• Təqvim

  • Maraq



Qazaxda gənclər arasında idman mövzusunda sorğu keçirilib

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Kollegiyasının 16.12.2024-cü il tarixli 35 nömrəli qərarı ilə Qazax şəhəri 2026-cı il üçün Azərbaycanın “İdman paytaxtı” elan edilib. İdman paytaxtının açılış mərasiminin təntənəli şəkildə keçirilməsi nəzərdə tutulur. Ötən ilin dekabr ayından etibarən Qazaxda "İdman paytaxtı"na hazırlıq işlərinə start verilib. Bu işlər çərçivəsində "Qazax İdman paytaxtı 2026"nın loqosu hazırlanaraq şəhərin mərkəzi hissələrinəvurulub.

Həmçinin, “"Qazax İdman Paytaxtı-2026" çərçivəsində kütləvi tədbirlərin və idman yarışlarının keçirilməsində təşkilati işlərlə bağlı “İşçi Qrupu”nun yaradılması və “Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında” Qazax Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən 5 yanvar 2026-cı il tarixli 9-23/01 nömrəli Sərəncam imzalanıb. Sərəncamın imzalanmasında əsas məqsəd "Qazax İdman Paytaxtı-2026" çərçivəsində əhalinin müntəzəm fiziki aktivliyə cəlb olunması, sağlam həyat tərzinin stimullaşdırılması, uşaqlar-gənclər idmanının inkişafı və ehtiyat qüvvənin formalaşdırılmasının təmin olunması, kütləvi idman tədbirlərinin təşkili, rayonda Olimpiya hərəkatının, bədən tərbiyəsi və idmanın kütləviliyinin təmin olunması, idmana diqqət və qayğının daha da artırılmasıdır.

"Qazax İdman Paytaxtı-2026" çərçivəsində silsilə tədbirlər təşkil olunur. Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsi və Qazax Rayon İcra Hakimiyyəti yanında Gənclərin Yerli Məşvərət Şurasının birgə təşkilatçılığı ilə “İdman paytaxtı Qazaxda hansı idman yarışları və tədbirlərin keçirilməsini zəruri hesab edirsiniz?” mövzusunda yeniyetmə və gənclər arasında sorğu keçirilib.

Sorğunun məqsədi gənclərin hansı idman növlərinə maraq göstərdiyini, hansı yarışların keçirilməsini istədiklərini, tədbirlərin hansı səviyyədə (yerli, regional, respublika) təşkil olunmasını vacib hesab etdiklərini və idman sahəsində hansı imkanların artırılmasını zəruri gördüklərini öyrənmək olub.

Anketdə iştirak edən gənclər əsasən futbol, basketbol, voleybol, atletika və döyüş növlərinə xüsusi maraq göstərdiklərini bildiriblər. Respondentlərin böyük əksəriyyəti Qazaxda müntəzəm idman turnirlərinin, həm yerli, həm də regional səviyyədə yarışların keçirilməsinin vacibliyini vurğulayıb. Gənclər eyni zamanda yeni idman meydançalarının salınması, mövcud infrastrukturların təkmilləşdirilməsi, peşəkar məşqçilərin cəlb olunması və yarışlar üçün mükafat fondunun yaradılmasını önəmli hesab etdiklərini qeyd ediblər.

Sorğu çərçivəsində Gənclərin Yerli Məşvərət Şurasının üzvləri rayonun müxtəlif ərazilərində gənclərə yaxınlaşaraq onların sorğuda iştirak etmələri üçün şərait yaradıblar. Belə ki, sorğu Fəxri Qazaxlılar parkı, Bakı Dövlət Universitetinin Qazax filialı, Qazax Dövlət Sosial-İqtisadi Kolleci (QDSİK), İsmayıl Şıxlı və Dədə Qorqud parklarında təşkil olunub.

Gənclər sorğu zamanı yalnız idman növləri ilə bağlı deyil, həm də tədbirlərə necə cəlb olunmaq istədikləri barədə fikirlərini bölüşüblər. Respondentlərin bir qismi məşqçilər vasitəsilə, digərləri isə dost çevrəsi, təhsil müəssisələri və sosial media üzərindən tədbirlərə qatılmağın daha effektiv olduğunu bildiriblər.

Toplanan bütün rəylər sistemləşdirilərək gələcəkdə Qazaxda keçiriləcək idman layihə və tədbirlərinin planlaşdırılmasında nəzərə alınacaq. Təşkilatçılar qeyd ediblər ki, bu kimi sorğular gənclərin qərarvermə proseslərinə cəlb olunması baxımından mühüm əhəmiyyət daşıyır və onların real ehtiyaclarının müəyyənləşdirilməsinə imkan yaradır.



Facebook-da paylaş


{sape_links}