• Təqvim

  • Maraq



Qazaxda icra başçısının dekabr ayı üzrə vətəndaşlarla keçirilən ilk səyyar görüşü şəhər sakinləri ilə olub

Ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən dövlət siyasətinin əsasını vətəndaş amili təşkil edir ki, bu, hər bir sahədə öz əksini tapır. Ölkə Prezidentinin yerlərdə vətəndaş müraciətlərinə obyektiv şəkildə baxılması, vətəndaş məmnunluğunun təmin edilməsi ilə bağlı müvafiq Sərəncam və tapşırıqlarının icrasına Qazax rayonunda hər zaman operativ və həssas yanaşılır. Ən əsası da şəhid ailələri və müharibə iştirakçılarının sosial qayğılarının öyrənilməsi və həlli daim diqqətdə saxlanılır.
Vətəndaş məmnunluğunun təmin olunması məqsədilə rayonun bütün yaşayış məntəqələrində rayon icra hakimiyyətinin və xidmət sahələrinin məsul əməkdaşlarının, yerli icra nümayəndələri və bələdiyyələrin birgə iştirakı ilə görüşlər keçirilir. Müraciətlər dinlənilir, problem və təkliflər, sosial qayğılar yerində öyrənilir, araşdırılması və həlli nəzarətə götürülür.
Ölkə rəhbərinin icra hakimiyyəti başçılarını, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərini qəbul edən zaman dövlət məmurları haqqında səsləndirdiyi fikirlər, onlara daim xalqın içində olmaları, icra başçılarına bütün kəndləri gəzmələri, sakinlərlə görüşmələri, vətəndaşların qayğılarını öz dillərindən eşitmələri, onların problemlərini yerində öyrənmələri, düzgün təhlil aparmaları barədə verdiyi tapşırıq və tövsiyələr bir daha onu sübut edir ki, ölkəmizdə hər zaman vətəndaş amili, onların məmnunluğu əsas götürülür. Həmçinin, ölkə başçısının tapşırıq və tövsiyəsinə əsasən şəhər və rayonlarda sakinlərlə keçirilən səyyar qəbullar da məhz bu məqsədi daşıyır.
Ölkə Prezidentinin insanlara layiqli xidmət göstərilməsi, vətəndaşların qayğılarına xüsusi həssaslıqla yanaşılması ilə bağlı tapşırıqlarına əsasən əhalini narahat edən problemlərin yerlərdə birbaşa həlli və sosial əhəmiyyətli sifarişlərin müəyyən edilməsi məqsədilə Qazax Rayon İcra Hakimiyyəti başçısının şəhər və kəndlərdə səyyar qəbulları keçirilir.
Dövlət başçısının tapşırıq və tövsiyəsinə uyğun olaraq icra başçısının 2025-ci ilin dekabr ayı üzrə vətəndaşlarla keçirilən ilk səyyar görüşü şəhər sakinləri ilə olub.
Dekabrın 4-də Qazax şəhər İsmət Qayıbov adına 3 nömrəli tam orta ümumtəhsil məktəbdə keçirilən görüşdə rayonun hüquq-mühafizə orqanlarının, aidiyyəti idarə, müəssisə və təşkilat, xidmət sahələrinin rəhbərləri, əməkdaşları, sakinlər iştirak ediblər.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov sakinləri salamlayıb, səmimi ürək sözlərini çatdırıb. Ölkə başçısının verdiyi tapşırıq və tövsiyənin əsasında vətəndaş amilinin dayandığını qeyd edən icra başçısı bunu hər bir dövlət məmurunun öz fəaliyyətində nümunə götürməli olduğunu söyləyib. Rayon rəhbəri bugünkü görüşün də bu məqsədə xidmət etdiyini qeyd edib. Görüşün məqsəd və əhəmiyyətindən söz açan icra başçısı sakinlərlə keçirilən səyyar görüşlərin təməlində vətəndaş məmnunluğunun dayandığını qeyd edib. Keçirilən bugünkü səyyar görüşün əsas məqsədinin ərazidəki mövcud vəziyyəti sakinlərin dilindən öyrənərək həlli mümkün olan məsələləri operativ şəkildə yerindəcə həll etmək, ehtiyac olduğu halda isə aidiyyəti təşkilatlar qarşısında məsələ qaldırmaq olduğunu bildirib.
