• Təqvim

  • Maraq



Qazaxlı gənclər Vətən müharibəsi şəhidi gizir Sərxan Abdullayevin doğum günündə məzarını ziyarət ediblər

Şəhidlərimizi tanıyaq və tanıdaq--------------------------------


Noyabrın 2-si Vətəni, torpaqlarımızın azadlığını, ərazi bütövlüyünü canından üstün tutaraq Şəhidlik zirvəsinə ucalan Vətən müharibəsi şəhidi gizir Abdullayev Sərxan Elxan oğlunun cənnətdəki növbəti doğum günüdür. Yaşasaydı bu gün döyüş meydanında göstərdiyi igidliyə görə ölümündən sonra “Vətən uğrunda”, “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunmuş qəhrəman şəhidimizin 34 yaşı tamam olacaqdı.


"Qazax Gənclər evi” sosial xidmət müəssisəsinin əməkdaşları və könüllüləri qəhrəman şəhidimizin doğum günündə igid Vətən oğlunun Ağköynək kənd qəbiristanlığında olan məzarını ziyarət ediblər. Şəhidin məzarı önünə qərənfillər düzərək əziz xatirəsini hörmət və ehtiramla anıblar.

Gizir Sərxan Abdullayev 2 noyabr 1988-ci ildə Qazax şəhərində anadan olmuşdur. 1995-ci ildə Qazax şəhər Mehdi Hüseyn adına humanitar və təbiət fənləri üzrə məktəb-liseyin 1-ci sinifinə daxil olmuş, 2006-cı ildə həmin məktəbin 11-ci sinifini bitirmişdir. 2006-cı ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən həqiqi hərbi xidmətə çağırılmışdır. 2008-ci ildə hərbi xidməti başa vurduqdan sonra Daxili Qoşunlarda gizir rütbəsində xidmətə başlamışdır. 

Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Xüsusi Təyinatlı Dəstəsinin giziri, xüsusi təyinatlı dəstənin 2-ci xüsusi həmlə qrupunda 2-ci yarımqrup komandiri kimi xidmət edən igid Vətən oğlu 28.09.2020-ci il tarixdə Göygöl rayonunun Toğanalı kəndi ərazisində gedən hərbi əməliyyatlar zamanı qəhrəmancasına şəhid olmuşdur. Sərxan Abdullayev 28.09.2020-ci ildə Qazax rayonunun Ağköynək kənd qəbiristanlığında izdihamla dəfn edilmişdir. Evli olan şəhid gizirimizin Orxan və Turan adlı iki oğul övladı yadigar qalıb. 


Şəhid gizirin göstərdiyi igidlik hər zaman dövlət tərəfindən yüksək qiymətləndirilmişdir. Vaxtilə "Qüsürsuz xidmətə görə" 3-cü dərəcəli medalla təltif olunmuş Sərxan Abdullayev ölümündən sonra da medallarla təltif edilmişdir. Şəhid gizirimizin göstərdiyi igidlik cənab Prezident İlham Əliyev tərəfindən də yüksək qiymətləndirilmişdir. O, ölümündən sonra ölkə Prezidentinin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Vətən uğrunda”, 29 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur. Şəhərin Əliağa Şıxlinski küçəsində igid Vətən oğlunun adını əbədiləşdirən bulaq inşa olunmuşdur.

GOYEZEN.AZ 



Facebook-da paylaş