20 Yanvar faciəsinin 33-cü ildönümünə həsr olunmuş "Qəhrəmanlıq sədası" adlı bədii qiraət müsabiqəsi keçirilib
Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax nümayəndəliyi, Qazax Rayon Uşaq-Gənclər İnkişaf Mərkəzi və Qazax Rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 33-cü ildönümünə həsr olunmuş "Qəhrəmanlıq sədası" adlı bədii qiraət müsabiqəsi keçirilib.
Əvvəlcə 20 Yanvar hadisələrinə hüquqi-siyasi qiymət verilməsində böyük xidmətləri olan Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət olunub. Müsabiqə şəhidlərin ruhunun bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Tədbiri giriş sözü ilə açan Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax nümayəndəliyinin direktoru İsmayıl Süleymanov iştirakçılara müsabiqənin qaydaları barədə məlumat verib.
Qazax Rayon Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Gövhər Rəhimova 20 Yanvar kimi tarixi günlərin gənclər arasında təbliğinin önəmi barədə çıxış edib və müsabiqə iştirakçılarına uğurlar arzulayıb.
Daha sonra iştirakçıların ifasında şeirlər səsləndirilib. Münsiflər heyətinin qərarına əsasən Təhminə İsmayılova müsabiqənin qalibi adına layiq görülüb. Aydan Qurbanlı ikinci və Ayan Vəlizadə isə üçüncü yeri tutub.
Qalib və mükafatçılar Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax nümayəndəliyi tərəfindən müvafiq diplom və qiymətli hədiyyələrlə təltif olunublar.
GOYEZEN.AZ
Facebook-da paylaş