• Təqvim

  • Unutma

  • Maraq



“Şahin” hərbi-idman oyununun Qazax rayon birinciliyi yarışları keçirilib


Aprelin 14-də Qazax Rayon Gənclər və İdman İdarəsi, Qazax-Tovuz Regional Təhsil İdarəsinin Qazax Rayonu üzrə Təhsil Sektoru və Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsinin birgə təşkilatçılığı ilə “Şahin” hərbi-idman oyununun Qazax rayon birinciliyi yarışları keçirilib.

Qazax Olimpiya İdman Kompleksində keçirilən yarışda 30 komandanın tərkibində 420 nəfər şagird iştirak edib. 

Yarışda əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Vətənin azadlığı, torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Qazax Rayon Gənclər və İdman İdarəsinin rəis müavini Sahib Namazov, Qazax-Tovuz Regional Təhsil İdarəsinin Qazax Rayonu üzrə Təhsil Sektorunun məsləhətçisi Orxan Əliyev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsinin giziri Vüsal Dolxanov çıxış edərək yarış iştirakçılarını salamlayıb, yarış haqqında ətraflı məlumat verərək iştirakçılara uğurlar arzulayıblar.

Komandalar çağırışaqədərki hazırlıq rəhbərlərinin və fiziki tərbiyə müəllimlərinin rəhbərliyi altında yüksək hazırlıq nümayiş etdiriblər.

Gərgin və maraqlı mübarizə şəraitində keçən yarışda Qazax Rayon Nizami Hüseynov adına Aşağı Salahlı kənd tam orta məktəbin komandası I yeri, Qazax Rayon Şahin Cəbiyev adına Çaylı kənd 2 nömrəli tam orta məktəbin komandası II yeri, Aslanbəyli kənd tam orta məktəbin komandası isə III yeri tutublar.

Birinci yerin qalibi olmuş Aşağı Salahlı kənd tam orta məktəbin komandası 27 aprel 2023-cü il tarixdə Goranboy şəhərində keçiriləcək zona mərhələsində rayonumuzu təmsil edəcəkdir. 



Facebook-da paylaş