Qazaxda “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş növbəti ağacəkmə aksiyası keçirilib
İqlim dəyişmələrinə qarşı qlobal mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə ölkə Prezidenti İlham Əliyevin 25 dekabr 2023-cü il tarixli Sərəncamına əsasən Azərbaycan Respublikasında 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan olunub. Sərəncamda da vurğulandığı kimi, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 kimi mötəbər bir tədbirin Azərbaycanda keçirilməsi ilə əlaqədar yekdil qərarın verilməsi beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycana böyük hörmət və etimadın, eləcə də ölkəmizin milli, regional və qlobal səviyyədə ətraf mühitin qorunması, iqlim dəyişmələrinin qarşısının alınması işinə töhfəsinin təqdir olunmasının bariz nümunəsidir.
Respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda da “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş silsilə tədbirlər həyata keçirilir.
Aprelin 6-da “AzRosPromİnvest” MMC-nin təşkilatçılığı ilə Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar ağacəkmə aksiyası keçirilib.
Aksiyada Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatında Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini Azad Hümbətov, “AzRosPromİnvest” MMC-nin baş direktoru Nikolay Xnıkin, Direktorlar şurasının sədri Ələddin Sadıqov, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin İdarə Heyətinin sədri Samir İdayətov, müşavir Şöhrət Vəkilov, şöbə müdirləri Ramilə Nəzərova və Elnur Həsənli, baş mütəxəssis Yusif Yusifov, “AzRosPromİnvest” MMC-nin əməkdaşları iştirak ediblər.
Qazax rayonunun Daş Salahlı kəndi ərazisində “AzRosPromİnvest” MMC-yə məxsus 7,5 ha dağ-mədən sahəsində keçirilən aksiya zamanı 1600 ədəd şam ağacı əkilib.
Aksiyanın keçirilməsində məqsəd ekoloji vəziyyətin sağlamlaşdırılması, cəmiyyətdə təbiətə qayğını təbliğ etmək, yaşıllıqların çoxaldılmasını təşviq edərək, ətraf mühitin qorunmasına, ən əsası da ölkədə keçirilən ekoloji tədbirlərdə yaxından iştirak etmək və ekoloji maarifləndirmə işlərinə töhfə verməkdən ibarətdir.
Facebook-da paylaş