Xocalı faciəsinin 31-ci ildönümü münasibətilə “Xocalı - qan yaddaşımız” başlığı altında tədbir keçirilib
Fevralın 24-də Qazax Rayon Gənclər və İdman İdarəsinin, Bakı Dövlət Universiteti Qazax filialının Tələbə Gənclər Təşkilatının və Qazax Dövlət Sosial-İqtisadi Kollecinin Tələbə Gənclər Təşkilatının birgə təşkilatçılığı ilə Xocalı faciəsinin 31-ci ildönümü münasibətilə “Xocalı - qan yaddaşımız” başlığı altında tədbir keçirilib.
Qazax Gənclər evində keçirilən Xocalı faciəsi qurbanlarının, Azərbaycanın azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Qazax Rayon Gənclər və İdman İdarəsinin rəis müavini Sahib Namazov tədbiri giriş sözü ilə açaraq iştirakçıları salamlayıb, tədbirin əhəmiyyətindən söz açıb. Bildirib ki, müharibə bəşəriyyətin ən pis xəstəliyi, soyqırım isə heç sağalmayan yarasıdır. Bu cür işğalçı qəsbkarlıq qan-xəta, ölüm-itim, fəlakət, dağıntı və dəhşətli faciələri ilə yadda qalır. Ona görə də yaraları dərin və sağalmaz iz buraxır. Tarixin elə ağrı-acılı, qanlı-qadalı səhifələri olub ki, onların dəhşətləri zaman keçdikcə üzə çıxır, yaralarından qan süzülür, sağalmasına heç bir ümid qalmır. Elə Xocalı müsibəti kimi! Azərbaycan xalqının XX əsrdə üzləşdiyi dəhşətli Xocalı faciəsi yalnız Holokost, Xatın, Lidisa, Oradur, Sonqmi soyqırımı kimi insanlıq tarixinə düşmüş qanlı olaylarla müqayisə oluna bilər. Xocalı faciəsi təsadüfi hadisə deyil. Xocalı faciəsini törətməklə ermənilər xalqımızı qorxutmaq, mübarizə əzmini qırmaq, tarixi torpaqlarımızın bir qisminin itirilməsi ilə barışmağa məcbur etmək istəyirdilər. Lakin hiyləgər düşmən məqsədinə çata bilmədi. Xalqımız öz dövlətinin suverenliyi və ərazi bütövlüyü uğrunda mübarizədə daha da mətinləşdi, qəhrəmanlıq və dəyanət nümayiş etdirdi. S.Namazov bildirib ki, Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Milli Məclis Xocalı soyqırımı günü haqqında qərar qəbul etdi. Ulu Öndər Heydər Əliyevin 25 fevral 1997-ci il tarixli Sərəncamı ilə Xocalı soyqırımı qurbanlarının xatirəsini yad etmək məqsədilə hər il fevral ayının 26-sı saat 17:00-da Azərbaycan ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq sükut dəqiqəsi elan edilmişdir. Xocalı soyqırımının dünyaya çatdırılması istiqamətində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” kampaniyasının mühüm rol oynadığını qeyd edib.
Daha sonra mövzu ətrafında Qazax Dövlət Sosial-İqtisadi Kollecinin Motorinq və Qiymətləndirmə şöbəsinin müdiri, Tələbə Gənclər Təşkilatının sədri Elvira Əfəndiyeva, BDU Qazax filialının tələbəsi, Tələbə Gənclər Təşkilatının sədri Elşad Əliyev, Qazax Dövlət Sosial-İqtisadi Kollecinin tələbəsi Şücaət Mahmudova çıxış edərək qeyd ediblər ki, Azərbaycan xalqı torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəmanların, Xocalıda qətlə yetirilmiş yüzlərlə həmvətənimizin xatirəsini daim əziz tutur, onları ehtiramla yad edir.
Sonda Qazax Dövlət Sosial-İqtisadi Kollecinin tələbələri Ayşə Qasımova və Ayan Xasməmmədova Xocalıya aid şeirlər söyləyiblər. “İrəli” İctimai Birliyi tərəfindən çəkilən “Böyüməyən uşaqlar” filmi nümayiş etdirilib.
Facebook-da paylaş