Qazaxın 2026-cı il üçün “İdman Paytaxtı” seçilməsi ilə əlaqədar hazırlıq işlərinə start verilib
Artıq bir neçə gündür ki, Qazaxda "İdman paytaxtı"na hazırlıq işlərinə start verilib. Bu işlər çərçivəsində "Qazax İdman paytaxtı 2026"nın loqosu hazırlanıb. Həmin loqo şəhərin mərkəzi hissələrinə vurulur. Qazaxda bu istiqamətdə hazırlıq işləri sürətlə davam etdirilir. Dekabrın 3-də isə Qazax Rayon İcra Hakimiyyətində Qazax şəhərinin 2026-cı il üçün Azərbaycanın “İdman paytaxtı” seçilməsi ilə əlaqədar hazırlıq işlərinin mövcud vəziyyətinə, qarşıda duran vəzifələrə həsr olunmuş iclas keçirilib. Görüşdə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri, Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin rəisi Əziz Məsmalıyev, idarənin digər əməkdaşları, rayonda fəaliyyət göstərən idman klublarının rəhbərləri, Qazax Rayon İcra Hakimiyyəti yanında Gənclərin Yerli Məşvərət Şurasının üzvləri, idmançılar iştirak ediblər. Səmimi söhbət əsasında keçən görüşün sonunda xatirə şəkli çəkdirilib.
Məlum olduğu kimi, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin kollegiyasının qərarı ilə Qazax şəhəri 2026-cı il üçün Azərbaycanın “İdman paytaxtı” elan edilib. İdman paytaxtının açılış mərasiminin 2026-cı ilin yanvar ayında təntənəli şəkildə keçirilməsi nəzərdə tutulur.
İcra başçısı Rəcəb Babaşov çıxış edərək iştirakçıları salamlayıb, Qazax şəhərinin 2026-cı il üçün Azərbaycanın “İdman paytaxtı” seçilməsi ilə əlaqədar səmimi ürək sözlərini bölüşüb, bu əlamətdar hadisəyə görə Azərbaycan Respublikasının Gənclər və İdman naziri Fərid Qayıbova razılığını ifadə edib. Bugünkü görüşün əhəmiyyətindən söz açan icra başçısı sazın, sözün beşiyi sayılan Qazaxın həm də idmançıları ilə tanındığını qeyd edib. Hər zaman sərbəst güləşdə adını tarixə yazdıran qazaxlı idmançıların artıq digər idman növləri üzrə də yarışlarda, çempionatlarda, birinciliklərdə qızıl, gümüş, bürünc medallar əldə etdiklərini vurğulayıb. Ölkə Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən idman sahəsinə, idmançılara göstərilən diqqət və qayğıdan söz açan icra başçısı həmin qayğının bu gün də davam etdirildiyini vurğulayıb. Rayon rəhbəri həmin qayğının Qazaxda da hiss olunduğunu diqqətə çatdırıb. Qazax Olimpiya İdman Kompleksinin inşa olunmasını, idmançılar üçün idman zallarının yaradılmasını həmin qayğının bariz nümunəsi kimi qiymətləndirib. Rayon rəhbəri Qazax şəhərinin 2026-cı il üçün Azərbaycanın “İdman paytaxtı” seçilməsinin rayonda idmanın inkişafı istiqamətində mühüm töhfə verəcəyini vurğulayıb. Ölkə başçısının yüksək dövlət qayğısı sayəsində, Qazax-Tovuz Regional Gənclər və İdarəsinin rəhbərliyi altında Qazaxda idmanın inkişaf etdirilməsi istiqamətində bundan sonra da məqsədyönlü işlər görüləcəyini, idman yarışlarının, turnirlərin keçirilməsi üçün lazımi addımların atılacağını söyləyib. Rayon rəhbəriölkə başçısının, Birinci vitse-prezidentin idman sahəsinə, idmançılara olan qayğısını əldə rəhbər tutaraq hər zaman onlara dəstək olmağa hazır olduğunu vurğulayıb. Rayon rəhbəri Qərbin qapısı sayılan Qazaxda keçirilən bütün tədbirlərin yüksək səviyyədə təşkil olunduğunu, Qazax şəhərinin 2026-cı il üçün Azərbaycanın “İdman paytaxtı” seçilməsi ilə əlaqədar keçirilməsi nəzərdə tutulan tədbirlərin də rayonumuzun adına layiq şəkildə yüksək səviyyədə təşkil olunacağını söyləyib. İcra başçısı hazırda "Qazax İdman paytaxtı 2026"nın loqosunun hazırlandığını, həmin loqoların şəhərin mərkəzi hissələrinə vurulduğunu, bu istiqamətdə hazırlıq işlərinin sürətlə aparıldığını diqqətə çatdırıb. Nəzərdə tutulmuş tədbirlərin hazırlıq işləri və qarşıda duran vəzifələrlə əlaqədar aidiyyəti üzrə müvafiq tapşırıqlarını verib.
