Qazaxda “Vətən müharibəsində şanlı Qələbəmiz” başlığı altında onlayn tədbir keçirilib
2020-ci ilin 27 sentyabrında başlayan və 44 gün davam edən İkinci Qarabağ müharibəsi, həmin müharibədə qazanılan tarixi Qələbə, şanlı Zəfər Azərbaycan tarixinin ən parlaq səhifələrindən biri kimi hər zaman qürur və fəxrlə xatırlanacaq. Xalqımızın 30 illik yurd həsrətinə son qoyan Vətən müharibəsinin başladığı 27 sentyabr tarixi heç vaxt unudulmayacaq. Bizi böyük Zəfərə aparan Vətən müharibəsinin başlandığı 27 sentyabr tarixi hər il ölkəmizdə Anım Günü kimi qeyd olunacaq. Respublika Prezidenti İlham Əliyevin "Azərbaycan Respublikasında Anım Gününün təsis edilməsi haqqında” imzaladığı 2 dekabr 2020-ci il tarixli Sərəncamı da məhz bu məqsəd və amala xidmət edir.
Vətən müharibəsində qəhrəmancasına döyüşərək Azərbaycan bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandıran, ölkəmizin ərazi bütövlüyü yolunda canlarından keçən əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq İkinci Qarabağ savaşının başlandığı günün - sentyabrın 27-nin Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müvafiq Sərəncamı ilə ölkəmizdə hər il şəhidlərin əziz xatirəsinin Anım Günü kimi qeyd olunması təsadüfi deyil. Çünki 44 günlük İkinci Qarabağ müharibəsi Azərbaycanın qətiyyətli mövqeyinin, xalqımızın məğrurluğunun, yenilməzliyinin, torpağa bağlılığının, Vətən sevgisinin təqdimatı oldu.
Respublikamızın hər yerində olduğu kimi, Qazaxda da Anım Günü ilə bağlı silsilə tədbirlər keçirilir.
Sentyabrın 24-də Qazax Rayon Gənclər və İdman İdarəsinin və Qazax Dövlət Sosial-İqtisadi Kollecinin birgə təşkilatçılığı ilə "Vətən müharibəsində şanlı Qələbəmiz” başlığı altında onlayn tədbir keçirilib.
Tədbiri giriş sözü ilə Qazax Rayon Gənclər və İdman İdarəsinin rəis müavini Sahib Namazov açaraq tədbir iştirakçılarını salamlayıb, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
S.Namazov qeyd edib ki, Azərbaycan Ordusu müdrik və qətiyyətli sərkərdəmiz cənab İlham Əliyevin rəhbərliyi altında Vətən müharibəsində tarixi qələbə qazandı, düşmənə layiqli dərsini verdi. Vətən müharibəsində digər bölgələr kimi, Qazaxdan olan gənclər də öz igidlikləri, şəxsi şücaət və rəşadətləri ilə xalqımıza baş ucalığı gətirdilər. Bu döyüşlərdə 50 nəfər igid oğlumuz qəhrəmancasına döyüşərək Şəhidlik zirvəsinə ucaldı. 300-ə yaxın gəncimiz isə qazi oldu.
Qazax Rayon Heydər Əliyev Mərkəzinin direktoru Ceyhunə Hüseynova, "Qazax Gənclər evi” sosial xidmət müəssisəsinin direktoru Vüsal Hüseynov, Qazax Dövlət Sosial-İqtisadi Kollecinin Monitorinq və Qiymətləndirmə Şöbəsinin müdiri, Tələbə Gənclər Təşkilatının sədri Elvira Əfəndiyeva, Kollecin müəllimi Tərlan Bədəlova çıxış edərək bildiriblər ki, Respublika Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin elan etdiyi "Qarabağ Azərbaycandır və nida” şüarı xalqımızın müqəddəs Vətən torpağı uğrunda savaşının ideya qayəsi, qələbəyə səsləyən rəhbər çağırışı oldu. 44 gün davam edən müharibədə cəmiyyətimizin nümayiş etdirdiyi möhtəşəm səfərbərlik xalqımızın dövlət başçısının ətrafında sıx birləşməsinin bariz nümunəsi olmaqla yanaşı, eyni zamanda yeni və qüdrətli Azərbaycanın bütün dünyada özünü təsdiqi kimi qəbul edildi.
Tədbirdə çıxış edən ehtiyyatda olan mayor, "Cəsur döyüşçü”, "Vətən uğrunda”, Azərbaycan Silahlı Qüvvələrinin 90 və 100 illik yubiley medalları ilə təltif edilmiş, Qazax Rayon Gənclər və İdman İdarəsinin nəzdində UGİM-nin məşqçi müəllimi, SSRİ idman ustası, Əməkdar məşqçi Müşfiq Eyyubov, ehtiyatda olan mayor, II qrup Vətən müharibəsi qazisi, "Cəsur döyüşçü”, "Vətən uğrunda”, "Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilmiş Xəyyam Əliyev öz döyüş təəssüratlarını tədbir iştirakçıları ilə bölüşüblər. Ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevə, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya, Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova şəhid ailələrinə, qazilərə, müharibə iştirakçılarına göstərdikləri diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.
Çıxış edənlər bir daha fəxarətlə söylədiyimiz, qürurlandığımız o tarixi Qələbəni bizlərə bəxş edən Ali Baş Komandana, şəhidlərimizə, qazilərimizə, hərbçilərimizə borclu və minnətdar olduğumuzu qeyd ediblər. İllər ötsə belə bizlərə 44 günlük haqq savaşında hər gün qələbə sevinci yaşadan şanlı Azərbaycan Ordusunun əsgər və zabitlərinin, hərbçilərinin, sağlamlığını itirən qazilərimizin, ruhları qarşısında baş əydiyimiz şəhidlərimizin heç vaxt unudulmayacağını vurğulayıblar.
Sonda Qazax Dövlət Sosial-İqtisadi Kollecin tələbələri Məleykə Alməmmədova, Xumar Tanrıverdiyeva, Ruhəngiz Yusifova və Aysun Məmmədova vətənpərvərlik mövzusunda şeirlər söyləyiblər.
GOYEZEN.AZ
Facebook-da paylaş