Bu dəfə Xanlıqlar, Cəfərli və Bala Cəfərli kəndlərində yaşayan gənclərin müraciətləri dinlənilib
Əvvəlki yazılarımızda qeyd etdiyimiz kimi, Qazax Rayon İcra Hakimiyyəti yanında Yerli Məşvərət Şurasının üzvləri Qazax rayonunun kəndlərində yaşayan gənclərlə görüşlər keçirirlər. Görüşlərin keçirilməsinin kökündə gənclərin problemlərini öyrənmək və aradan qaldırmaq, arzu və istəklərini dinləmək, həlli istiqamətində lazımi addımlar ataraq dövlətin gənclərə olan qayğısını çatdırmaqdır.
Növbəti görüşlər noyabrın 21-də Xanlıqlar, Cəfərli və Bala Cəfərli kəndlərində yaşayan gənclərin iştirakı ilə baş tutub.
Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatında Hüquq şöbəsində məsləhətçi Aqil Alıcanovun, Məşvərət Şurasının sədri Pəri İbrahimovanın və şura gənclərinin iştirak etdiyi bugünkü görüşlərdə də gənclərin arzu və istəkləri, onları maraqlandıran məsələlər öyrənilib.
Bugünkü görüşlərdə ümumilikdə 54 nəfər gənc iştirak edib. Xanlıqlar kəndi üzrə 4, Cəfərli və Bala Cəfərli kəndləri üzrə 12 təklif olmaqla, ümumilikdə 16 təklif dinlənilib.
Görüşlərdə gənclər siyasətinin müstəqil Azərbaycanda dövlət siyasətinin ən mühüm istiqamətlərindən biri olduğu qeyd olunub. Ən əsası da bu siyasətin Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlı olduğu, məhz Ulu Öndərin 1993-cü ilin iyununda xalqın arzusu, istəyi ilə hakimiyyətə qayıdışından sonra gənc nəsilə diqqətin göstərilməsi dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrildiyi diqqətə çatdırılıb. Dahi rəhbərin gənclərə olan qayğısının bariz nümunəsi kimi 1994-cü ildə dövlət gənclər siyasətini icra edən Gənclər və İdman Nazirliyinin yaradılması, 1997-ci ildə Ümummilli Lider Heydər Əliyevin Sərəncamı ilə 2 fevralın Gənclər Günü elan edilməsi, gənclərə dövlətin diqqət və qayğısını əks etdirən çox saylı dövlət proqramlarının həyata keçirilməsi, Gənclər Fondunun yaradılması, o cümlədən dövlətin müxtəlif qurumlarında gənclərə rəhbər kimi yüksək etimad göstərilməsi göstərilib. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan siyasi kursun bu gün Prezident İlham Əliyev, Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirildiyi söylənilib. Dövlətin gələcəyimiz olan gənclərlə bağlı yürütdüyü dövlət siyasətinin Qazax rayonunda da nümunə götürüldüyü qeyd edilib. Rayon rəhbərinin fəaliyyətə başladığı ilk gündən bu sahəni daim diqqətdə saxladığı, rayonda bilikli, savadlı, dövlətə, dövlətçiliyə sadiq, cəmiyyətdə öz mövqeyi olan gənclər ordusunun yetişdirilməsi istiqamətində məqsədyönlü işlər görüldüyü, mütəmadi olaraq gənclərlə görüşlər keçirildiyi vurğulanıb. Bu gün Qazax Rayon İcra Hakimiyyəti yanında Yerli Məşvərət Şurasının təşəbbüsü ilə keçirilən görüşlərin də bu məqsədi daşıdığı qeyd edilib.
Görüşlərdə iştirak edən gənclər onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, eləcə də rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. Bugünkü görüşləri dövlət qayğısının bariz nümunəsi kimi qiymətləndiriblər.
Məlumat üçün onu da qeyd edək ki, 17-19-20 noyabr tarixlərində keçirilən görüşlərdə ümumilikdə 654 nəfər gənc və yeniyetmə iştirak edib. Birinci Şıxlı kəndi üzrə 3, Kəmərli kəndi üzrə 5, Qaymaqlı kəndi üzrə 7, Aslanbəyli kəndi üzrə 1, Yuxarı Salahlı kəndi üzrə 15, Aşağı Salahlı kəndi üzrə 4, Orta Salahlı - Qazaxbəyli kəndləri üzrə 5, Daş Salahlı kəndi üzrə 3, Çaylı - Bala Çaylı kəndləri üzrə 4, Ürkməzli - Dəmirçilər kəndləri üzrə 7, Quşçu Ayrım kəndi üzrə 6, Fərəhli kəndi üzrə 2, Alpout - Abbasbəyli kəndləri üzrə 6, Kosalar kəndi üzrə 9, Canalı kəndi üzrə 3, Hüseynbəyli kəndi üzrə isə 4 təklif olmaqla, ümumilikdə 84 təklif irəli sürülmüşdür.
Xanlıqlar kəndində keçirilən görüş
Cəfərli və Bala Cəfərli kəndlərində keçirilən görüş
Facebook-da paylaş