• Təqvim

  • Unutma

  • Maraq



Firdovsi Umudov: Qazanılan qələbə ilk növbədə dövlətimizin qələbəsidir

Firdovsi Umudov: Qazanılan qələbə ilk növbədə dövlətimizin qələbəsidir
GOYEZEN.AZ saytı yeniazerbaycan.com-a istinadən xəbər verir ki, İran İslam Respublikasının Kirmanşah şəhərində keçirilən sərbəst güləş üzrə Dünya Kuboku yarışlarında bürünc medal qazanan yığma komandamızın üzvləri Vətənə qayıdıblar. Yarışın nəticələri ilə bağlı məlumat verən yığma komandanın baş məşqçisi Firdovsi Umudov qazanılan qələbənin ilk növbədə dövlətimizin qələbəsi olduğunu bildirib.

F.Umudov qeyd edib ki, güləşçilərimiz sona qədər mübarizə apararaq möhtəşəm qələbə qazanıblar: “A qrupunda biz çox güclü güləş ölkələri ilə - Rusiya, ABŞ və Gürcüstan komandaları ilə mübarizə apardıq. Rusiya və Gürcüstan komandalarını məğlub etdikdən sonra ABŞ idmançıları ilə qarşılaşdıq. Yarışdan öncə biz ilk üçlükdə qərarlaşmağı planlaşdırmışdıq. Görüşləri keçdikcə isə qızıl medalları qazanmağa daha ümidli idik. Ancaq ABŞ komandası ilə görüşdə 74 kq çəki dərəcəsində hakim haqsızlığı ilə üzləşdik. Görüşün sonuna 1 dəqiqə qalmış ardıcıl 3 xəbərdarlıqla Murad Süleymanova texniki məğlubiyyət verilməsi görüşün nəticəsinə ciddi təsir etdi. Dünya Kuboku mənim baş məşqçi təyin olunduğum məşqçilər korpusunun 2017-ci ildə ilk ciddi yarışı idi. Bu, bizim hamımızın birlikdə əldə etdiyimiz nəticədir”.

Heyətdə əsasən gənc və təcrübəsi az olan güləşçilərə yer verdiklərini bildirən baş məşqçi komandanın hər bir üzvünün sona qədər mübarizə aparıb, əzmkarlıq nümayiş etdirdiyini xüsusi qeyd edib. Onun sözlərinə görə, dövlətimizin və Federasiya rəhbərliyinin qarşıya qoyduğu tələblərdən ən əsası 2020-ci ildə Yaponiyanın paytaxtı Tokio şəhərində keçiriləcək Yay Olimpiya Oyunlarına ehtiyat qüvvənin formalaşdırılmasıdır. Bu məqsədlə heyətdə Hacı Əliyev, Cəbrayıl Həsənov, Georgi Edişeraşvili, Şərif Şərifov və Cəmaləddin Məhəmmədov kimi təcrübəli güləşçilərlə yanaşı, Mahir Əmiraslanov, Əli Rəhimzadə, Məhəmməd Müslümov, David Suynuçxanov, Murad Süleymanov, Nurməhəmməd Hacıyev, Aslanbek Alborov kimi gənc güləşçilərə də yer verilib: “Gənc güləşçilər özlərini yaxşı tərəfdən göstərə bildilər. 61 kq-da mübarizə aparan Əli Rəhimzadə Rusiya ilə görüşdə Olimpiya çempionu Camal Otarsultanovu məğlub etdi. ABŞ-la görüşdə isə dünya çempionuna 12-11 hesabı ilə uduzdu. Müəyyən səhvlər var idi ki, əsas da təcrübəsizlik, onların üzərində gələcəkdə işləyəcəyik. 97 kq-da mübarizə aparan Aslanbek Alborov ABŞ komandası ilə görüşdə Rio Yay Olimpiya Oyunlarının qalibi Kyle Snyderi məğlub etdi. Güləşçilərimizin hər birini təbrik edir, əsl xarakter nümayiş etdirdiklərinə görə onlara təşəkkür edirəm”.

Bu ilin mayında ölkəmizdə keçiriləcək İslam Həmrəyliyi Oyunlarına ciddi hazırlıq prosesinin getdiyini diqqətə çatdıran F.Umudov idmançılarımızın, eləcə də hər bir gəncimizin Prezidentimizin ətrafında sıx birləşdiyini, dövlətimizin idman şərəfini qorumaq üçün var gücü ilə mübarizə aparacağını diqqətə çatdırıb: “Qarşıda bizi IV İslam Həmrəyliyi Oyunları, Avropa çempionatı kimi mötəbər yarışlar gözləyir. Təqvim planımız olduqca gərgin və sıxdır. Çalışacağıq ki, dövlətimizin, Federasiya rəhbərliyinin etimadını, güləş azarkeşlərinin ümidlərini doğruldaq və daha yaxşı nəticələr qazanaq. Gənc və peşəkar komandamızla birlikdə biz hələ çox nailiyyətlər qazanacağıq. Qarşımızda böyük hədəflər var, bu hədəflərə nail olmaq üçün var gücümüzlə çalışacağıq”.


Facebook-da paylaş