• Təqvim

  • Maraq



Qazaxlı gənclər Vətən müharibəsi şəhidi leytenant Elmar Bayramlının doğum günündə məzarını ziyarət ediblər

Şəhidlərimizi tanıyaq və tanıdaq----------------------------


Sentyabrın 2-si Vətəni, torpaqlarımızın azadlığını, ərazi bütövlüyünü canından üstün tutaraq Şəhidlik zirvəsinə ucalan Vətən müharibəsi şəhidi leytenant Bayramlı Elmar İsa oğlunun cənnətdəki növbəti doğum günüdür.

Yaşasaydı bu gün döyüş meydanında göstərdiyi igidliyə görə ölümündən sonra "Vətən uğrunda", "Suqovuşanın azad olunmasına görə", “Laçının azad olunmasına görə” medalları ilə təltif olunmuş Elmar Bayramlının 24 yaşı tamam olacaqdı... 

"Qazax Gənclər evi” sosial xidmət müəssisəsinin əməkdaşları və könüllüləri qəhrəman şəhidimizin doğum günündə igid Vətən oğlunun Yuxarı Salahlı kənd qəbiristanlığında olan məzarını ziyarət ediblər. Şəhidin məzarı önünə qərənfillər düzərək əziz xatirəsini hörmət və ehtiramla anıblar.

Leytenant Bayramlı Elmar İsa oğlu


Leytenant Elmar Bayramlı 2 sentyabr 1998-ci ildə Qazax rayonunun Birinci Şıxlı kəndində anadan olmuşdur. 1 sentyabr 2005-ci ildə Qazax rayon Birinci Şıxlı kənd ümumi orta məktəbin 1-ci sinifinə daxil olmuşdur. 2016-cı ildə Sumqayıt şəhər 24 nömrəli tam orta məktəbin 11-ci sinifini bitirmişdir. 2016-cı ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olmuş, 2020-ci ildə həmin məktəbi bitirmişdir. 2020-ci ildə leytenant rütbəsi almış, Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində “Tağım komandiri” vəzifəsində xidmətə başlamışdır. Şəhid leytenantımız 29.09.2020-ci il tarixdə Tərtər rayonunun Talış kəndi istiqamətində düşmənin hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid olmuşdur. 30.09.2020-ci ildə Qazax rayonunun Yuxarı Salahlı kənd qəbiristanlığında izdihamla dəfn olunmuşdur. Subay idi. Şəhid Elmar Bayramlı da ölümündən sonra cənab Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Vətən uğrunda”, 29 dekabr 2020-ci il tarixli Sərəncamlarına əsasən “Laçının azad olunmasına görə”, “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.

GOYEZEN.AZ



Facebook-da paylaş