Qazaxda taxıl biçini başa çatıb
Hər kəsə yaxşı məlumdur ki, Azərbaycanda əhalinin etibarlı ərzaq təminatı dövlətin iqtisadi siyasətinin başlıca istiqamətlərindən biri hesab olunur. Kənd təsərrüfatının əsasını təşkil edən taxılçılıq da bu sahədə mühüm yer tutur. Çünki taxılçılıq əhalinin çörək və çörək məmulatlarına olan tələbatını ödəməklə yanaşı, həm də heyvandarlığın qüvvəli və qaba yemə olan tələbatının ödənilməsində də böyük rol oynayır. Taxılçılığın inkişafı dövlət tərəfindən də daim diqqət mərkəzində saxlanılır. Bunu son illər ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə kənd təsərrüfatında böyük çəkiyə malik olan taxılçılığın inkişaf etdirilməsi istiqamətində həyata keçirilən məqsədyönlü işlərdən də görmək olur. Ölkə rəhbərinin qayğısı sayəsində bu sahənin inkişafı ilə bağlı dövlət tərəfindən torpaq mülkiyyətçilərinə verilən əlavə subsidiyalar, aparılan tədbirlər, yeni torpaq sahələrinin dövriyyəyə qatılması ölkədə taxılçılığın ilbəil genişlənməsinə gətirib çıxarır.
Dövlət başçısının taxılçılığın inkişaf etdirilməsi ilə bağlı qarşıya qoyduğu vəzifələr, verdiyi tapşırıq və tövsiyələr son illər Qazaxda da olduğu kimi icra olunur. Belə ki, dövlət və rayon rəhbərliyi tərəfindən göstərilən diqqət və qayğını, hər cür dəstəyi hiss edən, texnika və lazım olan bütün ləvazimatlarla təmin olunan fermerlər, kənd adamları rayonda taxılçılığın inkişafı üçün hər il bu sahəyə daha böyük maraq göstərirlər.
Cari ildə Qazaxda 11 min 395 hektar sahədə taxıl əkilmişdir ki, bunun da 6916 hektarı buğda, 4479 hektarı arpa sahəsi olmuşdur.
Artıq taxıl biçini başa çatıb. Biçilmiş taxıl sahəsi 7746 hektar təşkil edib ki, həmin sahədən 26177,5 ton məhsul götürülüb. Orta məhsuldarlıq da 33,8 sentnerdir. Biçin aparılmış 2963,0 hektar arpa sahəsindən 7949,0 ton, 4783 hektar buğda sahəsindən isə 18228,5 ton məhsul tədarük olunub.
GOYEZEN.AZ
Facebook-da paylaş