Qazaxlı gənclər Vətən müharibəsi şəhidi baş leytenant Nəbi Hüseynovun doğum günündə məzarını ziyarət ediblər
Şəhidlərimizi tanıyaq və
tanıdaq---------------------------- İyulun 9-u Vətəni, torpaqlarımızın azadlığını, ərazi bütövlüyünü
canından üstün tutaraq Şəhidlik zirvəsinə ucalan Vətən müharibəsi şəhidi baş leytenant Hüseynov Nəbi Hacıbala oğlunun cənnətdəki
növbəti doğum günüdür. Yaşasaydı bu gün döyüş meydanında göstərdikləri
igidliyə görə ölümündən sonra "Qarabağ” ordeni, "Vətən
uğrunda”, "Cəbrayılın azad olunmasına görə”, "Xocavəndin azad olunmasına görə”,
"Kəlbəcərin azad olunmasına görə", "Füzulinin
azad olunmasına görə” medalları ilə təltif olunmuş baş
leytenant Nəbi Hüseynovun 30 yaşı tamam olacaqdı... "Qazax Gənclər evi” sosial xidmət
müəssisəsinin əməkdaşları və könüllüləri qəhrəman şəhidimizin doğum günündə
Birinci Şıxlı kəndində olub, igid Vətən oğlunun məzarını ziyarət ediblər.
Şəhidin məzarı önünə qərənfillər düzərək əziz xatirəsini hörmət və ehtiramla
anıblar. Baş leytenant Hüseynov Nəbi Hacıbala oğlu Şəhid Nəbi Hüseynov 9 iyul 1992-ci ildə
Qazax rayonunun Birinci Şıxlı kəndində anadan olmuşdur. 1998-ci ildə Musa Həsənov
adına Birinci Şıxlı kənd tam orta məktəbin 1-ci sinifinə daxil olmuş, 2006-cı
ildə həmin məktəbin 8-ci sinifini bitirmişdir. Elə həmin il Cəmşid
Naxçıvanski adına Hərbi Liseyə daxil olmuşdur. 2006-2010-cu illərdə həmin hərbi məktəbdə təhsil
almışdır. 2010-cu ildə Heydər Əliyev adına Azərbaycan Ali
Hərbi Məktəbinə daxil olmuşdur. 2014-cü ildə həmin məktəbi
bitirdikdən sonra bir il Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində (TTM)
olmuş, hərbi sahədəki biliyini daha da mükəmməlləşdirmiş, təcrübəsini daha da
artırmışdır. Xüsusi Təyinatlı Qüvvələrin "N” saylı hərbi
hissələrində xidmət edən Nəbi qrup komandirinin müavini olmuşdur. Baş leytenant
Nəbi Hüseynov 09.10.2020-ci ildə Füzuli-Cəbrayıl-Xocavənd rayonları istiqamətində
gedən döyüşlərdə düşmənin hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid
olmuşdur. 09.10.2020-ci il tarixdə Birinci Şıxlı kənd
qəbiristanlığında izdihamla dəfn edilmişdir. Subay idi.
İkinci Qarabağ müharibəsində Vətən uğrunda canlarından keçən bütün şəhidlərimizlə
yanaşı, baş leytenant Nəbi Hüseynovun da göstərdiyi qəhrəmanlıq, igidlik ölümündən sonra ölkə başçısı tərəfindən yüksək qiymətləndirilmişdir. İlk dəfə cənab Prezident İlham Əliyevin 9
dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Qarabağ” ordeni ilə təltif edilən Nəbi daha
sonra iki medala da layiq görülmüşdür. Nəbi Hüseynov ölkə Prezidentinin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Vətən
uğrunda”, 24 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Cəbrayılın azad olunmasına görə”, 24 iyun 2021-ci il tarixli Sərəncamlarına əsasən "Xocavəndin
azad olunmasına görə”, "Kəlbəcərin azad olunmasına görə", 5 noyabr 2021-ci il tarixli Sərəncamına əsasən "Füzulinin azad olunmasına görə” medalları ilə təltif
olunmuşdur.
Qazax Rayon İcra Hakimiyyəti başçısının "Şəhid adlarının əbədiləşdirilməsi
məqsədilə Qazax şəhərində mövcud olan adsız küçələrə şəhid olmuş şəxslərin
adlarının verilməsi haqqında” 2 noyabr 2021-ci il tarixli 9-21/377 nömrəli Sərəncamına əsasən adsız olan küçələrdən birinə "Qarabağ” ordenli şəhidimizin adı verilib.
Facebook-da paylaş