• Təqvim

  • Maraq



“Şəhidlər Ölməz, Vətən Bölünməz” adlı layihə çərçivəsində ötən il sentyabrın 12-də düşmən təxribatının qarşısını alarkən şəhid olan igid Vətən oğullarının xatirəsinə həsr olunmuş mini futbol üzrə rayon turniri keçirilib


1-3 mart tarixlərində “Gəncliyin Təşəbbüsü” Maarifləndirmə İctimai Birliyi Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə “Şəhidlər Ölməz, Vətən Bölünməz” adlı layihəsinin icrası çərçivəsində 2022-ci il sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribatının qarşısını alan zaman Şəhidlik zirvəsinə ucalan “Azərbaycan Bayrağı” ordeni, 3-cü dərəcəli "Rəşadət" ordeni, "Vətən uğrunda", “Cəbrayılın azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunmuş baş leytenant Kazımov Yunis Qasım oğlunun, “Azərbaycan Bayrağı” ordeni, "Vətən uğrunda", “Zəngilanın azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunmuş baş gizir Məmmədov Azər Mustafa oğlunun, “Azərbaycan Bayrağı” ordeni, "Vətən uğrunda", “Kəlbəcərin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Döyüşdə fərqlənməyə görə”, “İgidliyə görə”, “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunmuş gizir Kərimov Azad Zakir oğlunun xatirəsinə həsr olunmuş mini futbol üzrə rayon turniri keçirilib.  


Martın 3-də Qazax Olimpiya İdman Kompleksində turnirin final qarşılaşmaları olub. Turnirin finalında 60-dan çox gənc iştirak edib.

İlk olaraq Azərbaycan Respublikasının suverenliyi uğrunda şəhid olmuş bütün qəhrəmanların və Türkiyədə zəlzələ nəticəsində həlak olmuş vətəndaşların əziz xatirəsi bir dəqiqəlik sükütla yad edilib.

Layihənin rəhbəri, Əməkdar məşqçi, “Gəncliyin Təşəbbüsü” Maarifləndirmə İctimai Birliyinin sədri Azər Əliyev tədbir iştirakçılarına turnir haqda ətraflı məlumat verərək donor barədə danışıb. 2022-ci il sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat zamanı Azərbaycan Silahlı Qüvvələrindən olan şəhidlərimizin xatirəsini daima uca tutmağı bildirib. Gəncləri pis vərdişlərdən uzaq olmağa, bədən tərbiyəsi və idmanla məşğul olmağa çağırıb. 

Sonra şəhid baş leytenant Yunis Kazımovun atası Qasım Kazımov, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Qazax rayonu üzrə sədri Xasay Balayev, sədr müavini Namiq Alıyev, şəhid baş gizir Azər Məmmədovun atası Mustafa Məmmədov, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax nümayəndəliyinin direktoru İsmayıl Süleymanov, veteran Azər Məmmədov, Qazax Gəncləri Futbol Komandasının rəhbəri Rayət Əliyev şəhidlərimiz haqda ətraflı danışaraq turnir iştirakçılarına uğurlar arzulayıblar. 

Çıxışlardan sonra final görüşünə start verilib. Gərgin idman mübarizəsi şəraitində keçən görüşlərin nəticəsinə görə Qazax rayon Alı Mustafayev adına Qazaxbəyli kənd tam orta məktəbin komandası I yeri tutaraq turnirin qalibi olub. Qazax şəhər Mehdi Hüseyn adına humanitar və təbiət fənləri üzrə məktəb-liseyin komandası II yeri, Qazax şəhər Səlim Əfəndiyev adına 1 nömrəli tam orta məktəbin komandası III yeri tutublar.

Turnirdə iştirak edən qonaqlar fərqlənən komandaların mükafatlandırılmasında iştirak edərək təşkilat komitəsinə öz minnətdarlıqlarını bildiriblər.



Facebook-da paylaş