Rayon rəhbəri Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin kollegiyasının qərarı ilə Qazax şəhərinin 2026-cı il üçün Azərbaycanın “İdman paytaxtı” elan edildiyini, idman paytaxtının açılış mərasiminin 2026-cı ilin yanvar ayında təntənəli şəkildə keçirilməsinin nəzərdə tutulduğunu bildirib. Artıq bir neçə gündür ki, Qazaxda "İdman paytaxtı"na hazırlıq işlərinə start verildiyini, bu işlər çərçivəsində "Qazax İdman paytaxtı 2026"nın loqosunun hazırlandığını, həmin loqonun şəhərin mərkəzi hissələrinə vurulduğunu diqqətə çatdırıb.
Son illər şəhərdə aparılan genişmiqyaslı quruculuq işlərindən danışan icra başçısı ən böyük layihələrdən olan şəhərin su-kanalizasiya sisteminin yenidən qurulmasını qeyd edib. Həmçinin, su-kanalizasiya sisteminin çəkilişindən sonra bütün küçələrdə, eləcə də şəhərdə yerləşən çoxmənzilli yaşayış binalarının həyətində abadlıq işlərinin aparıldığını bildirib. İcra başçısı Qazaxda aparılan abadlıq işlərinin bu il də uğurla davam etdirildiyini, şəhərdə və rayonun kəndlərində nəqliyyat vasitələrinin hərəkətinin yaxşılaşdırılması, vətəndaşların rahatlığını təmin etmək məqsədilə təqdirəlayiq işlər görüldüyünü diqqətə çatdırıb. Qazaxda prospekt və küçələrin işıqlandırma sisteminin yenidən qurulması işlərinin davam etdirilməsinin, eləcə də şəhərdə mövcud olan digər asfaltsız küçələrin də zamanla asfaltlanmasının nəzərdə tutulduğunu qeyd edib.
Rayon rəhbəri son illər regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramlarının uğurlu icrası sayəsində respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda da genişmiqyaslı abadlıq işlərinin aparıldığını, şəhər və rayonun kəndlərində məktəb binalarının əsaslı təmir olunduğunu və ya yenidən inşa edildiyini qeyd edib. Şəhərdə müasir standartlara cavab verən mərkəzi xəstəxana binasının inşa olunduğunu, bu gün həmin xəstəxanada vətəndaşlara yüksək səviyyədə xidmət göstərilməsi üçün lazımi addımların atıldığını, yeni gənc həkimlərin cəlb olunması istiqamətində işlər görüldüyünü vurğulayıb.
İcra başçısı son illər şəhərdə, eləcə də rayonun kəndlərində yeni məktəblərin inşa olunması və əsaslı təmiri sahəsində görülmüş işlərdən də söz açıb. Qazax şəhər Səməd Vurğun adına 2 nömrəli tam orta məktəbin əsaslı şəkildə yenidən qurulmasını, Xalq yazıçısı İsmayıl Şıxlının adını daşıyan 1176 şagird yerlik Kosalar kənd tam orta məktəbin Heydər Əliyev Fondu tərəfindən əsaslı şəkildə yenidən qurularaq müəllim və şagirdlərin istifadəsinə verilməsini, məktəbin həyətində İsmayıl Şıxlının büstünün qoyulmasını Xalq yazıçısına, onun yaradıcılığına verilən böyük qiymətlə yanaşı, həm də gələcəyimiz olan uşaqlara olan diqqət və qayğı kimi qeyd edib. Bundan əlavə, Heydər Əliyev Fondu tərəfindən reallaşan "Yeniləşən Azərbaycana yeni məktəb” proqramı çərçivəsində Şahnabad Nəsibova adına Sarıvəlli kənd tam orta məktəb üçün 220 şagird yerlik yeni binanın inşası, Elm və Təhsil Nazirliyi tərəfindən Aydın Məmmədov adına Qaymaqlı kənd tam orta məktəb üçün 180 şagird yerlik yeni binanın inşa olunması, Qazax şəhər Mehdi Hüseyn adına Humanitar və Təbiət Fənlər Təmayüllü Məktəb-Lisey binasının sökülərək yenidən tikilməsi dövlətin Qazaxda təhsil sahəsinə olan yüksək diqqət və qayğısıdır. Rayon rəhbəri bütün bu işlərə və Qazaxın timsalında bölgələrimizdə təhsil sahəsinə göstərilən dövlət qayğısına görə rayon ictimaiyyəti, ziyalılar, təhsil işçiləri adından ölkə başçısına və Birinci vitse-prezidentə təşəkkürünü çatdırıb.