Qazax-Tovuz Regional Gənclər və İdarəsinin rəisi Əziz Məsmalıyev çıxış edərək Qazax şəhərinin 2026-cı il üçün Azərbaycanın “İdman paytaxtı” seçilməsi ilə əlaqədar qazaxlıları, rayon ictimaiyyətini bir daha təbrik edib, səmimi ürək sözlərini səsləndirib. İdarə rəisi bu gün Qazaxda idmanın futbol, qol güləşi, cüdo, karate, taekvando, boks, kikboksinq, MMA, ağır atletika, Yunan-Roma güləşi, sərbəst güləş növlərində daha böyük uğurların əldə olunması, bu idman növlərində regionlar arasında yarışların, turnirlərin keçirilməsi üçün böyük imkanlar olduğunu qeyd edib. Ə.Məsmalıyev bildirib ki, Qazax şəhərinin 2026-cı il üçün Azərbaycanın “İdman paytaxtı” seçilməsində əsas məqsəd təkcə idman yarışlarının təşkil olunması deyil, eyni zamanda, rayonda idman infrastrukturlarının genişləndirilməsi, inkişaf etdirilməsidir. Açılışların, təməlqoyma mərasimlərinin təşkil olunması, yeni idman zallarının, məktəblərinin inşa edilməsidir. İdman federasiyalarının diqqətini rayona cəlb etməklə idmançılarımız üçün geniş imkanlar açmaqdır. Ə.Məsmalıyev ölkə Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban xanım Əliyeva, Azərbaycan Respublikasının Gənclər və İdman naziri Fərid Qayıbov tərəfindən idmançılara göstərilən diqqət və qayğıdan danışaraq Qazaxda həmin qayğının daim hiss olunduğunu bildirib. Məhz rayon rəhbərliyi tərəfindən həmin qayğının uğurla davam etdirildiyini vurğulayaraq hər zaman gənclərə, idmançılara olan səmimi münasibətə, göstərilən dəstəyə görə rayon rəhbərliyinə təşəkkürünü çatdırıb.
SSRİ idman ustası, Respublika dərəcəli hakim, Azərbaycanın fəxri bədən tərbiyəsi və idman işçisi, Ali kateqoriyalı məşqçi-müəllim, Fəxri idman xadimi, Prezident təqaütçüsü Ramiz Tağıyev çıxış edərək Qazax şəhərinin 2026-cı il üçün Azərbaycanın “İdman paytaxtı” seçilməsi münasibətilə səmimi ürək sözlərini bölüşüb. Ölkə Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, Azərbaycan Respublikasının Gənclər və İdman naziri Fərid Qayıbova ölkəmizdə, xüsusilə də bölgələrdə idmanın inkişaf etdirilməsinə görə rayon ictimaiyyəti, idmançılar adından minnətdarlığını bildirib. R.Tağıyev Qazaxda bütün tədbirlərin yüksək səviyyədə təşkil olunduğunu, Qazax şəhərinin 2026-cı il üçün Azərbaycanın “İdman paytaxtı” seçilməsi ilə əlaqədar görüləcək işlərin də yüksək səviyyədə icra olunacağını qeyd edib.
“Biomen” idman klubunun rəhbəri, Azərbaycan Respublikasının Əməkdar məşqçisi, Azərbaycan Respublikasının Fəxri bədən tərbiyəsi və idman işçisi, Qazax Olimpiya İdman Komplekində Qol güləşi üzrə məşqçi Azər Əliyev çıxış edərək Qazax şəhərinin 2026-cı il üçün Azərbaycanın “İdman paytaxtı” seçilməsi münasibətilə səmimi ürək sözlərini çatdırıb, bu istiqamətdə görüləcək işlərə idmançı yetirmələri ilə birlikdə hər zaman öz töhfəsini verməyə hazır olduğunu bildirib. 


Facebook-da paylaş















