• Təqvim

  • Maraq



Qazaxlı gənclər Vətən müharibəsi şəhidi baş leytenant Xaliddin Nəsibovun doğum günündə məzarını ziyarət ediblər

Şəhidlərimizi tanıyaq və tanıdaq----------------------------


İyulun 17-si Vətəni, torpaqlarımızın azadlığını, ərazi bütövlüyünü canından üstün tutaraq Şəhidlik zirvəsinə ucalan Vətən müharibəsi şəhidi baş leytenant Nəsibov Xaliddin Vaqif oğlunun cənnətdəki növbəti doğum günüdür.

Yaşasaydı bu gün döyüş meydanında göstərdikləri igidliyə görə ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni, “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə”, “Cəsur döyüşçü” medalları ilə təltif olunmuş baş leytenant Xaliddin Nəsibovun 24 yaşı tamam olacaqdı... 

"Qazax Gənclər evi” sosial xidmət müəssisəsinin əməkdaşları və könüllüləri qəhrəman şəhidimizin doğum günündə Qarapapaq kəndində olub, igid Vətən oğlunun məzarını ziyarət ediblər. Şəhidin məzarı önünə qərənfillər düzərək əziz xatirəsini hörmət və ehtiramla anıblar.



Baş leytenant Nəsibov Xaliddin Vaqif oğlu


Şəhid Xaliddin Nəsibov 17 iyul 1998-ci ildə Qazax rayonunun Qarapapaq kəndində anadan olmuşdur. 2004-cü ildə Qazax şəhər Mehdi Hüseyn adına humanitar və təbiət fənləri üzrə məktəb-liseyin 1-ci sinifinə daxil olmuş, 2012-ci ildə həmin məktəbin 8-ci sinifini bitirmişdir. Elə həmin ildə sənədlərini Naxçıvandakı Heydər Əliyev adına Hərbi Liseyə verərək yüksək balla daxil olmuşdur. 2015-ci ilə qədər burada oxuyub hərb sənətinin sirlərinə dərindən yiyələnən Xaliddin sonra təhsilini Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində davam etdirmişdir. 2019-cu ildə həmin ali məktəbi bitirmişdir. Həmin ilin avqust ayının 1-dən Ağcəbədi rayonunda “N” saylı hərbi hissədə leytenant hərbi rütbəsində xidmətə başlamışdır. 

Vətən müharibəsi başlayanda motoatıcı tağım komandiri vəzifəsində xidmət edən Xaliddin Nəsibov döyüş meydanında göstərdiyi igidliyə və şücaətə görə baş leytenant rütbəsi də almışdır. O, 15 oktyabr 2020-ci ildə bölük komandiri vəzifəsinə təyin olunmuşdur. İkinci Qarabağ döyüşlərində qəhrəmanlıq göstərən Xaliddin Nəsibov 6 noyabr 2020-ci il tarixdə uca zirvəyə - Şəhidlik zirvəsinə yüksələrək əbədiyyətə qovuşdu. İgid qəhrəmanımız 18 noyabr 2020-ci ildə doğulub boya-başa çatdığı Qarapapaq kəndində kənd qəbiristanlığında izdihamla dəfn olunmuşdur. Subay idi. 

Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması, doğma yurdumuzun, Vətən torpaqlarının düşmən tapdağından azad edilməsi uğrunda ölümün gözünə dik baxan Xaliddin Nəsibovun döyüşlərdə göstərdiyi igidlik dövlətimiz, ölkə rəhbəri tərəfindən də yüksək qiymətləndirildi. Şəhid baş leytenant ölümündən sonra cənab Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Vətən uğrunda”, 25 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Xocavəndin azad olunmasına görə”, 24 iyun 2021-ci il tarixli Sərəncamına əsasən “Cəsur döyüşçü” medalları, 24 iyun 2021-ci il tarixli Sərəncamına əsasən “Azərbaycan Bayrağı” ordeni ilə təltif olunmuşdur. 

Qazax Rayon İcra Hakimiyyətinin təşəbbüsü və dəstəyi ilə şair-publisist Elçin İsmayıl tərəfindən Vətən müharibəsi şəhidi baş leytenant Xaliddin Nəsibovun şeirlərinə yazılmış “Yarımçıq qalmış şeir dəftəri” adlı kitab çap olunmuşdur. 18.11.2021-ci il tarixdə şəhidin 1-ci ildönümündə həmin kitabın təqdimatı olub.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun “Şəhid adlarının əbədiləşdirilməsi məqsədilə Qazax şəhərində mövcud olan adsız küçələrə şəhid olmuş şəxslərin adlarının verilməsi haqqında” 30 noyabr 2021-ci il tarixli 9-21/402 nömrəli Sərəncamına əsasən şəhər ərazisində adsız olan küçələrdən birinə “Azərbaycan Bayrağı” ordenli şəhidimizin adı verilib. Şəhərin Nəriman Nərimanov küçəsində igid Vətən oğlunun xatirəsini əbədiləşdirən bulaq-abidə kompleksi inşa edilib. 04.05.2022-ci il tarixdə həmin bulağın təntənəli şəkildə açılışı olub.



GOYEZEN.AZ 



Facebook-da paylaş