İcra başçısı son illər Qazaxda uşaqlara göstərilən qayğıdan da söz açıb. Həmin qayğının bariz nümunəsi olaraq bu gün rayonda mövcud olan 26 məktəbəqədər təhsil müəssisəsindən 21-nin müasir tələblərə cavab verən səviyyədə olduğunu, həmin bağçalardan altısının şəhərdə yerləşdiyini vurğulayıb.
2020-ci ilin 27 sentyabrında Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında başlayan 44 günlük Vətən müharibəsində qanları ilə tarix yazan şəhidlərimizin döyüş meydanında göstərdikləri qəhrəmanlıqdan söz açan icra başçısı illər ötsə belə şanlı zəfəri bizə bəxş edən oğullarımızın heç zaman unudulmayacağını qeyd edib. Rayon rəhbəri şanlı Zəfərin müəllifi olan Ali Baş Komandana, hərbçilərimizə, şəhidlərimizə, qazilərimizə borclu və minnətdar olduğumuzu dilə gətirib. İcra başçısı istər Birinci Qarabağ, istərsə də 44 günlük Vətən müharibəsi şəhidlərinin xalqımızın, qazaxlıların qəlbində əbədi yaşayacağını, əziz xatirələrinin daim ehtiramla anılacağını qeyd edib. Rayon rəhbəri Respublika Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən şəhid ailələrinə və qazilərimizə göstərilən qayğının Qazaxda bundan sonra da hər zaman nümunə götürüləcəyini bildirib.
İcra başçısı sakinlərlə təşkil edilmiş görüşdə erkən nikahın törətdiyi fəsadlardan da söz açıb, bu sahədə aparılan mübarizə tədbirlərinin gücləndirildiyini, mütəmadi olaraq ali təhsil ocaqlarında, rayonun ümumtəhsil məktəblərində sözügedən mövzuya həsr olunmuş silsilə maarifləndirici tədbirlərin keçirildiyini vurğulayıb. Erkən nikahın qarşısının alınması istiqamətində görülmüş işlərdə, aparılan mübarizə tədbirlərində də valideynlərlə, müəllimlərlə yanaşı, hər kəsin üzərinə məsuliyyət düşdüyünü bildirib. Rayon rəhbəri ailə dəyərlərinin təbliği, valideyn məsuliyyətinin artırılması, qızların təhsildən yayındırılması hallarına qarşı mübarizədə, erkən nikahın fəsadları ilə bağlı mübarizədə hər bir vətəndaşın səfərbər olmalı olduğunu vurğulayıb. Hər kəsin, xüsusilə də ağsaqqalların bu işlərdə səfərbər olmasını, öz mövqelərini bildirmələrini tövsiyə edib. Qazax Rayon İcra Hakimiyyətində fəaliyyət göstərən Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın erkən nikaha qarşı mübarizədə barışmaz mövqe nümayiş etdirdiyini diqqətə çatdırıb.
Rayon rəhbəri sakinlərlə keçirilən görüşdə narkomaniyanın törətdiyi fəsadlardan da danışıb, bu sahədə aparılan mübarizə tədbirlərinin gücləndirildiyini, mütəmadi olaraq ali təhsil ocaqlarında, rayonun ümumtəhsil məktəblərində narkomaniyaya həsr olunmuş silsilə maarifləndirici tədbirlərin keçirildiyini vurğulayıb. Narkomaniyanın qarşısının alınması istiqamətində görülmüş işlərdə, aparılan mübarizə tədbirlərində təkcə hüquq-mühafizə orqanlarının deyil, valideynlərin, müəllimlərin, hər kəsin üzərinə böyük məsuliyyət düşdüyünü bildirib. Gələcəyimiz olan gənclərin sağlam gələcəyi naminə hər kəsin, həmçinin, ağsaqqalların bu işlərdə səfərbər olmasını, öz mövqelərini bildirmələrini tövsiyə edib. Qazax Rayon İcra Hakimiyyətində fəaliyyət göstərən Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə komissiyanın narkomaniyaya qarşı mübarizədə barışmaz mövqedə olduğunu bildirib.
Sakinlər onlarla görüşə gəldiyinə, göstərilən qayğıya görə rayon rəhbərliyinə razılıqlarını ifadə ediblər. Son illər rayonda, o cümlədən yaşadıqları küçələrdə görülən işlərə, ölkəmizdə vətəndaşlara, şəhid ailələrinə, qazilərə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, rayon rəhbərliyinə dərin minnətdarlıqlarını bildiriblər.




Facebook-da paylaş


{sape_links}