Qazaxlı gənclər Vətən müharibəsi şəhidi gizir Turan Məmmədovun ildönümündə məzarını ziyarət ediblər
Noyabrın 29-u Vətəni, torpaqlarımızın azadlığını, ərazi bütövlüyünü canından üstün tutaraq Şəhidlik zirvəsinə ucalan Vətən müharibəsi şəhidi gizir Məmmədov Turan Nadir oğlunun ildönümüdür.
Bu gün döyüş meydanında göstərdiyi igidliyə görə ölümündən sonra ölkə Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən "Vətən uğrunda", "Suqovuşanın azad olunmasına görə", “Kəlbəcərin azad olunmasına görə”, “Cəsur döyüşçü” medalları ilə təltif olunmuş igid Vətən oğlunun şəhadətindən 2 il ötür.
Qazax Rayon Gənclər və İdman İdarəsinin əməkdaşları və könüllüləri igid Vətən oğlunun ildönümündə Dəmirçilər kənd qəbiristanlığında məzarını ziyarət ediblər. Şəhidin məzarı önünə qərənfillər düzərək əziz xatirəsini hörmət və ehtiramla anıblar.
Şəhid gizir Məmmədov Turan Nadir oğlu 29 avqust 1993-cü ildə Qazax rayonunun Dəmirçilər kəndində anadan olmuşdur. 1999-cu ildə Emin Qurbanov adına Dəmirçilər kənd tam orta məktəbin 1-ci sinifinə daxil olmuş, 2010-cu ildə həmin məktəbin 11-ci sinifini bitirmişdir. Orta məktəbi bitirdikdən sonra Turan Məmmədov 2011-ci ilin oktyabr ayında Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən Azərbaycan Silahlı Qüvvələrinə həqiqi hərbi xidmətə çağırılmış, 2013-cü ilin aprelində isə tərxis olunmuşdur.
Turan Məmmədov əsgərlikdən qayıdandan sonra evdə çox dayanmadı, mayın əvvələrində sənədlərini hazırlayıb Bakıya getdi. Kəşfiyyatçı olmaq istəyirdi. Bu məqsədlə Azərbaycan Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzində (TTM) 6 ay oxudu və arzusunda olduğu gizir hərbi rütbəsini aldı. Turan Məmmədov 2013-cü ilin oktyabr ayından Azərbaycan Silahlı Qüvvələrinin sıralarında gizir kimi xidmət etməyə başlamışdır. 2015-ci ildə isə Hava Hücumundan Müdafiə Qurğularının zenit-raket bölüyündə gizir olmuşdur. O, qardaş Türkiyə hərbçiləri ilə də təlimlərdə iştirak etmiş, 2 dəfə kurs keçmiş, "Komando" məktəbində oxumuşdur.
Turan 2016-cı ilin Aprel döyüşlərində mərdliklə vuruşdu, yaralanaraq bu salnamənin ilk səhifəsini yazdı. Sonrakı illərdə Turan Məmmədov Xüsusi Təyinatlı Qüvvələrdə (XTQ) baş kəşfiyyatçı, gizir kimi xidmətini davam etdirmişdir. Vətən müharibəsində Turan Məmmədov həmlə-kəşfiyyat taborunun tərkibində döyüşə girərək mərdliklə döyüşüb, yeniyetməlik illərindən ürəyində kök atmış arzularını həyata keçirməyə başlayıb, düşməndən qisas alaraq ona aman verməyib. Murovdağ yüksəkliyi uğrunda 4 gün döyüşüb, yüksəkliyi düşməndən azad etdikdən sonra zirvəsinə bayraq sancıblar. Sonra Suqovuşanın azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib. Turan Məmmədov oktyabrın 5-dən 6-na keçən gecə Ağdərənin Tonaşen kəndindəki yüksəkliyi alarkən şəhid olub. 29 noyabr 2020-ci il tarixdə Dəmirçilər kənd qəbiristanlığında dəfn edilmişdir. Subay idi.
Turan Məmmədovun qəhrəmanlığı dövlətimiz tərəfindən yüksək qiymətləndirilmişdir. O, ölümündən sonra Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Vətən uğrunda", 29 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Suqovuşanın azad olunmasına görə", 24 iyun 2021-ci il tarixli Sərəncamlarına əsasən “Kəlbəcərin azad olunmasına görə”, “Cəsur döyüşçü” medalları ilə təltif edilmişdir. Doğulub boya-başa çatdığı kənddə yaşadığı evin qarşısında adını əbədiləşdirən bulaq inşa olunub.
GOYEZEN.AZ
Facebook-da paylaş