Beynəlxalq Qızıl Xaç Komitəsi sərhəd kəndi Cəfərlidə əhalinin su təminatını yaxşılaşdırır
Son illər ölkəmizdə əkin sahələrinin suvarma suyu ilə təminatının daha da yaxşılaşdırılması və əhalinin içməli suya olan tələbatının ödənilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilir. Respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda da istər şəhər, istərsə də kənd sakinlərinin içməli və suvarma suyu ilə təminatının yaxşılaşdırılması ilə bağlı məqsədyönlü işlər görülür. Rayonun düşmənlə sərhəddə yerləşən Cəfərli kəndi də belə kəndlərimizdəndir.
Hazırda Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən Cəfərli kəndində əhalinin su təminatını yaxşılaşdırmaq məqsədilə kəndin yuxarı hissəsində ən hündür nöqtəyə 2 ədəd 25 tonluq su çənləri quraşdırılıb. Eyni zamanda, kəndin aşağı hissəsində yerləşən subartezian quyusunun suyunu həmin çənlərə vurmaq üçün mövcud subartezian quyusunun nasosu və boruları yenisi ilə əvəz edilib. Ümumi çəkilən plastik boru xəttinin uzunluğu isə 7590 metrdir.
Hazırda evlərə gedən köhnəlmiş dəmir borular yeni plastik borularla əvəz olunur. Həmin çənlərdən heç bir nasoslardan istifadə etmədən öz axını ilə hamıya eyni ölçüdə olmaqla 185 evə su xətti çəkilir.
Beynəlxalq Qızıl Xaç Komitəsinin gördüyü bu işlər sakinlər tərəfindən də razılıq və minnətdarlıq hissi ilə qarşılanır.
GOYEZEN.AZ
Facebook-da paylaş