlər deməyə əsas verir ki, əkinlər su ilə tam təmin olunacaqdır.

Ağstafaçay Hidroqovşağı İstismarı İdarəsinin rəisi Yusif Nəsibov çıxış edərək yaz-tarla işlərinin başlanması ərəfəsində keçirilən müşavirəni yüksək qiymətləndirib. Sudan səmərəli istifadə yolları ilə bağlı öz fikirlərini bölüşüb.

Tovuz Subartezian Quyularının İstismarı İdarəsinin rəisi Elxan Əsgərov çıxış edərək qeyd edib ki, Qazax rayonunda 165 subartezian quyusu fəaliyyət göstərir. Ölkə Başçısının sərəncamına əsasən bu il daha 11 ədəd artezian quyusu da qazılacaqdır. Bu, da əkinlərin suvarılması üçün möhkəm zəmin olması deməkdir.

Daş Salahlı SİB-in icraçı direktoru Almara Abdullayeva, “Ümid” SİB-in icraçı direktoru Mikayıl Umudlu öz çıxışlarında fəaliyyətləri barədə danışaraq əkin sahələrinin su ilə təmin olunması üçün əllərindən gələni əsirgəməyəcəklərini bildiriblər.

Sahibkarlar adından çıxış edən Asif Yusifov Qazaxda sahibkarlığın inkişaf etməsi üçün yaradılan münbit şəraitdən söz açaraq toxumçuluq sahəsində yüksək nailiyyətlərin əldə olunması yollarından danışıb.

Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov müşavirəyə yekun vuraraq bildirib ki, bizi qarşıda mühüm vəzifələr gözləyir. Məqsədimiz əldə edilmiş nailiyyətləri daha da artırmaq, bütün sahələrdə olduğu kimi, kənd təsərrüfatında da yüksək nəticələrə nail olmaqdır. Bunun üçün rayonumuzda hər cür imkan və şərait vardır. Yol xəritəsi də hazırlanıbdır.

Müşavirədə kənd təsərrüfatı sahəsində görülən işləri daha da sürətləndirmək məqsədilə işçi qrupunun yaradılması qərara alınıb.

Elçin İSMAYIL

Əkin sahələri suvarma suyu ilə tam təmin olunacaqdır
Əkin sahələri suvarma suyu ilə tam təmin olunacaqdır
Əkin sahələri suvarma suyu ilə tam təmin olunacaqdır
Əkin sahələri suvarma suyu ilə tam təmin olunacaqdır
Əkin sahələri suvarma suyu ilə tam təmin olunacaqdır
Əkin sahələri suvarma suyu ilə tam təmin olunacaqdır
Əkin sahələri suvarma suyu ilə tam təmin olunacaqdır
Əkin sahələri suvarma suyu ilə tam təmin olunacaqdır


Facebook-da paylaş